Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 08:41

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (13)


əvvəli

"Yolların fәrqinә bax, gör haradandır haraya?".

Bütün bunlar -- hökumәtin vә rәiyyәtin xoşbәxtliyinә bais olan yeganә amil, qanun vә әdalәtin varlığıdır. Yoxsa allahın mәxluqu eyni cinsdәn vә eyni növdәndir. Yaradılmışların da heç bir fәrqi yoxdur. Fәrq yalnız ondadır ki, bir yerdә: әxlaq, mәdәniyyәt, qanun vә hüquq bәrabәrliyi var, başqa yerdә isә hökumәt adamlarının insafsızlığı, zülmü, vәhşiliyi vә qanunsuzluğu hökm sürür.”

Mirzә Abbas dedi:

“Yusif, dünәn "Sәyahәtnamә"ni götürdüm oxuyam. Bir vaxt baxıb gördüm gün çıxıbdır. Namazım da qәzaya getdi. Doğrudan da, İbrahim bәyin başına gәlәn bu arasıkәsilmәz müsibәtlәrә dözmәsi vә heç olmasa yarı canını gәtirib buraya çıxarması onun möhkәm ürәyә malik olduğunu göstәrir.

Allaha pәnah, hәrçәnd Mirzә Әhmәd demişdi ki, elә qeyrәt vә tәәssüb sahibi olan İbrahim bәy İranın vәziyyәtini gördükdә xoşlamayacaq, qüssәsindәn ficәtәn ölәcәk vә sağ qayıtmayacaqdır. Ancaq mәn ona inanmıram.”

Dedim:

“Sәnin canına and olsun, yenә dә sәnin canına and içirәm, mәn bir çox xoşa gәlmәyәn hadisәlәrin şahidi oldum. Ancaq ondan gizlәtdim. Hәtta ondan-bundan xahiş elәyirdim ki, ona demәsinlәr. Onun tәbiәtinә zidd olan yollardan da keçmәyib, başqa yollarla onu aparırdım. Bununla belә hәr addımbaşı hәsrәtlә dәrindәn ah çәkirdi.

Bir dәfә gördüm yolun ortasına murdar olmuş bir heyvan atıblar. Üfunәt iyi dünyanı tutmuşdu. İtlәr murdarın dövrәsinә toplaşıb hәm onu, hәm dә bir-birlәrini budayırdılar. İbrahim bәy yarım saatadәk dayanıb guya bir bәlәdiyyә mәmuru vә ya polis nәfәrinin gәlmәsini gözlәyirdi ki, ona desin: "Bu nә vәziyyәtdir? Bәlәdiyyә vә polis idarәsi hanı? Sәhiyyә haradadır?" Heç bir kәsin gәlmәdiyini görüb dedi:

“İlahi, görәsәn bu ölkәdә sәhiyyә idarәsi yoxdur? Axı bu vәziyyәt sәhiyyәnin, sağlamlığın ziddinәdir.”

Dedim:

“Gözümün işığı, burada dayanmaqdan fayda yoxdur. Sәhiyyә yoxdur, bizә nә, gәl gedәk. Qırx min nәfәr әhalisi olduğu halda iki nәfәr hәkimi, bir nәfәr oxumuş cәrrahı olmayan bir şәhәrdә, atası dәllәk olan bir şәxsin mötәbәr cәrrah sayıldığı, yaxud dәllәyin qәrib xәstәlәrә imalә elәdiyi yerdә daha nә qoymusan, nә axtarırsan? Bәzәn görürsәn iki nәfәr cüzi bir şey üstündә dalaşıb, biri vurub o birisinin ağzını qanadıbdır. Bir nәfәr polis mәmuru yoxdur ki, desin: "bu nә hәngamәdir?" Әgәr, işdi, onlardan birisi özünü darğanın yanına o birisindәn tez çatdırsa, tәrәfin mәzlum vә ya zalım olmasından asılı olmayaraq onu tutub ciblәrini әmәlli-başlı boşaltdıqdan sonra buraxacaqlar. Heç ondan soruşmayacaqlar ki, tәqsiri var imiş, ya yox. Әgәr pulu olmasa, ayaqlarını fәlәqqәyә qoyub o qәdәr ağac döşәyәcәklәr ki, iki ay yorğan-döşәyә düşüb evdәn bayıra çıxa bilmәyәcәk. Onda gәrәk әyalı aclıq vә taqәtsizlik üzündәn hәr bir kişinin vә nakişinin qarşısında sızıldayıb әl açsın vә dilәnsin. Ya da ki, müqәssirin qulağını vә burnunu kәsib bazarda dolandırır, özlәri üçün pul yığırlar, o biçarә üçün rüsvayçılıq әmәlә gәtirirlәr. Belә bir cәzanın bu yazığın canının sağlamlığına vә malına nә qәdәr böyük sәdәmә vermәsi bәllidir. Ancaq bunlara etina edәn yoxdur. Nәdәnsә İbrahim bәy öz "Sәyahәtnamә"sindә bir nәfәrin nağıl etdiyi sәrgüzәşti yazmayıbdır. O, nağıl edәndә mәn dözә bilmәyib hönkür-hönkür ağladım.”

Dedilәr:

“O sәrgüzәşt nә idi?”

Dedim:

“Çox uzundur, şamdan sonra bir hissәsini әrz edәrәm.”

Bir qәdәr zarafatlaşdıq, ortalıqda müxtәlif söhbәtlәr dә oldu. Şam elәdik. Hacı ... Tәbrizi dedi:

“Mirzә Yusif, indi tәbrizlilәrdәn daha nә deyәcәksәn?”

Dedim:

“Daha bu dәfә sizin Tәbriz haqqında deyil. Bu hekayә Marağaya aiddir.”

Gülә-gülә dedi:

“Әlbәttә, ya qaymaq, ya da sucuq haqqında olacaqdır.”

Dedim:

“Xeyr, marağalının qiymәti Marağa sucuğundan azdır. Mal kirә elәyib, Marağadan Binaba sarı gedirdik. Şәhәrdәn kәnarda ulaqlara minmiş iki nәfәrlә rastlaşdıq. Bir qәdәr yol gedәndәn sonra bәy onların birindәn soruşdu:

“Hәmşәhәrlilәrim, haraya gedirsiniz?“

Onlardan biri cavab verdi:

“Tufarqana gedirik.”

Bәy dedi:

“Biz dә Binaba gedirik. Yaxşı oldu ki, yol yoldaşı olduq. Biz bu yerlәrә bәlәd deyilik, siz bәzi şeylәri bizә nişan verin.”

Bir qәdәr getdikdәn sonra axar suya gәlib çatdıq. Hamımız düşüb әl-üzümüzü yuduq. Sonra onlardan hәr biri suyu ovuclayıb üç dәfә içdi vә dedi: "Salamüllahi Әlәl-Hüseyn vә lәnәtullahi әla qatilil-Hüseyn. Allah vәliәhdә ömür versin!" Bir az yol gedәndәn sonra o, süfrәsini açıb pendir-çörәk, bir dә gecәdәn qalmış boyat әt yedi. Yenә dә әllәrini göyә qaldırıb dedi: "İlahi, sәnә çox şükür! Allah vәliәhdә ömür versin!"

İbrahim bәy mәnim üzümә baxıb işarә ilә andırdı ki, bu kişi ya dәli olub, ya da ağılsızdır. "Allah vәliәhdә ömür versin!" Bu yersiz sözün nә mәnası var?

Bir qәdәr yol getdikdәn sonra yorulduq. Miniklәrә oturduq. Yol yoldaşımız ulağın üstündә oturub dedi: "Allah vәliәhdә ömür versin!"

İbrahim bәy dedi:

“Әmican, sәnin ismi-şәrifin nәdir?”

“Yәhyadır,” -- dedi.

İbrahim bәy dedi:

“Mәnim adım İbrahimdir. Yol yoldaşı olmuşuq, gәrәk bir-birimizin adını bilәk. Bu da mәnim әmim Mirzә Yusifdir.”

Dedi:

“Çox gözәl.”

Bәy dedi:

“Әmican, sizdәn bir söz soruşacağam.”

Dedi:

“Soruş.”

Bәy dedi:

“Su içәndә, çörәk yeyәndә, uzunqulağa minәndә dedin: "Allah vәliәhdә ömür versin!" Bu yersiz sözü tәkrar elәmәyin nә mәnası var?”

Ağa Yәhya dedi:

“Yox, bunun sәbәbini soruşmayın, çünki demәyәcәyәm. Mәn öz vәzifәmi yaxşı bilirәm.”

Çox xahiş elәdik, dedik biz vәliәhd hәzrәtlәrinin pәrәstişkarlarındanıq, onun şәrәfli canına dua elәyәnlәrdәnik. Әgər bu gizli bir sirrdirsә, bizdәn çәkinmә, biz o sirri ölәnәdәk ürәyimizdә saxlayıb, heç bir kәsә söylәmәrik. Bundan әlavә, biz burada qalan deyilik, birbaşa bu vilayәtdәn keçib xaricә gedәcәyik.”

Yәhya dedi:

“Gizli bir mәtlәb yoxdur. Ona görә ki, mәn bu özü gündә yüz dәfә tәkrar edirәm. Әgәr bina olsa ki, nun sәbәbini hәr adama söylәyim, bütün vaxtımı buna hәsr elәsәm dә kifayәt elәmәz. Hәm dә mәtlәb çox zundur. Bizim dә ki, sizinlә yoldaşlığımıza bir saatdan çox qalmayıbdır.”

Bu vaxt bir bostanın yanına çatdıq. Bostançı qovun-qarpız dәrirdi. İbrahim bәy dedi:

“Ağa Yәhya, gәlin gedәk bu bostanın çardağında bir az oturub dincәlәk, bir qәdәr yemiş yeyәk, siz dә öz başınızın qәzasını bizә danışın.”

Biz bostançıya heç bir söz demәmiş bir neçә qovun-qarpız dәrib gәtirdi, qabağımıza qoyub dedi:

“Bismillah!”

Ağa Yәhya öz әhvalatını bu minvalla söylәmәyә başladı:

“Tәxminәn otuz beş-qırx il bundan әvvәl idi. Mәnim otuza yaxın yaşım var idi. Әbdülәhәd adlı bir dostum var idi. Onun da iyirmi dörd yaşı olardı. O cavanın gözәl üzü, әnbәr qoxulu saçları var idi. Yavaş-yavaş qәmә-qәddәrә bağlamağa qurşandı. Ancaq atası öz oğlunun bu yola düşmәsindәn xәbәrsiz idi. Әbdülәhәdin bacısı sultan İbrahim Xәlilin arvadı idi. Öz bacısı әrinә güvәnib qolçomaqlıq elәyirdi. Sultan İbrahim Xәlilin әvvәlki arvadından Fәrәculla adlı bir oğlu var idi. On altı yaşında idi. Günәş üzlü, xoşgül bir oğlan idi. Öz zәmanәsinin Yusifi kimi gözәllikdә ad çıxarmışdı.

Günlәrin birindә biz üç yoldaş topxana sultanı İbrahim Xәlilin bağına getdik. Fәrәculla çaxır içirdi. Qoltuğunda bir şüşә çaxır var idi. Çıxarıb dibinә kimi içdi. Sonra yalvarıb güc-billahla mәnlә Әbdülәhәdi onların bağının yaxınlığında olan Mehrava kәndinә göndәrdi. Bu kәndin sakinlәri bütünlüklә xaçpәrәst idilәr. Onun üçün çaxır alıb gәtirmәyi tәvәqqә elәdi. Biz dә әlacsız qalıb istәr-istәmәz o kәndә getdik. Çaxır әlә gәtirә bilmәdik. Әliboş qayıdıb bağa gәldikdә gördük Fәrәculla başdan ayağadәk yanıb şilim-şihlә olubdur. Can üstündә idi. Bunun sәbәbi o idi ki, sәfәr ayı olduğundan Fәrәculla uzun qara paltar geymişdi. Biz gedәndәn sonra kabab bişirmәk istәyir. Әtәyi od tutur. Sәrxoş olduğuna görә söndürә bilmir. Kabab bişirmәk әvәzinә özünü kabab elәyir. Bu vәziyyәti görcәk biz başımıza vura-vura bağbanı çağırdıq. Bir kilim gәtirdi. Fәrәcullanı kilimin arasına qoyub şәhәrә gәtirdik.

Darğa, kәndxuda vә başqaları xәbәr tutub gәldilәr. Fәrәcullanın әhvalını soruşdular. Dedi: "Mәni hәzrәt Abbas vurdu". Atası çox üz vurdu, istәdi başqa cavab eşitsin, ancaq әvvәlki cavabı eşitdi. Neçә saatdan sonra Fәrәculla öldü. Üç gün yas tutdular. Üç gündәn sonra sultan öz topçularına әmr verdi, mәni, bir dә qaynı Әbdülәhәdi tutdular. O vaxt Mәhәmmәd Rәhim Mirzә Ziyaüddövlә hakim idi. Şahzadә özü Tәbrizdә idi. Yerindә oğlu Әmirzadә Darab Mirzә oturmuşdu. Bizi hökumәt divanxanasına apardılar, gecәni dustaqda saxladılar. Sabahı gün İbrahim Xәlil gәldi. Bizi hakimin hüzuruna apardılar. Gedib tәzim elәyib durduq. Sultan Әbdülәhәdin әlindәn tutub hakimin yanına çәkdi vә dedi:

“Bu mәnim oğlumun qatilidir.” -- Mәni göstәrib dedi: “bu da Әmirzadә hәzrәti-valanın mәtbәx xәrci.”

Oradaca hökm olundu. Sorğu-sualsız Әbdülәhәdin başını kәsdilәr, bununla da bir şәhәrin ürәyini odladılar. Mәni on gün kündә-zәncirdә saxladılar. Yoxsul olduğuma görә özümü xilas etmәk üçün lazım olan mәblәği verә bilmirdim. Mәnim dayım yüz tümәn әmirzadәyә, on tümәn dә fәrraşbaşıya verib, mәni dustaqdan çıxartdı. Evә gәldim, axşam çağı bütün qohum әqraba arvadlı-uşaqlı evin hәyәtinә toplaşıb mәnim yanıma gәlmişdilәr. Hәr gecә mәnә evdәn yemәk gәtirdiklәrinә görә dustaqbanla bir yerdә yeyirdim. O, hәm dә mirqәzәb idi. Buna görә dә mәnә zahirәn mәhәbbәt göstәrirdi. Mәn dedim: bu gecәni dә dustaqbana yemәk göndәrin. -- Bu vaxt dustaqban özü evә daxil olub, gәlib qulağıma dedi: "Әmirzadә sәnә xәlәt göndәribdir, çıx onu qarşıla". Mәn yerimdәn qalxıb bayıra çıxmaq istәdim. Arvadlar hücum çәkib mәni içәri dartdılar.

