Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:41

Bəxtiyar Hacıyev polisin fiziki təzyiqi ilə üzləşdiyini deyir


B.Hacıyev
B.Hacıyev

İctimai fəal Bəxtiyar Hacıyev bildirir ki, oktyabrın 7-də polis onu Bakıda saxlayıb və fiziki təzyiqə məruz qalıb.

O vurğulayıb ki, Prezident İlham Əliyevin keçəcəyi kortejlə əlaqəli bağlanmış boş yolu çəkdiyinə görə polis əməkdaşı onu saxlayıb: "Telefonla boş yolun fotosunu çəkdim. Bu zaman bir polis əməkdaşı mənə yaxınlaşdı, vəsiqəmi istədi. Mən də şəxsiyyət vəsiqəmi təqdim etdim. O isə məndən "yolu çəkməyə icazə olan vəsiqə"ni istədi. Mən də "yolun şəklini çəkmək üçün vəsiqə lazım deyil" dedim və şəxsiyyət vəsiqəmi geri istədim. O isə vəsiqəmi qaytarmayaraq məni hədələməyə başladı ki, "səninlə hələ işim çoxdur, gözlə"".

Fəalın iddiasına görə, "o zaman ofisə göndərərsiniz, mən gedirəm" deyəndə kobud rəftarla üzləşib: "Polis əməkdaşı çox kobud qışqıraraq kəmərimdən və qolumdan yapışdı. Mən ona vətəndaşla belə danışa bilməyəcəyini bildirəndə yanındakı polisdən gözyaşardıcı bibər qazı istədi, amma vermədilər…".

B.Hacıyev qeyd edib ki, onunla bir yerdə digər vətəndaş da saxlanıb: "Maşının qapısını açıb ətrafdakı vətəndaşlara "biriniz 102 Xidmətinə zəng edin" dedim. Əlində telefon olan bir vətəndaşı da maşına otuzdurub 27-ci Polis Bölməsinə gətirdilər… ".

Bölmədə də zorakılıqla üzləşdiyini bildirən fəalın sözlərinə görə, bir müddət saxlandıqdan sonra polis bölməsinin rəisinin qəbulunda olub: "Vəziyyəti izah etdim, xəbərdarlıq etdilər ki, prezident korteji keçəndə küçəni çəkmək olmaz, buraxdılar".

Fəal əlavə edib ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə şikayət edib: "Hazırda qolum ağrıyır, həkimin müayinəsinə gedirəm".

DİN inkar edir

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan"a bildirib ki, fiziki təzyiq ilə bağlı deyilənlər əsassızdır: "Bəxtiyar Hacıyevlə profilaktik söhbət aparılıb və o sərbəst buraxılıb".

Xatırlatma

Bəxtiyar Hacıyev təqribən 1 ay əvvəl isə Bakı şəhər Baş Polis İdarəsinin rəisinin onu hədələdiyini bildirmişdi. B.Hacıyev onda qeyd edirdi ki, onun polisə verdiyi şikayətinə baxılmadığına görə Daxili İşlər naziri Vilayət Eyvazov barədə Facebook-da tənqidi rəy yazıb.

Fəalın vurğulamasına görə, sentyabrın 9-da onu həmin idarəyə aparıblar və idarə rəisi ona psixoloji təsir göstərmək istəyib. Daxili İşlər Nazirliyindən isə ictimai fəalın hədələnməsi barədə dediklərini "həqiqətəuyğun olmayan cəfəngiyat" adlandırmışdılar.

Harvard Universiteti məzunu olan B.Hacıyev 2011-ci ilin martında həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi. B.Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.

XS
SM
MD
LG