Keçid linkləri

2024, 01 Dekabr, bazar, Bakı vaxtı 01:31

Fındıq toplayanlar məhsullarını satmayıb qiymətin qalxmasını gözləyir


Bazarda satılan fındıq-qoz
Bazarda satılan fındıq-qoz

«Dünən fındığın kilosunu 5.90-dan alıblar»

Azərbaycanın fındıq istehsalı: istehsalçı inhisardan, zavod keyfiyyətdən narazıdır

Fındıq toplayan istehsalçılar məhsullarını hələ satmayıb bazarda qiymətin qalxmasını gözləyirlər. Çünki bazar onların yığdığı məhsulun qiymətini tənzimləyəcək. Söhbət Türkiyə fındıq istehsalçılarından gedir.

«5 manata alacağıq»

Ancaq Qax sakini Həmzət Abbasovun yetişdirdiyi fındığa qiyməti bazar yox, tədarükçülər qoyur:

«Qiyməti onlar diktə edir, biz də onlar dediyi qiymətə satırıq, dünən 5 manat 90 qəpiyə alıblar, bu gün gəlib deyirlər ki, ‘5 manata alacağıq’», fermer AzadlıqRadosu-na müsahibəsində danışır.

«Qiyməti onlar diktə edir, biz də onlar dediyi qiymətə satırıq, dünən 5 manat 90 qəpiyə alıblar, bu gün gəlib deyirlər ki, ‘5 manata alacağıq’»

Bir hektarlıq fındıq bağı olan Həmzət Abbasov keçən illə müqayisədə qiymətin normal olduğunu söyləyir. Ancaq o hesab edir ki, məhsulu Avropa bazarına çıxaran ticarətçilər istehsalçılardan çox qazanır: «Əslində məhsulumuz keyfiyyətlidir, amma məhsuldarlıq aşağı olanda deyilən qiymət xeyir eləmir».

Buna da bax: "Yarmarkada məhsulu ucuz satmırlar, ucuzunu satırlar"- [Fotolar]

Fermerin sözlərinə görə, məhsuldarlığı təbii şərait salıb: «Qışda şaxta oldu, sonra dolu vurdu, tozlanma uyğun vaxta düşmədi. Bunlar da məhsuldarlığa təsir edir».

«Yonca daha çox gəlir gətirir»

Həmzət Abbasov deyir ki, onlar yığılmış məhsulu kilosu orta hesabla 5 manat 20, 5 manat 30 qəpikdən satırlar: «Zavod Zaqataladadır deyə gedib-gəlmək sərf eləmir. Bir-iki dəfə özüm bir neçə yüz kilo aparmışam, görürəm ki, yol pulu çıxmır. Ona görə də tədarükçülərə satırıq. Əgər bu gün 8-10 manata satsaq, xeyir olar. Bu il Şəki-Zaqatala-Qax bölgəsində məhsuldarlıq az gözlənir, bir hektar torpağı fındığa ayırırsan, amma gəlir az olacaq».

Əgər bu gün 8-10 manata satsaq, xeyir olar...

Həmzət Abbasov fındıqdan gəlirini istifadəsində olan digər torpaq sahəsinə əkdiyi yonca ilə müqayisə edir: «Yonca daha çox gəlir gətirir. Fındıq əkiləndən 5 il sonra məhsul verir».

Buna da bax: Aralıq dənizi diyetası nə deməkdir?

Ancaq o, çətinliklərə, fermerə yüksək gəlir gətirməməsinə baxmayaraq, hələ ki, fındıq becərməkdən imtina edən torpaq sahibi tanımır: «Bəlkə də nə vaxtsa qiymət elə həddə çatacaq ki, fındıq əkdiyinə peşman olmayacaqsan», deyir.

Müsahibimizin fikrincə, ölkədə ayrı-ayrı fındıq zavodları olarsa, rəqabətlilik yaranar və bazara qiyməti fındıq istehsalçıları diktə edərlər: «Fındıq istehsalçıları özləri yığışıb emal müəssisəsi yarada bilərlər, amma gərək, buna dövlət dəstək versin».

«Fındıq emalı və ixracı inhisardadır»

«Bəlkə də nə vaxtsa qiymət elə həddə çatacaq ki, fındıq əkdiyinə peşman olmayacaqsan»

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, ölkədə fındıq tədarükündə inhisarçılıq var və bu da bazara qiyməti diktə etməyə imkan yaradır: «Emalı və xarici bazara çıxarılması inhisardadır. Məhz bunu aradan qaldırmaq lazımdır ki, fındıq istehsalçıları da gəlir əldə edə bilsin».

