Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:57

Şıx və Antalya çimərliyinin fərqi (Fotolar)


Şıx çimərliyindən görüntü
Şıx çimərliyindən görüntü


78 yaşlı Müjgan Sönmez Türkiyənin məşhur istirahət yerlərindən olan Antalya sakinlərindəndir. Antalyanın Kemerağzı kəndində yaşayır. Əcnəbilər Aralıq dənizinin təmiz suyundan, min dərdə dərman qızılı qumundan istifadə etməkdən ötrü dünyanın müxtəlif ölkələrindən bura dincəlməyə gəlirlər.

(Reportaj fotoqalereyadan sonra davam edir)

Camaata nə lazımdır?

Təqaüdçü xanım kasıb olsa da, istədiyi vaxt dəniz sahilində dincələ bilir. Dəddəbəli otellərin yerləşdiyi dəniz sahilindən o da istifadə edir. Əcnəbilərdən fərqli olaraq, ona burda dincəlmək pulsuz başa gəlir. Ona görə də yaşlı qadın yerli bələdiyyənin sakinlərə yaratdığı şəraitdən ağızdolusu danışır:

Antalyada çimərlikdən bəhs edən yerli sakinlər
Gözlə

No media source currently available

0:00 0:01:19 0:00
Direct-ə keçid

“Bura bələdiyyənindir, duş, tualet, oturacaqlar, hər şey var. Axşamlar işıqlandırılır. Camaata daha nə lazımdır ki. Buranı bələdiyyə xalq üçün ayırıb. 15-20 il əvvəl burda bu qədər otellər yox idi. Onda da sərbəst gəlib dincələrdik. Otellər salınandan sonra bələdiyyə də buranı bizə ayırdı. Biz Kemerağzı kəndindənik, bura da bizim kəndə aiddir. Yəni, bizimdir”.

Gənc Emel Kaya isə dənizdə çimməyə Antalya şəhərindən gəlir. Deyir ki, hökuməti tənqid etməkdən çəkinmir. Ancaq əhaliyə yaradılan şəraitə görə yerli icra qurumlarını ağızdolusu tərifləyir:

“Bura çox xoşuma gəlir. Sakitlik, rahatlıqdır, hər şey də pulsuzdur. Ətrafda otellər var, onların da sahil ərazilərinə sərbəst giririk, hətta duşlarından da istfadə edirik, heç axt bizə heç nə demirlər. Əcnəbilər bura nə qədər xərc çəkib gəlir. Bura əvvəllər necə pulsuz olubsa, indi də camaata pulsuzdur”.

Bakıda... dənizdə çimmək azı 3 manat

Azərbaycanda - paytaxt Bakının Şıx qəsəbəsi dənizin, çimərliyin sahilində yerləşir. Ancaq burda yaşayan təqaüdçü Ziyafət Həsənova antaliyalı həmyaşıdı Müjgan Sönmez kimi rahat, ağızdolusu danışa bilmir. Çünki vaxtilə pulsuz istifadə etdiyi çimərlik əraziləri indi hasarlanıb. Çimərliyə girmək istəyənlər qapıda pul ödəməlidirlər:

Şıx çimərliyində sakinlər dənizin onlara pulla satıldığını deyirlər
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00
Direct-ə keçid

“Adambaşı 3 manat alırlar. Gəlinimlə gəlmişəm, 6 manat aldılar. Stullar 1 manat, uzanmaq üçün olan da 2 manat. Gör neçəyə gəlib çıxır. Qabaqlar buralar pulsuz idi, açıqlıq idi, gəlirdik, dincəlirdik. İndi pullu olub. Biri burdan ora qədər bölüb, o birisi də qalan hissəni, o biri də oranı. Hissə-hissə dənizi bölüb bizə satırlar. Deyən də yoxdu ki, “a bala, niyə belə edirsiz?””