Sonra mәlum oldu ki, xәlәt әhvalatı yalan vә hiylә imiş. Әbdülәhәdi öldürәndәn sonra İbrahim sultan Tәbrizә gedib Saidülmülkә şikayәt elәyibdir. O da mәsәlәni Әzizxan sәrdara deyir. Әzizxan sәrdar әmr edir iki nәfәr atlı Marağaya gedib, onu qolu bağlı gәtirsinlәr.

Ziyaüddövlә bu qәziyyәdәn xәbәrdar olur. Marağaya bir nәfәr xüsusi çapar göndәrir. Öz oğluna dә tәkidlә hökm edir ki, Yәhyanı iki şaqqa elәyib Marağanın Tәbriz darvazasından asdırsın. Sәrdar kimin itidir ki, mәnim hakim olduğum yerdәn adam tutub aparsın. Belә bir hökumәtdә yaşayış mәnim üçün ar olar.

Bu yazı mәnim azad olmağımdan yarım saat sonra Marağaya gәlib çatır. Әmirzadә mәni Әlimәmmәd bәy fәrraşbaşıdan istәyir. Dustaqban deyir: "Yәhyanın mәnә inamı var, gedib onu hiylә ilә tutub gәtirәrәm". Neçә nәfәr fәrraşla gәlir. Onları dalanın başında qoyur, özü mәnim yanıma gәlir. Mәnim qohumlarım hal-qәziyyәdәn xәbәr tutan kimi mәni damdan-dama şәhәrdәn çıxarıb Tehrana, atamın yanına göndәrmәk istәdilәr. Mәmmәdağa qapıçıbaşı da bizim yaxın adamlarımızdandır. Zindandakı әzab-әziyyәtlәrdәn xәstәlәndiyimә görә mәndә Tehrana getmәk taqәti yox idi. Ona görә dә gecә qaranlığında mәni yenidәn şәhәrә qaytardılar. Aparıb Şeyxül İslamın evindә bәstdә oturtdular. Onun evinin bәst olmasına baxmayaraq, yenә dә ehtiyat elәyib mәni zirzәmidә gizlәtdilәr.

Dayım Tәbrizә getdi. Dördüncü gün sәrdarın mәmurları Mәmrud vә Şәddad evladı kimi Marağaya varid oldular. Mәnim qohumlarımdan altmış beş nәfәri başını götürüb şәhәrdәn qaçdı. Mәmurlar onlardan biri dә kor Nayib Hәmid idi, dayımın vә xalamın bağına qaravul qoydular, dayımın hücrәsinin qabağında çatmatüfәng durdular. Bizim, dayımın vә xalamın evini boşaldıb, üç evin külfәtini hәsirdәn başqa әsasiyyәsi olmayan bir otağa doldurdular. Mәmurlar bizim evdә oturdular, mәni vә qohumlarımı hәr evdә axtarırdılar. İstәyirdilәr mәni tapa bilmәsәlәr dә heç olmasa qohumlarımdan bәzisini әlә keçirib özlәri üçün mәdaxil elәsinlәr.

Mәmurlar hәr gün kәtxudadan, fәrraşbaşıdan, hәtta әmirzadәnin özündәn xәrclik alırdılar. Nәhayәt, üç aydan sonra mәnim dayım Tәbrizdәn yazdı ki, mәni gizli yolla Tәbrizә göndәrib qohumumuz Cәfәr dayının evinә aparsınlar. Yazdığı kimi elәdilәr. Cәfәr dayı mәni müctәhidin evinә apardı. Üç gün dә orada qaldım. Sonra müctәhid ağa buyurdu. "Yәhyanı Saidülmülkün sәrtöylәsinә aparın!" Özü dә ona bir xahişnamә yazacaq idi. Gizlicә mәni Saidülmülkün sәrtöylәsinә çatdırdılar. Vәliәhd hәzrәtlәri, sәrdar vә Saidülmülk çәmәndә idilәr. Ordu da orda idi. Üç gündәn sonra neçә nәfәr topçu gәlib әllәrimi daldan bağlayıb boynuma zәncir saldı. Orduya apardılar. Saidülmülkün hüzuruna çatan kimi sultanı yanına çağırtdırıb dedi:

“Bu sәnin oğlunun qatili! Onunla necә istәyirsәn, elә dә rәftar elә, qoy ürәyin soyusun!”

Sultan bu qәti hökm vә tam ixtiyarla әlimdәn tutub ordudan eşiyә çıxartdı. Bir imperial bir növbәtçiyә verib dedi:

“Odun gәtir!”

Bir saatdan sonra üç hambal dalında odun gәtirib bir yerә qalayaraq od vurdular. Odunlar alışıb alovu göyә ucalan kimi Sultan üzünü mәnә tutub dedi:

“Köpәk oğlu, anası xәtakar, indi sәni elә yandırım ki, adam yandırmağın dadı damağında qalsın!”

"Hәr kәs canından әl üzsә, ürәyindә olanı demәkdәn çәkinmәz", -- demişlәr. Mәn dә heç nәdәn qorxmayıb dedim:

“Köpәk oğlu da, anası xәtakar da, arvadı filan, bacısı filan da özünsәn! Әgәr mәn sәnin oğluna pislik elәmişәmsә, öz cәzamı görәcәyәm, yoxsa şәhid olub qiyamәt günü bu odun müqabilindә sәni cәhәnnәm odunda yandıracağam. Onda sәn dә cәhәnnәm odunun lәzzәtini anlarsan.”

Topçulardan biri mәnim üzümә bәrk sillә vurdu. Qollarım bağlı olduğuna görә üzünә tüpürdüm. Mәnim paltarımı soyundurdular, әynimdә köynәkdәn başqa bir şey qalmadı. Bu vaxt bir nәfәr fәrraş gәlib dedi:

“Sәrdar buyurur, adam yandırmaq şәriәt vә adәtә zidd olduğuna görә onu yandırmayın, başqa vasitә ilә öldürün.”

Sultanın qanı qaralıb dedi:

“Mәn gәrәk oğlumun qatilini elә öldürәm ki, ürәyim soyusun.”

Göstәriş verdi yeri qazsınlar, mәni başıaşağı saxlayıb diri-diri quylasınlar. İp gәtirib boyumu tutdular. Qәddimә görә yeri qazmağa başladılar. Bir vaxt uzaqdan bir dәstә adam göründü. Atlılardan biri çaparaq gәlib dedi:

“Vәliәhd hәzrәtlәri müqәssiri istәyir.”

Qәzadan vәliәhd hәzrәtlәri şikardan gәlirdi. Bizi uzaqdan görüb nә hadisә üz verdiyini soruşur. Hal-qәziyyәni mübarәk xidmәtinә әrz elәyirlәr. Özü vәliәhdә mәxsus çadıra gedib, atlılarından birini mәni hüzuruna aparmaq üçün göndәrir. Mәni çadırın yanına aparıb dedilәr:

“Get, ağla, sızılda, yalvar!”

Dedim:

“Qaradan tünd rәng yoxdur. Tәqsirsiz olduğum halda әsla yalvarmayacağam.”

Gedib dedilәr ki, müqәssir hazırdır. Mәni yanına apardılar. Nә tәzim elәdim, nә dә baş әydim, dik dayanıb durdum. Mәnim üzümә baxan kimi buyurdu: boynundan zәnciri açıb azad elәyin, heç kәsin onunla işi olmasın!

Zәnciri boynumdan açdılar. Orada elә bir şadlıq, şәnlik oldu ki, daha ondan artığını tәsәvvürә gәtirmәk mümkün deyil. Biri mәnә paltar, o birisi papaq, başqası ayaqqabı bağışladı. İstәdilәr mәnim üçün pul yığıb versinlәr, razı olmadım, dedim:

“Mәnim ehtiyacım yoxdur. Allah vәliәhdә ömür versin! Siz ancaq mәnә bir at kirә elәyin, mәni Tәbrizә aparsın, Hacı Cәfәr dayının evinә çatdırsın, mәn onun kirәsini dә verәrәm.”

Pişxidmәt baş nökәrinә dedi:

“Onun üçün bir at tut, özün dә atını minib, onu Hacı Cәfәr dayıya tapşırıb, qayıt gәl.”

Mәnim başımın qәzavü qәdәri, vәliәhd hәzrәtlәrinә dua elәmәyimin sәbәbi budur. İndi sizdәn insaf üzündәn soruşuram: әgәr mәn hәr nәfәsdә vәliәhdin canına dua elәsәm onun bәxş etdiyi nemәtin şükürünün öhdәsindәn gәlә bilәrәmmi? Mәnim diri qalmağıma o bais oldu. Arvad-uşaq sahibiyәm, onlara ruzi qazanıramsa, yenә dә onun mәrhәmәtindәndir ki, mәnә hәyat bağışlayıbdır. Hәqiqәtdә vәliәhd mәni dirildibdir. Allah vәliәhdә ömür versin. Diri olduqca, ayıqlıqda da, yuxuda da, yeyәndә dә, içәndә dә, oturanda da, duranda da bu dua mәnim dilimdәn düşmәyәcәkdir. İndi buyurun görәk mәn düz iş görürәm, ya yox? Allah vәliәhdә ömür versin!”

İxtiyarsız olaraq mәn köyrәldim, hönkür-hönkür ağladım. Yәhya dedi:

“Ay canım, niyә ağlayırsan? Allaha şükür, mәni öldürmәdilәr, yandırmadılar, diri-diri qәbrә qoymadılar.”

Dedim:

“Bu bәdbәxt, sahibsiz millәtin halına ağlayıram. Gör bu yazıqların qiymәti nә qәdәr ucuz imiş, gör xalqı kimlәrin әlinә tapşırıblar!”

Çarvadar soruşdu:

“Bu hansı vәliәhddir?”

Yәhya dedi:

“İndi böyüyübdür, Tәbrizdәdir. Adı Müzәffәrәddin mirzәdir. Hamınız deyin: "Allah vәliәhdә ömür versin!"”

Hamılıqca dedik. Bu vaxt gördüm İbrahim bәy heyran-heyran baxır. Nә o qovun yedi, nә dә biz zәhrimar elәdik. Bostançının pulunu verib qalxdıq.

İbrahim bәy atını Yәhya ilә yanaşı sürürdü. Mәn dә onun yoldaşı ilә hәmcilov idim. Sözarası yoldaşına dedim:

“Axı belә mәmlәkәtdә necә yaşayırsınız?”

Dedi:

“Әmican, hamımızın mülkümüz, әhli-әyalımız var. Bunları qoyub gedә bilmirik. Bir tәhәr yana-yana dözmәliyik. Vәtәn sevgisidir, nә elәmәk olar.”

Dedim:

“Şeyx Sәdi neçә әsr bundan әvvәl buyurmuşdur:

"Sәdi vәtәn eşqi doğru hәdisdir,

Fәqәt mәhrum qalıb ölmәk çәtindir".

Öz arxama mültәfit olub gördüm İbrahim bәy bizim söhbәtimizi eşidir. Tez ağzımı yumub, xımımı kәsdim. Bununla belә, İbrahim bәyin baxışlarından dilxor olması mәlum idi. Mirzә Abbas dedi:

“Doğrudan da, allah vәliәhdә ömür versin! Siz allah, hamınız deyin "amin!"”

Hamımız "amin!" dedik. Mirzә Abbas yenә dә ixtiyarsız olaraq dedi:

“Әgәr vәliәhd bir az gec yetişsә idi, biçarәni diri-diri quyulayardılar....”

Hacı Möhsün ağa dedi:

“İbrahim bәyin yazdığı kimi, mәtin iradәli, tәdbirli bir vәzir şahın istәklәrini icra etmәk әzmindә olub, İranda qonşuların müdaxilәsinә vә tәsәllütünә yol vermәsә, әlbәttә, İran tәrәqqi edәcәkdir. Ancaq iki gündür ki, bu sәyahәtnamә mәni çox narahat elәyibdir. Doğrusu, mәn İranı bu dәrәcәdә pәrişan bilmirdim. Әgәr İbrahim bәydәn başqa bir adam onu yazsa idi, inanmazdım. Lakin İbrahim bәyin özü İran haqqında o iddiada olduğu halda, o qәdәr qeyrәt vә tәәssüblә indi bunları yazmışdır. İstәr-istәmәz qәbul etmәlisәn. Hәlә heç bәid deyil ki, İbrahim bәy yenә dә zati qeyrәt vә tәәssübünә görә bir para işlәrin üstünә pәrdә çәkib ört-basdır etmişdir.”

Mirzә Xәlil İsfahani dedi:

“Hәr halda belә qalmayacaq, çünki zaman o zaman deyil. Әlbәttә, dünyanın tәbii seyri öz-özünә bütün nöqsanları aradan aparacaqdır. Bundan әvvәl bütün yer üzü vәhşiliklә dolu idi. Belә xәyal elәmәyin ki, Qәrb millәtlәri elә anadan mәdәni doğulmuşlar. Heç vaxt vәhşiliklәri olmamışdır. Xeyr, belә deyil. Eşitdiyimә görә, İspaniyada günlәrin birindә baş ruhanilәrin mәclisindә günahsız bir cavanın töhmәtlәndirilib yandırılması haqqında fitva verildi. Şәhәr meydanının ortasında hamının gözü qarşısında çoxlu odun qalayıb, üstünә neft sәpib odladılar. Ölümә mәhkum olunmuş cavanı oda atmaq istәyirdilәr. Bu vaxt cavan padşah Fridlan oradan keçirdi. Nә hadisә üz verdiyini soruşdu. Dedilәr: "bu cavan baş ruhanilәrin mәclisindә mәhkum edilmişdir. Odda yandıracaqlar". Cavan, rәhmli padşah insanlıq vә tәrәhhüm üzündәn dedi: "yazıq, hayıf!" Sonra tez oradan ötüb keçdi.

Müttәhimi yandırandan sonra baş ruhaniyә xәbәr verdilәr ki, şah meydandan keçәrkәn o, müttәhim cavanı görüb insanlıq vә tәrәhhüm üzündәn dedi: "yazıq, hayıf!"

