Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:41

İsti yayın soyuq Şimal ovqatı


Rusiya prezidenti Dmitri Medvedevin gələn ay Azərbaycana səfəri gözlənilir
Rusiya prezidenti Dmitri Medvedevin gələn ay Azərbaycana səfəri gözlənilir

Yayın gəlişi ilə siyasi proseslər bir qayda olaraq səngisə də iyulun əvvəli Azərbaycanda bir o qədər də maraqsız keçməyəcək. Sözsüz ki, hadisələr sırasında ilk növbədə maraq kəsb edən olay Rusiya prezidenti Dmitri Medvedevin gələn ayın lap əvvəlinə planlaşdırılan səfəridir. Bu, yeni prezidentin ölkəyə ilk səfəri olmaqla bahəm, həm də köhnə və artıq bir qədər unudulmuş problemlərin yenidən siyasi müstəviyə gəlişi ilə müşayiət ediləcək.


İndi Rusiya-Azərbaycan münasibətlərinə birmənalı şəkildə qiymət vermək çətindir. Bu münasibətlər sözsüz ki, əvvəlkindən xeyli fərqlənir. Daha əvvəlki gərginlik yoxdur, siyasi əlaqələrdə tarazlıq hiss olunur. Əslində iki dövlət arasındakı münasibətlərdə normallaşma prosesi hələ sabiq prezident V. Putinin vaxtından müşahidə olunurdu.


Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycanın Rusiya ilə münasibətlərində siyasi və iqtisadi asılılıq da zəifləyib, indi Cənubi Qafqazın ən böyük respublikası bu ilişgilərdə daha sərbəst və inamlıdır. Amma Azərbaycanı Rusiya ilə bağlayan müəyyən coğrafi və geosiyasi amillər var. Təbii ki, bu amillər siyasətdə öz iradəsini diktə edir.


Cənubi Qafqazın ziddiyyətli durumu Azərbaycan-Rusiya əlaqələrinə də təsir edir, Rusiyanın bölgədəki siyasətinə mürəkkəb mahiyyət verir. Bu münasibətlər çox incə, çoxəsrlik geosiyasi və geoiqtisadi amillərin təzahürü kimi formalaşır.


Cənubi Qafqazın ziddiyyətli durumu Azərbaycan-Rusiya əlaqələrinə də təsir edir, Rusiyanın bölgədəki siyasətinə mürəkkəb mahiyyət verir. Bu münasibətlər çox incə, çoxəsrlik geosiyasi və geoiqtisadi amillərin təzahürü kimi formalaşır. Zaman bu amillərə yeni forma verir, amma məzmunca onlar o qədər də yeni deyil

Zaman bu amillərə yeni forma verir, amma məzmunca onlar o qədər də yeni deyil. Rusiya artıq Azərbaycanın müstəqilliyinin qarşısını almaq iqtidarında deyil, hətta çalışsa da bunu həyata keçirmək gücünə malik deyil. Müstəqil, xüsusən də mühüm enerji ehtiyatlarına malik Azərbaycan müəyyən iqtisadi ambisiyaların daşıyıcısı ola bilər. Rusiya bununla da razıdır. Baxmayaraq ki, bu ambisiyalar onun həyati maraqlarına toxunur, çünki Azərbaycan təkcə enerji hövzəsi deyil, həm də mühüm tranzit imkanlarına malikdir. Cənubi Qafqazın bu respublikasının siyasi və iqtisadi təsiri təkcə bu regionla məhdudlaşmır, Azərbaycanın Rusiya üçün heç də Qafqazdan az əhəmiyyət daşımayan Orta Asiyaya da təsiri var. Üstəlik, bu təsir təkcə geoiqtisadi amillə – tranzit imkanları ilə bağlı deyil, Azərbaycanın Orta Asiya ilə mədəni, etnik və dini yaxınlığı var. Sadalanan amillər indi özünü diktə etməsə də gələcəkdə mühüm əhəmiyyət kəsb edə bilər. Hələ ki gündəlikdə sırf iqtisadi maraqlar dayanır. Amma bunun özü də Rusiya üçün az problem yaratmır. Hazırda Rusiya Orta Asiyanın enerji daşıyıcılarının tranzitindən böyük gəlirlər götürür. Azərbaycanla bağlı olan enerji layihələri isə bilavasitə bunun üçün problemlər yaradır.


Elə Rusiyanın yeni prezidentinin ilk səfərində də bu məsələnin müzakirə olunması istisna olunmur. Söhbət Azərbaycan qazının Rusiya ərazisindən ötürülməsindən gedir. Düzdür, Azərbaycan bu problemə bir qədər fərqli yanaşır və Rusiya ərazisini bərabərhüquqlu ixrac istiqaməti kimi qiymətləndirir. Bununla da bu Qafqaz respublikası böyük güc mərkəzləri arasındakı geosiyasi və geoiqtisadi ziddiyyətlərdən öz xeyrinə yararlanmaq istəyir. Müşahidələr göstərir ki, daxili siyasətdən fərqli olaraq xarici siyasətdə Azərbaycan bəsit situasiyalardan daha çox mürəkkəb situasiyalara üstünlük verir. Bir geosiyasi qütb ilə, hətta bu, Qərb kimi böyük gücə malik olan mərkəz olsa belə, əməkdaşlıq etmək onu o qədər də cəlb etmir. Ehtiyac olanda o, Qərbin maraqlarını Rusiya ilə tarazlaşdırmaq siyasətini yürüdür, çünki Qərbin maraqları təkcə geosiyasi amillərlə məhdudlaşmır, Qərbin bölgə ilə bağlı ciddi geosiyasi planları da var və sözsüz ki, bu, ilk növbədə NATO-ya inteqrasiya məsələsidir. Rusiya istəmir ki, Azərbaycan NATO-nun üzvü olsun. Azərbaycan da hələ bu istəyə qarşı çıxmır, NATO ilə kənardan-kənara əməkdaşlıq etməyə, öz ordusunu müstəqil şəkildə NATO standartlarına yaxınlaşdırmağa üstünlük verir.


Amma Gürcüstan da var. Tranzit imkanlı Gürcüstan Azərbaycan üçün nə qədər əhəmiyyət kəsb edirsə, NATO-ya inteqrasiyaya can atan Gürcüstan üçün enerji ehtiyatlarına malik olan Azərbaycan bir o qədər əhəmiyyətlidir. Bu isə o deməkdir ki, NATO-ya münasibətdə özü ehtiyatlı mövqe tutan Azərbaycan bütün hallarda Alyansın Cənubi Qafqazda nüfuzunun və çəkisinin artmasına təkan verir. Bəlkə də təsadüfi deyil ki, Rusiya prezidentinin Azərbaycana səfəri ilə təxminən eyni vaxtda ABŞ-ın dövlət katibi də Gürcüstana gələcək. Bu, bölgədəki siyasi nüfuz yarışının təzahürüdür.


Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələri olub Azadlıq Radiosunun rəsmi mövqeyi ilə üst-üstə düşməyə bilər.


XS
SM
MD
LG