Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:44

'Azərbaycanda intiharın sayı son 30 ildə üç-dörd dəfə artıb'


N.İsmayılov
N.İsmayılov

Azərbaycan Psixiatrlar Assosiasiyasının prezidenti, Tibb Universitetinin professoru Nadir İsmayılov AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Nadir müəllim, az qala, hər gün mətbuatda intihar və ya intihara cəhd xəbərləri oxumaqdayıq. Sizcə, Azərbaycanda intiharların həqiqətən də sayı artıb ya sadəcə, bu xəbərləri KİV tirajlayır?

- Həqiqətən də Azərbaycanda intiharların sayı son illər artıb. Bəlkə də bir neçə dəfə. Əvvəllər bizdə intihar çox az olardı. Bizdən Azərbaycanda intiharın digər ölkələrlə müqayisədə ən aşağı səviyyədə olmasının səbəbini soruşanda bunu dini amillə, xalqın mentaliteti, köhnə adət-ənənələrin yaşamasıyla izah edirdik. Ancaq son illər intiharlar artıb. Düzdür, biz qabaqcıl ölkələrə çatmamışıq. Ancaq hər halda, çoxdur, bir neçə dəfə artıb.

- O zaman intihara meyllənmənin səbəbi nədir?

- İntiharın səbəbi çoxdur. Burda xəstəlik də var, stress də var, bəzən sosial ədalətsizlik səbəb olur, ailə münaqişələri səbəb olur. Psixopatların, yəni xasiyyəti tündməzac olanların sayı artıb. Bu cür adamlar qəfləti hadisə törətməyə meylli olurlar. İntiharlar da belə insanların arasında olur.

- İntiharların bir neçə dəfə artdığını bildirirsiniz. Sizdə bununla bağlı konkret statistika var və ya nəyə söykənərək bunu deyirsiniz?

- Mənə elə gəlir, intiharın dəqiq statistikası heç Daxili İşlər Nazirliyində də yoxdur, nəinki tibb müəssisələrində. Ona görə ki, intiharın statistikası aparılmır. Ancaq müşahidələrimizə əsaslanıb təxmini deyə bilərik ki, intiharın sayı son 30 ildə üç-dörd dəfə artıb.

- İntihara səbəb olaraq bir neçə səbəb sadaladınız. Birinci sıraya hansı səbəbi qoyardınız?

- Birinci sıraya hər halda, xəstəlik və xasiyyət patologiyasını qoyardım. O adamlarda ya gizli, ya da aşkar depressiya olur, depressiya da intihara meyl yaradır. O meyl bəzən cüzi stress nəticəsində güclənir və həmin adam buna əl atır. Sonrakı yerlərdə sosial ədalətsizlik, ailə münaqişələri, iqtisadi çətinliklər gəlir.

- Bu durumda neyləmək lazımdır? Xilas yolu var?

- Biz dəfələrlə demişik ki, tədbirlərdən biri etimad telefonunun yaradılmasıdır. Sutka ərzində növbətçi psixoloqlar, psixiatrlar telefonda oturur, intihara meylli, əsəbi adamlar ora müraciət edir, məsləhətləşirlər, lazım gələndə xəstəxanalara yerləşdirilirlər və s. Həmin xidmət sahəsini biz təşkil edə bilmirik. Hələ yəqin uzun illər də təşkil edə bilməyəcəyik. O, çoxlu məsrəf tələb edir. Sutka ərzində, heç olmasa, 3-4 nəfər növbətçi həkim oturmalıdır. Onların maşını olmalıdır. Hanı səhiyyədə belə pul? Ancaq bu, çox vacib məsələdir. Bir çox ölkələrdə bu var.

Azərbaycanda insanlar niyə intihar edir? [Sorğu]
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00

- Sizcə, bu, problemi yoluna qoya bilər?

- Xeyli önləyə bilər. Ona görə də sual qoymaq lazımdır ki, niyə qabaqcıl ölkələrdə etimad telefonu var, Səhiyyə Nazirliyinin nəzdində sutka ərzində istənilən psixoloji yardımı göstərməyə hazır olan qurum işləyir, amma bizdə yoxdur?.. Deyəcəklər: «Pul çatmır». Səhiyyədə, ümumiyyətlə, səhiyyəyə ayrılan pul azdır. Həkimin maaşından tutmuş, yeməyə, dərmana ayrılan pula qədər. Ona görə təşkilati məsələlər geri qalır.

- Söhbətin əvvəlində dediniz ki, Azərbaycanda əvvəllər intiharın az olmasının bir səbəbi də dini amillər idi. Ölkədə 30 il əvvələ baxanda din getdikcə daha çox oturuşmurmu? Bu amil indi niyə kömək etmir o zaman?

- Dindarlar var ki, Həccə gedir, Məşhədə gedir, amma hamıdan çox içki içir, qayda-qanunu pozur. Əsl mömin, dini fəlsəfənin qanunlarına tabe olan çox azdır. Formal olaraq hicab geyir, cürbəcür dona düşürlər, əslində isə dinin tələb etdiyi normalara əməl etmirlər. Əməl etsələr, bunun müsbət təsiri olar.