Bunun üçün keşişlәr iclas tәşkil elәdilәr, müzakirәyә başladılar. Belә qәrara gәldilәr ki, padşahın ürәk yanğısı vә hayıf demәsi şәriәti vә mәzhәbi tәhqir etmәkdir. Ona görә dә gәrәk padşahın özü dә yandırılsın.

Bu xәbәri padşaha çatdırdılar. Xәbәr verdilәr ki, iş-işdәn keçib, sizin özünüzü yandırmaq haqqında da qәti hökm çıxarmışlar. Padşah gecә yarı evdәn tәk çıxıb, baş ruhaninin evinә gedir. Evә girәn kimi özünü onun ayaqlarına salıb ağlaya-ağlaya deyir:

“Doğru demişlәr, mәn "yazıq, hayıf!" demişәm. Lakin tәhqir etmәk qәsdindә deyildim. Bu sözlәr ixtiyarsız olaraq insanlıq vә hәmnövlük üzündәn dilimә gәldi. İndi, allah xatirinә, mәnim cavanlığıma rәhm elәyin, günahımdan keçin.”

Ruhani çoxlu düşünüb, götür-qoy elәyәndәn sonra dedi:

“Sәnin yandırılmağın haqqında fitva verilibdir. Onu lәğv etmәk olmaz. Lakin bir dәllәk çağır, qoy sәnin damarına neştәr vursun, qanını şüşәyә tutsun, aparıb haman yerdә oda atsınlar ki, o yanıb sәnin günahının kәffarәsi olsun.”

Padşah razı oldu. O saat baş ruhaninin buyuruğunu yerinә yetirdi.

İndi baxın görün ki, haman millәt mәdәniyyәtin gözәl cәhәtlәrini özündә necә birlәşdirmişdir. Elә buna görә dә әrz elәyirәm ki, dünya vaxtilә büsbütün vәhşilikdәn ibarәt idi. Tәdriclә islah olundu. İnşaallah, tezliklә İran da mәdәniyyәtin gözәl dairәsinә ayaq qoyacaq, hüquq bәrabәrliyi qanunları dәrәcәsinә yüksәlәcәk. Tәrif olunduğu kimi, vәliәhd hәzrәtlәrinin niyyәtlәri İranın gәlәcәyi üçün adamda böyük ümidlәr doğurur.

Dedim:

“Mәnim ağam, başqa millәtlәrә, ya mәmlәkәtlәrә Yaponiyanın Mikado kimi ağıllı padşahı rәhbәrlik edir. Yada ki, millәti mәtbuat vә qәzetlәr qeyrәtә gәtirir, әdiblәr vә filosoflar millәtin intibahı üçün әsәrlәr yazırlar, kitablar nәşr edirlәr, onun eyiblәrini açıb göstәrirlәr, dövlәtin millәt üzәrindәki hüququnu, millәtin dövlәt üzәrindәki hüququnu müәyyәnlәşdirib, hәr bir fәrdin gözü qarşısında canlandırırlar. Belәliklә, getdikcә bәxt ulduzları doğub parlayır. Belә etmәsә idilәr, yәqin ki, bu mәqama çatmazdılar. Bәdbәxtlikdәn İranda bir adam görmәdim ki, elә bir niyyәtlә dövlәtin vә millәtin eyiblәrini qәlәmә alsın. O ki, İranın şairlәridir, kül başlarına olsun, bütün fikir-zikirlәri budur ki, bir Firon xasiyyәtli, Nәmrud rәftarlıya mәdh söylәyib müqabilindә çolaq bir yabı alsınlar. O ki, alimlәridir, nә әrz elәyim, iyrәnc mövhumat içәrisindә boğulurlar.

"Özü azmış necә yol göstәrsin?"

O da ki, ruhanilәridir, hәlә tәharәt mәsәlәsini şәrh etmәkdәn başları ayılmamışdır. Kitab mağazasına gedirsәn, görürsәn ki, iki-üç yüz il bundan әvvәl yazılmış kitablardan başqa bir şey tәlif olunmayıbdır. Әgәr tәzә bir kitab yazılmışsa da, mәzmunu haman köhnә kitabların mәzmunudur. Yalnız adını dәyişmişlәr.

Bir vәzir vә ya sәrdar görmәdim ki, qoşun quruluşu, topxana, siyasәt, dövlәt quruluşu, rәiyyәtpәrvәrlik maliyyatı toplamaq qaydaları, hökumәt qanunları vә bәrabәrlik haqqında bir kitab yazmış olsun. Ümid ağacı öz-özünә göyәrib bar vermәz, әgәr bar gәtirsә dә ondan istifadә etmәk olmaz. Onun meyvәsi meşә ağaclarının meyvәsi kimi acı, turş vә mәzәsiz olar. Amma әgәr mәdәni üsulla bu ağacı әkib becәrsәk, әlbәttә, barı lәzzәtli vә şәkәr kimi şirin olacaq....

Amerikalılar torpağın mәhsulunu mәnimsәmәkdәn әlavә havadan da faydalanırlar. Onlar elektrik qüvvәsini dә özlәrinә ram edib, itaәt altına almışlar. Amma bizim ölkәdә o keçmiş tarixi vә әzәmәti ilә bircә dәnә mәktәb tapmaq olmaz ki, onun müәllimi tәqlid elmindәn başqa, mәmlәkәtin sәadәti vә millәtin xoşbәxtliyini tәmin edә bilәcәk bir elmin olduğunu anlasın. Bu genişlikdә ölkәdә bircә dәnә qәzet çıxmır. Әgәr qәzet adlı bir şey varsa, o da hәftәdә bir dәfә min zәhmәtlә daş üstündә çap olunmuş iki tikә kağızdan ibarәtdir ki, onun da mündәrәcә vә mәzmunundan nә dövlәtә, nә dә millәtә bir qәpiklik mәnfәәt yoxdur. "İran" vә "İttila" qәzetlәri hәmin iddiamızın canlı şahidlәridir.

Otuz il bundan әvvәl Yaponiya adalarında yalnız otuz qәzet var idi. Onların hamısı cәfәng vә mәnasız idi. "İttila" vә "İran" qәzetlәrindәn dә pis idilәr. İndi ölkәdә min qәzet, hәftәlik jurnal vә aylıq әdәbi-siyasi mәcmuә nәşr olunur.”

Hacı ... Tәbrizi dedi:

“Yusif, bәsdir, bәsdir. Saat yeddidir. Biri gün axşam bizim evә tәşrif gәtirәcәksiniz, söhbәti orada başa çatdırarsınız.”

Dedim:

“Tәbrizdә iyirmi gün sizә zәhmәt vermişik, daha bәs elәr, burada zәhmәt çәkmәyin.”

Dedi:

“Mәqsәd dostları, yoldaşları bir yerә toplayıb söhbәt elәmәkdir, zәhmәt mәsәlәsi ortalıqda yoxdur. Tәarüf-zad da lazım deyil. Әlbәttә, ağalar birisi gün axşam bizә tәşrif gәtirәcәklәr.”

Mәclis dağıldı, mәn dә evә gәlib yatdım.

Sәhәr tezdәn durub yeganә xaliqin dәrgahına iki rükәt namaz qıldım. Birdәn otağın qapısını taraqqa-taraqla döydülәr. Namazı qılıb qurtarandan sonra dedim:

“Kimdir?”

Mәhbubә dedi:

“Yusif әmi, mәnәm.”

Mәhbubәnin sәsini eşitcәk tәşvişә düşdüm. İbrahim bәyin әhvalının qarışdığını düşündüm. Tәlәsik soruşdum:

“Xeyir ola, nә xәbәr var?”

Mәhbubә dedi:

“İnşaallah, xeyirdir, sizә müjdә gәtirmişәm. Allaha şükür, ağa öz-özünә dikәlib, әlilә buz qabına işarә elәdi. Bildim ki, su istәyir. Verdim, içdi. Sifәti çox aydın vә fәrәhlidir. Sizә müjdә gәtirdim ki, gәlib görәsiniz, dikәlib mütәkkәyә söykәnibdir.”

Mәn ondan soruşdum:

“Haciyә xanım haradadır?”

“Bәyin yanında yatıbdır,” -- dedi.

Dedim:

“İndi ki, Haciyә xanım yatıbdır, durana qәdәr mәn ora gәlә bilmәrәm. Sәnin müştuluğun mәnim gözüm üstә. İndi get, sonra gәlәrәm. İnşaallah, yavaş-yavaş durub söhbәt dә elәr.”

Mәhbubә elә sevincәk idi ki, sanki dünyaları ona vermişdilәr. Bir saatdan sonra gedib gördüm doğrudan da dünәnkinә görә İbrahim bәyin rәngi-rufu çox dәyişilibdir. Toxdamaq әlamәtlәri üzündәn aydın görünürdü.

Mәhbubә dedi:

“Çay dәmlәmişәm.”

Dedim:

“Gәtir.”

Gәtirәn kimi piyalәni әlimdә tutub dedim:

“Bu çay İrandan gәlibdir, için.”

İbrahim bәy o saat "Ya hәqq, ya mәdәd!" deyib çayı içdi. Lakin içәrkәn gözlәrindәn yaş axırdı. Mәn onun yanında oturub, ayaqlarını ovub dedim ki, yenә dә kotlet bişirsinlәr.

Axşamüstü bağçada idim, gördüm bir qara әrәb balası gәlib, Hacı Mәsuda bir mәktub verdi vә qayıdıb getdi. Hacı Mәsudu çağırdım, gәldi. Soruşdum:

“Mәktub kimdәndir, haradan gәlibdir?”

Dedi:

“Qonşunun qızı Balaca xanıma mәktub yazıbdır.”

Dedim:

“Hәrçәnd ki, özgә mәktubunu oxumaq yaxşı deyil, amma Saleh әfәndinin tapşırığına riayәt elәmәk lazımdır. Qafil olmaq düzgün deyil.”

Mәktubu açıb oxudum. Bu mәzmunda yazılmış idi:

"Sadiq dostum Mәhbubә xanıma, sadiq dostu tәrәfindәn.

Mәnim әzizim, sevimlim, hörmәtlim, Mәhbubә xanım! Üç gündür ki, mәn dә sәnin kimi pәrişan vә könlü xәstәyәm, fәqәt bizim aramızda olan fәrq bundan ibarәtdir ki, sәnin halının pәrişanlığı vә kefsizliyin eşq ordusunun hucumundandır, mәnim isә küdurәtim qәzәb, qeyrәt vә tәәssübdәndir. Ona görә ki, yuxuda görә bilәcәyimә gümanım getmәyәn әhvalatı ayıqlıqda görüb tamaşa etmәli oldum. On iki il dostluq edib, iki bacı kimi bir-birimizә mәhәbbәt bәslәmişik, sәdaqәtlә, üzdә vә daldada vәfa vә dәyanәtlә üns tutmuşuq. Sәnin bu sәdaqәtli zәlil dostundan heç bir tәqsir vә tәrki-әdәb üz vermәmiş, öz evindәn onu tәhqir vә hörmәtsizliklә qovdun. Sәnә qulluq etmәkdәn onu mәhrum etdin. Halbuki:

Vәfadan başqa tәqsirim yox idi.

Haman saatdan titrәtmә-qızdırmaya düçar olmuşam, hәlә indi dә özümә gәlә bilmәmişәm.

Dostlardan ayrılmaq, vallah, çәtindir.

Bilmirәm mәnim günahım nәdir? Mәn sәdaqәt, dostluq, vәfa naminә sәnin yaxşılığını istәyib, nәsihәt ünvanilә dünya vә aqibәtin mәslәhәtini söylәdim. Tәәssüflәr olsun ki, mәnim sözlәrimi başqa cür qәbul elәdin. Deyәsәn, mәnim dostluq nәsihәtlәrimi şәxsi qәrәz hesab elәdin. Halbuki İbrahim bәy mәnim süd qardaşımdır. Anam ona süd vermişdir. Biz onunla bacı-qardaşıq, mәnim başqa bir xәyalım ola bilmәz. Sәnә hәr nә demişәm, hamısı xeyirxahlıq üzündәn, hәmişәbahar sifәtinin rәngi vә tәravәtinin yenidәn cilvәlәnmәsi xatirәsi vә insanlığa hörmәt naminә idi. Әlbәttә, kamil insan elә bir iş görmәz ki, onun qiymәtli cәvahirlәri özlәrini sәrraf adlandıran cahillәrin nәzәrindә mәfrәğә çevrilsin. Sәnin әmәllәrin isә yaxşı da olsa, pis dә olsa, xalqın gözündә qәbahәt vә eyibdir.

Aqil adam gül-çiçәyi tapdalayıb mәhv etmәz.

Ağıllı vә kamil adam hәr yerdә, xüsusilә tәrbiyәsiz әrәb qızlarının olduğu bir mәclisdә öz eybini açıb danışmaqdan çәkinmәli, onların istehzasından qaçmalıdır. "Töhmәtә rast gәlәcәyiniz yerdәn qaçın" -- demişlәr.

Sәnin mәhәbbәt macәran hәr bir bazarın başında danışılır. Hәrçәnd ki, mәn sәnin dostun kimi onların cavabını verirәm. Lakin nә elәmәk olar. Rüsvayçılıq tәşti damdan düşüb, cingiltisini alәm eşidibdir. Sәn evdә oturub, qapını çәkib üzünә bağlamısan, eşikdәn xәbәrin yoxdur ki, nә hәngamәdir.

Ağızlarda gәzir rüsvayçılığın.

Mәnim dostluq, yoldaşlıq vә rәfaqәt alәmindә vәzifәm bundan ibarәtdir ki, hәmişә sәnin mәslәhәtini deyib göstәrim, sәnin iltifatsızlığından incimәyim, tәhqirlәrin müqabilindә dostluğumuzu qırmayım. Әgәr sәn mәni min dәfә yanından qovsan da, yanına çağırsan da, atsan da, tutsan da mәn sәndәn incimәyәcәyәm vә dostluq borcunu yerinә yetirәcәyәm.

Mәni qovsan da qapıdan, gәlәrәm pәncәrәdәn.

Sәnin işıqlı könlün yaxşı bilir ki, mәn әvvәlki dostluq haqqını әsla itirmәmişәm, әhdü vәfada hәmişә möhkәm dayanmışam.

Vәfa gülşәnimә dәymәmiş xәzan.

