Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 20:25

Pandemiya dövründə ifadə azadlığına ‘görünməmiş’ hücum


Ukraynada etiraz aksiyası, arxiv fotosu
Ukraynada etiraz aksiyası, arxiv fotosu

“Amnesty International” qeyd edir ki, ifadə azadlığı “çox vacibdir, çünki dəqiq, dəlilə əsaslanan və vaxtında verilən informasiya sağlamlığa risklər, onları necə önləmək və yoluna qoymaqla bağlı məlumatlılığı artırır”

Koronavirus pandemiyası dövründə Çin, Rusiya və bir çox digər ölkələr ifadə azadlığı hüququnu məhdudlaşdıran “repressiv qanunlar” qəbul edib, tənqidçiləri susdurublar. Bunu Londonda yerləşən “Amnesty International” insan haqları qrupu oktyabrın 19-da yaydığı hesabatında bildirir.

İfadə azadlığının əhəmiyyəti

Qurum qeyd edir ki, hökumətlərin ifadə azadlığına hücumları “dezinformasiya axını” ilə birlikdə “adamların çiçəklənən qlobal səhiyyə böhranının öhdəsindən gəlməsinə kömək edəcək dəqiq və vaxtında verilən informasiyaya çıxışına dağıdıcı təsir” göstərib.

“Pandemiya dövründə hökumətlər ifadə azadlığına görünməmiş hücum həyata keçirib, adamların hüquqlarını kəskin məhdudlaşdırıb”, – qurumun tədqiqat və siyasət üzrə direktoru Rajat Xosla deyib.

“Amnesty International” qeyd edir ki, ifadə azadlığı “çox vacibdir, çünki dəqiq, dəlilə əsaslanan və vaxtında verilən informasiya sağlamlığa risklər, onları necə önləmək və yoluna qoymaqla bağlı məlumatlılığı artırır”.

Susdurulanlar və...

Hesabat “Susdurulan və dezinformasiya verilənlər: Covid-19 pandemiyası dövründə ifadə azadlığı təhlükədədir” adlanır. Sənəddə Çinin COVID-19-la bağlı informasiyanı boğması xüsusi örnək kimi göstərilir.

2019-cu il dekabrın əvvəlində koronavirusa ilk yoluxmanın aşkarlandığı Çinin Vuhan şəhərində səhiyyə işçiləri və jurnalistlər o vaxt naməlum sayılan xəstəliyin yayılmasına diqqət çəkməyə çalışıblar.

2020-ci ilin fevralında isə Çin hakimiyyəti xəstəliklə bağlı informasiya dərc edənlərə qarşı minlərlə cinayət işi açmışdı.

Rusiya 2020-ci ilin aprelində “saxta xəbərlər”ə qarşı mövcud qanunvericiliyi genişləndirdi, fövqəladə vəziyyət kontekstində “bilərəkdən saxta informasiya yaymağa” görə cərimələr müəyyənlədirildi.

Müvəqqəti tədbirlər deyil

Bu dəyişikliklər isə hakimiyyətin COVID-19-a reaksiyası kimi yozulur. “Amnesty International” həmin tədbirlərin pandemiyadan sonra da qüvvədə qalacağını deyir.

“Aydındır ki, ifadə azadlığına Covid-19-dan dolayı məhdudiyyətlər zamanla bağlı, müvəqqəti böhranı yoluna qoymaqdan ötrü fövqəladə tədbirlər deyil”, – Xosla vurğulayıb.

“Onlar son illər insan haqlarına qlobal miqyasda hücumun tərkib hissədir, indi isə hökumətlər vətəndaş cəmiyyətinə hücumu şiddətləndirmək üçün daha bir bəhanə tapıblar”, – o bildirib.

Ötən il Azərbaycan parlamentinin informasiya qanununa etdiyi dəyişiklik də müzakirələrə yol açmışdı. Dəyişiklikdə deyilirdi ki, istənilən İnternet informasiya resursunun sahibi onlayn saxta informasiyanın yayılmasını önləməlidir. Ekspertlər bu qanunun alternativ düşüncə sahiblərinə qarşı yönəldiyini düşünürdülər. Hakimiyyət təmsilçiləri isə ölkədə ifadə azadlığının digər təməl hüquqları kimi tam qorunduğunu deyirlər.

XS
SM
MD
LG