Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:55

Qarabağ əlilləri ilə SOCAR işçiləri arasında insident olub


İllüstrasiya
İllüstrasiya

Sentyabrın 28-də və 30-da Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Təhlükəsizlik İdarəsinin əməkdaşları ilə bir qrup əngəlli şəxs arasında Binəqədi rayonu Biləcəri qəsəbəsində insident yaşandığı bildirilir.

‘Bizi lomla döyürdülər’

Bu barədə AzadlıqRadiosuna Qarabağ döyüşlərində əlil olduğunu deyən Arif Rəhimov məlumat verib.

Arif Rəhimovun sözlərinə görə, sentyabrın 28-də SOCAR-ın əməkdaşları qəsəbəyə gələrək, orada tikdikləri evin qanunsuz olduğunu bildiriblər^

"Təxminən 30 nəfər idilər. Dedilər ki, evi qanunsuz tikirsiz, sökülməlidir. Necə olur ki, onlar tikəndə qanuni olur, biz tikəndə qanunsuz? Etirazımızı bildirdik, başladılar bizi döyməyə".

Arif Rəhimovun vurğulamasına görə, insident nəticəsində bir neçə əlil xəsarət alıb:

"Bu gün, sentyabrın 30-da yolla gedirdik. Bir neçə maşınla gəlib, əllərində lom, armatur, “montirovka” ilə düşdülər. Bəzilərinin əyinidə üzərində SOCAR yazılmış paltar var idi, çoxusu isə mülki geyimli idilər. Düşən kimi bizə hücum edib, döydülər. İki nəfər üçün Təcili tibbi yardım gəldi. Mənim özümüm alnımı partlatdılar. Polis müdaxilə etməsəydi, vəziyyətimiz daha ağır olcaqdı. Birinci qrup əliləm, Qarabağ qazisiyəm, bizi niyə döyürlər?".

Başçı və rəislə görüş

Arif Rəhimov əlavə edib ki, hadisədən sonra Binəqədi Rayon İcra Hakimiyyətin başçısı Elxan Allahverdiyev və Binəqədi Rayon Polis İdarəsinin rəisi Musa Musayev onlarla görüşüb:

"Rəis dedi ki, izahat yazaq, araşdıracaqlar. Problemimizlə məşğul olacaqlarına söz verdilər".

SOCAR təkzib edir

SOCAR-dan isə Qarabağ savaşı veteranlarının dediklərini təkzib ediblər.

Qurumdan bildirildiyinə görə, onların əməkdaşları əlillərə zorakılıq tətbiq etməyiblər:

"Sentyabrın 27-də saat 12:00 radələrində Neft Kəmərləri İdarəsinə məxsus Şirvan-Böyükşor neft kəməri ərazisinin və həmin kəmərə birləşən Binəqədi xəttinin mühafizə zolağının bir hissəsinin zəbt olunduğu, qanunsuz tikili üçün bünovrə işlərinin aparıldığı aşkarlanıb", “ Report” agentliyinin xəbərinə görə, qurumdan bildiriblər.

Şirkətdən verilən məlumata görə, qanunsuz tikinti işləri aparan şəxslərə mühafizəçilər xəbərdarlıq edib və tikinti dayandırılıb:

“Həmin vaxt qanunsuz tikinti aparan şəxsin təhriki ilə əraziyə toplaşmış, özlərini Qarabağ müharibəsi əlilləri kimi təqdim edən bir qrup şəxs mühafizə komandasının əməkdaşlarını təhqir edərək, onlara hücum çəkiblər. SOCAR-ın mühafizəçiləri hücum edən şəxslərə qarşı heç bir zorakılıq tətbiq etmədən hadisə yerinə polis əməkdaşlarını çağırıblar. İnsident zamanı şifahi xəbərdarlıqlara məhəl qoymayan şəxslər tərəfindən qarovul rəisi Fuad Abdurəhmanovun, Elnur İsmayılovun, Ələkbər Əliquliyevin qol və bədən nahiyələrinə zərbələr endirib, müxtəlif bədən xəsarətləri yetirilib. Aparılmış video çəkilişdən də göründüyü kimi, təxribat törədən şəxslər hadisə yerindən uzaqlaşmağa çalışan mühafizə xidmətinin əməkdaşlarını, eləcə də polis əməkdaşlarını təqib edərək, xidməti maşınlarına maddi ziyan vurmağa cəhd göstərib, dövlətə qarşı qanunsuz çağırışlar səsləndiriblər”- açıqlamada qeyd edilib.

Polisdən açıqlama

Sentyabrın 29-da Bakı Şəhər Baş Polis İdarəsinin də bu məsələ ilə bağlı açıqlama yaydığı bildirilir.Yerli saytlarda yayılan açıqlamaya görə, polis əməkdaşlarının Qarabağ müharibəsində əlil olan şəxslərə təzyiq göstərməsi ilə bağlı iddialar əsassız sayılıb:

"... Polis əməkdaşlarının Qarabağ əlillərinə təzyiq göstərməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Aparılan araşdırmalar zamanı müəyyən olunub ki, sentyabrın 28-də Neft Kəmərlərinin Mühafizə İdarəsinin növbə rəisi tərəfindən “102 Zəng Mərkəzinə” Binəqədi rayonu, Biləcəri qəsəbəsində qanunsuz tikinti aparılması və həmin şəxslərlə aralarında münaqişə baş verməsi ilə bağlı məlumat verilib. Daxil olan məlumat üzrə Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gedib və tərəflər arasında yaranan münaqişənin qarşısı alınıb".

Açıqlamaya görə, Tərtər rayon sakini Sərxan Musayevin çağırışına əsasən 15-20 nəfər Qarabağ müharibəsi əlili hadisə yerinə gəlib. Bundan sonra orada münaqişəli vəziyyət yarandığı bildirilir: "Hadisə nəticəsində S.Musayev, onun tanışı Əhməd Sultanəhmədov və Dövlət Neft Şirkətinin bir neçə əməkdaşı müxtəlif bədən xəsarətləri alıb. Faktla bağlı 43-cü Bolis Bölməsində təhqiqat araşdırmaları davam etdirilir".

Tərtər rayon sakini Sərxan Musayev isə mətbuat orqanlarına müsahibəsində onların fiziki müdaxilə ilə üzləşdiyini deyib. Cəmi 2.5 sot torpaqda ev tikmək istədiyini qeyd edən S.Musayevin iddiasına görə, bunun əvəzində ondan maddi umacaqlar olub.

Amma onun bu dediklərinə rəsmi qurumlardan, hələlik, münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG