Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:24

YAP-çı deputat: “Cənab prezident humanistlik göstərib demir ki, korrupsiya iddialarını araşdırın”


Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

Bir gün öncə Demokratik Qüvvələrin Milli Şurası “Talançılığa son” şüarı ilə aksiya keçirdi. AzadlıqRadiosu mitinqdə səslənən tələblərlə bağlı hakim partiyadan seçilmiş deputatların fikirlərini öyrənməyə çalışıb. Ancaq Bahar Muradova “qonaq qarşıladığına”, Hadı Rəcəbli, Tahir Süleymanov “kənar yerdə”, Ağalar Vəliyev “xaricdə”, Musa Quliyev “yasda” olduğuna görə mitinqlə bağlı sualları cavablandırmayıblar. Məlahət İbrahimqızı isə “konstitusion hüququndan – istirahət hüququndan” yararlanaraq danışmayacağını bildirib.

YAP-çı deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik, korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədovsa AzadlıqRadiosuna danışıb.

– Elman müəllim, sentyabrın 23-də Milli Şura “Talana yox” şüarı ilə aksiya keçirdi. Mitinqdə ölkə hakimiyyəti, şəxsən dövlət başçısı İlham Əliyev korrupsiyada ittiham olunub, eyni zamanda, jurnalist araşdırılmasında iddia olunduğu kimi ölkədən çıxarılan 3 milyard dollarla bağlı araşdırılma aparılması istənilib. Sizcə, araşdırma aparılacaqmı?

– Azərbaycan demokratik, hüquqi dövlətdir. Azərbaycanda söz azadlığı, mətbuat azadlığı, kütləvi tədbirlər azadlığı təmin olunub. Azərbaycan vətəndaşıdır, onun da öz dünya baxışı, siyasi əqidəsi var. Hakimiyyət uğrunda mübarizə aparılır. Müxalifət düşərgəsində kimsə, nəsə deyib. O deyilənlər sübut olunmalıdır. Cənab prezidentin, dövlət rəsmilərinin ünvanına o sözlər deyilirsə, həmin vəzifəli şəxslər də eyni yolla hüquq mühafizə orqanlarına müraciət edə bilərlər. Onlar ünvanlarına deyilənlərin doğru olub-olmadığının və ya şər atıldığının araşdırılmasını tələb edə bilərlər. Araşdırma zamanı həmin sözləri deyənləri çağıracaqlar: “Gəl bura, izahatını ver və dediklərini sübut et”. Təbii ki, sübut edə bilməyəndə bu adamlar həbs edilməlidir. Həbs olunanda da bütün dünyaya bağırır, haray çəkir ki, bəs söz azadlığı boğuldu, filankəslər niyə tutuldu?

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

​– Korrupsiya ittihamlarını sübut etmək araşdırma aparılmasını istəyənlərin işidir, yoxsa hüquq-mühafizə orqanlarının?

– Dediyin sözə görə məsuliyyət daşıyırsan, cavabdehsən. Əgər deyirsənsə ki, filankəs oğurluq edib, talançılıq edib, onda bunu sübut et. Sübut edə bilməsən, təbii ki, məsuliyyətə cəlb olunacaqsan. Bu düşərgə 1988-ci ildən mövcuddur. Müxtəlif iddialarla meydanlarda, mətbuatda, efirdə çıxış ediblər və bu gün həmin iddialar davam edir. Hesab edirəm ki, cənab prezidentin ünvanına deyilən o sözlərin heç bir əsası yoxdur. Cənab prezident humanistlik göstərib demir ki, bunları araşdırın, filan edin. Fərz edək ki, cənab prezident “Bunu araşdırın” dedi. Sübut edə bilməyəndə bunlar həbs olunmalıdır, onda da hay-haray bütün dünyanı götürəcək ki, bəs filankəslər müxalifətçi olduğuna görə tutuldu. Ona görə hesab edirəm ki, hər kəs dediyi sözün məsuliyyətini dərk etməlidir. Dövlət başçısının ünvanına deyilən o sözləri şər-böhtan kimi qəbul edirəm.

– Bəlkə həqiqətin üzə çıxması üçün bu araşdırma aparılmalıdır və sizin dediyiniz kimi, deyilənlərin əsası yoxdursa, bu halda beynəlxalq qurumlardan, xarici mətbuatdan gələn tənqidlərə də son qoyulardı?

– O beynəlxalq qurumlar uzun illərdir Azərbaycana qarşı şər-böhtan kampaniyası aparırlar. Bunun arxasında nələr durur aydındır, Azərbaycana təzyiqlər, Azərbaycanı nəyəsə təhrik etmək, Azərbaycandan nəsə qoparmaq, Azərbaycanın onlar istədiyi kimi yaşamasını görmək və s. O beynəlxalq təşkilatlardan birini maliyyələşdirən, yaradanlardan biri də Sorosdur (amerikalı işadamı, filantropist George Soros). Amerikada onun haqqında nə kampaniyalar aparılır... Onun terrorçu kimi tanınmasını istəyirlər... Həmin təşkilatlar Azərbaycanı inkişaf etmiş, daxili sabitliyə malik müsəlman ölkəsi kimi görmək istəmirlər, Azərbaycanı da Suriyanın, İraqın gününə, başqa pis günə saldıqları dövlətlərin gününə salmaq istəyirlər. Azərbaycan da bununla mübarizə aparır. Son nəticədə cəhdləri puça çıxır.​

