Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:42

«İranla danışmaq vaxtıdır»


ABŞ Kəşfiyyatının İranın nüvə proqramına dair məruzəsi yeni siyasi reallıqlar yaradıb
ABŞ Kəşfiyyatının İranın nüvə proqramına dair məruzəsi yeni siyasi reallıqlar yaradıb

Dekabrın 5-də «Vaşinqton Post» qəzeti Karnegi fondunun baş mütəxəssislərindən olan Robert Kaqanın məqaləsini dərc edib. «İranla danışmaq vaxtıdır» başlıqlı məqalə İranın 2003-cü ildən bəri nüvə silahı proqramlarını dayandırdığı barədə Amerika kəşfiyyat məlumatlarının yaratdığı yeni beynəlxalq situasiyanı təhlil edir.


Müəllif yazır ki, ABŞ Milli Kəşfiyyat Qiymətləndirməsinin İranın nüvə silahları proqramlarını dayandırdığı və nüvə silahına ən tezi 2010-cu ildə sahib ola biləcəyi barədə məruzəsi yeni siyasi reallıqlar yaradıb. Artıq Buş administrasiyası qalan dövrü ərzində İrana qarşı nə hərbi əməliyyatlar apara bilər, nə də bu imkanla İranı inandırıcı şəkildə təhdid edə bilər. Bu məruzə hərbi imkanları Buş administrasiyasının əlindən alıb.


Müəllif yazır ki, digər reallıq ondan ibarətdir ki, ABŞ həm də İrana güclü beynəlxalq sanksiyaların tətbiqi üzrə öz Avropa müttəfiqlərinin dəstəyini qazanmaq imkanlarını da itirib.


Belə ki, Avropa dövlətlərinin İrana qarşı sanksiyalar məsələsində ABŞ-ı müdafiə etmələrinin səbəbi ABŞ-ın İrana qarşı birtərəfli hərbi əməliyyatlar aparmaq təhlükəsi ilə əlaqəli idi. İndi ki, ABŞ Avropa dövlətlərinə bu təzyiq rıçaqını da təslim edib, Avropa dövlətləri sanksiya məsələsində qəti mövqe tutmayacaqlar, çünki İranın doğrudan da nüvə silahı əldə etmək imkanı Avropa dövlətlərinə uzaq təhlükə kimi görünür.


Bu vəziyyətdə ABŞ-ın iki imkanı var. Ya növbəti seçki ili adlayana qədər özünütəcrid vəziyyətində oturub heç nə etməmək, ya da təşəbbüs göstərib İranla danışıqlara başlamaq.


Müəllif yazır ki, digər reallıq ondan ibarətdir ki, ABŞ həm də İrana güclü beynəlxalq sanksiyaların tətbiqi üzrə öz Avropa müttəfiqlərinin dəstəyini qazanmaq imkanlarını da itirib


Müəllifin fikrincə təbii ki, ilk əvvəl bu da ABŞ-ın zəifliyi kimi yozulacaq və İran bu danışıqlardan həm Amerika ilə onun müttəfiqləri, həm də elə ABŞ-ın özündəki siyasi qüvvələr arasında bölünmə yaratmaq üçün bir fürsət kimi istifadə edəcək. Amma bu da çox davam etməyəcək. Amerikanın sərt mövqeyi və İranla danışıqlara getmək istəməməsinin ABŞ-İran münasibətlərində əsas problem olması barədə miflər dağılacaq, Milli Kəşfiyyat Qiymətləndirməsinin yaratdığı çətinlik ötəri olacaq, strateji reallıqlar isə qalacaq. Bu reallıqlar isə ondan ibarətdir ki, ABŞ dünyada və Yaxın Şərqdə qüdrətli dövlət olaraq qalır, ABŞ İraqda hərbi uğur qazandıqca regionda ayağı bir az da yer alır, İran isə daha da təcrid olunur.


Danışıqlara getməyib seçkiləri gözləmək onunla nəticələnə bilər ki, 2009-cu ilə qədər İranla bağlı heç bir ciddi addım atılmayacaq və həmin vaxta qədər də İran nüvə silahı əldə edilməsinin son fazasına qədəm qoyacaq. Növbəti administrasiya işə başlamazdan əvvəl İranla danışıqların başlanması növbəti ABŞ hökumətinə artıq görülmüş işləri davam etdirmək imkanı verəcək. Müəllif təklif edir ki, İran məsələsində ölkədaxili ziddiyyətlərin olmaması üçün ABŞ prezidenti İranla danışıqları qatı bir demokrat siyasətçiyə həvalə etsin. Bu halda ABŞ-ın bu istiqamətdəki siyasəti konsensus əsasında formalaşar. Müəllif yazır ki, danışıqların son məqsədi İranın nüvə zənginləşdirilməsi proqramlarına son qoyaraq BMT Təhlükəsizlik Şurasının tələblərinə əməl etməsi olmalıdır.


Robert Kaqan onu da qeyd edir ki, İranla danışıqların mövzu dairəsi genişləndirilərək İranın terrorizmə dəstək verməsi, Əl-Qaidə liderlərinə sığınacaq verməsi, Hizbullah və Həmasa yardım etməsi, İraqdakı ekstremistləri silahlandırması, habelə İranda pozulan insan haqları və siyasi repressiyalar məsələlərini də əhatə etməlidir. İran daxilində islahatlar tələbi ilə danışıqlar ideyasının bir araya sığmadığını iddia edənlərə cavab olaraq isə müəllif yazır ki, SSRİ ilə münasibətlərində ABŞ həm onu çəkindirmə siyasəti aparıb, həm onun insan haqları siyasətini tənqid edib, həm ölkə daxilindəki dissidentlərə dəstək verib, həm də SSRİ ilə beynəlxalq razılaşmalar imzalayaraq bu sənədlərə əməl olunmasını tələb edib.


Bu məsələlərin İranla danışıqlarda da qaldırılması İranı ən azı seçim qarşısında qoyar. Adı çəkilən məsələlərin müsbət həllinə mane olmayaraq dünya ilə əməkdaşlıqdan siyasi-iqtisadi dividentlər qazanmaq, ya da ABŞ-ın danışıqlar xaric digər imkanlarını öz qarşısında görmək. Müəllifin yekun fikri odur ki, danışıqlar ABŞ-ın əl-qolunu bağlayaraq digər imkanlara əl atmasını istisna etməyəcək.


XS
SM
MD
LG