Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:41

ABŞ-ın İraqdakı siyasəti suallar doğurur


Buş 30 min Amerika əsgərinin gələn ilin iyuluna qədər İraqdan çıxarılmasına qərar verib
Buş 30 min Amerika əsgərinin gələn ilin iyuluna qədər İraqdan çıxarılmasına qərar verib

Amerika 11 sentyabr hücumunun ildönümünü qeyd etdiyi bir vaxtda ABŞ-ın İraqdakı missiyası bir daha qızğın müzakirələr obyektinə çevrilir. Sentyabrın 3-də İraqın əl-Anbar regionuna səfər edən ABŞ prezidenti Corc Buş vaxtilə Amerika əsgərlərinə qarşı ən kəskin müqavimət göstərən sünni rayonunda bərqərar olmuş nisbi sabitliyin uğurundan danışmış və Amerika əsgərlərinin əməyini yüksək qiymətləndirdiyini qeyd etmişdir.


Onun opponentləri-demokrat konqresmen və senatorlar general Peterusun rəhbərliyi altında keçirilən əməliyyatların uğurunu qeyd etsələr də ABŞ qoşunlarının İraqdan tezliklə çıxarılmasında israrlıdırlar və bu istiqamətdə ABŞ administrasiyasına ciddi təzyiqlər edirlər. ABŞ qoşunlarının İraqdakı komandanı general Petreusun İraqdakı vəziyyətə dair sentyabrın 10-da təqdim edilmiş hesabatı terrorçulara qarşı keçirilən son əməliyyatların uğurunu qeyd etsə də, gələn ilin yayına qədər 30 minə yaxın Amerika əsgərinin İraqdan çıxarılmasını tövsiyə edir. Medianın yaydığı məlumatlara görə, prezident Buş artıq bu tövsiyəni qəbul edərək 30 min Amerika əsgərinin gələn ilin iyuluna qədər İraqdan çıxarılmasına qərar verib.


Sentyabrın 11-də «Washington Post»un yazarı Corc Uill bu prosesi təhlil edən məqalə ilə çıxış edib. «Hələ də öz missiyasını axtaran müharibə» başlıqlı məqalədə Corc Uill qeyd edir ki, ABŞ-ın İraqdakı son hərbi əməliyyatları regiondakı ABŞ qüvvələrinə qarşı müqaviməti xeyli zəiflətməyə nail olsa da, Corc Buş və general Petreus özlərinin elan etdiyi məqsədə çata bilməyiblər. Belə ki, hərbi əməliyyatlar başlanarkən həm prezident Buş, həm də general Petreus əməliyyatların Bağdadda şiə, sünni və kürd icmaları arasında siyasi kompromisə nail olunmasını əsas vəzifə kimi qarşıya qoymuşdular və hərbi əməliyyatların da bu işdə yardımçı rol oynayacağını nəzərdə tutduqlarını bəyan etmişdilər.


Corc Uillin fikrincə hərbi əməliyyatların uğurunun belə geniş məqsədə bağlanması onun uğur kimi qiymətləndirilməsinə mane olur. Bağdadda siyasi kompromis əldə edilməyib, İraqın Maliki hökuməti bu siyasi kompromisin əldə edilməsinə ciddi maraq göstərməyib və hətta əl-Anbar vilayətində olan ABŞ prezidenti Corc Buş Bağdada baş çəkməyi lazım bilməyib. Bu sonuncu fakta xüsusi önəm verən Corc Uill qeyd edir ki, bu faktın özü İraqda qarşıya qoyulmuş siyasi məqsədlərin uğursuzluğa düçar olduğunu göstərir.


Corc Uill yazır ki, «səhv ondan ibarətdir ki, etnik və dini nifrətin didib-parçaladığı bir ölkədə ABŞ hərbinin siyasi proqresə nail olmaq imkanlarını şişirdir».


İraqdakı son hərbi əməliyyatlarının real hərbi uğur olduğunu bildirən yazar qeyd edir ki, bu sahədə həddən artıq optimizmin iki mənfi cəhəti var: Birincisi, təriqətlərarası zorakılığı ölçmək çox çətindir və son hərbi uğurların uzunmüddətli planda bu sahədə nə kimi töhfələr verə biləcəyini söyləmək müşkül məsələdir. İkincisi, hazırda əl-Ənbar vilayətində Əl-Qayidəyə qarşı çevrilmiş sünnilərin amerikalılarla əməkdaşlığı regionda nisbi sakitlik yaradıb, amma bu qarşıdurma başa çatdıqdan sonra İraqdakı sünni icmasının yeganə düşməni şiələr olduqda bu sülh çox asanlıqla pozula bilər və bu faktor indiki uğuru qiymətləndirərkən nəzərdən qaçırılmamalıdır.


Yekunda Corc Uill bildirir ki, onun fikrincə ABŞ hərbisinin qarşıya qoyduğu siyasi vəzifələr real deyil və İraqda güclü demokratik dövlət qurmaq istəyən ABŞ ilk növbədə özünə bu sualı verməlidir: «İraq varmı? İraqlılar varmı?»


XS
SM
MD
LG