Dostluq vә sәnә mәhәbbәt binası ürәkdә elә möhkәmdir ki, heç bir hadisәnin fırtınası onun әsasını sarsıda bilmәz. O mәtin qala Krupp topları ilә belә dağılmaz. Bununla belә, yenә dә sәnә deyirәm:

Sәnin könlünün güzgüsü saf vә hәr bir küdurәt vә xәyanәtdәn tәmizdir. Sәnin bütün fikir vә xәyalların müqәddәs vә pakdır, hәr cür qәrәzdәn uzaqdır. Lakin nә etmәk olar ki, xalqın nәzәrindә onlar mәnfur vә mәrduddur. Belә olduqda hәr bir ağıllı kişi vә qadının vәzifәsi şәxsi ad-sanını vә heysiyyәtini qoruyub saxlamaqdan ibarәtdir. Adam gәrәk elә rәftar elәmәsin ki, onun hәrәkәtlәrindәn başqalarının könlü sınsın, özgәlәrinin ürәynnә xal salmış olsun. Belә bir adam heç kәsdәn mәhәbbәt görmәz, onu heç bir mәclisdә yaxşı qarşılamazlar, hamı ondan qaçar, hәr bir kәs ona yanaşmaqdan imtina edәr. Bunları yazmaq sәni ürәkdәn sevәn dostunun vәzifәsidir. Mәn bunlar üçün sәnin boynuna minnәt qoymaq fikrindә deyilәm. Fәqәt deyirәm:

"Görmәsin aqil gәrәk bir iş ki, peşmanlıq verәr".

Dostlara dostluq edirsәn, bu işin yox minnәti,

Düşmәnә versәn öyüd, onda sәfalı dostsan.

Keçmiş adamlar gözәl sözlәr söylәmişlәr. Biz gәrәk onların göstәrişlәrinә әmәl edәk:

Dost odur ki, sәnin bütün eybini

Güzgü kimi dik üzünә söylәyә.

Düşmәn üzdә susar, dalda danışar

Daraq kimi min dil ilә özgәyә.

Kaş dünәn gecә bizdә olaydın, öz gözünlә görә idin ki, bu tәrbiyәsiz әrәb qızları ilә gecә yarısınadәk necә dalaşıb, sәnin tәmizliyini müdafiә elәyirdim. Onlar mәni dә sәninlә bir tutub dedilәr elә roman oxuyanların axırı belә olar, onlar nәhayәt eşqә, sevgiyә qoşulurlar. "Bon-bon, nu-nu" elәyib, firәng dilini bilmәklә fors elәmәyin sәmәrәsi bundan başqa bir şey ola bilmәz.

Qorxuram inciyәsәn, yoxsa uzundur mәtlәb....

Ola bilsin ki, bu vaxtadәk özün dә dostunu evindәn qovmağının qәbahәtini başa düşübsәn, eybi yoxdur:

Eşqin bu kimi әdası boldur,

Tәsbihi xaç eylәyәn dә oldur.

Sәnә sağlıq dilәyәn vә sәni sevәn hәqir, fәqir Rәfiqәn".

Mәktubu әvvәlindәn axırınadәk oxudum, yenә dә zәrfin ağzını yapışdırdım, Hacı Mәsuda verib dedim:

“Apar ver Mәhbubәyә, cavabını yazandan sonar gәtir, mәn oxuyum. Ola bilsin cavabında elә bir şey yazar ki, onun sәlahına olmaz. Ancaq o anlamasın ki, mәn bilmişәm.”

Hacı Mәsud mәktubu apardı. Sabahı gün cavabını gәtirib mәnә verdi. Mәktubun cavabı belә idi:

"Mәhbubә tәrәfindәn rәfiqәsinin mәktubunun cavabı:

Bu mәktub Mәhbubә tәrәfindәn öz sadiq rәfiqәsinә yazılmışdır. Mәnim әzizim! Sәnin mәktubunu alıb, diqqәtlә, dönә-dönә oxudum. Sәn öz alәmindә bu şairanә sözlәri vә әdibanә yazıları guya dostluq vә sәmimiyyәt vәzifәsi üzündәn yazmısan. Kaş mәnim әhvalım Leylinin zülfü kimi pәrişan olmaya idi, bәsirәt gözlәrim isә Züleyxanın gözlәri kimi işıqdan düşmәyә idi, yaxşı tәbim vә bir dә hәr bir incәliyi seçәn qüdrәtim olaydı ki, sәnin bu mәktubuna cavab vermәkdә aciz qalmaya idim. Öz acizliyimә vә bacarıqsızlığıma etiraf etmәyә idim. Fikrin vә qәnaәtin sәhv olmasa da, yazdıqların düzgün deyil. Әlbәttә, qәdim zamanlarda dostluq әsasları çox möhkәm idi. Mәhәbbәtin ülviyyәti dünya malının hәvәsinә düşmәk dәrәcәsinә alçalmamışdı. Sәdaqәt süfrәsi başında duz-çörәk kәsmiş dostlar onun haqqını uzun illәr boyu itirmәz, hәmişә bahar gülü kimi tәravәtini mәhәbbәt vә yeganәlik buludundan sezәn vәfa etibar yağışı ilә artırar. Üzdә vә daldada yekdillik tellәrini möhkәmlәndirәr vә bir-birinin hörmәtini saxlardılar.

Dostluq yolunda öz malını, canını qurban verib dilinә bir kәlmә belә söz gәtirmәyәn, dostluq yolunu badamın içindәki mәğzinin iki lәpәsi kimi canbir, qәlbbir başa vuranlar az olmamışlar. Mәn heç nәyi bilmәsәm dә, dostluq qәdrini vә borcunu yaxşı bilirәm. Dostluq yolunun ilk mәnzimi dost yolunda dostun yolunun ilk mәnzimi dost yolunda dostun malından vә canından keçmәsidir. Dostun öz dostuna nәsihәt vermәsi dә onun әsas vәzifәlәrindәndir.

Mәnim әziz rәfiqәm! Sәn kәlәfin ucunu itirmisәn. Elәdiyin nәsihәtlәrdәn belә mәlum olur ki, mәni dәli hesab edirsәn. Sәn hәlә dәliliklә eşq vә eşqbazlıq arasındakı fәrqi anlamamısan.

Aşiqә sәbr et demәk, әlbәttә ki, әfsanәdir.

Tәәssüf ki, mәn aşiq deyilәm, әgәr aşiq olsaydım, özümü dünyanın xoşbәxtlәrindәn biri hesab edәrdim. Kaş mәn dә aşiq olaydım. Mәnim dә adım Züleyxa, Leyla, Әzranın adları kimi şairlәrin vә әdiblәrin kitablarını zinәtlәndirәydi.

Mәnim әzizim, eşq tamamilә başqa şeydir. Eşqin әzәmәti o qәdәr alçalmamışdır ki, sәn onu oyuncaq adlandırırsan. Sәn hәr bir sözündә "eşqbazlıq" ifadәsini işlәdirsәn. Eşqi oyuncaqla bәrabәr sayma, sәnin üçün eyibdir. Oyun oyundur, mәhәbbәt dә mәhәbbәtdir. Bundan әlavә, mәn bunların ikisindәn dә uzağam.

Rica edirәm, bundan sonra kәdәrli ürәyimi yersiz mәzәmmәtlәrinlә incitmәyәsәn.

Allah sәnә әcr versin.

Mәnә baxsan mәhәbbәtlә nәzәr qıl,

Yanar könlün, gәl ahıldan hәzәr qıl!

O ki, yazmısan guya mәn sәni öz evimdәn qovdum, әsla belә deyildir. Bu böyük bir böhtandır. Bәy yalqız vә pәrәstarsız idi. Xәstәnin qayğısına qalmaq vacib olduğuna görә ürәyim onun yanında idi. Buna görә dә oraya tez getdim. Bu tez getmә bir dә onun üçün idi ki, sәn eşqbazlıqdan az danışasan, mәnimlә hәmdәrd olmasan da bari sakit dayanasan. Mәnim pәrişanlığımı eşqbazlıq hesab etmәyәsәn. Hәr halda sizin dediyinizi qәbul etsәm dә, bu yenә dә kәnizin öz ağası vә ixtiyar sahibinә sәdaqәtini vә vәfalılığını göstәrәcәkdir. Ancaq bu sözlәrin nә faydası var. Sәn ki, bu әhvalatdan uzaqsan, belә şeylәri bilmәmәkdә dә sәnin tәqsirin yoxdur.

Mәhәbbәt elәyib tәşrif buyursan.

Bu ev öz evindir, can sәnә qurban!

Sәni istәyәn Mәhbubә."

Mirzә Abbasın evindәn bir az şirni gәtirmişdilәr. Alıb Haciyә xanımın qulluğuna göndәrdim. İbrahim bәyin әhvalının yaxşılaşması mәni çox sevindirmişdi. Bu gün keçmiş günlәrә nisbәtәn halı yaxşı idi. Hәrәkәtlәrindәn xoşuna gәlәn әlamәtlәr görünürdü.

Axşamüstü mәn Haciyә xanıma dedim:

“Bu gecә mәni Hacı ... Tәbrizi qonaq çağırıbdır. Әgәr izin versәniz gedәrәm.”

Buyurdu:

“Get.”

Getdim, hәlә heç kәs gәlmәmişdi. Qonaqlar yavaş-yavaş gәlib toplaşdılar. On iki nәfәr idik. Mәclisdә tanımadığım bir adam var idi. Guya Firәngistandan gәlmişdi. Çay içdikdәn sonra yenә dә qonaqçımız olan Hacı zarafat elәmәyә başlayıb dedi:

“Yusif әmi, de görüm Tәbrizdә nәlәr gördün?”

Dedim:

“Mәn ki, bir şey görmәmişәm, amma bәy әfәndi gördüklәrini yazıbdır.”

Dedi:

“Mәn ölüm, di söylә!”

Dedim:

“Bir şey dә görmüşük, lakin İbrahim bәy yazmayıbdır.”

“O nәdir,” -- deyә soruşdu.

Dedim:

“Günlәrin birindә sizin hücrәnizdә әylәşmişdik. Poçt qulluqçusu sizin qardaşınızın mәktublarını gәtirdi. Orada başqa bir adam da var idi. O soruşdu:

“Mәnim adıma mәktub varmı?”

“Bu iki zәrf sizin adınızadır,” -- dedi vә mәktubları çıxarıb verdi.

O adam mәktubu zәrfin içindәn çıxarıb paketi İbrahim bәyә tәrәf tulladı, guya külәk onun yanına apardı. Ancaq mәlum idi ki, bu işi qәsdәn elәdi. İstәdi İbrahim bәy onun ünvanı, lәqәblәri vә şanının yüksәkliyini anlasın. İbrahim bәy dә mәtlәbi duydu, yavaşca gözaltı baxıb dedi:

“Möhtәrәm Hacı ağa, zәhmәt çәkib bu qәdәr lәqәbi yazmaqdansa yaxşı olardı ki, bir kәlmәdә xülasә elәyib yaza idilәr ki, allahın hüzuruna çatacaq.”

Hacı gülümsәyib dedi:

“Nә elәmәk olar, indi rәsm belәdir ki, hәr kәsin şәninә vә rütbәsinә görә ünvan yazsınlar.”

İbrahim bәy dedi:

“Bu nә rәsmdir? Әziz vaxtlarını bu kimi boş, mәsrәfsiz sözlәri yazmağa onları mәcbur edәn nәdir?”

Burada on altı kәlmә söz var: "Sәmimilik ifadә edәn bu әrizә Tәbriz Darüssәltәnәsindә yüksәk mәqamlı, cәnab, müstәtab, lәqәblәrә ehtiyacı olmayan böyüklәrin, tacirlәrin ümdәsi, әyan-әşrafın seçilişi, xalqın böyüyü, әziz qiblәmiz, başımızın böyüyü mәşhur xәrәzi Ağayi Hacı Ağa Qaracadağinin (allah onun yüksәk iqbalını әbәdi etsin) yüksәk xidmәtinә çatıb, nәzәrindәn keçirilәcәkdir".

İbrahim bәyin qanı qaraldı. Hacı da bәdmәstliyә başladı. Sizin qardaşınız qәhqәhә ilә gülürdü. Az qalmışdı ki, әlbәyaxa olsunlar. Xәrәzi Hacı Qaracadaği küsdü, qeyzlә durub getdi.”

Firәngimaab nabәlәd kişi idi:

“Doğrudan da, nә qәdәr mәnasız vә axmaq rәsmlәrdir. Heç bәid deyil ki, yavaş-yavaş allahlıq lәqәbi dә onların şanlarına şikәstlik gәtirә.”

Fransada prezidenti bircә "müsyö" kәlmәsilә yazırlar. Bununla da onun şan vә cәlalı tükün ucu qәdәr әksilmir. Әslәn onlarda iki lәqәb yoxdur ki, yazsınlar da. Birinә xitabәn mәktub yazarkәn nә kitabda, nә dә mәktәbdә ikinci ünvan görmәmişlәr. Onlar uşaqlıqdan ikinci lәqәb eşitmәmişlәr. Mәn bilmirәm bu İran camaatı cәfәng sözlәr tapmaq üçün öz әziz vaxtlarını nә üçün hәdәrә verir. Nә üçün bu çәtin, ağır tәkliflәri xalqın boynuna bağlayırlar. Kitablarda vә mәktublarda o qәdәr mәsrәfsiz, dolaşıq sözlәri mәtlәbә qatırlar ki; kitabları vә mәktubları qәlizlәşir. Belә ki, adam bir saat oxuyandan sonra heç nә başa düşmür. Mәtlәbin nә başı var, nә dә ayağı. "Tarixi-Vәssaf"ı üç dәfә oxumuşam, indi onun bir kәlmәsi dә yadımda qalmayıbdır. Ay insafsız, adam da bu qәdәr zәhmәt çәkib özünә lәnәt qazanar? Elә bir adam tapmaq olmaz ki, onu oxuyub müәllifinә lәnәt oxumasın. Ona görә ki, әslәn bilinmir ki, Çingiz nә qәlәt dartmış, nә kimi zülmlәr etmiş, bunları nә üçün, nәyin xatirinә elәmişdir? Yaxud, Hülaku nә kimi әbәs iş görmüşdür. Bütün bunlarla birlikdә belә bir çәtin kitabı verirlәr mәktәbli uşağın әlinә. Yazıq uşaq oxuyub bir şey başa düşmәyәndә ağac-fәlәqqә ortalığa gәlir. Halbuki müәllim özü dә o kitabdan bir şey anlamır. Müәllif isә onu yazarkәn mәzmunu nәzәrә almayıb, özünü göstәrmәk, izhari-fәzl etmәk üçün harada bir çәtin lüğәt varsa, onu öz әsәrinә daxil etmişdir.