- Son zamanlar məişət zəminində münaqişələrin, bu zaman ölüm hadisələrinin sayının artması ilə bağlı bir təəssürat yaranır. Sizcə də belədirmi? Bunun arxasında duran səbəblər nədir?

- Cəza tədbirləri arasında əvvəl ölüm hökmü vardı. O, xeyli dərəcədə insanları qorxudurdu və qətllərin qarşısını alırdı. İndi bütün demokratik ölkələrdə olduğu kimi, bizdə də ölüm cəzası ləğv olunub. Qatil düşünür ki, uzaqbaşı həbsdə yatacam, bəlkə amnistiyaya da düşdüm. Yəni həmin adamın ölüm hökmü ilə bağlı qorxusu yoxdur. İndi Türkiyə istəyir ki, bu cəzanı bərpa etsin, elə ABŞ-ın bir çox ştatlarında da bu var. Biz də qoşulmuşuq qabaqcıl ölkələrə, vaxtilə onu ləğv etmişik. Düzdür, bu, çox demokratik addımdır, insanpərvər addımdır. Ancaq görürsünüz nəticəsi necədir?

- Siz əminsiniz ki, ölüm hökmü bərpa edilsə, bu problem aradan qalxacaq?

- Problemin 100 faiz həllindən söhbət getmir. Ancaq xeyli dərəcədə qəsdlərin, adam öldürməyin sayı azalacaq.

Ehtiyatlı olun: Uşaqları intihara sövq edən oyunlar çıxıb
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

- Bəlkə bunun başqa səbəbləri var, o haqda danışmaq lazımdır?

- Bayaq dediyim səbəblərdir, iqtisadi, sosial problemlərdir, xəstəlik, xasiyyətin patologiyası, səbəb bunlardır. Kompüter əsridir, hamının cibində telefon var, cürbəcür saytlar, sosial şəbəkələr... Bütün bunlar insanların xasiyyətinə də, gündəlik həyatına da çox güclü təsir göstərir. Bəzi adamların müasir sivilizasiyanın təsiri altında xasiyyəti mürəkkəbləşir, xasiyyətin patologiyası gedir. Buna qabaqlar «psixopatiya», «psixopat şəxslər» deyirdilər. Adam var ki, adamların naxşıdır, adam da var, dindirməsən yaxşıdır. Bax, həmin «dindirməsən yaxşıdır» məsələsidir. Bunlar hamısı psixopatlardır.

- Bunun müalicəsi mümkündür?

- Müalicə nisbi xarakter daşıyır. Nəzarət altında dərman da vermək olar, psixoterapiya da aparmaq olar. Ancaq insan xasiyyəti elədir ki, həyatı boyu dəyişmir.

- Qətllər, intiharlar məsələsində də sosial problemləri və depressiyanı səbəb kimi göstərirsiniz. Bəlkə də insanların özlərinin və başqalarının canına qıymalarının başlıca səbəbi kasıblıq, işsizlik, çıxılmazlıq, tənhalıqdır?

- Bunların hamısının təsiri var. İndi hamının həyat tərzi göz qabağındadır, ona görə də biri o birinə baxıb düşünür ki, niyə filankəs bu cür yaşayır, mən yaşaya bilmirəm? Bax, bu təsir edir, deməli, bunlar hamısı aiddir iqtisadi-sosial problemlərə. Bu, insanlarda həyata ümidsizlik yaranır, öz-özünü təmin edə bilmir, kiməsə möhtac da olmaq istəmir, nəticədə tənha adamlar arasında da intihar geniş yayılıb. Bəlkə də buna görə qocalar evinin sayı artmalıdır, şərait çox yüksək səviyyədə olmalıdır ki, istənilən qoca gedib orda yaşaya bilsin. Yəni orda maraqlı həyat tərzi olmalıdır, yaxşı yemək, mədəni tədbirlər olmalıdır. Bunlar hamısı pul tələb edir. Qocalar evi müşkülə düşmüş adamların daimi məskəninə çevrilməməlidir, gözəl şəraiti olan yer olmalıdır. Onu yaratsaq, çox adam qocalar evinə getməyə həvəslənər.

- Söhbət yenə dönüb-dolanıb ora çıxır ki, hökumətin insanına, vətəndaşına münasibəti dəyişməlidir ilk növbədə.

- Hər şeyi hakimiyyət həll edir də. Biz ancaq təbliğat apara bilərik, fikir söyləyə bilərik. O fikirlərin reallaşması üçün hökumət tədbir görməlidir, pul ayırmalıdır. İntihar hər ölkədə var, ancaq profilaktika tədbirləri görülməldir, mübarizə aparılmalıdır. Mütəxəssisləri cəlb edib yaxşı təkliflər hazırlanmalıdır, o təklifləri həyata keçirmək gərəkdir.

XS
SM
MD
LG