Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:41

Azərbaycanda koronavirusa görə güzəştlər olacaqmı?


Bakı. 14 mart 2020
Bakı. 14 mart 2020

Koronavirusa görə bir çox ölkələrdə bank müştərilərinə, iş adamlarına müxtəlif güzəştlər edilir. Azərbaycanda da martın 14-dən bir ay ərzində kütləvi tədbirlər dayandırılıb. Bu, həm şadlıq evlərinin, həm əyləncə mərkəzlərinin və həm də müxtəlif iaşə obyektlərinin fəaliyyətinə təsir edib. Bəs Azərbaycanda necə koronavirusa görə hökumətdən hər hansı güzəştlər gözlənilirmi?

Hüquqşünas Fuad Ağayev AzadlıqRadiosuna deyib ki, bir çox ölkələrdə tətbiq edilən həmin təcrübə Azərbaycanda da tətbiq olunmalıdır. O hesab edir ki, bundan ötrü ya hansısa qanun, ya dövlət başçısının sərəncamı səviyyəsində hüquqi sənəd olmalıdır: «İndiki halda isə ölkədə koronavirus infeksiyasının yayılması (COVİD-19) fors-major hal kimi qəbul edilməlidir ki, bank müştəriləri və iş adamlarına müəyyən güzəştlər tətbiq edilə bilsin. Həm də söhbət təkcə banklar və onların müştərilərindən getmir».

F.Ağayev
F.Ağayev

«Bu, cərimələrin dayandırılmasında, faizlərin hesablanmasında...»

Hüquqşünasın sözlərinə görə, bütün fors-major hallarda münasibətlərin dəyişdirilməsi, dayandırılması nəzərdə tutula bilər: «Yəni, bu, cərimələrin dayandırılmasında, faizlərin hesablanmasında və s. özünü göstərə bilər. İndiki halda bu virusun yayılmasının fors-major hal kimi qəbul edilə bilməsi ehtimalı var, amma bu, ölkə səviyyəsində qanunvericilik şəklində həllini tapmalıdır».

Hüquqşünas deyib ki, daha bir variant Azərbaycan Ticarət və Sənaye Palatası və tərəflərin (biznes qurumlarının) özlərinin bu virusun yayılmasını fors-major kimi qəbul etməsi ola bilər:


«Bundan irəli gələrək tərəflər arasında bağlanılan müqavilədə bu məsələ əksini tapa bilər ki, güzəştlər tətbiq oluna bilinsin. Əlbəttə, bunlar təxminlərdir və dediklərim hüquqi müstəvidə həllini tapmalıdır».

«Bu fəaliyyət hazırda qanunla nizamlanmır»

Hüquqşünas ölkədə tətbiq edilən məhdudiyyətlərə də münasibət bildirərək vurğulayıb ki, bunun üçün fövqəladə vəziyyət elan olunmalı idi. Onun fikrincə, belə məhdudiyyətlər «Fövqəladə vəziyyət haqqında» Qanundan irəli gələ bilər: «Prezident fərman verərək Milli Məclisə müraciət etməli, öz növbəsində Milli Məclis də bununla bağlı qərar verməli idi. Bunlar edilmədiyi üçün bu xüsusda özbaşınalıqların bir səbəbi də kortəbiilikdir. Bu fəaliyyət hazırda qanunla nizamlanmır».

F.Mustafa
F.Mustafa

Deputatın düşüncələri

Deputat Fazil Mustafa isə hesab edir ki, bu məsələyə dair hökumətin konkret təklifləri olmalıdır. Onun qeyd etməsinə görə, bu halla bağlı ilk dəfədir ki, Cinayət Məcəlləsinə maddə daxil edilir və bu sfera indiyə kimi qanunla tənzimlənməyib: «Burada daha çox fövqəladə hallar rejiminin tələblərinə, yaxud dəymiş ziyanın ödənilməsiylə bağlı Mülki Məcəllədə nəzərdə tutulan müddəalara uyğun nəsə etmək olar. Amma bu, spesifik məsələ olduğuna görə, düşünürəm ki, bununla bağlı ayrıca qanun qəbul edilməli və bütün detallar nəzərə alınmalıdır. İndi Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edirik. Məncə koronavirusla bağlı ayrıca qanun qəbul edilməlidir. Bu məsələlər orada əksini tapmalıdır. Əks halda, müəyyən anlaşılmazlıq ortaya çıxa bilər».

Güzəştlərə gəlincə...

Güzəştlərə gəlincə isə, F.Mustafa deyib ki, indiki halda müəyyən dərəcədə daha vacib sahələrdə olan itkilərin kompensasiyası nəzərdə tutula bilər: «Bu baxımdan, hələ ki, konkret fikir söyləmək olmur. Burada tikinti, iaşə, ərzaq, gündəlik istehlak sahəsi var. Bunlar bir-birindən fərqləndirilməlidir. Üstünlük daha çox zəruri sahələrə verilməlidir».

Deputat hesab edir ki, digər sahələrdə itkilər vətəndaşların ümumi itkiləri fonunda həllini tapmalıdır. Onun fikrincə, bu məsələdə vətəndaşı indiki vəziyyətdən çıxarmaq hökumətin borcudur.

Bu təklif və fikirlərə, hələlik, hökumət təmsilçilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azərbaycanda rəsmi şəkildə 28 şəxsdə koronavirus aşkarlanıb. Onlardan bir neçəsinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir.

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan da ondan bir neçə gün sonra, fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb. Bu müddət sonra daha iki həftə uzadılıb. Bundan başqa, Türkiyə ilə Azərbaycan vətəndaşlarının hava və quru yolu ilə qarşılıqlı səfərləri martın 15-dən etibarən müvəqqəti olaraq dayandırılıb. Martın 14-dən etibarən də Azərbaycan və Gürcüstan arasında dövlət sərhədi bütün nəqliyyat vasitələri üçün müvəqqəti bağlanıb. Sabah martın 18-dən etibarən isə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılmalıdır.

Son bir neçə ayda dünyada bu virusdan 7 min civarında şəxsin vəfat etdiyi bildirilir.

XS
SM
MD
LG