Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:32

Elçibəy dövrünün pambıqçılıq layihəsi niyə gerçəkləşmədi?


Saatlı pambıqçısı. Oktyabr 2016.
Saatlı pambıqçısı. Oktyabr 2016.

Mehman Əliyev, Turan İnformasiya Agentliyinin direktoru

Prezident İlham Əliyev oktyabrın 7-də- hökumətin müşavirəsində tənəzzülə uğramış pambıqçılığın bərpasını aqrar sektorun ən prioritet istiqamətlərindən biri kimi göstərib. Ötən il, rəsmi məlumatlara görə, ümumilikdə 35 min ton xammal pambıq yığılıb ki, bu da 10 min ton yekun məhsul – pambıq lifi deməkdir.

Bu qədər pambığın 3 il öncə Sumqayıtda prezidentin açdığı “Gilan” Tekstil İstehsalat Parkındakı müəssisələr şəbəkəsinə yetib-yetməyəcəyi məlum deyil. Amma bazarda həmin fabrikin brend keyfiyyətli alt paltarı və trikotaj məhsullarının olmaması faktdır.

Pambıqçılıqda böhranın səbəbi

Digər sahələr kimi, pambıqçılıq sahəsində də böhran, əsasən, Azərbaycanda oliqarx məmur maraqlarının dövlət və xalq maraqlarından üstün tutulmasından qaynaqlanır. Onların iqtisadiyyatda yaratdığı inhisarlar və rəqabət mühitinin məhv edilməsi iqtisadi inkişafı ləngidən əsas amillərdir.

Ayrıca pambıqçılığa gəlincə, burada heç vaxt istehsalçıların maraqları nəzərə alınmayıb. Torpaqların özəlləşdiriləndən və kolxoz – kollektiv təsərrüfat quruluşu dağılandan bəri azad Azərbaycan fermeri qəpik-quruş üçün Azərbaycanın pambıqçılıq sahəsini şəxsi zənginləşmə sahəsinə çevirən yüksək vəzifəli şəxslərin mənafeyinə qulluq etmək istəmədi. İstehsalçılardan pambığın 1 kq-ı 10 sentə və ya tonu 100 dollara alınırdı. Üç ton xammal pambıqdan 1 ton pambıq lifi hazırlanır, xarici bazarda da onun qiyməti 1400 dollar idi. Belə bir yanaşma olunca, fermerler daha çox gəlir gətirən digər bitkilərə - meyvə-tərəvəzə, yemə yönəldilər. Nəticədə, son 20 ildə pambıq istehsalı 9 dəfə azaldı.

Bunu da nəzərə almaq lazımdır ki, 1990-cı illərin əvvəllərindən pambıq xammal kimi ixrac olunurdu. Halbuki sovetlər dönəmində pambıq emal olunur və Tağıyev adına kombinatda və digər müəssisələrdə istehsal edilən iplik və parça kimi, eləcə də tekstil-toxuculuq məhsulu kimi ölkə hüdudlarından kənara çıxarılırdı. Ölkənin indiki iqtisadi-siyasi sisteminin başında duranlarda məhz belə yanaşma çatışmırdı.

Pambıq yığımı haqqında başqa yazılar

Bu qiymətə pambıq əkməyə dəyərmi?

"Xəstəxana işçilərinin hamısını pambıq yığımına aparıblar"

Ekspert: "Pambıq 'təbliğat bitkisi'nə dönüb"

Acınacaqlı vəziyyəti doğuran strateji səhvlər

Belə olan halda, təkcə pambıqçılığın deyil, bütövlükdə iqtisadiyyatın acınacaqlı vəziyyətə salan bir neçə strateji səhvi göstərmək istərdim. 1993-cü ilin yazında Azərbaycanda böyük pambıqçılıq və tekstil layihəsi üçün xarici investorla prezident Elçibəy arasında əlaqə qurmaq xahişi ilə müraciət etdilər. Layihə pambığın istehsal və emalını, eləcə də iplik, parça və məşhur dünya brendlərinin tekstil məhsullarının hazırlanmasını əhatə edirdi. Bu investor Belçikanın “Crédit Lyonnais” (CLB) bankı idi. Həmin vaxt bankın rəsmi nümayəndəsi və İranın o vaxt artıq dünyasını dəyişmiş birinci prezidenti Əbülhəsən Bənisədrin (Bani Sadr) qardaşı Abdin Sadr Bakıya gəlmişdi. Abdin Sadr bankın böyük əmanətçilərindən biri olan İran şahının bacısının maraqlarını təmsil edirdi. Onlar bu sahəyə 1,2 mlrd. dollar investisiya ayırmağa hazır olduqlarını bildirdilər. Həmin dövr üçün bu məbləğ çox böyük idi. Müəssisənin tikilməsi üçün Mərdəkan-Buzovna yolunda yer seçilmişdi. Yer seçimi üç mühüm nəqliyyat amili ilə müəyyənləşdirilmiş, Dübəndi dəniz körpüsünün, dəmiryolunun və aeroportun yaxınlığı diqqətə alınmışdı. Layihəyə müəssisənin heyətinə yaşayış evinin tikintisi, məişət infrastrukturu və hətta heyvanlar üçün poliklinika daxil idi. Belə bir poliklinikanın nəyə lazım olduğunu soruşanda, bizə belə cavab vermişdilər: “Bank Brijit Bardo-nun rəhbərlik etdiyi heyvanları müdafiə fondu ilə əməkdaşlıq edir və bütün layihələrdə mütləq bu fondun iştirakını nəzərdə tutur”.

