Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:47

Anar Bağırov: 'O vəkil səhvini etiraf etdi, ona görə də...'


A.Bağırov
A.Bağırov

2018-ci ildə Vəkillər Kollegiyasına 597 şikayət daxil olub, bunların 323-ü əsassız sayılıb, heç intizam icraatı başlanmayıb. Qalan 274 şikayətin 33-ü dövlət orqanlarından, 14-ü qeyri-hökumət təşkilatlarından, 227-i isə vətəndaşlardan gəlib. Bu barədə Vəkillər Kollegiyası məlumat yayıb.

Ötən il vəkilliyinə xitam verilənlər arasında Rəşid Hacılı da olub

Son nəticədə Vəkillər Kollegiyasının Rəyasət Heyəti 29 vəkilə xəbərdarlıq edib, 9-na irad tutulub, 15 nəfərə töhmət verib, 12-sinin isə fəaliyyəti müəyyən müddətə dayandırılıb. Kollegiya rəhbərliyi ötən il 6 vəkilin bu qurumdan xaric edilməsinə qərar verib, bu məqsədlə məhkəməyə müraciət olunub. Onlardan 5-i üzvlük haqqını yarım ildən çox ödəməyən vəkillər olub. Aralarında Media Hüququ İnstitutunun rəhbəri Rəşid Hacılı da var. Qalan bir nəfər – Nurəli Həsənov isə vətəndaşın şikayəti əsasında cəzalandırılıb. Amma bir müddət sonra Vəkillər Kollegiyasının rəhbərliyi onun fəaliyyətinə xitam vermək qərarını dəyişib.

Vətəndaşlar vəkillərdən ən çox niyə şikayətçi olur?

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov AzadlıqRadiosuna bildirib ki, N.Həsənovun özünün müraciətindən sonra qərar dəyişilib: «Özü müraciət edərək, səhvini etiraf edib. Ona görə də qərar dəyişdi. Ümumiyyətlə, belə müraciətlər olanda biz də güzəşt edirik».

A.Bağırov deyir ki, vətəndaşların vəkillərdən şikayətləri daha çox ödənilən qonorarla bağlı olur: «Vətəndaş şikayətlənir ki, vəkil bağladığı müqavilədə aldığı məbləği az göstərib. Düzü, biz bu məsələni araşdıra bilmirik. Bir tərəf iddia edir, digər tərəf inkar edir. Ən çox bu problemdən şikayətlər olur. Bəzən vətəndaşlar prosesdə qarşı tərəfin vəkilindən şikayət edir. Vətəndaşa izah edirik ki, məhkəmə iclasındakı pozuntuya görə Kollegiya vəkili cəzalandıra bilməz. Məhkəmədə hakim var, əgər vəkilin davranışında pozuntu qeydə alınıb rəsmiləşdirilsəydi, bizə mütləq bu barədə məlumat daxil olardı. Əgər pozuntu müəyyən edilməyibsə, tədbir görülməyibsə, biz vəkili necə cəzalandıra bilərik? Belə hallar çox olur».

Vəkillərdən şikayətçi olan dövlət orqanlarına gəlincə, A.Bağırov bildirib ki, hüquq-mühafizə və yerli icra hakimiyyəti orqanlarından şikayətlər üstünlük təşkil edir. Vəkillər Kollegiyasının rəhbəri dövlət orqanlarından gələn bütün şikayətlərin təmin olunması, onların əsasında həmişə vəkilin cəzalandırılması fikri ilə razılaşmır: «Dövlət orqanlarından gələn şikayətlərin xeyli hissəsi rədd edilir. Kifayət qədər şikayətlər olub ki, biz heç intizam icraatı başlamamışıq. Görmüşük ki, bunun üçün hüquqi əsas yoxdur. Həmin orqana da bununla bağlı əsaslandırılmış cavabımızı göndərmişik».

Xatırlatma

Son bir neçə ildə Vəkillər Kollegiyasında xeyli vəkilin fəaliyyəti dayandırılıb, bəzilərinin fəaliyyətinə birillik məhdudiyyət tətbiq olunub.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir.

Vəkillər Kollegiyası bu iddiaları rədd edir, onları qanunvericiliyin tələblərini pozmaqda günahlandırır.

XS
SM
MD
LG