Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:31

13 il susdu və... yenə püskürdü [müsahibə]


Geologiya və Geofizika İnstitutu palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev
Geologiya və Geofizika İnstitutu palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev

Fevralın 6-da günorta saatlarında paytaxt Bakının Qaradağ rayonunda - Sahil qəsəbəsi yaxınlığında vulkan püskürüb.

Bu haqda AzadlıqRadiosu-na Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutu palçıq vulkanizmi şöbəsinin müdiri Adil Əliyev məlumat verib. Birinci vulkan 3 dəqiqə 23 saniyə, ikinci vulkan 6 dəqiqə davam edib. O, daha sonra deyib:

– Hazırda şöbənin əməkdaşları vulkan ərazisində tədqiqat işləri aparırlar. Püskürmənin səbəbi, püskürülən məhlulun tərkibi, örtüyü sahə və s. təhlil edilir. Bu vulkan Azərbaycanın nəhəng vulkanlarından biridir. Birinci püskürməsi 1854-cü ildə olub. Həmin vaxt indikindən qat-qat güclü püskürmə baş verib. Son püskürmədən əvvəlkisi isə 2004-cü ildə olub və o püskürmədən 13 il ötüb. Bu gün vulkan təzədən püskürüb.

Buna da bax:​ Bəşəriyyət tarixində ən güclü vulkan püskürməsi

– Ölkədə palçıq vulkanlarının durumu necədir?

– Azərbaycanda vulkanlar çoxdur. Hər il demək olar ki, iki, üç, beş püskürmə baş verir. Bu il Azərbaycanda ilk püskürmə baş verib. Olay günorta vaxtı olub. Saatını müəyyənləşdiriblər – gündüz saat 1-ə 15 dəqiqə işləmiş birinci fazası baş verib, alov sütunu alınıb. İki saat sonra yenidən güclü partlayış olub. Bu dəfə də alov sütunu alınıb. Bu da gündüz saat 3-ə 12 dəqiqə işləmiş olub. Bunları da seysmik stansiyalar qeydə alıb. Biz Respublika Seysmoloji Xidmət Mərkəzi ilə birlikdə tədqiqat işləri aparırıq. Vulkanik fəaliyyətin zəlzələlərlə əlaqəsi haqda məlumat əldə edirik. Mərkəzin baş direktoru Qurban Yetirmişli mənə zəng edib dedi ki, bunları seysmoloji stansiya qeydə alıb. Araşdırmalar növbəti günlər də davam edəcək. Ordan gətirilən “məhsullar” laboratoriya şəraitində öyrəniləcək. Bizə vulkan püskürəndə yerin təkində gedən proseslər, orda olan neft-qaz yığımları haqqında məlumat da çox gərəklidir. İndi görək gətirilən məhsulları öyrənəndən sonra nə cavab alacağıq...

– Ölkə ərazisində püskürməyə hazır vulkanlar çoxdur?

– Vulkanlar var, ancaq zəlzələlər kimi onların da nə vaxt püskürəcəyini əvvəlcədən bilmək çətindir . Onlar izlənilməli, öyrənilməlidir. Eləsi var püskürə bilər, eləsi var, yox. Hansı vulkanın püskürəcəyini dəqiq deyə bilmərik. Ancaq bəzi vulkanlar var ki, çoxdan püskürməyib. Ola bilər, püskürsün.

Buna da bax: Palçıq gözəllik və qazanca çevrilə bilər

– Bu gün (fevralın 6-da) püskürən vulkan Sahil qəsəbəsinə yaxındır. Bu vulkan yaşayış məntəqəsinə nə dərəcədə təhlükə törədə bilər?

–Yox-yox, təhlükə yaratmır, çünki çox yaxın deyil. Həm dı vulkan böyük, hündür olanda, onun elə də qorxusu yoxdur. Alçaq vulkan olanda isə tullanan məhsul axıb gedir. Hündür vulkanın qorxusu yoxdur. Palçıq vulkanları Abşeron yarımadasında da, Şirvan, Ələt, Qazıməmmədli, Salyan tərəflərdə də var. Qobustanda 100-dən çox palçıq vulkanı var. Azərbaycanda palçıq vulkanları çoxdur. Dənizi də götürsək, 350-dən çox palçıq vulkanı var. Onların 200-dən çoxu qurudadır.

– Palçıq vulkanlarının yaxınlığında yaşayış evləri salınan ərazilər də var. Bu, təhlükəli deyil?

– Bəli, Abşeron yarımadasında var, Binəqədi rayonunda yerləşən Keyrəki vulkanının yaxınlığında yaşayış evləri tikilib. Əlbəttə, evlər vulkandan, heç olmasa, 1 kilometr, kilometryarım kənarda tikilməlidir.

– Həmin evlərin köçürülməsi gündəlikdə var?

– İndi tikinti dayandırılıb. Həmin evlər qabaqlar tikilib. İndi bunun qarşısı alınır.

Buna da bax:​ Palçıq vulkanları və problemlərlə dolu Şıxzairli kəndi

– Bəs bu vaxtadək tikilənlərə təhlükə yoxdur?

– Bu vaxtadək tikilənlərin bəzisi sökülüb, bəzisi qalıb. Azərbaycanda palçıq vulkanları qoruğu yaranıb. Qoruğun da öz idarəsi, direktoru var. Bu işlərlə də onlar məşğul olur, bizim səlahiyyətimizdə deyil. Fikrimizi deyirik ki, palçıq vulkanının yaxınında ev tikmək olmaz. Biz ancaq elmi işlərlə məşğul oluruq.

Buna da bax:

Bakıda vulkan püskürüb. Partlayış anı- [video]
Gözlə

No media source currently available

0:00 0:00:58 0:00

XS
SM
MD
LG