Sonradan Elçibəylə görüş təşkil olundu və o, heç bir şəxsi tələb irəli sürmədən, operativ şəkildə layihənin gerçəkləşdirilməsinə razılıq verdi. Azərbaycanda rejim dəyişəndən sonra - Heydər Əliyevin dövründə danışıqlar davam etdirildi, amma daha sonra Azərbaycan tərəfinin buna maraq göstərməməsi səbəbindən tam kəsildi. O vaxt “Xalq üçün məhsullar” konserni pambığı dəyər-dəyməzinə alır, ardından yeni elitaya məxsus özəl firmalar vasitəsilə və ingilis bayrağı altında sərhəddən kənara çıxarırdı. Alış qiymətlərinin aşağı olması və həmin vaxt neftdən gələn dollar axınına tamahlanan elitanın maraqlarının azalması fermerlərin də marağını azaldaraq, acınacaqlı sonu əvvəlcədən müəyyənləşdirdi.

Zamanında pambıqçılıqda xarici investisiyalar dəstəklənmədi

İkinci misal neftdən gələn dollarlarla bağlıdır. Məsələ ondadır ki, “Əsrin müqaviləsi”nə qatılan xarici şirkətlər ilk dövrlərdə öz gəlirlərini Azərbaycanın qeyri-neft iqtisadiyyatına yatırmağa hazır idilər. Amma onlar bunu investisiyalarla bağlı neft müqaviləsində olan qaydaların tətbiqinə bağlayırdılar. Axı “Əsrin müqaviləsi”ni parlament ayrıca qanunvericilik aktı kimi təsdiqlədiyindən, sənəd Azərbaycanın anormal vergi, gömrük, məhkəmə sisteminin hüdudlarını aşıb. Bu ideyanın təkanverici qüvvələrindən biri “Ramco” şirkəti idi. Onun rəhbəri Stiv Ramp qeyd edirdi ki, mövcud vergi, gömrük, məhkəmə sistemi şəraitində Azərbaycanа investisiya yatırmağın mənası yoxdur. Ramp hətta 1999-cu ilin fevralında konfrans təşkil edərək, orada reinvestisiya mövzusuna toxunub. Amma bu təşəbbüslər dəstəklənməyib. Nəticədə, qalmaqallı və fərsiz özəlləşdirmə zamanı mövcud sənayeni müasirləşdirmək və xarici investorların iştirakı ilə yeni beynəlxalq standartlara uyğun yenidən formalaşdırmaq yerinə, məhv və talan edildiyi bir vaxtda neft dollarları xaricə axmağa başladı. Və bütün hallarda bu, şəxsi maraqların dövlət və xalq maraqlarından üstün tutulmasının nəticəsi oldu.

İlham Əliyevin şəffaf və azad rejimdə xarici investorlara “açıq qapı” siyasəti həyata keçirib-keçirməyəcəyi məlum deyil. Hələlik, deklarativ çağırış və vədlərdən başqa buna bir zəmin görünmür. Gələcəkdə də bunun olacağı ehtimalı azdır, çünki texnologiya parklarının, daha sonra isə aqrar parkların tikintisi strategiyası bütünlüklə inhisarçılıq, rəqabətsizlik, az sayda insanın dar maraqları üzərində qurulur. Bu siyasət davam edərsə, iqtisadiyyatın inkişafı ekstensiv və məhdud xarakter daşıyacaq və böhranlar və durğunluqlar daim bir-birini əvəzləyəcək.

Pambıqçılar son islahatlar haqda nə düşünürlər? (VİDEO)

Ağ qızılın qara dərdi
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

XS
SM
MD
LG