Bir insaflı yazıçı yazır ki, iranlıların әcәb tamaşalı inşası var. Yazılarının elә bir kәlmәsi yoxdur ki, oradakı yalan şahidsiz vә sübutsuz olmasın. Hara ki, "vasil" sözü gәldi, hökmәn gәrәk "hasil" sözü dә gәlib quyruğuna yapışsın. Nә vaxt "vücud" kәlmәsini gördüm olmadı ki, "zicud" kәlmәsi onun yanında gәlmәsin, "Mәzac" -- "vәhac"dan ayrılmır, birinci sәhifәnin axırında "druq" oxudunsa әlbәttә ikinci sәhifәnin әvvәlindә "bifruq" görәcәksәn, "xidmәt" dә ki, "rüfәtsiz" ola bilmәz! Yazmışlar ki, günlәrin birindә neçә nәfәr ağzı yava bir yerә toplaşmışdılar. Şerdәn, nәsrdәn hәr hansı nә yazmışdısa o mәclisdә oxuyur vә öz әsәri ilә öyünürdü. Әdiblәrdәn biri qurşağındakı lülәlәnmiş kağızı vüqarla çıxarıb, tәmtәraq vә tam iftixarla oxumağa başladı: "Qәlәmin bulutlarından sızan yağışla söz gülüstanını hәmişә yaşıl saxlayıb, onun tәravәtini artıran tәbimin yüksәkliklәrdә pәrvaz edәn şahbazı öz әlvan qanadları ilә mәna çiçәklәrini boyuyub zinәtdәndirir, indi qәzavü qәdәr kimә sürәtlә çapan hümmәtimin atını sәyirdib şer bәzmindә hәqiqәt çiçәklәrini süslәmәk, fikir yengәsi vasitәsilә bakir sözlәri xәyal örtüyü arxasından çıxarıb bәlağәt gәrdәyinә gәtirmәk, şahidi-mәqsudun üzündәn qәm vә kәdәr lәkәlәrini fәsahәt rayihәsilә silmәk, kәrәm qәdәmini kani-kәramәt qәsrinә basıb, zәmanәnin nәhәngindәn ürәyimi...."

Elә buraya çatanda, bir bucaqda әylәşmiş, saçları pırtlaşıq bir kişi ucadan bağırıb dedi:

“Ay atası filan, dinsiz, nә deyәcәksәn tez de, mәndә ki, hövsәlә qalmadı; bu "kina-kәrәm"lәrin nә qәdәr davam elәyәcәk, axırı nә olacaq. Ay xalqın canının düşmәni, bu yava sözlәri yazmaqdan mәqsәdin nәdir? Bir de biz dә anlayaq, bu әdiblәrdәn hankısı desә ki, mәn anladım, qәlәt elәyir. Desin görәk nә anlayıbdır. Hәlә bu qәdәr yava-yava danışığınız adamın zәhlәsini tökәn bir әda ilә söylәmәyiniz bәs deyil, özünüzdәn dә razısınız, tәvәqqeiniz var ki, mәclisin yuxarı başında әylәşәsiniz, istәyirsiniz ki, yol gedәndә sağınızda-solunuzda qaravul-yasavul dayanıb camaata desin ki: "Yol verin, kәnara çәkilin, әdib gәldi". Kül sizin başınıza olsun! Bu fәzilәtinizdәn dünya vә axirәtdә özünüzdәn nә yadigar qoydunuz ki, onunla dövlәt vә millәt fәxr elәsin, yaxud ondan yoxsullara bir xeyir dәysin? Dәlinin biri dәli, heç anlayırsan ki, bu faydasız, boş sözlәrinlә camaatı mәәttәl elәmisәn? Ömrünün iyirmi ilini naqqallığa sәrf elәmisәn, indi bir sәtir boş cәfәng sözü şәrh etmәkdә aciz qalmısan. Sizdәn soruşuram söz mәnaya tabe olmalıdır, ya mәna sözә? Siz özünüzün vә bizim vaxtımızı bu cür tәlәf elәyib qurtarınca, firәngli öz biliyi ilә bir maşın icad elәyir. Onun mәnfәәtindәn bir kürur frank qazanır, gecәni dә asudәliklә yatır. Siz isә sabah bir fironsifәt zalımdan beşcә tümәn әnam almaq üçün gecә üç dәfә yuxudan durub şam yandırır, yalan-palandan tapıb şer yazırsınız.”

Xülasә, saçı pırtlaşıq kişi çox danışdı. O, sadә danışığına görә sözlәrindәn әdiblәr bir şey başa düşmәdilәr. Bәli:

Aşinalar anlayarlar bir-birin.

Mirzә Abbasdan bu adamın kim olduğunu soruşdum.

Dedi:

“Mazandaranlıdır. Marseldә sakin olub, İran üçün әmtәә alıb göndәrir.”

Öz-özümә dedim: "Kaş İbrahim bәy burada olaydı. Necә dә onun zövqünә uyğun adamdır!"

Hamını şama dәvәt elәdilәr. Gedib süfrә başında oturduq. Xörәk yeyildi. Şamdan sonra Hacı Möhsün ağa soruşdu:

“Yusif әmi, "Sәyahәtnamә"dә qeyd olunmuş bu "Möhtәrәm vücud" kimdir? İbrahim bәyi vәzirlәrin, başçıların vә bu kimi adamların yanına aparıb ona bәlәdçilik edәn kim olmuşdur?”

Dedim:

“Kirmanlı Mәşәdi Hәsәn bәlәdçilik elәmişdir. O da Hacı xanın kömәyi vә mәslәhәti ilә olmuşdur. Bu Mәşәdi Hәsәn hәr şeydәn xәbәri olan bir yaxşı adamdır. İbrahim bәyә söz veribdir ki, ayda bir mәktub göndәrib Tehranın, bәlkә dә bütün İranın vәziyyәtini olduğu kimi yazsın. Çox mәlumatlı, bir neçә dil bilәn adamdır.”

Yenә dә Hacı soruşdu:

“Çox gözәl, bәs bu "möhtәrәm vücud" hansı qanunu yazıbdır?”

“Mәn öz gözümlә görmәmişәm,” -- dedim.

Yenә dә o mazandaranlı sözә başlayıb dedi:

“Baba, allah xatirinә, İranda qanun harada idi? Orada nizam-intizam nә qayırır? Arabir deyirlәr şahın buyruğuna görә sәrxoş adamları tutub cәrimә elәyirlәr. Sonra özlәri haman cәrimә babәtindәn aldıqları pulu çaxıra verib aşkara içirlәr. Qumarbazı әzab-әziyyәtә düçar edib, kötәk gücünә ondan aldıqları pulu özlәri fahişәyә, cındaya verirlәr. Qanunum hökmü gәrәk hamı haqqında eyni dәrәcәdә, istisnasız icra edilsin. Qanunu icra edәn orqan gәrәk qanunverici orqandan tamamilә ayrı olsun, gәrәk cәrimәnin hökmünü biri versin, cәrimәni başqası alsın vә o hökmü yerinә yetirsin. Cәrimә verәnlә cәrimәnin ödәnilmәsi haqqında hökm verәn hakim küçә-bazarda bir-birinә rast gәldikdә bir-birlәrini tanımamalıdırlar. Cәrimә verәn hәmin şәxsin hökmü ilә dünәn filan qәdәr cәrimә verdiyini bilmәlidir. Әgәr qanunda xüsusi şәrtlәrә yol verilmәsә, onda hәr kәsin haqqında bir cür icra olunar. Qanuna hamıdan әvvәl hakim özü tabe olmalıdır.

Qanuna riayәt etmәkdә, hökmü icra etmәkdә hakimlәr gәrәk heç bir tәrәfgirliyә yol vermәsinlәr. Hambal birinin on qara pulunu yesә cәzalanmalıdır. Әgәr hәmin cinayәtә başçılardan birisi mürtәkib olsa, o da eyni cәzanı almalıdır.

Bizim İranımızda qanun adında kağız üzәrindә bir hәrf belә yoxdur. Әgәr bir adam desә ki, vardır, yalan deyir. Ancaq İranda hakim, ya rәiyyәt, hәrbçi vә ya adi vәtәndaş olmasından asılı olmayaraq hәr kәsin kәllәsi bir qanun qalasıdır. Görürsәn kişi gedib öz xahişi ilә sәrbaz olur ki, qolçomaqlıq elәyib, hamıya zor desin. Әgәr, işdi, onun daxil olduğu qoşun hissәsi sәfәrә çıxmalı olsa, bir fәhlәdәn, hambaldan icarә elәyәcәk, adını, paltarını ona verәcәk, öz yerinә göndәrәcәkdir. İndi "ya allah, babam, get sәfәrә" -- deyә sağını-solunu bilmәyәn hambalları tәcrübәli hәrbçilәr yerinә müharibәyә göndәrәcәklәr. O da ki, bilmәyәcәk, "sağa dön" nәdir, "sola dön" nәdir. Hamısı onün üçün birdir.

Qanun olsaydı, sәrtipin nә hәddi var idi ki, sultanı hәrbi qulluqdan azad elәsin, yaxud sәrhәng nәçidir ki, sәrbazı vurub öldürsün. O, dövlәt xәzinәsindәn maaş alır, daha sәrbazın ölüm-dirimi sәrhәngin ixtiyarında olmamalıdır.

Qırx ilin әrzindә İranda vur-tut qırx karxana açılıbdır -- bez, büllur, çini qab, buz, dәri, kibrit, şәkәr, mahud vә s. Filan maşını, filan çәrxi, filan vәsaiti almaq üçün hey puldur ki, bir ucdan firәngistana göndәrirlәr. Bunlar da gәlir İranda mәsrәfsiz yatıb qalır. Mәzәli budur ki, padşah hökm edir ki, bәzi şeylәrin alınması üçün göstәriş verilsin. Xarici işlәr naziri o dәqiqә hazır olub şaha әrz elәyir: "Bәli, qurbanın olum, yazaram filan sәlahiyyәtli nazir tәdarük görәr". Bundan istifadә edәrәk üç-dörd mәclisdә hәr kәs bacardığı qәdәr qarәtçi vә talançı quldurlar kimi öz payını hәmin fәrmayişdәn әlә keçirir. Pul gedir, amma nә gәlir -- mәlum deyil.”

Bәs nә üçün olmadı? Necә oldu? -- "Qanun yoxdur, qanun yoxdur" -- demәklә özündәn çıxdı. Ağzına gәlәni demәyә başladı. Qonaqçımız Hacı dedi:

“Cәnab Rza xan, siz özünüz dә bir vaxt bu başçılardan biri idiniz. Amma sәrhәng-sәrtiplәrin eybini indi açıb söylәyirsiniz. Mәlum olur ki, bu sözlәri demәyә sizi firәngimaablıq mәcbur elәyir.”

Rza xan dedi:

“Xeyr, әsla! Bunu göstәrmәk üçün mәnim min şahidim var. Mәnim vicdanım belә nökәrçiliyә razı olmadı, ona görә dә әl çәkdim. İndi alnımın tәri ilә bir tikә çörәk yeyirәm. Atadan-babadan nökәrçilik elәmişәm. Bizim atalarımız üzürlü idilәr. O vaxt barbarlıq zamanı idi, onlar da başqaları ilә bir mәslәkdә idilәr. Lakin indi mәn baxıb görürәm ki, Fransa qoşununda bir kapitanın hüququ, vәzifәsi nәdir, mәnimki nәdir. Әgәr başqa yoldaşlarım kimi başımı aşağı salıb getmәsәm, mümkün deyil. Әgәr onlarla yoldaşlıq elәsәm öz nәfsimin vә vicdanımın yanında başı aşağı olacağam. Buna görә dә boynumdan atdım. Baxıb gördüm ki, belә hallarda insanlıq mәdәniyyәt qoxusu firәngimaablıqdan daha aydın saçılır. Mәn bu mәslәki bәyәndim, mәdәniyyәt yolunun yolçusu oldum.”

Mәn әrz elәdim:

“Xan ağa, sizin nәzәrinizcә İranda qanun hökm sürә bilәrmi?”

Gülüb dedi:

“Qanun canlı bir şey deyil ki, onu yaratmaq bәşәr qüdrәtindәn xaric olsun. Qanun qәbul edilmiş şәrtlәrdәn ibarәtdir. Misal üçün dünәnәdәk bir batman әlli misqal idisә, bu gün yetmiş misqal qәbul olunur. Lakin bu qanun o vaxt ümumi xarakter kәsb edә bilәr ki, әvvәlcә hökumәt öz anbarında olan taxılı haman çәki ilә tәbәәlәrә satsın, onda hamı qanuna tabe olacaq.”

Dedim:

“Әlli misqalı yetmiş misqal etmәk üçün elm lazımdır. Gәrәk hәr kәs bilsin ki, әllinin üstünә iyirmi artırılsa, yetmiş olar.”

Dedi:

“Elә haman iyirmini әllinin üstünә gәlsәn yetmiş olar. Amma yetmişi iki yüz yetmiş yeddiyә bölüşdürmәk üçün geniş elm lazımdır. Batmanı yetmiş misqal elәmәk üçün qәti bir hökm kifayәt edәr. Bölüşdürmәk elmi dә elә haman hökmün içindә olacaq. Düzgün hökm o vaxt baş tutar ki, mәktәblәr tәdarük edilsin, bacardıqca xarici ölkәlәrdәn onlara lazım olan vәsaiti, professor vә müәllimi çağırmaq haqqında ciddi işlәr görülsün.”

Mәn dedim:

“Xan ağa, eşitdiyimә görә qanunun işi o qәdәr dә asan deyildir ki, bu tezlikdә onun xeyir-bәrәkәtindәn faydalanmaq mümkün olsun. Bundan әlavә, deyirlәr müsәlmanların әlifbası çox çәtin vә mәnasızdır. Әlifbanın çәtinliyi üzündәn tәlim-tәrbiyәdә avropalılarla on il tәfavüt ortalığa çıxır. Misal üçün әgәr bir müsәlman uşağı avropalı bir uşaqla eyni zamanda dәrs oxumağa başlasa, avropalı uşaq öz tәhsilini müsәlman uşağından on il tez başa çatdırar.”

