Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:53

Obama: Rusiyanın hava zərbələri İŞİD-i gücləndirir


Barack Obama Ağ Evdə mətbuat konfransı keçirib
Barack Obama Ağ Evdə mətbuat konfransı keçirib

ABŞ prezidenti deyib ki, o Assad-a qarşı döyüşənlərin hamısının “terrorçu” olduqları barədə Rusiyanın mövqeyini rədd edir.

ABŞ prezidenti Barack Obama bəyan edib ki, Rusiyanın prezident Assad-a dəstək məqsədilə Suriyada həyata keçirdiyi raket zərbələri mötədil müxalifəti gizlənməyə məcbur edir və “İslam Dövləti” adlanan təşkilatı isə gücləndirmiş olur.

Rusiya hərbiyyəsi Suriyadakı hava zərbələri barədə mediaya müntəzəm brifinq verir
Rusiya hərbiyyəsi Suriyadakı hava zərbələri barədə mediaya müntəzəm brifinq verir

Cənab Obama deyib ki, o Assad-a qarşı döyüşənlərin hamısının “terrorçu” olduqları barədə Rusiyanın mövqeyini rədd edir.

Moskva iddia edir ki, onun hava zərbələri terrorçuları hədəfləyir, lakin müxalifət və başqa qruplaşmalar əsas zərbələrə məhz özlərinin tuş edildiyini bildirirlər.

Rusiya deyir ki, onun hava qüvvələri İD-in komanda mərkəzlərini, silah anbarlarını və hərbi texnikasını atəşə tutur. Lakin hədəflərin arasında Raqqa şəhərindən başqa, həm də müxalifət qruplaşmalarının cəmləşdikləri Hələb, Hama və İdlib əyalətləri də var.

“Burada əsas problem Assad və onun Suriya xalqını düçar etdiyi qəddarlıqdır və buna son verilməlidir, - deyib Obama.

Rusiya və İran bataqlığa düşəcəklər

Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ prezidenti bəyan edib: “Biz Assad-dan bezmiş və iyrənmiş hər bir kəsə qarşı yönələn Rusiya kampaniyası ilə əməkdaşlıq etmək niyyətində deyilik”.

“Onların nəzərində hamı terroçudur. Belə düşünmək fəlakətə aparır” – deyib Barack Obama.

Biz Assad-dan bezmiş və iyrənmiş hər bir kəsə qarşı yönələn Rusiya kampaniyası ilə əməkdaşlıq etmək niyyətində deyilik

O Rusiya prezidenti Vladimir Putinə və Assad-ın başqa bir müttəfiqi olan İrana xəbərdarlıq edib ki, onları irəlidə böyük təhlükələr gözləyir.

"Yalnız hərbi yol, Rusiya və İranın Assad-ı gücləndirmək və əhalini sakitləşdirmək cəhdləri bu ölkələri bataqlığa çəkəcək. Bundan bir şey çıxmayacaq. Əgər onlar fərqli yol seçməsələr, orada uzun müddət qalmalı olacaqlar” – deyib ABŞ prezidenti.

Bununla belə, Obama qəti şəkildə bildirib ki, nə Rusiya, nə də ABŞ Suriyadakı fikir ixtilafına görə “üçüncü tərəflər vasitəsilə bir-birlərinə qarşı müharibə” etməyəcəklər.

Rusiya əzan səslərini kəsib

Britaniyada mənzillənmiş müxalif Suriya Müşahidə Qrupu bildirib ki, Rusiyanın son hava zərbələri nəticəsində İŞİD-in Raqqa yaxınlığındakı komandanlıq mərkəzi dağıdılıb və 12 İŞİD döyüşçüsü öldürülüb.

Raqqadakı fəallar və sakinlər deyirlər ki, İD qruplaşması hava hücumlarından çəkinərək bütün məsçidlərdə cümə namazını ləğv edib.

Rusiya mərmisinin Hama əyalətində açdığı krater
Rusiya mərmisinin Hama əyalətində açdığı krater

Lakin Suriyadan alınan başqa xəbərlərdə bildirilir ki, hava zərbələrinə həm də Hələbdəki radio antennası və kommunikasiya qülləsi hədəf olub. Bu obyekt Assad-a qarşı döyüşən və ABŞ tərəfindən təlimləndirilmiş Azad Suriya Ordusuna aid idi.

Rusiya Dumasının xarici əlaqələr komitəsinin rəhbəri Alexei Pushkov deyib ki, Rusiyanın Suriyadakı hava zərbələri üç-dörd ay davam edə bilər.

O deyib ki, ABŞ indiyədək hava zərbələrinin yalnız “görüntüsünü” yaradırdı.

Bundan əvvəl ABŞ, Britaniya, Türkiyə və başqa koalisiya üzvlərinin birgə bəyanatında Rusiyadan Suriyadakı müxalifət üzərinə hücumları dayandırması tələb olunurdu.

XS
SM
MD
LG