Buna da bax: Qiymət artımının səbəbi bilindi - Şərhlər

Vahid Məhərrəmovun sözlərinə görə, məhsuldarlıq aşağı olanda maya dəyəri artır və bu zaman satış qiyməti də artmalıdır. Ekspert deyir ki, fındıq Azərbaycana valyuta gətirən bir məhsuldur və hökumət bu sahədə rəqabətə şərait yaratmalıdır:

«Dövlət bu sahə ilə bağlı müəyyən siyasət aparsa, xüsusi proqram qəbul etsə, fermerlərin öz emal sahələrini yaratmasını və xarici bazara çıxmasını dəstəkləsə, o zaman fermerlər öz bizneslərini inkişaf etdirməklə ölkəyə daha çox xarici valyuta gətirərlər».

«Sahibkarların marağı artıb»

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyev fındıq istehsalı və emalında hər hansı inhisarla bağlı iddiaları qəbul etmir, deyir ki, əksinə, fındıq əkib-becərilməsi fermerlərin diqqətini daha çox cəlb etməyə başlayıb:

«Sahibkarların bu sahəyə marağı artıb. İstər daxili, istər də xarici bazara fındığın çıxarılmasında heç bir maneə yoxdur».

Murtuzəli Hacıyev vurğulayır ki, fındığın ilkin və sonrakı qiymətlərini bazar tənzimləyir.

«Xoşu gəlmir, satmasın»

«Emalı və xarici bazara çıxarılması inhisardadır. Məhz bunu aradan qaldırmaq lazımdır ki, fındıq istehsalçıları da gəlir əldə edə bilsin».

Elə Zaqatala Fındıq Zavodunun daxil olduğu «Azərsun Holdinq» Şirkətlər Qrupunun sözçüsü Afiq Səfərov da bazara qiymət diktə etmədiklərini deyir:

«Bizim aldığımız qiymət fermerin xoşuna gəlmirsə, satmasın. Fındıq elə məhsuldur ki, onun hər yerdə alıcısı var».

Buna da bax: Qəbələ meşələrində nə baş verir?

Afiq Səfərovun sözlərinə görə, zavodun emal etdiyi xammalın hamısı birbaşa Avropa bazarlarına yönəlir. Ancaq onlar heç də hər zaman yerli məhsulun keyfiyyətindən razı qalmırlar. Müsahibimiz deyir ki, fermerlərin məhsulun marketinqi barədə təsəvvürləri zəifdir, çeşidləməni bir çox hallarda bilmirlər: «Mütəxəssislərimiz vaxtaşırı fermerlərlə fındığın əkib-becərilməsi, bağa qulluqla bağlı maarifləndirmə işləri aparırlar».

Azərbaycan fındıqdan 220 milyon dollar gəlib

Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda fındıq bağları 2010-cu ildən bəri artıb. Əgər həmin il təxminən 29 min hektar fındıq əkilmişdisə, 2015-ci ildə bu rəqəm 33 min hektara yaxınlaşıb.

Türkiyədə 2014-2015-ci il ixracatında 217 min tondan artıq fındıq istehsal edilib və 2,9 milyard dollar valyuta əldə edilib.

Gömrük Komitəsinin məlumatına görə, ötən il Azərbaycan «Yeməli meyvələr və qoz-fındıq; sitrus meyvələrinin qabıqları və ya qovun qabıqcıqları» ixracından 220 milyon dollardan çox vəsait əldə edib. 2014-cü ildə isə bu rəqəm 192 milyon dollar olub.

Müqayisə üçün deyək ki, dünyada fındıq istehsalçıları arasında öncül ölkələrdən biri olan Türkiyədə 2014-2015-ci il ixracatında 217 min tondan artıq fındıq istehsal edilib və 2,9 milyard dollar valyuta əldə edilib.

Türkiyədə fermeri necə qoruyurlar

Türkiyədə fındığı fermer özü satır, yəni bazarda onun malını neçəyə alacaqlar, bunu özü görür...

Türkiyədə yerli fermerlər bazara öz birlikləri vasitəsilə çıxırlar. «Keşar» fındıq istehsalçıları birliyinin rəhbəri Mustafa Şahin deyir ki, qiyməti bazar tənzimləyir və fermerlər satışdan əlavə də qazanırlar: «Fındığı fermer özü satır, yəni bazarda onun malını neçəyə alacaqlar, bunu özü görür, bilir. Hətta əlavə qazana da bilir».

Mustafa Şahin qeyd edir ki, onlar qurumun üzvü olan fermerdən məhsulu həmin günün qiymətindən 10 faiz bahasına alırlar və sonra məhsula bazarı özləri tapırlar. Onun sözlərinə görə, məqsəd fermeri ticarətçinin qiymət diktəsi altında qoymamaqdır.

XS
SM
MD
LG