Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 11:42

Avropa Türkiyə üzərinə sanksiyalar barədə razılığa gəlir, amma...


Avropa İttifaqının sammiti (soldan sağa) Fransa prezidenti Emmanuel Makron, Avrokomissiyanın prezidneti Ursula von der Leyen, Polşa baş naziri Mateuş Moraviyeski, Macarıstan lideri Viktor Orban
Avropa İttifaqının sammiti (soldan sağa) Fransa prezidenti Emmanuel Makron, Avrokomissiyanın prezidneti Ursula von der Leyen, Polşa baş naziri Mateuş Moraviyeski, Macarıstan lideri Viktor Orban

Avropa İttifaqı Türkiyə üzərinə sanksiyaların genişləndirilməsinə dair qərar qəbul edib.

Qərar Türkiyənin şərqi Aralıq dənizində neft-qaz kəşfiyyat qazma işləri görməsi ilə əlaqədardır.

Bu barədə məlumatı Avropa Şurasının nümayəndəsi Barend Leyts Twitter-də yazıb, habelə Avropa İttifaqı sammitinin yekunlarını əks etdirən sənədi yayıb.

Avropa İttifaqının bu qərarını şərh edən Fransa prezidenti Emmanuel Makron deyib ki, Avropa İttifaqı bundan sonra Ankaranın “sabitsizləşdirici” hərəkətləri ilə barışmaq niyyətində deyil.

Reuters xəbər verir ki, sanksiyalar Türkiyədəki bəzi fərdlər və təşkilatlara tətbiq olunacaq.

Türkiyəyə qarşı daha sərt tədbirlərin müzakirəsi gələn ilin martınadək təxirə salınıb.

Yunanıstan Türkiyəyə qarşı “yumşaq” münasibətdən məyusdur

Yunanıstan tərəfi Türkiyəyə qarşı kifayət qədər sərt addımların atılmamasından məyusluq ifadə edib.

Afina Türkiyə iqtisadiyyatına qarşı bütünlükdə miqyaslı sanksiyaların qoyulmasını istəyir.

Yunanıstanın baş naziri Kiriakos Mitsotakis sammitdən əvvəl etdiyi video müraciətində demişdi ki, “söhbət Avropa İttifaqının nüfuzundan gedir”.

Dekabrın 11-də verdiyi bəyanatda Türkiyənin Xarici İşlər Nazirliyi Brüsselin yanaşmasını “qərəzli və qanunsuz” adlandırıb.

Yunanıstan Türkiyənin şərqi Aralıq dənizində qazma işləri aparmasına qarşı çıxır və bildirir ki, söhbət onun ərazi sularından gedir. Amma Ankara həmin dəniz sahəsini Türkiyənin kontinental şelfinin davamı sayır.

Ankara bunu da bildirir ki, bu bölgə həm də Kipr türklərinin iqtisadi maraq zonasıdır.

Fransa bu qarşıdurmada Yunanıstanı dəstəkləyir və faktiki olaraq Türkiyə üzərinə sərt tədbirlərin hərəkətverici qüvvəsi rolunu oynayır.

Almaniya Türkiyənin tərəfindədir, görəsən Bayden nə deyəcək

The Guardian yazır ki, Avropa İttifaqının sammitində Almaniya adətən olduğu kimi Ankara ilə səbirli rəftara çağırıb.

Berlin israr edir ki, İttifaq Türkiyə ilə əməkdaşlıq üçün qapını açıq saxlamalıdır.

Almaniya bildirib ki, Avropa İttifaqının qətnaməsi Türkiyənin cavab addımı ataraq de-eskalsasiyaya gedəcəyi və mübahisələri dialoq və beynəlxalq qanunlar çərçivəsində həll etməyə hazır olacağı təqdirdə Ankaraya dostluq əli uzatmalıdır.

Berlin habelə şərqi Aralıq dənizinin gələcəyinə dair çoxtərəfli konfransın keçirilməsini təklif edir.

Qeyd olunur ki, əslində Ankara da belə yanaşma gözləyir.

Avropa İttifaqı liderləri indi blokun xarici işlər komissraı Cosep Borrellin mart ayınadək Türkiyə ilə münasibətlərə dair siyasi, ticarət və iqtisadi siyasət paketi hazırlayacağını gözləyəcəklər.

Bu, Avropa İttifaqına ya Türkiyəyə qarşı sanksiyaları genişləndirmək, ya da Ankaranın gərginliyin azaldılmasına tərəfdar olacağı təqdirdə Türkiyə ilə genişləndirilmiş gömrük ittifaqı vasitəsilə daha sıx iqtisadi-ticari əlaqələr qurmaq üçün vaxt verəcək.

Cozep Borrell deyib ki, mart ayınadək habelə Avropa İttifaqının Türkiyə barəsində ABŞ-da prezident seçilmiş Co Baydenin komandası ilə məsləhətləşmək imkanı olacaq.

Bayden bir vaxtlar Türkiyə prezidenti Recep Tayyip Erdoğanı “avtokrat” adlandırıb, amma Ankara ABŞ-ın gələcək administrasiyası ilə qarşıdurmadan çəkinərək reaksiya verməyib.

XS
SM
MD
LG