Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:47

Azərbaycanda ən çox qaçqın Əfqanıstandandır


Azərbaycan sülhməramlıları Əfqanıstana yollanır
Azərbaycan sülhməramlıları Əfqanıstana yollanır

Son günlərin ən çox müzakirə edilən ölkələrindən biri Əfqanıstandır. "Taliban" islamçı silahlı qruplaşmasının ölkədə hakimiyyəti ələ keçirməsindən sonra prezident Əşrəf Qaninin taliblərlə danışıqlardan sonra ölkəni tərk etdiyi barədə məlumatlar yayılıb. Bəs, Azərbaycanı Əfqanıstanla hansı əlaqələr birləşdirir?

Əfqanıstanla bağlı diqqətçəkən əsas məqam bu ölkədə Azərbaycanın sülhməramlı hərbçilərinin fəaliyyət göstərməsidir. Müdafiə Nazirliyinin məlumatına görə, azərbaycanlı hərbçilər 6 aylıq rotasiya planına uyğun olaraq Əfqanıstanda "Qətiyyətli Dəstək" qeyri-döyüş missiyasındadırlar. Azərbaycan ordusu 2018-ci ilin yanvarından missiyaya töhfəsini artırmaq məqsədilə şəxsi heyətinin sayını 120-yə çatdırıb. Missiyanın uyğun komandanlıqlarında təmsil olunmaqla yanaşı, Azərbaycan sülhməramlıları Kabil Beynəlxalq Hava Limanının mühafizəsini də icra edir.

Kabil aeroportunun təhlükəsizliyi

Nazirliyin əvvəlki dövrlərdəki açıqlamalarında qeyd edilirdi ki, azərbaycanlı şəxsi heyət Əfqanıstan İslam Respublikasındakı Həmid Kərzai adına Beynəlxalq hava limanının Şimal terminalında NATO qüvvələrinin tərkibində qulluq keçir və 52 dövlətdən olan 5 minə yaxın sülhməramlı kontingentin, yüklərin və sərnişinlərin dislokasiyasına nəzarət edir. 120 Azərbaycan hərbçisi ilə yanaşı, ABŞ-ın 2 min 500, Almaniyanın 1 min 300, İtaliyanın 895, İngiltərənin 750, Belçikanın 72, Macarıstanın 8, İspaniyanın 24, Türkiyənin isə 500 hərbi qulluqçusu sülhməramlı missiyasını yerinə yetirirdi.

Qeyd edək ki, hələ mayın əvvəllərində Azərbaycan Müdafiə Nazirliyi sülhməramlılarının Əfqanıstandan çıxarılması planlarını açıqlamışdı. Ancaq rəsmi qurumlar azərbaycanlı hərbçilərin ölkədən çıxarılma tarixi ilə bağlı heç nə deməyib. Müdafiə Nazirliyi avqustun 15-də bildirib ki, "Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi qardaş Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrini davam etdirir. Daimi əsasda sülhməramlılarımızla əlaqədəyik və şəxsi heyətin mənəvi-psixoloji vəziyyəti yüksək səviyyədədir. Qardaş Türkiyə ilə əlaqələndirilmiş şəkildə operativ vəziyyət yaxından izlənilir".

Əfqan qaçqınlar
Əfqan qaçqınlar

Azərbaycandakı qaçqınların 62 faizi Əfqanıstandandır

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının "Qlobal tendensiyalar – 2020-ci il ərzində zorla didərgin salınmalar" adlı hesabatına görə, hazırda dünyada 2.6 milyondan çox əfqan qaçqın həyatı yaşayır. Bu göstərici ilə Əfqanıstan Suriya (6.7 milyon nəfər) və Venesueladan (4 milyon nəfər) sonra dünyada üçüncü yerdə qərarlaşır.

Azərbaycandakı qaçqınların sayı ilə bağlı sonuncu rəqəmlər 2019-cu ildə açıqlanıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyinin məlumatına görə, 2019-cu ilin iyununda ölkədə 1096 qaçqın qeydiyyatda idi. Azərbaycanda sığınacaq axtaran 848 əcnəbi ilə birlikdə sözügedən təşkilatın mandatı altında gələnlərin ümumi sayı 1944 nəfərə bərabər idi. Həmin 1944 şəxsin 1206-sı, yəni, Azərbaycandakı qaçqınların 62 faizi məhz Əfqanıstan vətəndaşları idi.

Əvvəlki illərdə də Azərbaycana çox sayda əfqan vətəndaşı qaçqın olaraq gəlmiş və onların bir hissəsi üçüncü ölkələrə keçmişdilər. Bu baxımdan, Əfqanıstanda hakimiyyətin radikal qrupların əlinə keçməsindən sonra ölkədən yeni qaçqın axını qaçılmazdır. Bu qaçqınların bir hissəsinin də, öncəki illərdə olduğu kimi, Azərbaycana gəlmək üçün müraciət edəcəyini ehtimal etmək olar.

83 milyon dollarlıq ticarət dövriyyəsi

Azərbaycan və Əfqanıstan arasında ticarət əlaqələri də mövcuddur. İki ölkə arasındakı ticarət dövriyyəsinin mütləq əksəriyyəti Azərbaycanın Əfqanıstana ixracından ibarətdir. Dövlət Gömrük Komitəsinin statistikasına görə, 2020-ci il ərzində Azərbaycan və Əfqanıstan arasındakı ticarət dövriyyəsinin həcmi 37 milyon 756 min manata bərabər olub. Bu vəsaitin 37 milyon 725 min manatını Azərbaycanın Əfqanıstana ixracı təşkil edir.

Pandemiyadan öncə, 2019-cu ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2020-ci ildəki göstəricidən təxminən iki dəfə daha çox, 82.7 milyon dollara bərabər idi.

Azərbaycanın Əfqanıstana ixrac etdiyi məhsullar arasında kerosin yanacağı, yüngül distilyatlar, qazoyllar, butan qazı kimi neft və qaz məhsulları ilə yanaşı, şəkər, süd və qaymaq kimi qeyri-neft məhsulları da var.

Əfqanıstan prezidenti Əşrəf Qaninin Azərbaycana səfəri. 2017
Əfqanıstan prezidenti Əşrəf Qaninin Azərbaycana səfəri. 2017

Diplomatik münasibətlər

Azərbaycan və Əfqanıstan arasında diplomatik münasibətlər 1994-cü ildən mövcuddur. Əfqanıstanın Azərbaycandakı səfirliyi 2012-ci ildən fəaliyyət göstərir. Azərbaycanın Türkmənistan Respublikasındakı səfiri isə həm də Əfqanıstan səfiri vəzifəsini yerinə yetirirdi.

Ancaq Azərbaycanın Əfqanıstanda ayrıca səfirlik açması da planlaşdırılırdı. Bununla bağlı 2021-ci ilin yanvarında prezident İlham Əliyev sərəncam imzalamışdı. Bu il iyulun 29-da isə Azərbaycanın Türkmənistan və Əfqanıstandakı səfiri Həsən Zeynalov Əfqanıstan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfir vəzifəsindən geri çağırılmışdı. Həmin gün imzalanan digər bir sərəncamla İlham Məmmədov Azərbaycanın Əfqanıstandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

XS
SM
MD
LG