George Soros
George Soros

– Milli Şuranın açıqladığı siyahıya görə, son mitinqdən öncə 50-dən çox siyasi fəal saxlanılıb. Qurum bununla hakimiyyətin mitinqə qatılmaq istəyənlərin sayını azaltmağa çalışdığını bildirir. Söhbətə başlayanda siz ölkədə söz, fikir, toplanmaq azadlığı olduğunu dediniz, o halda nəyə görə mitinq öncəsi bu qədər siyasi fəal saxlanılır və ya onlara sutkalıq cəzalar verilir?

– Onları saxlayan qurum var, ordan soruşmaq lazımdır ki, nəyə görə bu adamlar saxlanılıb. Mən nə deyə bilərəm ki? Bu haqda məlumatım yoxdur. Onları saxlayanlardan soruşun bunu. Yəqin bir açıqlama verəcəklər.

– Məsələ bundadır ki, hüquq-mühafizə orqanları əksər hallarda bu haqda susmağa üstünlük verirlər.

– Mənim səlahiyyətimdə olan məsələ deyil bu. Yalandan nə danışım? Yəqin əsas var ki, saxlanılıb. Mitinqə 3 nəfər gəlmir ki. 300-500 nəfər gəlir. Onların arasından 2-3 nəfər saxlanılıbsa, yəqin qanun pozuntusuna yol veriblər. Amma dəqiq məlumatım yoxdur.

Gözlə

No media source currently available

0:00 0:08:04 0:00
Direct-ə keçid

– Saxlanılanların bəzisi mitinqin aparıcısı, onun təşkilatçılarıdır.

– Bilmədiyim hər hansı məsələ haqda nə deyə bilərəm?..

– Siz əslən Qarabağ bölgəsindənsiniz və mitinqdə AXCP sədri Əli Kərimli “korrupsiyaya bulaşmış hakimiyyət Qarabağı ala bilməz” deyib. Siz bu iddia ilə razılaşırsınız?

– Əli Kərimli nə deyib özü bilər. Amma ona da belə sual ünvanlana bilər ki, siz hakimiyyətdə olduğunuz dövrdə, elə ondan əvvəl də müxalifətdə olduğunuz dövrdə hakimiyyətin başına ip salıb, onu iflic vəziyyətinə gətirmişdiniz, hakimiyyət düşmənlə vuruşmaq əvəzinə sizinlə mübarizə aparırdı. Siz niyə fikirləşmirsiniz ki, sizin günahınız nədən ibarətdir, nə işlə məşğul olmusunuz? Axı, o dövrdə hakimiyyət uğrunda mübarizə aparırdınız və ciddi-cəhdlə çalışırdınız ki, hakimiyyət cəbhədə, torpaqların müdafiəsində uğursuzluğa uğrasın, əvəzinə siz gələsiniz. Elə də oldu. Hakimiyyətə gəldiniz. İqtidarda olduğunuz 11 ayda millətin, dövlətin başına nə oyunlar açdınız tarix bilir, göz qabağındadır. Heç olmasa, Əli Kərimli, ayıbını bil, sən danışma.

Milli Şuranın mitinqi
Milli Şuranın mitinqi

– Eyni arqumentlərlə də əks düşərgə sizin hakimiyyəti ittiham edir. İqtidarda olduğunuz 30 ilə yaxın müddətdə torpaqları geri qaytarmadığnızı, korrupsiyanın tüğyan etdiyini deyirlər.

– Torpaqların qaytarılmaması bir-iki sözlə ifadə olunası məsələ deyil, bu məsələnin arxasında nələr durduğunu hamı bilir. Tənqid etmək asandır. Hamı hər sözü deyə bilər, hamı kiminsə eyibini deyə bilər, qulp qoya bilər, tənqid edə bilər. Ancaq adamın özündən soruşarlar ki, bəs sən niyə etmirdin?

Buna da bax: Milli Şura "Xalqın pulunu qaytarın" dedi

– Milli Şura aksiyaları davam etdirəcəyini bəyan edib. Davamlı aksiyalar kütləviləşə, böyük narazılıqlara çevrilə bilərmi, sizcə? Hakimiyyət aksiyalara icazə verəcəkmi?

– Milli Şura siyasi qurumdur. O, Azərbaycan Konstitusiyasına əsaslanaraq, qanunları pozmadan istədiyi aksiyanı keçirə bilər, istədiyi məsələni qoya bilər. Burda bir şərt qoyulur: hər şey qanunvericilik çərçivəsində olsun, sabitlik pozulmasın, təxribatlara, kütləvi pozuntulara yol verilməsin. Eləcə də Azərbaycanda mövcud olan söz azadlığından istifadə edərək kimlərsə yerli-yersiz təhqir olunmamalıdır. Tənqiddən söhbət getmir. Tənqid mümkündür, təhqir olmasın. Qanun çərçivəsində nə istəyirsən et, qanunu pozma!

XS
SM
MD
LG