Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:38

Medvedev Bakını razı sala biləcəkmi?


Medvedevin səfəri hansı aspektdən maraq kəsb edir?
Medvedevin səfəri hansı aspektdən maraq kəsb edir?

İndi diqqət mərkəzində olan əsas hadisələrdən biri də Rusiya prezidentinin Bakıya səfəridir. Hələ səfərdən qabaq bu olay haqqında müxtəlif fikirlər və ehtimallar səslənirdi. Prinsipcə, Şimal qonşusunun dövlət rəsmilərinin, o cümlədən də başçılarının Bakıya səfəri qeyri–adi hadisə deyil, əvvəllər də belə səfərlər olub. Amma bu səfərlər Azərbaycan–Rusiya münasibətlərinin dinamikası baxımından maraq kəsb edir. Həm də çoxlarını yeni prezidentin bu münasibətlərə hansı yeniliklər gətirəcəyi maraqlandırır. Düzdür, sabiq prezident Vladimir Putinin Rusiya siyasətinə təsiri azalmayıb, amma siyasi olimp dəyişəndə hər dəfə yeni münasibətlər qurmağa ehtiyac duyulur.


Rusiya ilə Azərbaycan arasında həm anlaşmalar, həm də problemlər kifayət qədər məlumdur. Bu münasibətlər bütöv bir spektri əhatə edir. Güman ki, ilk görüşdə bütün problemlərə toxunulmayacaq. Gündəmdə olacaq məsələ ilk növbədə sözsüz ki, Qarabağ problemi olacaq. Rusiyanın bu məsələyə özəl münasibəti var. Lazım olanda problemin həllinin açarı Rusiyadadır deyilir, olmayanda isə bildirilir ki, Rusiya Minsk Qrupunun həmsədrlərindən ancaq biridir. Elə bu səbəbdən də görüşdə Dağlıq Qarabağla bağlı hansısa yeni bir detala toxunulması ehtimal olunmur. Problem necə var eləcə də qalacaq və onun müzakirəsində də hər hansı bir yenilik müşahidə edilməyəcək.


Bəs Dmitri Medvedevin səfəri əsasən hansı aspektdən maraq kəsb edir?


Beləliklə, qaz və onun ötürülmə istiqaməti mühüm siyasi amilə çevrilir. Fərz etmək olar ki, Bakının Rusiyanı razı salacağı təqdirdə bu, bir çox dövlətlərin siyasətinə təsir edəcək

Səfər ərəfəsində Rusiyanın Bakıdakı səfiri bildirmişdi ki, müzakirə olunacaq mühüm məsələlərdən biri Azərbaycan qazının Rusiya ərazisindən nəqlidir. Bu, çox incə məsələdir. İlk növbədə ona görə ki, Azərbaycanın on il ərzində formalaşan neft və qaz strategiyasında yeni dönüş ola bilər. Məlum olduğu kimi, Avropa uzun müddətdir ki, Rusiyadan enerji asılılığını azaltmağa çalışır, bunun üçün müxtəlif imkanlar arayır. İndi bu imkanlar üçün müəyyən perspektiv yaranıb. Amma burada yenidən Rusiya amili təzahür edir. Təsadüfi deyil ki, neft və qaz hasilatına görə, Azərbaycanın tərəfdaşları qazın Rusiya ərazisindən nəqli ilə razı deyillər. Azərbaycanın münasibəti isə daha maraqlıdır. Bakı rəsmiləri Rusiya ərazisinə bərabərhüquqlu istiqamət kimi baxırlar. Bunun bir səbəbi odur ki, Rusiya sərfəli kommersiya qiymətləri təklif edir. Digər səbəb odur ki, Qərbin geoiqtisadi maraqlarını təmin edən Bakı onun geosiyasi planları ilə razı deyil və bu səyləri Rusiya amili ilə neytrallaşdırmağa cəhd edir. Burada Rusiya ciddi amil rolunu oynaya bilər. Son nəticədə rəsmi Bakı çox güman ki, Qərbin maraqlarını təmin edəcək, amma bunun müqabilində ondan müəyyən güzəştlər əldə etmək istəyir.


MDB respublikalarının prezidentləri ilə ilk görüşündə Dmitri Medvedev NATO-ya inteqrasiya məsələsinin üzərində xüsusilə dayanmışdı və açıq şəkildə bildirmişdi ki, bu istiqamətdəki cəhdlər Rusiyanın maraqlarına cavab vermir. Rusiyanın bu təzyiqləri artıq demək olar ki, həm nəticə verir, həm də müəyyən mənada rədd edilir. Ukrayna və Gürcüstan öz planlarından əl çəkmək niyyətində deyil. Amma Moldova müəyyən tərəddüdlər yaşayır.


Təsadüfi deyil ki, GUAM-ın Batumidə keçirilən son sammitində Moldovanın nümayəndəsi iştirak etmirdi. Hətta bəzi müşahidəçilər bu respublikanın gələcəkdə GUAM-dan uzaqlaşacağını da istisna etmirlər.


Beləliklə, qaz və onun ötürülmə istiqaməti mühüm siyasi amilə çevrilir. Fərz etmək olar ki, Bakının Rusiyanı razı salacağı təqdirdə bu, bir çox dövlətlərin siyasətinə təsir edəcək. Avropa dövlətləri üçün qazın qiyməti o qədər də əhəmiyyət kəsb etmir, onlar üçün əsas odur ki, bir nəql istiqamətindən asılı olmasınlar. Amma bunu Gürcüstan və xüsusən də Ukrayna haqqında demək olmur. Gürcüstan hazırda özünün qaza olan tələbatını Azərbaycanın hesabına təmin edir. Ukrayna isə perspektivdə Azərbaycandan çox şey umur. Qazın Rusiya ərazisindən nəql edilməsi ehtimalı isə bu perspektivi xeyli azaldır.


D.Medvedev Bakının razılığını ala biləcəkmi? Buna birmənalı şəkildə cavab vermək çətindir. Amma aydın olan budur ki, bunu arzulamayanların sayı arzulayanların sayından qat-qat çoxdur.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələri olub « Azadlıq » radiosunun rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.


XS
SM
MD
LG