Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:43

«Azərbaycanın hərbi gücü Ermənistanınkından çox deyil»


«Müharibə bu var-dövləti təhlükə altında qoyar»
«Müharibə bu var-dövləti təhlükə altında qoyar»

İlham Əliyevin Qarabağla bağlı çıxışları bəzi amerikalı konqresmenləri narahat edir. İyunun 18-də ABŞ Konqresində dinləmələr zamanı konqresmen Jo Nollenberq Azərbaycan prezidentinin sözlərini xatırladıb. Əliyev həmişə Azərbaycanın müharibəyə hazır olduğunu, lazım gələrsə, torpaqların silah gücünə qaytarılacağını deyir.


Konqresmenlər ABŞ Dövlət katibinin müavini Daniel Fridə sual veriblər: «Birləşmiş Ştatlar Azərbaycanın «müharibə maşınını» saxlamaq üçün nə edib?»


Frid deyib ki, Azərbaycan prezidentinin mübariz çağırışlarının bir xeyri yoxdur və Amerika rəsmiləri Əliyev hökumətini belə çıxışlardan çəkinməyə çağırıb, hətta enerji məsələsinə də toxunublar:


«Biz onlara səmimi olaraq izah etmişik ki, Azərbaycanın var-dövləti neftdən, qazdan gəlir. Müharibə bu var-dövləti təhlükə altında qoyar. Həm də Azərbaycanın hərbi gücü Ermənistanınkından çox deyil. Bu, Amerikanın fikridir. Müharibə Azərbaycana da, Ermənistana da baha başa gələr, heç bir tərəf qalib olmaz».


Frid bildirib ki, ABŞ Azərbaycanın ərazi bütövlüyünü müdafiə edir, amma Qarabağın statusu danışıqlarla müəyyən olunmalıdır. ABŞ Dövlət katibinin müavini Azərbaycan və Ermənistan prezidentlərinin son görüşündə irəliləyiş olduğunu deyib (Prezidentlər iyunun 6-da Sankt-Peterburqda görüşüblər). Amma o, bildirib ki, görülməli iş çoxdur, daha soyuq başla mübarizə aparılmalıdır:


«Müharibəni yenidən başlamağın səmərəsi yoxdur. Azərbaycan rəsmilərinin təsadüfi aqressiv çıxışları bizi narahat edir. Biz hökuməti sülh danışıqlarına çağırmışıq və çağıracağıq. Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin bütün Qafqaza faydasını da izah edirik».


D.Frid bildirib ki, Qarabağ münaqişəsinin həlli Ermənistanın regiona inteqrasiyasına da yardım edər. Onun dediyinə görə, Ermənistanın regiona inteqrasiyası Amerika üçün xüsusi prioritetə çevrilib. Səbəb, Ermənistanda baş alıb gedən korrupsiya, demokratiya sarıdan geriləmə və ölkənin coğrafi baxımdan təcrid olunmasıdır. Dünya Bankı bildirir ki, Azərbaycan və Türkiyənin blokadası Ermənistanın Ümumi Daxili Məhsulunu ildə 38% azaldır. Konqresmenlər Ermənistanın blokadadan çıxması üçün Amerika hökumətinin nə etdiyini də soruşub. Daniel Frid onlara belə cavab verib:


«Barışıq üçün hər iki tərəfin siyasi iradəsi olmalıdır, bəzi incə, ağrılı məsələlər yoluna qoyulmalıdır. O cümlədən Osmanlı dövründə milyon yarımdan çox erməninin qırılması və qaçqın düşməsi məsələsi. Türkiyə bu tarixlə razılaşmalıdır. Ermənistan da Türkiyənin sərhədlərini tanımalıdır, Ankaranın edə biləcəyi konstruktiv cəhdlərə cavab verməlidir».


Daniel Frid ermənilərlə bağlı çıxışında bir dəfə də olsun «soyqırımı» sözünü işlətməyib. Yüz minlərlə Amerika ermənisini təmsil edən Konqres üzvü Dayon Uatson Fridə etirazını bildirib. Soruşub ki, Dövlət Departamenti rəsmilərə «erməni soyqırımı» ifadəsini işlətməmək barədə təlimatmı verib? Daniel Frid deyib ki, Birləşmiş Ştatlar olanı inkar etmir, amma «soyqırımı» sözündən istifadə Ermənistanla Türkiyənin barışına kömək olmaz.


Gürcüstana gəlincə Dövlət katibinin müavini deyib ki, Tbilisinin NATO-ya meyli Rusiyanın təzyiqinə səbəb olub. Amma Moskva qeyri-konstruktiv hərəkətlərindən əl çəkməli, donmuş münaqişələri həll etmək üçün birgə işləməlidir. Birləşmiş Ştatlar Gürcüstanın da ərazi bütövlüyünü müdafiə edir və Abxaziyanın da statusunun danışıqlarla müəyyən olunmasını istəyir.


XS
SM
MD
LG