Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:53

'Vüsal Ələkbərov işi': Eldar Mahmudov barəsində qərar çıxarıldı


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, 19 okt 2015
Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov, 19 okt 2015

Ləğv edilmiş MTN-in İstintaq Baş İdarəsinin 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərov 12 il azadlıqdan məhrum edilib.

İyulun 10-da Bakı Hərbi Məhkəməsində Siyavuş Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası onun haqqında belə hökm çıxarıb.

Hökmə əsasən, Vüsal Ələkbərovun polkovnik rütbəsi də əlindən alınıb, həmçinin istintaq dövründə üzərinə həbs qoyulmuş bir sıra əmlakları da müsadirə olunub.

Buna da bax:​ ‘Vüsal Ələkbərov işi’: MTN polkovniki ‘son sözü’nü deməyə hazırlaşır

1 MİLYON 200 MİNLİK ƏMLAK MÜSADİRƏ OLUNUB

Cinayət işinin materiallarına görə, Vüsal Ələkbərovun həyat yoldaşı Şəhla Ələkbərovanın adına olan, Səbail rayonu, Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Yasamal rayonu, Şərifzadə küçəsindəki mənzili üzərinə həbs qoyulub.

Üzərinə həbs qoyulan əmlakların ümumi dəyəri 1.277.000 manat dəyərində hesablanıb.

Hökmə görə, Vüsal Ələkbərovun əmlakı zərərçəkmiş Akif Qurbanova (13-cü polis bölməsinin sabiq rəisi Vüsal Qurbanovun atası - red.) dəymiş ziyanın ödənilməsinə yönəldiləcək. Digər zərərçəkmişlərin mülki iddiası təmin edilməyib.

Buna da bax: MTN polkovniki: 'Barəmdə həbs-qətimkan tədbiri seçmiş hakimlərin özlərini...'

Məhkəmə həmçinin sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun və nazirliyin Baş İstintaq İdarəsinin rəisi olmuş general Mövlan Şıxəliyevin barəsində cinayət işinin başlanması barədə xüsusi qərar çıxarıb və həmin qərar icra olunması üçün prokurorluğa göndəriləcək.

“QARDAŞIMIN TOYUNDA İŞTİRAK EDİBLƏR”

Vüsal Ələkbərov ittihamları qəbul etmir. O, son sözündə deyib ki, hazırda onun işində zərərçəkmiş kimi tanınan şəxslər haqqında qəbul elədiyi qərarlar qanuni olub. Sadəcə, həmin şəxslər MTN-in düşdüyü vəziyyətdən sui-istifadə edib, yalan ittihamlar səsləndirirlər:

"Onların həbsi barədə qanuni məhkəmə qərarları da qəbul edilib. İndi MTN ətrafında yaranmış vəziyyətdən istifadə edib mənə böhtan atırlar. Mən Hüseyn Səfərov və Nizami Kazımovdan həbsdən azad olunmaları üçün nə pul istəmişəm, nə də pul almışam.

Buna da bax:​ 'Vüsal Ələkbərov işi': 'Məbləği MTN idarə rəisinin otağında dedilər'

Onlardan həmin cinayət işlərində zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi üçün pul alınıb. Həmin pullar da zərərçəkmişlərə verilib. Hüseyn Səfərovun mənə hədiyyə etdiyi bahalı telefonu isə bir gün sonra onun özünə qaytarmışam. Onun mənə bağışladığı ov tüfəngi də istifadəyə yararsız olub, atmışam. O tüfəngi hədə-qorxu ilə ondan almağım haqda ittiham da absurddur. Hüseyn Səfərov və Nizami Kazımov həbsdən azad olunandan sonra qardaşımın toyunda iştirak ediblər. Yaxşı ki, istintaq orqanı onları hədə-qorxu yolu ilə toya gətizdirməyim barədə ittiham verməyib".

XATIRLATMA

V. Ələkbərov Cinayət Məcəlləsinin 182 (hədə-qorxu ilə tələbetmə), 294 (sübutları saxtalaşdırma), 311 (rüşvətalma) və 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə ittiham olunur. İttihama görə, o, iş adamlarını MTN-ə gətirib, hədə-qorxu yolu ilə onların külli miqdarda pulunu ələ keçirib.

Buna da bax:​ MTN polkovniki: 'Evin sənədi heç yerdə girov saxlana bilməz. Bu qanunsuzdur'

O, MTN-də bir sıra siyasinin, o cümlədən İslam Partiyasının indi də həbsdə olan lideri Abgül Süleymanovun istintaqını aparıb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Ardınca nazirliyin 20-dək yüksəkrütbəli əməkdaşı həbs olunub. Daha iki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG