Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:38

ABŞ-da Türkiyənin İraqa müdaxiləsinə dəstək haqqında düşünürlər


Ərdoğanın Buşla görüşünə qədər Türkiyənin hərbi müdaxilədən çəkinəcəyi bildirilir
Ərdoğanın Buşla görüşünə qədər Türkiyənin hərbi müdaxilədən çəkinəcəyi bildirilir

Türkiyə hərbi qüvvələrini İraq sərhədində cəmləşdirdikcə regionda gərginlik artır və Türkiyənin İraqa hərbi müdaxiləsi ehtimalı həm region dövlətlərini həm də İraqda iri hərbi kontingenti olan ABŞ-ı PKK məsələsinə çözüm üzərində düşünməyə vadar edir. Oktyabrın 28-də Türkiyənin xarici işlər naziri Əli Babacan İranda rəsmi görüşlər keçirərək rəsmi Tehranın PKK terroruna qarşı mübarizədə dəstəyini almağa çalışıb. İranın xarici işlər naziri görüşdən sonra keçirilən mətbuat konfransında xarici qüvvələri- ABŞ və İsraili kürd terrorçuluğunu qızışdırmaqda ittiham edib. Türkiyənin xarici işlər naziri bu ittihamlara qoşulmasa da, öz ölkəsinin terrora qarşı mübarizəni davam etdirəcəyini bəyan etmişdir. Eyni məzmunlu söhbət telefon danışığında İran və Türkiyənin prezidentləri arasında da olub.


Oktyabrın 27-də ABŞ-ın konservativ siyasi dərgisi olan «National Review Online» redaksiya heyətinin hazırladığı baş məqalə ilə çıxış edib. «Sərhəddə türklərdir» başlıqlı məqalədə belə bir əminlik ifadə olunur ki, Türkiyə noyabrın 5-də baş nazir Ərdoğanın ABŞ prezidenti Buşla görüşünə qədər irimiqyaslı hərbi müdaxilədən çəkinəcək. Amma bu görüşdən sonra ABŞ prezidenti qısa bir müddət ərzində problemə dair əhəmiyyətli bir razılaşma əldə edə bilməsə, növbəti iki həftə ərzində Türkiyənin İraqa hərbi müdaxiləsi qaçılmaz olacaq.


Məqalədə deyilir ki, Türkiyə 1998-ci ildə Suriya sərhədinə qoşun çəkib PKK lideri Abdullah Öcalanın təhvil verilməsini tələb edənə qədər Suriyada sığınacaq alan kürd terrorizmi güclənirdi. Lakin Türkiyənin hərbi və siyasi təzyiqləri gücləndikdən sonra Öcalanın həbsi PKK-nı xeyli zəiflətdi və ABŞ-ın İraqa müdaxiləsinə qədər bu təşkilatın gücü yox dərəcəsinə gətirildi.


«İdeal olardı ki, ABŞ və İraq ordusu da Türk ordusu ilə birgə bu əməliyyatlarda eyni məqsədlər üçün iştirak edəydi»

İraqda yarım-muxtar Kürd regionu yaradıldıqdan sonra PKK bu regionda açıq şəkildə öz hərbi düşərgələrini quraraq öz fəaliyyətini yenidən bərpa etdi. Məqalədə qeyd edilir ki, «PKK-nın dirçəlişi ona görə mümkün olmuşdur ki, bəzi Kürd regionu rəhbərləri bu təşkilatın fəaliyyətinə göz yumub, ən pis halda isə ona yardımçı olub».


Məqalədə qeyd olunur ki, hətta Türkiyəyə son PKK hücumundan sonra belə İraqın kürd prezidenti Cəlal Tələbani bir tərəfdən İraqın PKK ilə mübarizəyə yetərincə hazır olmadığını dilə gətirsə də, digər tərəfdən aşağıdakı sözləri deyib: «PKK liderlərinin Türkiyəyə təhvil verilməsi heç vaxt yerinə yetirilməyəcək xülyadır. Biz Türkiyəyə bir nəfər də olsun kürdü, hətta kürd pişiyini belə təhvil verməyəcəyik».


Məqalədə qeyd olunur ki, belə olan halda Amerika silahlarını əldə edib güclənmiş PKK-nın fəaliyyətinin ABŞ ordusu tərəfindən müdafiə olunan İraq Kürdüstanından qaynaqlanması Türkiyə tərəfindən ABŞ-ın PKK-ya dəstək verməsi kimi başa düşülür.


«National Review Online»ın redaksiya heyəti belə şəraitdə Amerikanın maraqlarının qorunması üçün təklif edir ki, ABŞ Türkiyənin İraqa məhdud hərbi müdaxiləsini dəstəkləsin. Müəlliflərin fikrincə Türkiyənin İraqa müdaxilə etmək üçün «güclü mənəvi və hətta hüquqi əsasları var».


Məqalədə qeyd olunur ki, PKK düşərgələrinin yaşayış yerlərindən uzaqda olması mülki tələfat riskini azaldır və əgər ehtiyatla həyata keçirilsə, belə bir hərbi müdaxilə hətta regionun inkişafına xidmət edə bilər. «İdeal olardı ki, ABŞ və İraq ordusu da Türk ordusu ilə birgə bu əməliyyatlarda eyni məqsədlər üçün iştirak edəydi. Amma ən azı ABŞ İraq hökumətinə güclü təsir göstərməlidir ki, o, Türkiyənin aksiyasına ciddi etiraz etməsin və mümkün qədər çox öcalanlar (və onların pişikləri) ölkədən qovulsun».


Məqalənin yekununda qeyd olunur ki, bu dəstəyin əvəzində ABŞ Türkiyənin razılığını almalıdır ki, İraqda öz ərazisini terrorçuların istifadəsinə verməyən kürd yarım-muxtar ərazi qurumu yaransın.


XS
SM
MD
LG