Rza xan dedi:

“Şübhәsiz ki, bizim әlifbamız mәnasızdır, onun çәtinliyi vә dolaşıqlığı da mәlumdur. Amma onu islah etmәk maarif idarәsinin vәzifәsidir. Әlbәttә, әgәr maarifimiz olsa. Lakin bu mәsәlәnin qanuna heç bir dәxli yoxdur. Bunun tayı göz qabağındadır. Yaponların әlifbası bizimkindәn min dәfә çәtindir. Yapon dili vә әdәbiyyatını bilmәk üçün gәrәk heç olmasa, on beş min heroqlif öyrәnәsәn. Tәdrisin qarşısında duran bütün bu maneәlәrә baxmayaraq bu millәt az bir müddәt әrzindә elm, sәnәt, ölkәni idarәetmә, rәiyyәtin rifah halının tәmini rüzumundan, vergi toplama, mәdәniyyәt kәsbetmә, gözәl әxlaq vә әdәbiyyat sahәlәrindә iki yüz ildәn artıq bu yolda gedәn Qәrb ölkәlәrini ötüb keçdi, özünü onlardan irәli atdı. İndi yaponların on dörd ali mәktәbi, üç yüz orta mәktәbi, әlli sәkkiz min ibtidai mәktәbi vardır. Elә bu mәktәblәrin dövlәtindәn ölkәnin dörd yüz hәştad milyon lirә illik mәdaxili vә mәxarici vardır. Özü dә elә bir sәnaye sahibidir ki, bu gün alimlәri heyran edibdir. Qoşun nizam-intizamı vә qorxmazlıqlarını tәriflәmәklә başa gәlәn deyil. Çinlilәrlә müharibәdә öz qәhrәmanlıqlarını vә qüdrәtlәrini yer üzünün bütün dövlәtlәrinә göstәrdilәr. Hәrçәnd ki, Qәrb dövlәtlәri әlbir olub onu öz fütuhatının sәmәrәsindәn istifadә etmәkdәn müәyyәn dәrәcәdә mәhrum etdilәr, lakin şübhә yoxdur ki, az bir zamandan sonra Qәrb dövlәtlәrinә dә әl uzadacaq, onları Şәrq mәnafeyindәn әl çәkmәyә mәcbur edәcәkdir. Bu mәnim öz әqidәmdir, әgәr diri qalsaq Şәrq vә Qәrb xalqlarının qanı ilә yaşıl dәnizin Qırmızı dәnizә tәbdil olduğunu görәrik.”

Mirzә Abbas dedi:

“İbrahim bәy dә bu müharibәnin sonunu belә yazmışdır: "Hәr halda görünür uzun sürәcәk, bu tezlikdә qurtarana oxşamır".

Rza xan dedi:

“Doğru yazıbdır, elәdir ki, var. Mәtlәb uzundur. Bu işlәri zühura gәtirәn yalnız bir nәfәrin qeyrәt vә hәmiyyәtidir ki, o da hәmin imperator Mikadodan ibarәtdir. Bu Mikadonun әcdadı özlәrini göylәrin övladı adlandırırdı. Aşağı siniflәrә mәnsub olanlardan heç biri onların üzünü görә bilmәzdi. Yalnız dәrәbәyi adlanan böyük hakimlәr ildә bircә dәfә imperatoru görә bilәrdilәr. Onlar da, indi İranda olduğu kimi, әhali ilә istәdiklәri kimi rәftar edirdilәr. Tәbәәlәri satın alınmış qul kimi döyür, öldürür, cәrimә edirdilәr. Nәhayәt, bu xoşbәxt cavan şahlıq taxtında әylәşdi. Birdәn-birә böyük bir yığıncaq çağırdı. Oraya әhalinin bütün silklәrinә mәnsub olanlardan -- vәzirlәr, yüksәk rütbәli dövlәt xadimlәri, qoşun başçıları, tacirlәr, müxtәlif peşә sahiblәri iştirak edirdilәr. Makido özü şәxsәn mәlәkәnin qolundan tutub yığıncağa daxil oldu. Oradakılara xitabәn buyurdu:

“Sizi buraya çağırmaqdan mәqsәd mühüm bir mәtlәbi söylәmәkdәn ibarәtdir. Fikrimcә, bu mәtlәbi söylәmәyin çoxlu xeyri vә mәnfәәti vardır, mәnim dә, sizin dә ondan boyun qaçırmağımız haramdır. Bilin vә agah olun ki, sizin Mikadonuz sayılan vә yüz iyirmi birinci padşah hesab olunan mәn Moçoqsud bu gün öz әcdadımın bütün adәt vә xasiyyәtlәrini tapdalayıram. Onlar özlәrini mәbud vә ya göylәrin oğlu vә sizi öz bәndә vә qulları hesab etdiklәrinә görә böyük sәhv vә xata etmişlәr. Mәn sizә deyirәm: bu saatdan etibarәn mәnimlә sizin aranızda qardaşlıq vә bәrabәrlikdәn başqa bir münasibәt ola bilmәz. Bu şahlara mәxsus olan bütün sәltәnәt imtiyazları vә mәnәvi hüquqları sizә bağışladım. İndi özümü sizlәrdәn biri hesab edirәm. Bu gündәn etibarәn parlament tәşkil edin, millәtin mәşvәrәt mәclisini düzәldin. Yapon dövlәti vә millәtinin sәadәti üçün lazım olan nә varsa hazırlayın. Bu müdafiәnin birinci vәsilәsi elm vә bәsirәtdir. Siz gәrәk mәnә övlad kimi kömәk edәsiniz, mәn dә sizi ata kimi güclәndirәrәm. Sizә dörd ay möhlәt verirәm, bәrabәrlik qanununun tәrtibatını mәnә göstәrin. Bu şәrtlә ki, haman qanun-әsasinin başında yazasınız ki, padşahın imzası olmadan millәtin mәclisdәn qanun keçirmәk haqqı yoxdur. Mәn dә sizә söz verirәm ki, mәclisin xәbәri olmadan hәrb vә ya sülhә әl qatmayım.”

Burada imperator öz nitqini qurtardı. Zülmkar dәrәbәylәr vә zadәganlar şadlıq vә sevincdәn hönkür-hönkür ağlamağa başladılar. Әlqәrәz iyirmi iki ilin әrzindә elә işlәr gördülәr ki, dünyanın asan әlifbalı xalqlarından heç birinә nәsib olmamışdı. Onların bu xariqüladә işlәri yer üzünün bütün dövlәtlәrini heyrәtlә barmaqlarını dişlamәyә mәcbur elәdi....

Uca hümmәtli ol, dünyada әrlәr

Uca hümmәt ilә yüksәlibdirlәr.

Mәclisin birinci vәzifәsi bundan ibarәt oldu ki, huşlu-başlı, qeyrәtli adamlardan iyirmi beş nәfәr seçib, altı dәstәyә ayırdılar. Dörd nәfәr Amerikaya, dörd nәfәr İngiltәrәyә, dörd nәfәr Rusiyaya ezam edildi. Kifayәt qәdәr yol xәrci verildi. Hәr bir dәstә müәyyәn olunmuş ölkәdә neçә ay qalıb, oranın siyasi vәziyyәtini, әhalisinin әxlaq vә adәtlәrini öyrәnib, hal-hazırkı vә gәlәcәkdәki әhvalını dәqiq şәkildә müәyyәnlәşdirdikdәn sonra mәclisә mәlumat tәqdim etmәli idi.

Lakin bizim dövlәt başçılarımız son vaxtlarda neçә dәfә Avropaya sәyahәtә getdilәr. Bu sәyahәtdәn yarım şahılıq istifadә elәmәyib әliboş qayıtdılar. Çünki onların mәqsәdi yalnız örtülü bir nöqtәyә tamaşa etmәkdәn ibarәt idi (daha doğrusu, hәrzәlik vә arsızlıq idi). Ondan başqa heç bir şeyә fikir vermәdilәr. Hәtta anlamağı da bir növ bidәt bildilәr. İndi siz başa düşdünüz ki, әlifbanın çәtinliyinin mәtlәbә dәxli yoxdur?

Tükdәn incә min mәtlәb burada var!

Belә fәrz edәk ki, bizim padşah özünün bütün şahlıq imtiyazlarından vә ixtiyaratından keçdi. Bir nәfәr İran hakimi vә ya başçısı öz şәxsi imtiyazlarından vәtәn sevgisinә tük ucu qәdәr fәda etmәk istәrmi? Onlar istәyirlәr ki, otuz nәfәr fәrraş-nökәrlә müşayiәt olunub tәkәbbürlә yol getsinlәr. Belә olduqda mәvacib, donluq, xәrclik, mәtbәx xәrci, töylә xәrci vә s. adlarla bir әvәzinә iki almalı, yenә dә doymamalı, mәqampәrәst adamlardan lәqәb vә mәnsәb bağışlamaq müqabilindә yüz tümәn peşkәş tәlәb etmәlidirlәr. Onlar da hәr yüz tümәnin müqabilindә biçarә rәiyyәtdәn beş min tümәn qoparmalıdırlar. Bu hesabı yüksәk mәqamlı uzun yazanlardan, yәni müstofilәrdәn soruşmaq lazımdır. Bu hesabla indi gәrәk xәzinәdә bir milyard lirә nәqd pul olsun. Ancaq mәn yәqin bilirәm ki, bir milyon da yoxdur. Allah bilir, bәlkә dә xәzinәnin quru adından başqa ortalıqda bir şey yoxdur. Hakim, mәhkum, rәis, mәmur eyni vәziyyәtdәdirlәr. İran dövlәtinin maliyyә gәlirini ildә heç olmasa otuz-qırx kürura çatdırmaq üçün heç bir mane yoxdur. Bu otuz-qırx kürur rәqәmini bizim bugünkü elmsiz mәmurlarımız deyirlәr. Әgәr alim olsaydılar, onda bu mәblәği neçәyә çatdırmaq lazım gәldiyi mәlum olardı. Gәliri bu şәrtlә artırmaq olar ki, alınan vәsait arada yeyilmәsin, iş başında olanların hәr biri on ildәn sonra iyirmi böyük kәndә sahib olmaq istәmәsin. Xәzinәyә toplanan vәsait yalnız dövlәtin vә millәtin hüquqlarının qorunması üçün sәrf edilsin.

Xülasә, söz çoxdur, hamısını demәk üçün fürsәt yoxdur. Alim mәmurlar hazırlamaq üçün gәrәk әvvәl pul tәdarükündә olsunlar. Mәsәldir, pul olmasa qazini razı salmaq olmaz.... Napoleon demişdir: müharibә üçün üç şey lazımdır -- birinci pul, ikinci pul, üçüncü dә pul. Müharibәnin әvvәli dә puldur, axırı da. İndi bu pulu haradan tapmaq lazımdır. Әgәr işlәr hal-hazırda olduğu kimi nizam-intizamsız olsa, mәlumdur ki, bu karvan axıradәk axsayacaq. Pullular, pul yığanlar vә pul toplamaqla mәşğul olanlar deyirlәr ki, guya hәr birisinin on nazirliyi vә hәr nazirliyin әlli cild qanun kitabı var. Hәr qanun kitabı da beş yüz fәsildәn ibarәtdir! Bu fәsillәrin hamısını toplasan nә az, nә çox, iki milyon yarım, başqa sözlә, beş kürur olar. Bütün bu tәfsilatın müqabilindә bizim vur-tut bircә baş sәdr-әzәmimiz vardır ki, bu iki milyon yarım fәsil qanun o cәnabın mübarәk kәllәsindәn büruz edib icra olunmalıdır. Sәdarәtpәnah hәzrәtlәri hәm sәdr-әzәmdir, hәm hәrbiyyә naziridir, hәm maliyyә naziridir, hәm daxili işlәr naziridir, hәm xarici işlәr naziridir, maarif, yol, mәdәnlәr, dәniz, xәzinә, dәrbar nazirliyi dә onun öhdәsindәdir. Bunlardan әlavә, hәr gün sәhәrdәn axşamadәk yüzlәrlә teleqram gәlir ki, onlarda taxılın bahalığından, hakimlәrin zülmündәn, mәdrәsә tüllabının tәcavüzündәn şikayәt olunür. Mәmlәkәtin ruhanilәrindәn, xarici ölkәlәrin sәfirlәrindәn, mәzlümlardan, tәcavüzә mәruz qalanlardan, hakimdәn vә mәhkumdan saysız-hesabsız mәktublar alınır.

Buyurun, bu sәdr tәrbiyә olunmuş, iş bacaran vә alim bir adam olsa belә, bu qәdәr işin müqabilindә nә edә bilәr, hansının öhdәsindәn gәlә bilәr? Tәbiidir ki, әsәbilәşmәk, söyüş vermәk, hәr kәsә bir "köpәk oğlu" deyib başından elәmәkdәn başqa әlacı olmayacaq. Bir adamda nә qәdәr sәbr vә dözüm ola bilәr? Onun xilqәti dә adicә bәşәr xilqәtindәn başqa şey deyil. Bu adamın iki yüz qulağı, yüz dili, yaxud әlli gözü yoxdur ki? Soruşuruq: dünyanın әn bacarıqlı adamını gәtirib bu işlәrin onda birini belә әdalәtlә nizama salmağı ona tapşırsalar, onların öhdәsindәn gәlә bilәrmi? -- Vallah, billah, bacara bilmәz. Vәziyyәt gördüyümüzdәn vә görmәkdә olduğumuzdan başqa cür olmayacaq.

Bütün bu nöqsanlarla birlikdә siz istәyirsiniz ki, şәhәriniz Paris kimi, qoşununuz alman qoşunu kimi, әdliyyәniz Amerika әdliyyәsi kimi olsun. Onda gözlә, qoy Qaimmәqam bağdan çıxıb gәlsin! vә ya Әmir-kәbir Kaşan hamamından çıxıb gәlsin!...

İnsan olan gәrәk xalqı yaxşılığa yönәltsin, onları pis yoldan çәkindirsin, hamı ilә eyni tәrzdә bәrabәrliklә rәftar elәsin, tәkәbbür geyimini әynindәn çıxarıb, tәvazö vә mehribanlıq paltarını geysin, ağa ilә, nökәrlә, şah vә gәda ilә bir cür rәftar elәsin. Yalan danışmaqdan, mәrdümazarlıqdan uzaq gәzsin, heç bir canlıya azar-әziyyәt vermәyi rәva görmәsin. Әgәr insan, insan olsa, ondan bir tük ucu qәdәr insanlığa xilaf olan әmәl baş vermәz....

