Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:40

Daha 29 şəxs yeni virusa yoluxub, 1-i də ölüb


Hazırda Azərbaycanda 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.
Hazırda Azərbaycanda 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

Azərbaycanda 29 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 1 nəfər vəfat edib.

Bu barədə bu gün, martın 26-da Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Qurumun məlumatına görə, 2020-ci il martın 12-də Türkiyədən qayıtmış 1961-ci il təvəllüdlü Azərbaycan vətəndaşı yüksək bədən hərarəti və nəfəs darlığı ilə xüsusi rejimli xəstəxanaya daxil olub: «Müayinə zamanı onda xroniki bronxit olduğu müəyyən edilib, pasiyentdən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb. Xəstənin vəziyyətinin stabilləşdirilməsi ilə bağlı həyata keçirilən reanimasiya tədbirləri nəticə verməyib. Hazırda onun ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür».

Qurum vurğulayıb ki, eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 5 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb: «Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 104 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onlardan 5 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ötən müddət ərzində Azərbaycanda insanların yeni koronavirus (COVİD - 19) infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 mindən artıq test aparılıb».

Qərargahdan bildirildiyinə görə, koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır. «Bundan başqa, artıq ölkəmizin müxtəlif regionlarında yaşayan insanlar arasında infeksiyaya yoluxma halları qeydə alınmağa başlayıb. Bu səbəbdən vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və xüsusi karantin rejiminə əməl etmək tələb olunur», -qurum bildirir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 122 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 15 nəfərinin sağalıb evlərinə buraxıldığı, 3 nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 21 min civarında şəxsin vəfat etdiyi bildirilir.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi barədə də qərar qəbul edib. Martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

XS
SM
MD
LG