Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:29

«Heç kim işgəncədən sığortalanmayıb»


«Bu məsələ araşdırılmalıdır»
«Bu məsələ araşdırılmalıdır»

Azərbaycanı dəfələrlə beynəlxalq yarışlarda təmsil edən, tanınmış boksçu Ramal Amanov deyir ki, mayın 18-i Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən işgəncələrə məruz qalıb.


Amanov hadisəni belə nəql edir ki, digər bir boksçu - Sidney yay Olimpiya oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov ondan bir maşını başqa yerə aparmağı xahiş edib. Guya həmin maşına görə bir nəfərin Vüqara borcu var imiş və o, maşının pulunu gətirəcəkmiş. Amma təyin olunan vaxt həmin şəxsin əvəzinə polislər gəlib və onları qandallayıblar: «Məndən demək olar ki, heç nə soruşmurdular. Prezident təqaüdçüsü olduğumu desəm də, «sən lotusan?» deyib döyürdülər, bəlkə də 20 dəfə barmaqlarımdan bədənimə cərəyan keçirdilər. Şoka düşmüşdüm, iki saat belə davam edəndən sonra məni zirzəmiyə atdılar, gecəni səhərə kimi titrədim».


Onun sözlərinə görə, yalnız Boks Federasiyasının rəhbəri Ağacan Əbiyev işə qarışdıqdan sonra evə buraxılıb. Evdə də çox qala bilməyən Amanov xəstəxanaya yerləşdirilib. Boksçu deyib ki, xəstəxanada harada döyüldüyünü bildikdən sonra ona lazımi xidmət göstərməyiblər. Yenə də Ağacan Əbiyev işə qarışıb və rentgenə salınıb.


Ramal Amanovla əlaqə saxlamaq cəhdimiz alınmadı. Hər dəfə onun ailə üzviləri müxtəlif bəhanələrlə danışmaq istəmədiklərini bildirdilər.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov isə deyir ki, boksçunu heç kəs döyməyib: «Bu, yalan və uydurmadır. Ona heç bir işgəncə verilməyib».


Ehsan Zahidov bildirir ki, fakt yalan olduğundan heç araşdırmaya da ehtiyac yoxdur.


Amma İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov deyir ki, bu məsələ araşdırılmalıdır: «Əgər belə bir insanı işgəncələrə məruz qoyurlarsa, ona ciddi bədən xəsarəti yetirirlərsə, buna daha nə ad vermək olar? Tanınmış insanı işgəncəyə məruz qoyurlarsa, gör onda adi vətəndaşlara nə edirlər!»


Hüquq müdafiəçisi Səidə Qocamanlı da deyir ki, heç kim bundan sığortalanmayıb.


Onun sözlərinə görə, indiyə qədər hüquq-mühafizə orqanlarında işgəncələr tətbiq edən bir nəfər də olsun polis cəzalanmayıb və ictimai qınağa cəlb edilməyib. Elçin Behbudovsa deyir ki, bir neçə polis əməkdaşı vəzifəsindən sui-istifadəyə görə işdən çıxarılıb: «İşgəncə verməyə görə yox».


Ramal Amanovla birgə həbs olunan Vüqar Ələkbərova qarşı isə hədə-qorxu ilə tələb etmə ittihamı ilə cinayət işi açılıb.


XS
SM
MD
LG