Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:29

Müsəlman olmağa görə 'üçqat cəza'


London 2006
London 2006

Müsəlman qadınlar Britaniya cəmiyyətində iqtisadi cəhətdən ən həssas durumda olan qrupdur. Böyük Britaniya parlamentinin Qadınlar və Bərabər İmkanlar Komitəsinin hesabatında belə deyilir. Sənəddə vurğulanır ki, nazirlər bu ilin sonunadək sözügedən qeyri-bərabərliyi aradan qaldırmağa dair plan işləyib hazırlamalıdırlar. Məlumatı BBC yayıb.

Rəqəmlər göstərir ki, müsəlman qadınların işsiz işaxtarana çevrilmək ehtimalı ümumən ölkədəki qadınlardan üç dəfə çoxdur. Onların iqtisadi cəhətdən fəaliyyətsizliyi ehtimalı isə iki dəfə çoxdur.

Ancaq bu sahədə irəliləyiş də var. İndi 2011-ci il nisbətən 45% daha çox müsəlman qadın işləyir. Amma hökumətin sözçüsü deyib ki, hələ qarşıda görüləsi çox iş var.

Komitənin hesabatında vurğulanır ki, Britaniyada yaşayan müsəlman qadınların bir çoxu qadın, etnik azlıq və müsəlman olduqlarından «üçqat cəza»ya məruz qalırlar.

QADINLARIN CƏMİ 35%-İ İŞLƏYİRDİ

Milli Statistika İdarəsinin 2015-ci ilə aid rəqəmlərinə görə, yaşı 16-64 olan müsəlman qadınların cəmi 35%-i işləyirdi. Həmin ilin mart və may ayları arasında əmək yaşındakı britaniyalı qadınların 69%-i işləyib.

Buna da bax-Məhbus qadınların hicab problemi

İqtisadi cəhətdən fəaliyyətsiz, yəni işsiz və iş axtarmayan qadınların müqayisəsi isə daha maraqlıdır.

Milli Statistika İdarəsinin 2015-ci ilə aid rəqəmlərində ölkədəki müsəlman qadınların 58%-nin iqtisadi cəhətdən fəaliyyətsiz olduğunu görürük. Eyni ilin mart-may aylarında Britaniyada qadınların cəmi 27%-i iqtisadi cəhətdən fəaliyyətsiz olub. İşsiz olub iş axtaran müsəlman qadınlarsa 16% təşkil edib. Ölkə üzrə bu göstərici 5% olub.

2011-ci il siyahıyaalmasının təhlili göstərir ki, iqtisadi cəhətdən fəaliyyətsiz müsəlman qadınların 44%-i ev və məişətlə məşğul olduqlarına görə fəaliyyətsizdirlər. Müqayisə üçün, ölkə üzrə bu səbəbdən işləməyən qadınların sayı 16% təşkil edir.

Londonda müsəlman qadınlar.
Londonda müsəlman qadınlar.

SƏBƏBLƏR

Hesabatda mövcud duruma gətirib çıxaran bir neçə amil sadalanıb:

Ailənin təzyiqi: Müsəlmanlar arasında belə bir fikir var ki, «qadın evə baxır, kişi çörək qazanır». Hesabatı hazırlayarkən komitənin məsləhətləşdiyi alimlər belə deyib.

İslamofobiya: Araşdırmalar göstərir ki, müsəlman qadınların düşdüyü «kəskin» əlverişsiz vəziyyət onların dini inancı ilə bağlıdır. İslamofobiyanın müsəlman qadınlara təsirini hesaba almamaq olmaz.

Buna da bax-Hicablı tələbə prezidenti necə pərt etdi...

İşə götürmə zamanı ayrıseçkilik: Müsəlman qadınlar adları, dini və etnik geyimlərinə görə diskriminasiyaya məruz qala bilirlər. Onlara evlilik, uşağa qulluq və ailə öhdəliklərinə dair suallar verilməsi ehtimalı daha çoxdur.

Məscidlərin rolu: Bəzi məscidlər qadınların iş tapmağa səy göstərməsinə mənfi təsir edir.

Yoxsulluq və digər maneələr: Komitə müəyyən edib ki, ingilis dili bilikləri bəziləri üçün maneə kimi qalmaqdadır.

«ÖZÜMƏ İNAMIM AZALIB»

Mançester Universitetinin 21 yaşlı məzunu deyir ki, telefonda aparılan iş müsahibəsi çox uğurlu keçsə də, üzbəüz görüşdə o, baş örtüyü taxan yeganə namizəd olub və tonun dəyişdiyini görüb.

O, satış sahəsində olan bu vəzifəni ala bilməyib.

«Bu mənim üzbəüz müsahibələrə gedən zaman özümə inamımı bir qədər azaldıb. Düşünürəm ki, telefon müsahibələrində özümə daha əmin oluram», – deyə o əlavə edib.

Hesabatda deyilir ki, qadınlar ayrıseçkilik və həmkarların mənfi münasibətindən çəkinərək bəzi iş yerlərinə ərizə vermirlər. Parlament üzvləri bütün iş yerləri üçün «adsız işə götürmə»nin tətbiqinə çağırıblar. Bu zaman işəgötürənlər ərizəçinin adını görməyəcəklər. Bu, işəgötürənlərin «ağ səslənən» adlara üstünlük verərək onları müsahibəyə dəvət etməyə meylli olması ilə bağlıdır.

«Biz hökuməti rol modellər göstərməyə və mentorluq proqramlarının tətbiqinə çağırırıq. Bu, müsəlman qadınların iş yerlərində öz potensiallarını dərk etməsinə yol açardı», – parlament komitəsinin hesabatında deyilir.

XS
SM
MD
LG