Qəsəbə sakini Fərəməz Haqverdiyev də evinin bir addımlığındakı dənizə girməyə pul verməsindən yanıqlı-yanıqlı danışır:

“Burdakı çimərliklərə girişin qiyməti 3 manatdan 10 manatadəkdir. Oturacağa, ya da başqa şeyə görə yox a, dənizin suyuna görə bizdən pul alırlar. Belə də dərd olar?”

Dənizi satanlar aldıqları pula sənəd vermirlər

Çimərlikdə istirahət edənlər də onlardan alınan pula görə gileylənir. Deyirlər ki, “neyləyəsən, səsimizi eşidən yoxdur”:

– Adambaşı giriş 3 manatdır. Qapıdakı deyir ki, “dənizin pulunu alırıq”. Dedim, “çek ver”, vermədi. Hamı dirəşsə, belə olmaz.

– Heç nədən istifadə etməsən də, dənizə görə 3 manat alırlar. Stul götürsən, onun qiyməti ayrıdır, hər şeyin öz qiyməti var, dəniz suyunun da.

– Danışanda deyirlər, dəniz xalqındır. Budur xalqın malı? Xalqın dənizini xalqa satırlar.

– Bura hələ ucuzudur, o biri tərəf 5 manatdır, bura 3 manat. Axı bu nə deməkdir? Ölkəni gör nə günə qoyublar. Kimə şikayət eləyəsən? Yəqin hamısı zəncir kimi bir-birinə bağlıdır.

Bakı şəhər icra hakimiyyətindən etiraf - dənizi satanlarla bacarmırıq

Bakı şəhər İicra Hakimiyyəti başçısının sərəncamına görə, çimərliklərdən istifadə pulsuzdur. Ancaq görünən odur ki, bu sərəncamı saya salan yoxdur. Ərazilərdəki “hasar sahibləri”ni axtarsaq da, özlərini təqdim etməyən pulyığanlar heç bir məlumat verə bilməyəcəklərini dedilər. Ərazinin aid olduğu yerli bələdiyyədən və qəsəbə icra nümayəndəliyindən də danışan tapılmadı.

Çimərlik ərazilərinin daxil olduğu Səbayel rayon İcra Hakimiyyətinin ictimai-humanitar şöbəsinin rəis müavini İsrafil Kərimov bu haqda danışa bilməyəcəyini deyir:

“Çimərliklərlə bağlı icazə də, sərəncam da Bakı şəhər İcra Hakimiyyəti tərəfindən verilir. Onlara müraciət edin. Biz də nə lazımdırsa, edirik, şərh vermirik”.

“Bu işin öhdəsindən gələ bilmirik”
Bakı şəhər icra hakimiyyətinin Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov deyir ki, çimərliklər pulsuzdur. O da icra hakimiyyəti başçısı Hacıbala Abutalıbovun hər il verdiyi sərəncamları yada salır:

Əlabbas Bağırov Bakı çimərliklərinin ödənişli olması barədə
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00
Direct-ə keçid

“Bununla bağlı 2001-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı sərəncam verib. 2001-ci ildən hər il o sərəncam yenilənir. Biz çalışmışıq ki, bütün qüvvəmizlə bu işin öhdəsindən gələk. Amma bu, çox çətindir. Lazımi nəticələr əldə edə bilmirik. Bu gün də o hallar davam edir. O sahibkarlar qanunu pozurlar.

Biz onlara cərimə sanksiyaları tətbiq edirik. Amma bu da problemi həll etmir. Hələlik, bu işin öhdəsindən gələ bilmirik. Orda hasarlamalar var. Prezident də o hasarların sökülməsi ilə bağlı göstəriş verib. Hələ prezident deyir, yenə də mümkün deyil”.

Yayın bu qızmar günlərində isə çimərliklərin qarşısında şıdırğı alver gedir. Pulsuz adlanan çimərliklər əhaliyə pulla satılır.

XS
SM
MD
LG