Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:32

«Bəlkə də erməni əsirliyinə düşsəydim, bu qədər əzablara məruz qalmazdım»


«Əgər təhlükəsizliklə bağlı təminat verilməsə, çıxıb gedəcəyəm»
«Əgər təhlükəsizliklə bağlı təminat verilməsə, çıxıb gedəcəyəm»
Jurnalist «Media forum» saytının əməkdaşı ilə söhbətində belə deyib: «Hazırda mənim və ailəmin Naxçıvanda yaşaması çox təhlükəlidir. Ən əvvəl özümün və ailəmin təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan dövlətindən, hüquq-mühafizə orqanlarından təminat istəyəcəyəm. Nə qədər vaxt lazımdırsa, o qədər də bu cavabı əlaqədar qurumlardan gözləyəcəyəm. Əgər təhlükəsizliklə bağlı təminat verilməsə, çıxıb gedəcəyəm. Hara olursa-olsun. Təki Naxçıvan olmasın».

Oktyabrın 16-da Bakıda keçirdiyi mətbuat konfransında isə o, Naxçıvandakı həbsi, jurnalist fəaliyyətinə görə məruz qaldığı işgəncələr barədə danışıb.


Bir ildən artıqdır «Yeni Müsavat»ın bölgə müxbiri kimi fəaliyyət göstərdiyini deyən H.Mehdiyevin bildirdiyinə görə, ötən ay «Azadlıq» radiosunun müxbiri Babək Bəkirə verdiyi müsahibə yerli rəhbərliyin, hüquq-mühafizə orqanlarının qəzəbinə səbəb olub.


Sentyabrın 22-də Şərurun Cəlilkənd kəndində saxlandığını, Milli Təhlükəsizlik Nazirliyinin Şərur və Sədərək rayon şöbələri əməkdaşlarının, o cümlədən şöbə rəislərinin təzyiqinə məruz qaldığını söyləyən H.Mehdiyev «Bəlkə də erməni əsirliyinə düşsəydim, bu qədər əzablara məruz qalmazdım» deyib.


«Media forum»un məlumatına görə, Mehdiyev bildirib ki, həmin gün MTN-in beş əməkdaşı onu ölümcül vəziyyətə salana qədər döyüblər: «Huşumu itirdim, ancaq üstümə su töküb ayıltdılar. Stula otuzdurdular, ayaqlarımdan tutub qollarıma, ayaqlarıma, qulaqlarıma zərbələr endirdilər. Gecə saat 2-də məni MTN-in Şərur şöbəsi rəisinin kabinetinə apardılar ki, gəl, bu yoldan əl çək. Mənə Rauf Arifoğluna, İsa Qəmbərə, Əli Kərimliyə zəng vurub onları söyməyim tapşırıldı. Bununla razılaşmayanda isə dedilər ki, onsuz da iki gündən bir səni gətirib bu vəziyyətə salacağıq».


Həmin gün gecə saat 2-də evə buraxıldığını deyən bölgə müxbiri növbəti gün səhər saat 12-də sahə müvəkkilinin onu yenidən polis şöbəsinə apardığını bildirib. Onun sözlərinə görə, şöbənin həyətinə yaxınlaşan kimi polis rəisi «işi protokollaşdırıb özünü də aparın məhkəməyə» deyib. H.Mehdiyev ona Cinayət Məcəlləsinin polisə tabe olmamaq, ictimai asayişi pozmaq maddəsiylə iş açıldığını bildirib: «İşimə Qabil adlı hakim baxırdı. Mən bu qanunsuz prosesə son qoyulmasını tələb edəndə, o, dedi ki, sənə deməyiblər ki, dilini sakit qoy?!».


Etirazlarına baxmayaraq məhkəmənin onun barəsində 15 sutkalıq hökm çıxardığını deyib. Həbsxana rəhbərliyinə təhvil verilən zaman ona «bura kim gəlsə, özünü xırda xuliqan kimi təqdim elə» deyilib: «Mən də bu qanunsuzluğa etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyimi elan etdim. 3 gün belə davam etdi. 4-cü gün isə gecə saat 2-də həbsxanada «trevoqa» verildi, bütün dustaqları çölə tökdülər, Naxçıvanın Milli Təhlükəsizlik naziri Vəli Əsgərov yanındakı qoluzorlularla birlikdə həbsxanaya gəldi. Soruşdu nə üçün Babək Bəkirə müsahibə vermisən. Mənim cavablarımdan narazı qaldığı üçün qulaqlarıma, bədənimə güclü zərbələr endirməyə başladılar. Mənə şillə vuranda hiss etdim ki, nazir içkilidir. Gecə saat 2-də hardansa kefdən gəlibmiş. Bildirdi ki, səni dəlixanaya saldıracam, iynə vurduracam».


H.Mehdiyev azadlığa çıxdığı gündən müalicə olunduğunu və iki dəfə Şərur rayon xəstəxanasının təcili-tibbi yardım stansiyası əməkdaşlarının evə gəldiyini söyləyib: «Mən özümü damdan yıxılmış adam kimi təqdim edib Naxçıvan şəhərinin ən tanınmış rentenogoloqu Qoçəli həkimin müayinəsindən keçdim. Dedi ki, anan namaz üstündə olub, daşın üstünə bir az da bərk yıxılsaydın, qabırğan ağciyərinə keçib səni məhv edə bilərdi. İndi nəfəs almağım da çətindir. Öskürəndə az qalıram ki, huşumu itirəm. Sol tərəfim üstə uzana bilmirəm. Ayağımda da güclü ağrılar var. Başımda olan problem məni narahat edir».


Həkimeldostu Mehdiyev: «Pozulan hüquqlarımın bərpası, habelə mənə qarşı vəhşilik edənlərin cəzalandırılması üçün mətbuat vasitəsilə İlham Əliyevə və Vasif Talıbova müraciət edirəm. Artıq bu ölkədə yaşamaq mənim təhlükəsizliyim baxımdan çətindir. Təhlükəsizliyimlə bağlı təminat verilməsə, səfirliklərə müraciət edəcəyəm».


Həkimeldostu Mehdiyev sentyabrın 23-də günorta saatlarında Şərur rayonunun Cəlilkənd kəndində rayon polisi və Milli Təhlükəsizlik nazirliyinin işçiləri tərəfindən saxlanılıb. Sentyabrın 24-də səhər azadlığa buraxılsa da, həmin gün axşam yenidən saxlanılıb və polisə tabe olmamaqda təqsirkar bilinərək məhkəmənin qərarı ilə ona 15 sutka həbs verilib. Sentyabrın 27-də H.Mehdiyev azadlığa buraxılıb.


XS
SM
MD
LG