Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:36

Avropada yoluxmalar artır


Bolqarıstanda vaksinasiya məntəqəsi
Bolqarıstanda vaksinasiya məntəqəsi

Dünya Səhiyyə Təşkilatının aparıcı alimi noyabrın 9-da bildirib ki, COVID-19 vaksinlərinin burun spreyi və həbslər formasında buraxılmasını gözləyirlər

ABŞ Dövlət Departamenti noyabrın 10-da COVID-19 vaksinlərinin paylanması və pandemiyaya bağlı digər məsələləri müzakirə etmək üçün xarici işlər nazirlərinin iclasına ev sahibliyi edəcək. Birləşmiş Ştatlarda dünyanın səhiyyə böhranından çıxarılmasına daha çox ölkəni cəlb etməyə çalışır.

Virtual iclası Dövlət katibi Entoni Blinken aparacaq. İclasda pandemiyaya son qoymağı, gələcəkdə qlobal səhiyyə təhlükəsizliyini gücləndirməyi hədəfləyən cəhdlər dəyərləndiriləcək, Dövlət Departamenti noyabrın 9-da brifinqdə bildirib.

“Bizim mövqeyimiz belədir ki, qlobal pandemiyaya son qoymaq üçün qlobal əməkdaşlıq lazımdır. Buna görə də bütün dünyadan nazirləri dəvət edirik”, – Dövlət Departamentinin COVID-19-a qlobal reaksiya və səhiyyə təhlükəsizliyi üzrə koordinatoru Qeyl Smit deyib.

Nazirlər vaksinlərin paylanmasındakı boşluq kimi qısamüddətli problemi, ianə edilmiş vaksinlərdən istifadənin təmin olunmasını müzakirə edəcəklər.

Sprey və həb formalı vaksinlər

Yoxsul ölkələrlə müqayisədə zəngin ölkələrin vaksinlərə daha çox əlçatanlığı problemə çevrilib. Dünyanın zəngin ölkələri vaksinasiya səviyyəsini artırmağa çalışan ölkələrə vaksin göndərilməsi üçün çox iş görməməkdə ittiham olunurlar.

Dünya Səhiyyə Təşkilatının aparıcı alimi isə noyabrın 9-da bildirib ki, COVID-19 vaksinlərinin burun spreyi və həbslər formasında buraxılmasını gözləyirlər.

Sumya Svaminatan deyib ki, belə vaksinlərin iynədən üstünlüyü böyük olar, çünki daha rahat çatdırıla, insanlar onları özləri qəbul edə bilərlər.

Svaminatanın sözlərinə görə, 129 fərqli vaksin namizədi klinik sınaqlaradək gəlib, 194 vaksin isə laboratoriyalarda hazırlanır.

Yunanıstan

Bu arada Avropanın bir sıra ölkələri COVID-19-un dördüncü dalğası ilə mübarizə aparır.

Yunanıstanda gündəlik yoluxmalar pandemiya başlanandan ən yüksək həddə çatıb. Xəstəxanalar xəstələrin hamısını yerləşdirməyə çarpayı tapmağa çalışırlar.

Son 24 saat ərzində ölkədə COVID-19-a rekord 8613 yoluxma qeydə alınıb. Yoluxmalar son iki həftədə iki dəfədən çox artıb. 46 ölüm isə bir gün öncəki 65-dən azdır.

“Biz dördüncü dalğanın içindəyik” və bu, “əsasən peyvənd olunmayanlara aiddir”, – Baş nazir Kiriakos Mitsotakis noyabrın 9-da deyib.

Onun sözlərinə görə, hökumət lokdauna getmədən vaksinasiya göstəricilərini artırmağa, başqa tədbirlər görməyə çalışır.

Çarpayı çatışmır

Niderlandın cənubundakı Limburq vilayətində də oxşar vəziyyət yaranıb. Bir qrup xəstəxana hökuməti yoluxmaların artmasını önləyəcək tədbirlər görməyə çağırıb. Onlar koronavirus xəstələri üçün işçi və yerin çatışmadığını deyirlər.

Almaniyada da yoluxmalar pandemiya başlanandan ən yüksək həddə çatıb. Noyabrın 10-da son 24 saat ərzində 39 min 676 yoluxma aşkarlandığı açıqlanıb. Bu, bir həftə öncəkindən iki dəfə çoxdur.

Britaniyada isə tibb işçilərinin aprelin 1-dək COVID-19-a qarşı peyvənd vurdurması tələbi qoyulub. Açıqlamanı Səhiyyə naziri Sacid Cavid verib.

XS
SM
MD
LG