Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:47

Klintonun çətin yolu


Klinton praymerizdən dərhal sonra güclü bir kampaniya başlamağı planlaşdırır
Klinton praymerizdən dərhal sonra güclü bir kampaniya başlamağı planlaşdırır

Mayın 6-da İndiana və Şimali Karolina ştatlarında Demokratlar partiyasının ilkin seçkiləri keçiriləcək. Hələ ki, ümumi ölkə üzrə seçkilərdə Barak Obama Hillari Klintonu qabaqlayır. Belə ki, o, demokratların prezidentliyə namizədi olmaq üçün gərək olan 2025 qurultay üzvü səslərindən 1736-nı toplaya bilib. Bu səslərdən 243-ü super nümayəndələrin payına düşür. Super nümayəndə demokratlar partiyasının daimi qurultay üzvü deməkdir. Qurultayın digər nümayəndələri ilkin seçkilərin nəticələri ilə müəyyənləşsə də, (hər ştatdakı ilkin seçkilərdə namizədlər topladıqları səslərə proporsional olaraq qurultay nümayəndəsi təyin etmək hüququ alırlar), super nümayəndələr seçkilərin nəticələrindən asılı olmayaraq ümumi qurultayın tamsəlahiyyətli üzvləri sayılırlar.


Hillari Klinton hələ ki, yalnız 1599 qurultay nümayəndəsinin dəstəyinə malikdir ki, bunların da 265-i super nümayəndələrdir. Ümumi hesabla Barak Obama Hillari Klintondan cəmi 137 səs irəlidədir. Amma nəzərə alsaq ki, əksər ştatlarda seçkilər artıq keçirilib qurtarıb, bu böyük rəqəmdir və Hillari Klintonun mütləq qələbə qazanmadığı hər bir ştatdakı ilkin seçki Barak Obamanın nəticələrini Klinton üçün daha əlçatmaz edir.



Ştatlardakı ikin seçkilərlə yanaşı super nümayəndələrin səsləri xüsusi əhəmiyyət daşımağa başlayıb. Söhbət öz səslərini kimə verəcəklərini hələ də müəyyənləşdirməmiş 225 super nümayəndədən gedir ki, bunların da 75-i konqresmendir.


Mayın 4-də «Vaşinqton Post» qəzeti demokrat Hillari Klintonun bu şəraitdə qələbə çalmaq şanslarını təhlil edən yazı dərc edib. Müəllif Devid Broderin məqaləsi «Klintonun çətin yolu» adlanır.


Hillari Klinton hələ ki, yalnız 1599 qurultay nümayəndəsinin dəstəyinə malikdir ki, bunların da 265-i super nümayəndələrdir. Ümumi hesabla Barak Obama Hillari Klintondan cəmi 137 səs irəlidədir
Məqalənin başlanğıcında müəllif qeyd edir ki, qarşıdan gələn İndiana praymerizində Hillari Klintona daha bir ağır zərbə dəyib. İndiana ştatından demokratların ümumi qurultayına seçilmiş iki super nümayəndə - konqresmenlər Baron Hill və Co Andryu Brak Obamanın tərəfinə keçdiklərini bəyan ediblər. Bu fakt Hillari Klinton üçün ikiqat zərbədir, çünki bu onun həm super nümayəndələr uğrunda mübarizədə şanslarını azaldır, həm də İndiana ştatındakı seçiciləri Barak Obamaya səs verməyə yönəldir. Nəzərə alsaq ki, Şimali Karolinadakı ilkin seçkilərdə Klintonun özü öz şanslarını aşağı qiymətləndirir, onda aydındır ki, İndiana seçkilərinin nəticələri Klinton üçün xüsusi əhəmiyyət daşıyır.

Müəllif yazır ki, qələbə şanslarını artırmaq üçün Hillari İndianada qalib gəlməlidir, Şimali Karolinada isə az fərqlə uduzmalıdır. Bütün hallarda elə etmək lazımdır ki, Obama ilə Klinton arasında seçkilərdə əmələ gələn səs fərqi 100-ə yaxın olsun, nəinki 200-ə. Belə olan halda super nümayəndələrin səsi mühüm əhəmiyyət daşıya bilər. Əgər bundan əlavə Klinton kampaniyası seçkilərdən kənarda qoyulmuş Miçiqan və Floridaştatlarındakı səslərin də heç olmasa müəyyən dərəcədə sayılmasına nail olsa, onda Obama ilə səs fərqi bir qədər də azaldılmış olar.


Klinton kampaniyasının təmsilçisi jurnalistə deyib ki, super nümayəndələr əvvəldə olduğu qədər gənc seçicilərin Obama tərəfdarı olmasından təsirlənmirlər və yaşlı seçicilərin Pensilvaniyada birmənalı olaraq Hillari Klintona üstünlük verməsinə xüsusi diqqət yetiriblər. Mənbə qəzetə həmçinin bildirib ki, indiyə qədər ortada Hillari Klintonla bağlı çoxlu siyasi konfliktlər işıqlandırılıb ki, bunların da hamısı ona müəyyən dərəcədə zərər verib. Digər tərəfdən, Barak Obama heç kimin yaxşı tanımadığı bir namizəd kimi bərkə-boşa düşməmişdi. Mənbə qeyd edir ki, Barak Obamanın öz keşişi Ceremiya Raytla bağlı ortaya çıxmış ziddiyyətləri super nümayəndələrin diqqətini bir neçə suala çəkdi: Barak Obama kimdir? Böhranla üzləşəndə onu həll etməkdə nə dərəcədə fərasətli və qətiyyətli olacaq? Bu suallar Barak Obamanın parıltısını bir qədər azalda bilər ki, bu da Hillari Klintonun super nümayəndələr qarşısındakı şanslarını artırar.


Müəllif mənbəyə sual verib ki, Klinton bu cür qarşıdurma ilə Barak Obamaya qalib gəlsə, demokrat partiyasının parçalanmamasını və qaradərili seçicilərin Klintonu müdafiə etmələrini nə cür təmin edəcək. Klinton tərəfdarları bu məsələni həll etmək üçün praymerizdən dərhal sonra güclü bir kampaniya başlamağı planlaşdırır. Bu kampaniyada demokrat seçicilərə bir fikir çatdırılacaq ki, Buşdan sonra ikinci bir respublikaçının prezident seçilməsi demokratlara nə dərəcədə ağır bir zərbə ola bilər. Digər bir tərəfdən qeyd ediləcək ki, Barak Obama hələ cavandır, cəmi 46 yaşı var və özünün siyasi karyerasını davam etdirmək istəyirsə, Klintonu müdafiə edərək onun siyasi varisi olmağa qərar verə bilər. Müəllifin yekun qənaəti ondan ibarətdir ki, ən yaxşı halda Klinton kampaniyası Barak Obama üzərindəki qələbəni Barak Obamanın özünün iştirakı ilə reallaşdıra bilər.


XS
SM
MD
LG