Qanun ölkәni idarә elәmәk, qoşunu nizama salmaq, vergi toplamağı qaydasına qoymaq, tәbәәlәrin hüququnu qorumaq vә әdalәt bәrqәrar etmәkdәn ibarәtdir....

Biz nә öz milli şüurumuzdan, iftixaratımızdan xәbәrdarıq, nә dә öz hüququmuzu tanıyırıq. Özgәlәrin dә hәddini vә hüququnu bilmirik. Bunlardan bir şey anlasaq da yalnız sözdәdir, әmәlimizdә vә rәftarımızda ondan әsәr yoxdur. Elә ki, neçә nәfәrimiz bir yerә toplaşdıq, iki-üç piyalә doldurub boşaltdıqdan sonra nitqimiz açılır. Vәtәnimizin xarablığına tәәssüflәr elәyirik, millәtimizin geridә qalması üçün ax-vay edirik, әmmamә sahiblәrinin әlindәn әl-aman çәkirik, deyirik ki, onlar әmmamәni hiylә ilә qәsb ediblәr, tәharәt mәsәlәlәrindәn başqa heç bir şey anlamırlar. Ölkәnin vә millәtin pis günә qalmasının әsil sәbәblәri bu hiylәgәrlәrdir.

Tәәssüflәr olsun ki, heç bir kәsdәn eşitmәdik ki, desin: va hәsrәta ki, bizim canımızın, malımızın, irzimizin, namusumuzun qorucusu olan dövlәtimiz zәiflәmişdir. Heyif ki, bizim nazirlәrimizin min eybi var. Öz eyiblәrinin üstünün açılmasından qorxub bu әldәqayırma mollaların cilovunu çәkmirlәr. Mәlumdur ki, bunların işi oğru ilә qazinin mәsәlәsinә oxşayır. Bir alimә gәlib dedilәr: "Filan qazi oğurluq etmişdir". Alim dedi: "Elә demә, de ki, filan oğru qazilik mәsnәdindә әylәşmişdir. Yoxsa qazi oğru olmaz". Minlәrlә oğru qazi cildinә girib millәtin malına, şәriәtin namusuna göz dikmişlәr. Onları silib-süpürmәk dövlәtin, hökumәtin vәzifәsidir. Lakin dövlәt başçıları vә hakimlәrin sabiqәsi o dәrәcәdә xarabdır ki, oğrudan qorxurlar. Ona görә ki, әgәr, misal üçün, bir oğrunu tutub desәlәr ki, filan mәzlumun haqqını nә üçün pamal elәdin? Yaxud nә üçün filan zalimdәn rüşvәt alıb filan mәzlumun haqsızlığına hökm verdin? Belә olduqda oğru deyәcәk: haman dәlil vә qanunla ki, sәn dövlәtin vә millәtin hüququnu filan әcnәbiyә satdın vә oğurluğu, zülmü vә tәcavüzü dәfәlәrlә sübuta yetişmiş filan hakimdәn rüşvәt vә peşkәş alıb yenә dә filan şәhәrin hökumәtini ona tapşırdın. İstәyirsәnsә, sәnin haqsız hәrәkәtlәrini bircә-bircә üzünә sayım. Bәli, sәn açma, mәn dә ağartmayım. Yoxsa açaram sandığı, tökәrәm pambığı!

Belә olduqda münaqişәlәr öpüşüb vә görüşmәklә qurtaracaq.

Bizim nazirlәrimiz dәyanәt vә әmanәtlә işlәsәlәr zülmün kökü kәsilәr. Millәtin hamisi olan hәqiqi alimlar hümmәt elәyib qazilәri pak vә tәmiz adamlardan tәyin etsәlәr, nә dövlәtin namusu bada gedәr, nә dә millәtin malı tәlәf olunar. Hamı asayiş vә rifah içindә yaşayar. Yoxsa vәziyyәt belә gedәrsә, qeyd etdiyimiz kimi, daima hәr şeydәn xәbәrsiz adamlardan bir neçәsi, birisi Parisdәn, o birisi İstambuldan, üçüncüsü Rusiyadan qayıdan kimi, ondan-bundan eşidib tutu quşu kimi әzbәrlәdiklәri mәnasız sözlәri bir-birinin quyruğuna bağlayacaqlar. Bir adam bu kimi adamların yaxasından tutub demәlidir: "Ay anlamazlar, İranı beş il sizin bacarıqsız әlinizә tapşırdıq, bismillah, әlinizdәn gәlirsә onu islah edin". Onda palçığa batıb qalan eşşәk kimi mat vә mәbhut qalacaq, heç bir söz demәyә qadir olmayacaqlar....

Deyilsә ki, qanun, vәtәn sevgisi vә vәtәni qorumaq üçündür, onda mәn deyәrәm: heç vaxt belә deyil. Bizim sәrbazlarımız, hәtta müxtәlif tәbәqәlәrә mәnsub olan başçılarımızın әksәriyyәti hәlә bu vaxtadәk vәtәn sevgisi adını eşitmәmiş, onun şәrtlәrini başa düşmәmişlәr vә bütün bu bәlalardan xәbәrsizdirlәr. Amma qanunun yaxşı sәmәrәlәri vәtәnin halına şamil olacaqdır. Nә isә, sözün riştәsi әlimizdәn çıxdı. Yenә dә öz mәtlәbimizә qayıdaq.

Qanun vermәk vә onu icra etmәk İranda hәm çәtindir, hәm dә asan. Çәtin yolla gedәrsә, onun icrası üçün kürurlarla pul xәrclәnәr vә külli miqdarda insan qanı axıdılar. Lakin asan yolla gedәrsә, nә pul lazım olar, nә dә bir adamın burnu qanayar.

Çәtin yol bundan ibarәtdir ki, İran vәzirlәri öz ağıl vә dәrrakәlәri ilә qanun düzәltmәk mәşqinә düşәlәr. Asan yol isә odur ki, Qәrb millәtlәri iki yüz il zәhmәt çәkmiş, ürәklәri qanla dolmuş, çoxlu qurbanlar vermiş, nәhayәt, bir qanun tәrtib etmişlәr, indi onu asancasına vә fәrağәtlә icra edirlәr. Onu dәqiq tәrcümә etmәk, İranın әhvalına münasib olmayan bir para yerlәrini islah edib düzәltmәk vә icraya qoymaq lazımdır.

Mәtlәbi izah etmәk üçün mәlum bir şәxsin yazılarından neçә sәtri burada qeyd edirik. Qoy hamıya mәlum olsun ki, әsil mәtlәb bundan başqa bir şey deyil vә başqa cür dә olmayacaq. Haman mәlum şәxs belә yazır:

"Son vaxtlarda vәzirlәrimizdәn bәzisi yaxşı anlamışlar ki, qanun tәsis etmәdәn İran dövlәtini qoruyub saxlamaq mümkün deyildir. Lakin İran dövlәt başçılarının әksәriyyәti qanun tapmağın nә dәrәcәdә çәtin vә mәsul bir iş olduğunu әsla anlamamışlar. Belә xәyal edirlәr ki, hәr bir әql sahibi öz başından bir qanun düzәldib icraya qoya bilәr. Bu fikrin tamamilә yanlışlığını, bәlkә dә sәfahәtin nәticәsi olduğunu şәrh etmәk istәmirәm. Ancaq bunu әrz etmәliyәm ki, qanunların arasındakı әlaqә tellәri o dәrәcә incәdir ki, incәliklәrә vara bilәn әql onun rәmzlәrini dәrk etmәkdә acizdir, yüksәkliklәrә qanad çalan fikr isә onun zirvәsinә qalxa bilmәz.

Üç min ildәn bәri müdrik filosoflar vә ağıllı adamlar hәdsiz dәrәcәdә fikirlәşmiş vә dәrinliklәrә varmışlar. Belә ki, hal-hazırkı mütәfәkkirlәr bir yerә toplansalar da, dövlәt qanunları haqqında onların fikirlәrinә nә bir sәtir әlavә edә bilәr, nә dә ondan әksildә bilәrlәr. Hәr nә desәlәr ya o çәrçivәdәn kәnar, ya da ki, onların tәkrarı olacaqdır. Hәr bir dövlәt qanununu sistemә salmaq üçün azı iki yüz il vaxt lazım olmuşdur. Әgәr dövlәt qanunları tәsis etmәk yolunda Fransa millәtinin çәkdiyi xәsarәt vә zәrәrlәri hesablasaq, demәliyik ki, İngiltәrәdә vә Fransada әsas qanunun hәr bir sәtri üçün heç olmasa on kürur pul mәsrәf olunmuşdur. Bununla birlikdә İranın savadsız bir vәziri öz kabinәsindә әylәşib Avropanın әn gözәl qanunlarını rәdd edir. Tәәccüblü burasıdır ki, elә haman mәclisdә bircә anda firәng qanunu müqabilindә başqa bir qanun düzәltmәk istәyir, özü dә bir ucdan deyir: "Firәngilәr bu qanunları göydәn ki, gәtirmәyiblәr". Arzu elәyirik ki, bu hәzәrat әql vә şüurlarını işә salıb teleqraf, telefon, fotoqrafiya vә bu kimi şeylәrdәn dә düzәldә idilәr.

Gücüm çatsa idi, bu şüur mәnbәyi olan hәzәratı bir yerә toplayar, onlara altı ay möhlәt verәrdim ki, mәnim üçün kağız pulun mәnasını başa salsınlar. Kağız pulun mәnası lazım deyil, әgәr onlara desәm ki, parafin şamı düzәldin, onda deyәcәklәr: "Biz Rusiyaya getmәmişik vә onu düzәltmәyi öyrәnmәmişik". Lakin onlara İran kimi geniş bir ölkәnin nizama salınmasını tapşırsan, o saat ucadan qışqırıb deyәcәklәr: "Hazırıq, bu işin öhdәsindәn hamıdan yaxşı gәlә bilәrik".

Onlardan soruşsan ki, axı siz şam qayırmaq әmәlini tәhsil etmәdiyiniz halda, yalnız yüzlәrlә elmә yiyәlәndikdәn sonra müyәssәr ola bilәcәk qanunvericiliyi harada öyrәnmişsiniz? Cavabında deyәcәklәr: "Ağıl üzündәn qanun düzәldәcәyik".

Elә xәta burasındadır ki, onlar özlәrini ağıllı bilirlәr, halbuki elmsizliklәrini tәsdiq edirlәr. Qәribә burasıdır ki, bu hәzәrat indiyәdәk bu hәqiqәti anlamamışlar ki, belә bir mәqamda ağıl yox, elm lazımdır.... Elmsiz heç bir şey yaratmaq mümkün deyil. Bir xalqın әfradının ağlı Әflatunun ağlından da çox olsa, yenә dә yeni fәnnlәri öyrәnmәdәn şәhәr idarәsi, bәlәdiyyә vә mәclisin nә kimi bir mәna daşıdığını anlamayacaq, min il bundan sonra da şәhәrlәri gördüyümüz bәylәrbәyi vasitәsilә idarә olunacaqdır.

İranın tәrәqqi etmәsinin әn böyük maneәlәrindәn biri budur ki, vәzirlәrimiz öz ağlını Firәngistan elmlәri vә fәnnlәrindәn üstün hesab edirlәr.

Vәzirlәrimiz bu baxışlarının nә qәdәr dayaz olduğunu başa düşsәlәr onda İran bircә ayın әrzindә nizama düşәr. Buna heç bir şübhә yeri yoxdur ki, İran vәzirlәri ağıllı adamlardırlar, kamil әdibdirlәr, belә ki, hәr birisi neçә yüz beyt әrәbcә şer әzbәr bilir, lakin tәbәәlәr onlardan acizanә rica edirlәr ki, bu ağlı dövlәt işlәrini nizama salmaqda işlәtmәsinlәr, başqa bir yerdә sәrf etsinlәr. Neçә әsrdir ki, ağılla işlәdiniz, onun xeyrini gördünüz, lәzzәtini dә daddınız, daha bәsdir!

Mәn demirәm ki, Hacı Mirzә Ağası ağılsız idi, yaxud bu vәzir Nuri işıqsız idi. Mәn deyirәm mәmlәkәti idarә etmәk elmini oxumadıqlarına görә İran torpağını bada verdilәr. İndi insaf belә tәlәb edir ki, öz vәzirlәrimizin elminә qane olmayıb, bir qәdәr dә xarici ölkә vәzirlәrinin elmindәn istifadә edәk.

Bu tәfsilatı söylәmәkdәn mәqsәdimiz budur ki, İranda dövlәt dәstgahı nizama salınmayanadәk nizam-intizam baş tutmaz. Dövlәt dәstgahının nizama salınması iki mәsәlәdәn asılıdır: birincisi, nizam-intizamın lazım vә zәruri olub-olmadığını bilmәliyik. İkincisi isә nizam-intizam lazım olduqda bu dәstgahı nә yolla nizama salmağın mümkün ola bilәcәyini başa düşmәliyik. Bu iki cәhәti dәrk etdikdәn sonra mәsәlә asanlaşar. Sonuncu mәsәlә bәyәnilәrsә, İran dövlәtinin otuz il dә tәrәddüd etmәsi uzaq deyil.

İran dövlәt başçıları hәlә dә belә bir dәstgahın lüzumunu inkar edirlәr. Әlbәttә, onlar öz şәxsi mәnafeyini nәzәrә alır vә mәmlәkәtin nizama salınması xeyrini birdәfәlik unudurlar. Onlar indiki dәstgahın eyiblәrindәn mindә birini lazımınca dәrk edә bilsә idilәr, onda bu dәstgahın dәyişilmәsini istәmәmәlәri mümkün deyildi.

İran vәzirlәrindәn bәzisi qeyrәtli idi, onlar nizam-intizam tәrәfdarı idilәr. Lakin nizam-intizamın әsas şәrtlәrinә fikir vermәk әvәzinә bütün sәylәrini vә bacarıqlarını uzun müddәt әhәmiyyәtsiz işlәrә sәrf etdilәr.

İranda nizam-intizamın yaradılması bu mәsәlәnin dәrk edilmәsindәn asılıdır. Bu mühüm mәsәlәni İran vәzirlәrinin beyninә hәr kәs batıra bilsә, İran dövlәtinә böyük xidmәt etmiş olar.

