Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 10:23

Ərdəbildə Abbas Lisaninin azad edilməsini tələb edən şüarlar yayılıb


Şüarda yazılıb: «Yaşa Abbas Lisanlı türkün igid oğlu»
Şüarda yazılıb: «Yaşa Abbas Lisanlı türkün igid oğlu»

Bir ildən artıqdır fəaliyyət göstərən Abbas Lisanini Müdafiə Komitəsi fəalın səhhətinin təhlükə altında olduğunu bildirib.


İran Azərbaycanının tanınmış fəalı Abbas Lisaninin azadlığa buraxılmasına israr edən Müdafiə Komitəsi martın 17-də bildirib ki, məhbus hazırda Yəzd şəhərinin mərkəzi zindanında təkadamlıq kamerada saxlanılır. Ona ailəsilə görüş icazəsi verilmir və aclıqda olduğuna baxmayaraq işgəncələrə məruz qalır.


2006-cı ildən Ərdəbil və Əhər zindanlarında saxlanan cənab Lisani martın 4-də gözlənilmədən Əhər zindanından çıxarılıb, İran Azərbaycanından 1000 kilometr uzaqda yerləşən Yəzd vilayətinə sürgün edilib.


Martın 8-də onun Yəzd həbsxanasından həyat yoldaşı ilə telefon əlaqəsinə imkan verilsə də Azərbaycan dilini başa düşməyən zindan məmuru dərhal söhbəti dayandırıb. Məhbus yalnız Yəzddə olduğu və Əhərə qaytarılana qədər aclıq aksiyasına son qoymayacağını söyləməyə imkan tapıb.


Onun həyat yoldaşı Ruqiyyə Lisani bildirir ki, məhbusla ikinci telefon söhbətinə martın 14-də icazə verilib. Bu danışıq da Azərbaycan dilində aparıldığına görə kəsilib. Lakin, fəal işgəncə edildiyi, qeyri-sanitar və dözülməz şəraitdə təkadamlıq kamerada saxlandığını söyləyə bilib. O, bunu da bildirib ki, ailəsinin Yəzdə getməsinə ehtiyac yoxdur, çünki, onunla görüş yasaq edilib.


Abbas Lisanini Müdafiə Komitəsi məhbusun keçmiş işgəncələr və uzun sürən aclıq aksiyaları nəticəsində böyrək xəstəliyinə düçar olduğunu bildirir. Hüquq müdafiəçiləri belə bir halda fəalın tibbi yardımdan məhrum edilməsinə də kəskin etiraz edirlər.


Bu etirazlar Ərdəbil küçələrinin divarlarına da yol açıb. Bu divarlardan çəkilən foto şəkillərdə «Qalx ayağa Azərbaycan», «Türk dilində mədrəsə (məktəb)», «Yaşa Azərbaycan milli hərəkatı» kimi yazıların kənarında «Abbas Lisanlı azad olmalıdır», «Yaşa Abbas Lisanlı türkün igid oğlu», «Seçkilərdə rəyimiz Lisaniyədir yüz faiz» şüarları da var.


«Savalan Səsi»nin verdiyi məlumata görə Ərdəbil ETTELAAT idarəsinin əməkdaşları 4 gənci Abbas Lisani haqda şüar yazdıqlarına görə həbs edib.


XS
SM
MD
LG