Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:40

«Təki qaş düzəldən yerdə göz çıxarmayaq»


Qalib Toğrul
Qalib Toğrul

-

Milli Məclisdə «Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında» qanun layihəsinin müzakirəsi davam edir. İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin martın 7-də keçirilən iclasında deputatlar bu layihəni, özəlliklə onun dilini tənqid atəşinə tutublar. Deputat Vahid Əhmədov layihənin köçürüldüyünü deyərək, onun yenidən hazırlanmasını istəyib.

Sözügedən layihə nəyi hədəf götürüb? Doğrudanmı dili qəlizdir? İqtisadçı ekspert Qalib Toğrul AzadlıqRadiosuna bu və başqa sualları cavablayır.

- Qalib bəy, öncə çoxda qəbul edilməli bu qanundan danışaq. Nədir onun önəmi?

- Əvvəla, biz bu qanunu çoxdan hazırlamalı və qəbul etməliydik. Prezidentin bu barədə tapşırığı da vardı. Üç il əvvəl iyulun 4-də imzalanmış «Gömrük tarifi haqqında» Qanunun tətbiqi barədə fərmanda Nazirlər Kabinetinə 5 ay müddət verilmişdi ki, uyğun qanun layihəsini hazırlasın. Ancaq o vaxt bilinməyən səbəblərdən, bəlkə də arxayınçılıqdan bu qanun layihəsi hazırlanmadı. Sözügedən layihə yerli - milli istehsalçıların qorunmasını hədəfləyib. Qanunda təsbit olunan məsələlər, inkişaf səviyyəsinə baxmadan, dünyanın bütün ölkələri üçün vacibdir. Ən mühüm əhəmiyyəti də odur ki, Dünya Ticarət Təşkilatına (DTT) üzv olmağı nə qədər ləngitsək belə, artıq bu təşkilatın müəyyənləşdirdiyi oyun qaydalarını öyrənməyə çalışırıq. Qanun ölkə iqtisadiyyatını dempinq, subsidiyalaşmış idxal və artmış idxal istiqamətində necə qorumaq qaydalarını müəyyənləşdirir.

- Dempinq nədir?

- Sadə dillə, dempinq deyərkən, konkret məhsul növü üzrə hər hansı ölkənin bazarını ələ keçirmək məqsədi ilə ixracatçının öz ölkəsində baha satdığı məhsulu digər ölkədə ucuz satmasıdır. Məsələn, Rusiyada mismar istehsalı ilə məşğul olan şirkət onun 1 kq-nı daxili bazarda 1 dollara satdığı halda, həmin məhsulu Azərbaycan gömrüyündə bizim idxalçıya 50 qəpiyə təhvil verir. Məqsəd nədir? Məqsəd Azərbaycanda mismar bazarını ələ keçirmək, yerli istehsalçını zərərə uğratmaqla bazardan kənarlaşdırmaq, eyni zamanda digər mismar idxalçılarını da sıradan çıxarmaqdır. Hansısa milli istehsalçı idxal olunan məhsulun qiymətinin qəsdən aşağı salındığını görürsə, demək, burada dempinq cəhdi var və demək, həmin istehsalçı bu layihədə nəzərdə tutulmuş qaydada müvafiq dövlət orqanına müraciət edir, dövlət orqanı da araşdırmaya başlayır.

- Digər istiqamət subsidiyalaşmış idxaldır. İndi hökumət neftdənkənar ixrac üçün malın gömrük dəyərinin 3 faizi qədər subsidiya verməyi planlaşdırır. Azərbaycan DTT-yə üzv olsa, bu 3 faizlik yardım dayandırılacaq?

- DTT ixrac olunan məhsula dövlətin hər hansı birbaşa və dolayı subsidiya ayırmasına qarşıdır. Axı bu halda da hansısa xarici məhsul ucuz başa gəldiyindən yerli məhsulu bazardan çıxaracaq. Subsidiyalar deyərkən, dövlətin verdiyi dotasiyalar, borclar, nizamnamə kapitalında iştirak, dövlətin öz alacağı vergiləri güzəştə gedib almaması, müəyyən məhsulun qiymətində güzəştə getməsi və s. nəzərdə tutulur. Adi bir misal: Tutalım, Rusiya Azərbaycana tikişsiz borular satır, eyni məhsulu «Baku Steel Company» də istehsal edir. Rusiya dövləti öz firmasına güzəştli kredit verdiyindən onun məhsulu Azərbaycanda istehsal olunandan xeyli ucuz başa gəlir. Bu halda da araşdırma aparılır. Məlum olsa ki Rusiyanın Azərbaycanda satdığı boruların maya dəyərində subsidiyanın payı 1%-dən çoxdur, o zaman subsidiyanın payı qədər idxal (kompensasiya) rüsumu tətbiq edilir. Azərbaycanın ixraca dəstəyinə gəlincə, DTT-yə üzv olacağımızdan milli istehsalçı və ixracatçılara belə dəstək tədbirlərini həyata keçirə bilmərik.

- Deputatlar sözügedən qanun layihəsinin dilindən narazıdırlar...

- Parlamentdə müzakirə olunan qanun layihəsi ilə yaxından tanışam. Ona görə əminliklə deyə bilərəm ki, layihə DTT-nin tələblərinə uyğun hazırlanıb. Antidempinq mürəkkəb proses olduğundan prosesi tənzimləyən qanun layihəsinin dili deputatlarımıza bir qədər qəliz görünə bilər. Bu prosesdə əsas yük antidempinq prosesini gerçəkləşdirən yetkili dövlət qurumunun üzərinə düşür.

- Yerli istehsalçı birliyi olmasa, antidempinq mexanizmi necə işə salınacaq?

- Razıyam ki, prosesi başlatmaq üçün milli istehsalçılar assosiasiyası hələ formalaşmayıb. İlk növbədə, ayrı-ayrı sahələr üzrə işlək assosiasiyalar formalaşdırmalıyıq, axı antidempinq prosesini başlatmaq bir və ya iki milli istehsalçının gücü daxilində deyil. Bu prosesə mütləq assosiasiyaları cəlb etməliyik. Prosesi davam etdirəcək yetkili dövlət orqanının da yüksək peşəkar hüquqşünas, iqtisadçı və digər ixtisas sahiblərinə ehtiyacı var. Çətini bu prosesi başlatmaqdır. Qanun layihəsinin qəbulundan sonra onun tətbiqi haqqında söylədiyim məqamları düşünmək olar. Təki qaş düzəldən yerdə göz çıxarmayaq. Ucuz idxalçıdan qurtulmaq adıyla inhisarçı milli istehsalçının quyusuna düşə bilərik ki, bu da son nəticədə istehlakçıların uduzması deməkdir.

XS
SM
MD
LG