Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:40

Prezidentliyə namizəd terrorla müharibədə yeni prioritetlər təklif edir


«ABŞ yaxın 10 ildə neftdən asılılığını azaltmalıdır»
«ABŞ yaxın 10 ildə neftdən asılılığını azaltmalıdır»

«Foreign Affairs» jurnalının son sayında Respublikaçılar Partiyasından prezidentliyə namizədlərdən biri Maykl Hakabi öz xarici siyasi platformasını açıqlayan məqalə ilə çıxış edib. Əsasən Buş administrasiyasını tənqid edən keçmiş din xadimi və sabiq mer Hakabi gözlənilmədən əsas respublikaçı namizədlərin sırasına çıxmağa nail olub. Son sorğularda az qala lider respublikaçı namizəd Rudolf Culianiyə çatmış Hakabi «Amerikanın terrorla müharibə prioritetləri» adlı məqaləsində Buş administrasiyasının siyasətini kəskin tənqid edir.


Hakabi yazır ki, terrora qarşı müharibəni ABŞ dünya ilə deyil, dünyanın yanında duraraq aparmalıdır. ABŞ-ın hazırkı anti-terror siyasətini qeyri-effektiv hesab edən prezidentliyə namizəd yazır: «ABŞ-ın ərəb və müsəlman dünyasında əsas çətinliyi radikalizmə qarşı real mötədil alternativin olmamasıdır. Bir tərəfdə radikal islamçılar var ki, onlar diktatorlara qarşı mötədillərin həddən artıq humanist olmaları səbəbindən işlədə bilməyəcəyi üsullarla vuruşurlar. O biri tərəfdə isə repressiv rejimlər. Onlar zor işlətmək və ən adi insan hüquqlarını pozmaq hesabına hakimiyyətlərini saxlayırlar. Onların da çoxunu biz bu ölkələrdən neft almaqla dəstəkləyirik. Məsələn, Səudiyyə, yaxud ABŞ-dan ikinci ən böyük yardımı alan Misir hökuməti. Hərçənd ki, biz demokratiyanı koka-kola, yaxud «KFC» kimi ixrac edə bilmərik. B iz mötədil qüvvələrə o yerdə dəstək verə bilərik ki, orada «əl-Qaidə» müasir zülmü orta əsr zülmü ilə əvəz etməyə çalışır».


Maykl Hakabi daha sonra yazır ki, adı çəkilən və digər müsəlman ölkələrində mötədillərə davamlı siyasi dəstək verə bilmək üçün ABŞ yaxın 10 ildə neftdən asılılığını azaltmalıdır. Buna görə də alternativ enerji mənbələrinin – atom enerjisi, etanol, hidrogen, günəş və külək enerjilərinin işlənməsinə xüsusi diqqət ayırmalıdır.


Hakabi həmçinin hərbi xərclərin artırılması tərəfdarı kimi çıxış edir. O, yazır ki, soyuq müharibədən sonra hərbi xərclərin Ümum Daxili Məhsulun 6 %-indən 3.9%-ə qədər azaldılması səhv addım idi. Hərbi xərclər həmin 6 %-lik həddə çatdırılmalıdır ki, ABŞ dünyanın istənilən nöqtəsində əməliyyatlar aparmalı olsa, kifayət qədər hərbi güclə çıxış edə bilsin.


İraq məsələsində Buşun son siyasətini ümumən dəstəkləyən Hakabi PKK-nın bu ölkədə çiçəklənməsini ABŞ administrasiyasının böyük səhvi hesab edir: «Təəssüf edirəm ki, yalnız Türkiyə 100 minlik qoşunu İraq sərhədinə çəkdikdən və PKK problemi böhrana çevrildikdən sonra Buş administrasiyası bu məsələyə lazımi diqqəti ayırmağa başladı. Biz İraq hökumətinə, o cümlədən kürd hakimiyyətinə daha çox təzyiq göstərməli idik ki, PKK məsələsi daha əvvəl həll olunsun». Hakabi bu məsələdə ABŞ-ın Ankara ilə əməkdaşlığını vacib sayır və Türkiyənin yeri gəldikcə İraq ərazisində məhdud hərbi əməliyyatlar aparmasını faydalı hesab edir.


İran məsələsində çəkindirmə siyasəti aparmaq tərəfdarı kimi çıxış edən Hakabi yazır ki, bu ölkəyə təzyiqləri artırmaq üçün avropalı müttəfiqlərdən, xüsusən də Fransadan faydalanmaq lazımdır. Rusiyanın isə İran məsələsində ABŞ-a dəstək verməsi inandırıcı görünmədiyindən M.Hakabi bu ölkənin etirazlarına baxmayaraq Şərqi Avropada anti-raket sistemlərinin qurulmasının davam etdirilməsini düzgün hesab edir. Hakabi qeyd edir ki, Rusiya Azərbaycan ərazisinin İrana hücum üçün platsdarm kimi istifadəsini yolverilməz hesab edir. Moskva ilə bu tip qarşıdurmaları gözlənilən hesab edən Hakabi günün sonunda Rusiya ilə münasibtlərin soyuq müharibə dövründən daha pis olacağını güman etmir.


Məqalənin yekununda Pakistanla münasibətlərə xüsusi yer ayıran Maykl Hakabi hesab edir ki, bu ölkəyə yönəlik siyasət daha ölçülü-biçili olmalıdır və anti-terrora verilən dəstək diktaturaya verilən dəstəklə qarışdırılmamalıdır.


XS
SM
MD
LG