Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:47

Hillari Klinton prezidentliyə daha şanslıdır


Bill Klinton şəxsiyyətinin Hillari Klintonun seçki kampaniyasına müsbət təsiri var
Bill Klinton şəxsiyyətinin Hillari Klintonun seçki kampaniyasına müsbət təsiri var

Oktyabrın 4-də «Washington Post» qəzeti «ABC News»la keçirdiyi birgə sorğunun nəticələrini elan edib. Sorğu 2008-ci ilin prezident seçkilərində iştirak edən namizədlərin populyarlığını öyrənmək məqsədi güdüb. Qəzetin çap etdiyi təhlil sorğu nəticələrinin Hillari Klinton üçün xeyli qənaətbəxş olduğunu göstərir.


Sorğu nəticələrinə görə əsas respublikaçı namizədlərdən olan Rudolf Culiani 43% populyarlıq reytinqinə malik olduğu bir halda Hillari Klinton üçün eyni rəqəm 51 % təşkil etmişdir. Bir il əvvəl keçirilmiş sorğularda Klinton Culianini 1 %-lik fərqlə üstələyirdisə, hazırda bu rəqəm 8 %-ə çatmışdır. Demokratik düşərgənin özündə əsas namizədlərdən olan Barak Obama Hillari Klintonla təkbətək müqayisədə yalnız 39 % səs toplaya bilib. «Vaşinqton Post» yazır ki, bu rəqəmlər göstərir ki, xanım Klinton öz düşərgəsinin vahid namizədi olmaq məsələsini həll edib qurtarmış kimi görünür və əsas respublikaçı rəqibini kifayət qədər rahat səs fərqi ilə geridə qoyur.


Keçmiş prezident Bill Klintonun həyat yoldaşının prezidentlik kampaniyasında aktiv iştirak etdiyini yazan qəzet qeyd edir ki, uzun müddət Bill Klintonun Hillari Klintona əlavə səs gətirdiyi, yaxud onun səs itirməyinə bais olması sualının cavabı yox idi.


Lakin «Washington Post»un «ABC News»la birgə keçirdiyi sorğular göstərir ki, Bill Klinton şəxsiyyətinin Hillari Klintonun seçki kampaniyasına əhəmiyyətli müsbət təsiri var. Sorğuya görə rəyi soruşulanların üçdə ikisinin fikrincə, Hillari Klintonun prezidentliyi Bill Klintonun prezidentliyinin davamı olmayacaq və ölkə yeni istiqamətdə inkişaf edəcək və respondentlərin yarısı bu yeniliyi pozitiv rənglərdə görüb. Hillari Klintonun prezidentliyinin Bill Klintonun prezidentliyinin davamı olacağını söyləyənlərin də tən yarısı bu halı müsbət dəyərləndirib.


Keçmiş prezident Bill Klintonun prezidentlik dövrü də amerikalılar tərəfindən müsbət dəyərləndirilir. Belə ki, rəyini bildirənlərin üçdə ikisi Bill Klintonun gördüyü işləri müsbət qiymətləndiriblər. Müqayisə üçün qəzet yazır ki, hazırkı prezident Corc Buşun əhali arasında reytinqi 33 faizi keçmir.


Keçmiş prezident Bill Klinton demokratlar arasında da xeyli populyar olaraq qalır, müstəqillərin 63%-nin dəstəyinə malikdir və hətta respublikaçıların üçdə biri onu müsbət qiymətləndirir.


Qarşıdan gələn seçkilər seçiciləri cinslər arasında da kifayət qədər aydın xətt üzrə böləcək. Sorğunun nəticələrinə görə hazırda kişilər arasında respublikaçı Culiani və demokrat Hillari Klinton arasında populyarlıq reytinqi təxminən bərabər bölünmüşdür. Halbuki qadın seçicilər arasında Rudolf Culianinin reytinqi 39 % olduğu halda Hillari Klinton 57 %-lik dəstəyə malikdir. Bütün bu rəqəmlərdən nəticə çıxaran «Vaşinqton Post» təhlilçiləri Hillari Klintonun seçilmə şanslarını yüksək qiymətləndiriblər.


Digər bir qəzet «Politiko» diqqəti ona yönəldib ki, heç də bütün sosial qruplar eyni dərəcədə səs vermirlər və səsvermədə ən çox iştirak edən qrup-ağdərili amerikalı kişilər hələ də əhəmiyyətli dərəcədə Respublikaçı namizədlərə tərəf meyllənirlər. Qəzet 2000-ci ilin «exit-poll» rəqəmlərinə istinad edərək yazır ki, o vaxt Corc Buşun Albert Qor üzərində qələbəsini təmin edən əsas faktorlardan biri də o idi ki, ağdərili qadın seçicilər Buşa Qordan 3 % artıq səs vermişdilər, ağdərili kişilər arasında isə Buş öz rəqibini 27 %-lik bir fərqlə üstələmişdi. Qəzet yazır ki, 2004-cü ildə bu rəqəmlər çox dəyişməmişdi. Belə ki, ağdərili kişilər Corc Buşa Con Kerridən 26 % artıq səs vermişdilər. Qəzetin fikrincə Hillari Klinton seçkilərdə öz qələbəsini təmin etmək barədə ciddi düşünürsə, bu iri sosial qrup arasındakı ciddi disbalansı həll etməyə çalışmalıdır.


XS
SM
MD
LG