Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:42

DST adamları Omikrona görə panikaya düşməməyə çağırır


Vyana şəhəri
Vyana şəhəri

Dünya Səhiyyə Təşkilatının (DST) baş elmi rəsmisi dekabrın 3-də adamları koronavirusun Omikron variantından qorxuya düşməməyə çağırıb.

Sumya Svaminatan bunu da deyib ki, mövcud vaksinlərin Omikrona görə modifikasiyasına ehtiyac ola biləcəyinə dair ehtimal yürütmək hələ çox tezdir.

Xanım Svaminatan Reuters agentliyinə habelə deyib ki, Omikronun dünya boyunca dominant ştamm olub-olmayacağını da hələlik demək mümkün deyil.

Omikron variantı artıq Asiya, Afrika, Amerika qitələrində, Yaxın Şərq və Avropada qeydə alınıb.

Svaminatan deyib ki, virusun bu variantına qarşı tədbirlər hələ müəyyənləşdirilməyib:

"Çoxmu narahat olmalıyıq? Biz hazırlıqlı və ehtiyatlı olmalıyıq, panikaya düşməməliyik, çünki hər halda bir il əvvəlki vəziyyətdə deyilik. Bütün dünyadakı yoluxmaların 99 faizi Delta ştammı ilədir. Təzə variant daha yoluxucu olmalıdır ki, dominantlığı Deltadan ala bilsin. Bu mümkündür, amma proqnozlaşdırmaq mümkün deyil”.

Vaksin istehsalçıları hazırdırlar

Omikron indiyədək 20-dən çox ölkədə qeydə alınıb, amma Delta hələki əsas ştamm olaraq qalır. Svaminatan deyib:

"Gözləməliyik. Ümid edək ki, təzə variant daha yumşaq olsun…Lakin bu ştamm haqqında bütövlükdə fikir söyləmək hələ çox tezdir”.

DST sözçüsü Kristian Lindmeyer Reuters agentliyinə deyib ki, vaksin istehsalçıları vaksinləri yeni ştamma uyğun redaktə etməyə hazır olmalıdırlar.

Almaniyanın BioNTech əczaçılıq şirkətinin rəhbəri Uğur Şahin Reuters agentliyinə bildirib ki, onun şirkəti vaksini tez bir zamanda modifikasiya etməyə hazırdır.

Şahin əlavə edib ki, mövcud vaksinlər Omikronun çoxsaylı mutasiyalarına baxmayaraq adamları COVID-19 xəstəliyinin ağır simptomlarından qorumalıdır.

Peyvənd yeganə yoldur

DST-nin Qərbi Sakit okean regionu üzrə direktoru Takeşi Kasay deyib ki, vaksinlər həll yolu olaraq qalır, amma sərhədlərin bağlanması yalnız müəyyən vaxt qazandıra bilər.

"İnsanlar yalnız sərhəd tədbirlərinə güvənməməlidirlər. Ən mühümü bu daha yüksək yoluxuculuğu olan variantlara hazır olmaqdır. İndiyədək bizə məlum olan informasiya münasibətimizin dəyişməsini tələb etmir”.

Kasay hökumətləri əhalinin kövrək təbəqəsini tam peyvəndləməyə, habelə maska və sosial məsafə kimi təməl profilaktika tədbirlərinə əməl etməyə çağırıb.

Koronavirus pandemiyası 2019-cu ilin sonlarında Çində başlanandan bəri koronavirusa planetdə 264 milyon nəfər yoluxub və bunlardan 5.48 milyonu vəfat edib.

Vaksinasiya faizi ölkədən ölkəyə fərqlidir. Əhalisinə görə dünyanın dördüncü ölkəsi və COVID-19-un episentrlərindən biri olan İndoneziyada əhalinin yalnız 35 faizi peyvənd olunub.

Zəngin ölkələr arasında ən az vaksinasiya rəqəmi ABŞ-a aiddir. Birləşmiş Ştatlarda əhalinin 60 faizindən bir qədər çoxu peyvənd edilib.

XS
SM
MD
LG