Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:46

Keçmiş amerikalı diplomatlar: Əliyevlə sərt davranın


Richard Kauzlarich və David Kramer
Richard Kauzlarich və David Kramer

«Trump administrasiyası Maqnitski Aktından istifadə edərək, Azərbaycanda insan haqları pozuntuları və korrupsiyaya görə məsuliyyət daşıyanları cəzalandırmalıdır».

Bunu «The American interest» portalında Florida Beynəlxalq Universitetinin Beynəlxalq və İctimai İşlər üzrə Yaşıl Məktəbinin aparıcı əməkdaşı, Dövlət Departamentinin keçmiş rəsmisi David Kramer və Corc Meyson Universitetinin mühazirəçi professoru, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Richard Kauzlarich yazırlar.

Müəlliflər konqresmen Chris Smith-in ötən ay Azərbaycan rəsmilərini insan haqları pozuntularına görə cəzalandırmağı hədəfləyən qanun layihəsini yada salırlar. Qeyd edirlər ki, həmin sənəd hətta komitə müzakirəsinə, səsverməyə çıxarılmamışdan müsbət təsirini göstərdi. «Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən buraxıldı, agentliyə qarşı vergidən yayınma ittihamının əvvəl qaldırıldığı bildirildi, ancaq, deyəsən, yenidən bərpa olunub.

DURUM NƏ VAXTDAN DƏYİŞDİ

«Hökumət pis şeylərin əksinə kiçik addımlar atsa da, tənqidçilərinə iyrənc divantutmanı davam etdirib. Son həftələr onlarla şübhəli homoseksual saxlanıb ki, bu da onsuz da əzilən LGBT icmasında şaşqınlıq yaradıb. Hökumətə qarşı yürüşdən öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasının azı 3 üzvünün saxlanması barədə məlumat yayılıb. Ötən həftəsonu isə «Turan TV»nin jurnalisti Fikrət Hüseynov Azərbaycan hakimiyyətinin sorğusu əsasında Kiyevdə saxlanıb», – məqalədə deyilir.

***Buna da bax-Azərbaycan məmurlarına Amerika qadağası qoyula bilər [video]

Müəlliflər ölkədəki durumun 2013-cü ildə İlham Əliyev yenidən prezident seçiləndən və Ukraynada Avromaydan hərəkatının başlanmasından sonra pisləşdiyini, oxşar hadisələrin bir gecə Azərbaycanda da baş verəcəyindən əndişələnən Əliyevin fəallara, jurnalistlərə, müxalifət liderlərinə, dindarlara divan tutmağa başladığını yazırlar.

Bu yaxınlarda azərbaycanlı jurnalist Əfqan Muxtarlı Gürcüstanda oğurlanaraq Azərbaycana gətirilib və saxlanıb. Ölkənin beynəlxalq söz azadlığı, korrupsiya indekslərindəki yeri də ürəkaçan deyil.

«Azərbaycan hökumətinin qalmaqallı hərəkətlərinə baxmayaraq, ölkə rəsmiləri Avropa Birliyindəki həmkarlarıyla yeni tərəfdaşlıq razılaşması üzrə danışıqlar aparırlar. Avropa Birliyi aydın şəkildə bildirməlidir ki, Bakı insan haqları pozuntularına son qoymayınca, onunla hər hansı danışıqlara getməyəcək», – yazan müəlliflər Birləşmiş Ştatların da görə biləcəyi tədbirlərdən söz açırlar.

***Buna da bax-'Əliyev Trump-ın sözləri ilə bağlı nəticə çıxartmaqda tələsib' [video]

Məsələn, onların fikrincə, ABŞ Konqresi Smith-McGovern qanununu qəbul etməli, Konqres Azərbaycanla bağlı daha çox dinləmə keçirməlidir.

TÖVSİYƏLƏRƏ ƏMƏL OLUNSUN

Bu yaxınlarda bir qrup qeyri-hökumət təşkilatı Trump administrasiyasına tövsiyə edirdi ki, insan haqları pozuntularına görə cəzalar nəzərdə tutan Qlobal Maqnitski Aktını azərbaycanlı rəsmilərə də tətbiq etsin. İlk olaraq, adı iki gənc fəala işgəncə verilməsində hallanan Bakı Baş Polis İdarəsinin başçısı Mirqafar Seyidov göstərilirdi. Yazı müəllifləri administrasiyanı bu tövsiyəyə əməl etməyə, Dövlət və Maliyyə departamentlərini Azərbaycanın digər rəsmilərini, hətta prezident İlham Əliyevi də Maqnitski siyahısına salmaq üçün nəzərdən keçirməyə çağırırlar.

«Ötən ay BMT-də qəbul zamanı prezident Trump gülümsəyən prezident Əliyev və həyat yoldaşlarıyla şəkil çəkdirib. Bu günlər Azərbaycanda baş verənləri nəzərə alsaq, bu iki lider birlikdə şəkil çəkdirməməlidir, hələ gülümsəməkləri qalsın», – məqalədə vurğulanır.

Qeyd edək ki, Azərbaycan hakimiyyəti ölkədə insan haqlarının pozulması, vətəndaş cəmiyyətinə təzyiqlərlə bağlı tənqidləri qəbul etmirlər. Rəsmilər bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirirlər.

XS
SM
MD
LG