Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:32

ABŞ-da yeni quyuların qazılması neftin qiymətini saldı


ABŞ-da neft buruqları.
ABŞ-da neft buruqları.

ABŞ-ın neft yataqlarında qazma fəaliyyətinin gücləndirilməsi dünya bazarında neftin ucuzlaşmasına səbəb olub. «Reuters» xəbər agentliyi bu gün «Brent» markalı neftin fyuçers qiymətinin 13 sent düşdüyünü, 55.10 dollar olduğunu xəbər verir. Bu isə «Brent»in yanvar pikindən bəri 5.6% ucuzlaşması deməkdir.

«Reuters» yazır ki, bu durum neft ixracatçılarının karteli - OPEC-in qiymətləri qaldırmaqdan ötrü göstərdiyi cəhdlərin çox da böyük əhəmiyyət daşımadığını sübut edir. Keçən ilin sonu OPEC və təşkilata üzv olmayan digər iri neft istehsalçıları, o cümlədən Rusiya, Azərbaycan və Qazaxıstan hasilatı gündə 1.8 milyon barrel azaltmaq barədə razılıq əldə ediblər. Bununla istehsalçılar ABŞ-ın hasilatı artırmasını kompensasiya etməyə, qiyməti qaldırmağa çalışıblar.

HASİLAT 6.3% ARTIB

Ancaq Birləşmiş Ştatların neft hasilatını tələbə uyğun səviyyəyə çatdırması OPEC-in cəhdlərini nəticəsiz qoyur. Bunu ABŞ-ın «Jefferies» beynəlxalq investisiya bankı bildirir. «Qiymətlər qalxırsa, ABŞ-ın istehsalı artırması qaçılmazdır, bu yöndə fəaliyyət artıq güclənir», – «Jefferies» belə deyir. Amma bank qiymət artımıyla bağlı proqnozlarını dəyişmir. 2017-ci ildə «Brent» markalı neftin barrelinin 57.75 dollar, 2018-ci ildə isə 71.75 dollar olacağını bildirir.

ABŞ-da şist neft hasilatı.
ABŞ-da şist neft hasilatı.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının məlumatına görə, keçən ilin iyulundan –qazma işləri güclənəndən bəri ABŞ neft hasilatını 6.3% artırıb, gündə 9 milyon barrelə çatdırıb.

Dünyanın ən iri investisiya banklarından «Goldman Sachs»ın hesablamalarına görə, işlənməsini gözləyən yataqlar da sayılsa, 2017-ci ildə Birləşmiş Ştatlarda neft hasilatı gündə 290 min barrel artacaq.

1 DOLLAR DÜŞƏ BİLƏR

Fərqli perspektivlər, dünya neft bazarları və Birləşmiş Ştatların bazarlarındakı gedişat «Brent» və «WTI» markalarının qiymətiylə bağlı proqnozlara təsirini göstərməkdədir.

Hazırda, daha doğrusu, mart fyuçerslərində «Brent» markalı neft «WTI»dan 2.7 dollar bahadır. Səbəb, OPEC-in ixtisarları, ABŞ-ın isə hasilatı artırmasıdır. Ancaq mütəxəssislər hasilatı artıran ABŞ-ın öz neftini Asiya və Avropa bazarlarına çıxarandan sonra durumun dəyişəcəyini gözləyirlər. «ABŞ məhsulu Asiya və Avropaya daxil olmaqdadır, birjalardakılar ABŞ-la dünyanın qalan hissəsi arasındakı arbitrajdan yararlanmaqdadırlar... Hansısa mərhələdə Amerika nefti qlobal bazarda da dəyər qazanacaq və «Brent»lə «WTI» arasındakı fərqin azaldığını görəcəksiniz», – yazıda bildirilir.

Noyabr ayına «Brent»in «WTI»yə üstünlüyünün hər barreldə 1 dollar düşəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Azərbaycan nefti də, əsasən, «Brent» markasıyla satılır.

XS
SM
MD
LG