Bunu inkar etmәk olmaz ki, son vaxtlarda bir para dövlәt xadimlәri İranda nizam-intizam yaratmaq üçün yüksәk fikirlәr irәli sürmüş vә mәnalı tәdbirlәr işә salmışlar. Lakin nizam-intizam dәstgahımız olmadığına görә bu tәdbirlәr ya icra olunmadı, ya da nәticәsi dövlәtә zәrәr vurdu. On dәfә әmr verildi ki, nökәrlәrin sayını azaltsınlar, bu haqda neçә dәfә oturub mәşvәrәt elәdilәr, mәslәhәtlәşdilәr, qәti qәrara gәldilәr, bәs o qәdәr tәkidlәrә baxmayaraq, bu cüzi vә kiçik hökm nә üçün icra olunmadı? Ona görә ki, dәstgahımızda nizam-intizam yoxdur, bizim dövlәt dәstgahımız naqisdir.

Әgәr daş kömür mәdәnlәrimizi işә salsaq, dövlәt ildә on kürur qazanacaq, amma dövlәt dәstgahımızın indiki vәziyyәti ilә bir dәnә su çәkәn çarx qoymağa da qüdrәtimiz yoxdur...

Bizim maliyyәmiz bundan artıq ola bilmәz. Çünki bundan artıq vergi alınarsa min cür çәtinliklәrlә üz-üzә gәlәrik. Nә üçün? Ona görә ki, müntәzәm idarәmiz yoxdur. Bir vaxt görürsәn vәzirlәrimiz guya Firәngistan tәlim vә tәhsil üsulunun yaxşılığına inanıb әsgәrlәrin tәlimi üçün Firәngistandan müәllim gәtirirlәr. Amma o biri tәrәfdәn firәnglәrin nazirliyi idarәetmә elmini inkar edirlәr. Bunlar nazirliyi idarәetmә elmini әsgәri tәlimdәn dә әhәmiyyәtsiz sayır vә belә xәyal edirlәr ki, şәhәr idarәsi gәrәk tatarların üsulu ilә olsun. Vergini isә Çingiz kimi toplamalıdırlar. Heç bir ölkәdә heç bir padşah İran şahı qәdәr hökm sadir elәmir. Nә üçün? Ona görә ki, idarә dәstgahı yoxdur.

İranda hәr hansı bir rütbәni vә vәzifәni әlә keçirmәk üçün heç bir şәrt lazım deyil. Heç kәs bilmir ki, İran dövlәti öz qulluqçusundan nә kimi hünәr tәlәb edir. İran әhalisi Firәngistan millәtlәrindәn daha qabiliyyәtlidir vә hәr hansı bir elmi öyrәnmәk istedadına malikdir. Lakin rütbә vә mәqam, bacarıq vә istedad üzrә bölüşdürülmәdiyinә görә onlar öz istedadlarını nә yolla vә hansı elm sahәsindә işlәtmәli olduqlarını bilmirlәr. Onların elm tәhsili üçün tәşviq edilmәsinә әsla fikir verilmir. Bu böyük eybi aradan qaldırmaq üçün darülfünun tәsis etmәk kifayət deyil. Әvvәlcә rütbә vә mәqam әlә gәtirmәk şәrtlәri müәyyәnlәşdirilmәlidir. Yәni qanun verilib müәyyәn edilmәlidir ki, bir kәsin filan ali rütbәyә vә dәrәcәyә yüksәlmәsi üçün filan qәdәr elmә malik olması şәrtdir, yoxsa heç vәch ilә mümkün deyil. Şöhrәt mәrifәtә görә olmalıdır. Bu qanunu onca il icra etsәlәr görәrlәr ki, bu müddәt әrzindә xaki-paki-İranda nә qәdәr bacarıqlı alimlәr, ağıl sahiblәri vә işbilәn şәxslәr meydana çıxar. Ona görә ki, hamı yüksәk mәqama nail olmağa vә pul qazanmağa can atar, hamı istәyәr ki, onun mәvacibi ondursa, әlli olsun, aşağı vәzifәdәdirsә, yuxarı mәqama yüksәlsin. Әgәr bütün rütbә vә dәrәcәlәr savad vә bilikdәn asılı olsa, bizim dövlәt xadimlәrinin elmi sәviyyәsi, hәr hansı zümrәdәn olur-olsun, xariquladә sürәtlә tәrәqqi edәcәkdir. Lakin indiki vәziyyәtdә mәnim fәrasәtli bir oğlum olduğu halda, nә o tәhsil fikrindәdir, nә dә mәn onu bu işә hәvәslәndirirәm. Ona görә ki, sәrtip olmaq üçün elm lazım deyil, min tümәn pul lazımdır. Filan şәhәrin hakimi olmaq istәsәn onu da on mim tümәn rüşvәtlә yerbәyer etmәk olar. Kimin bu pula gücü çatsa mәqsәdinә nail olar, әks tәqdirdә mümkün deyil. Bütün bunlar o qәdәr dә tәәccüblü nәzәrә gәlmәmәlidir. Tәәccüblü burasıdır ki, bu vәziyyәtimizlә istәyirik Parisdә sәfirimiz dә olsun, hәm dә Firәngistanın işlәrindә bizim dә barmağımız olsun.

Xülasә, İranda qanun vermәk asandır. Torpaqdan toplanan gәliri dә iki il әrzindә şәksiz-şübhәsiz qırx kürura çatdırmaq mümkündür. Amma nizam-intizam olmaq şәrtilә. Bu şәrtlә ki, İranın vilayәtlәrini tәk-tәk adamlara satmayaq, nizam-intizam dәstgahı ilә idarә edәk.

Bir ingilis mütәfәkkiri öz padşahına yazır: Әgәr işdir, sәnә ehtiyac üz versә, şahlığın tәmәlini sat, amma, mәbada hökumәti vә vilayәti satma, çünki tәcrübә göstәrmişdir ki, bunun aqibәti yaxşı olmur.

Lakin ingilis mütәfәkkiri burada yanılmışdır. Min ildir ki, İran dövlәti hökumәt vә vilayәt satmağı özünә peşә etmişdir. Allaha şükür, heç aqibәti dә pis olmamışdır.

Әlqәrәz, sizә çox başağrısı verdim. Mәn heç vaxt bu qәdәr uzunçuluq etmәmişdim. Marsel şәhәrindә bir neçә nәfәr yeni әrәsәyә gәlmiş iranlı var. Özlәrini alim vә mütәfәkkir hesab edirlәr. İşsizlikdәn hәr gecә bu kimi söhbәtlәr vә mübahisәlәrlә mәşğul oluruq. Mәnim mövqeyim vә qәnaәtim onların mövqe vә qәnaәtindәn fәrqlәnir. Elә buna görә dә boş-boş danışmağa adәt elәmişik.

Hacı Möhsün ağa dedi:

“Cәnab xan, doğrudan da, bu haqda siz üç gecә-gündüz danışsanız da mәn qulaq asmağa hazıram. Hәqiqәtәn çox xoş keçdi.”

Xülasә, çay içәndәn sonra saat yeddiyә çatmışdı. Xudahafiz deyib dağılışdıq. Yolda Rza xana minnәtdarlığımızı bildirib dedim:

“Xan, hәqiqәtәn gözәl danışdınız. Bizim Hacı Möhsün ağanın da rәyinә görә İranda qanun işә salmaq arzusu çәtin baş tutar, belә bir işi yoluna sala bilmәzlәr.”

Rza xan dedi:

“Ay baba, bunların hamısı bәhanәdir. Bu qanun üçün, doğrudur, çoxlu qanlar axıdılmışdır. Ona görә ki, gahdan rәiyyәt qanundan qorxmuşdur, bәzәn dә ruhani başçılarımız qanunu rәdd etmiş, bir zaman da şahlar qanunu öz istiqlaliyyәtlәrinin әleyhinә bilib onunla ziddiyyәtә başlamışlar.

Bu gün İranda belә bir mülahizә artıq sübuta çatmışdır ki, mәşrutә qanunu ilә sәltәnәt vә şahın istiqlaliyyәti barbar üsulu ilә şahlıq etmәkdәn min qat parlaq, şanlı vә şövkәtlidir. Tәbәәlәr dә bu hәqiqәti yaxşı dәrk etmişlәr ki, onların rifah halı, dövlәti vә sәrvәti qanun dәstgahına bağlıdır. Din xadimlәri bunun әksinә mövqe tutsalar, xalqın arasında bәdnam olarlar, adları inadcılların vә özbaşınaların sırasında çәkilәr. Bir neçә insafsız xain vәzirdәn başqa heç kәs hamının sevdiyi mәşrutә qanununun әleyhinә deyil. Bu vәzirlәr dә qanun icrayә qoyulan tәqdirdә özbaşınalıqlarını vә rәiyyәti çapmaq ixtiyarını itirib zәrәrә düçar olduqlarına görә müxalifәt edirlәr. Bunların hamısı bәhanә qondarmaq vә ortalığa daş dığırlatmaqdır. Mәsәlәni çәtin göstәrirlәr ki, xalqı qorxutsunlar, bununla da onların rәğbәtini zәiflәtsinlәr vә öz xüsusi mәnafelәrini qorumuş olsunlar.

Mәnim nәzәrimcә İranda qanunun icrası gedib әttar dükanından gәzәngәbin almaq qәdәr asandır. Çörәk bişmiş vә paltar tikilmişdir. İstәyirsәn get sabah İngiltәrә qanun kitablarını gәtirib tәrcümә elә. Qanunverici dәsgahı icra orqanlarından ayırıb, onu işә sal. Yazılan qanuna gәrәk hamıdan әvvәl qanun yazanlar özlәri vә onların övladları itaәt etsinlәr, ondan sonra bütün tәbәәlәr ona tabe olacaqlar. Bizim vәzirlәr vә hakimlәr isә istәyirlәr hökmü özlәri versinlәr, fәrraşbaşıları hәmin hökmü yerinә yetirsinlәr. Әlbәttә, belә olduqda iş çәtinlәşir.”

Elә buradaca iki yolun ayrıcına çatıb xudahafizlәşәrәk ayrıldıq.

İki hәftәdәn sonra Haciyә xanım mәnә dedi:

“Mirzә Yusif, Tantaya get, filan-filan şәxslәrdәn tәlәblәrimizi toplamaq vaxtı gәlib çatmışdır. Onların hamısını topla, әgәr üzr gәtirib desәlәr ki, pambığı hәlә satmamışıq, orada qal, malları sat, daha tәzә müamilә elәmә. Belә görünür ki, İbrahim bu tezliklә tamamilә toxdamayacaq, işlәrini yerbәyer elәmәk iqtidarında olmayacaq.”

Dedim:

“Gözüm üstә.”

Yol tәdarükünü gördüm. Gәlib İbrahim bәyi bağrıma basıb öpdüm. Haciyә xanımdan xahiş elәdim ki, bәyin әhvalından mәni xәbәrsiz qoymasın. Mәhbubәyә dә tәskinlik verib, mәqsәdә doğru yola düşdüm.

Getdiyim gündәn qayıdanәdәk düz dörd ay yarım oldu. Çünki Haciyә xanımın buyuruğuna görә pambıq satışına kimi orada qalmalı idim. Pambıq mәhsulu yaxşı idi. Lakin müştәri vaxtında gәlmәdi. Ona görә dә bәzisindәn pul aldım, bәzisindәn sәnәd alıb müamilәni tәzәlәdim, gәtirib nәqd pulu vә sәnәdlәri Haciyә xanıma verdim. İbrahim bәyin yanına getdim.

Gördüm hәmәn aşdır, hәmәn kasa. Sifәtinin rәngi, vәziyyәti gedәn baş olduğu kimi idi. İrәli gedib әl verdim. Mәni ağlamaq tutdu. Lakin özümü saxlayıb zarafata başladım. Dedim:

“Mәhbubә xanım, bәy yenә dә deyәsәn bu әhvalı ilә öz hәsb-halında bu beyti oxuyur:

Sәn tәbibanә gәlib halımı sorsan, ey gül,

Vermәrәm xәstәliyin lәzzәtin alәmlәrә mәn.

Mәhbubә dedi:

“Әmican, kaş siz deyәn olaydı, amma elә deyil.

Әbәs yerә demişlәr: könüldәn könülә yol var.

Mәnim könlüm qan oldu, o olmadı xәbәrdar.

Bu beş-altı ayın әrzindә әgәr gözünün ucu ilә mәnә tәrәf baxıb lütfkarlıq etsə idi, mәnim dünya vә axirәtimә kifayәt edәrdi. Heç o bilmir ki, başının üstündә mәn dayanmışam, ya bibi, ya Sәkinә xanım. Yaxud burada bir adam var, ya yox. "Ya hәqq, ya mәdәd!"dәn başqa ağzından bir söz çıxmır.”

Dedim:

“Mәhbubә xanım, gәl bir iş gör!”

“Nә iş görüm?” -- dedi.

Dedim:

“Sәnin sәsinin ruhun qidası olmasına söz ola bilmәz. Bir gün udu götür, bәyin yanında çal, oxu, çünki musiqinin vә gözәl sәsin bütün mәcazlarda xüsusi tәsiri var. Bәlkә xәstәnin mәzacına tәsir elәyә, onun duyğularını hәrәkәtә gәtirә.”

Gögәl ağız, şirin dodaq, xoş avaz

Nәğmә desә, demәsә, doymaq olmaz.

Dedi:

“Baş üstә, bü şәrtlә ki bibi olmasın.”

Dedim:

“Әlbәttә bir gün hamama, ya başqa yerә gedәr, bir sınayaq görәk tәsir edәr, ya yox.”

Dedi:

“Sәkinә xәbәr verәr.”

Dedim:

“Mәn tapşıraram, xәbәr vermәz.”

Dedi:

“Çox gözәl, hәr vaxt bibi bir yerә getsә, mәn hazıram, hәm oxuyam, hәm dә pianino çalam. Tar, kanon, santur da çalaram. Hәtta oynayıb tәlxәklik dә edәrәm. Pәncәrәdәn tullanmaq lazım gәlәrsә, onu da edәrәm, tәki onun sağalmasına fayda elәsin. Mәn әlimdәn gәlәni әsirgәmәrәm.”

Bir neçә gün keçdi, günlәrim birindә Hacı Mәsud gәlib faytonçuya dedi:

“Atları qoş!”

Mәn soruşdum:

“Nә elәyәcәksәn?”

Dedi:

“Xanım Rәsül-Hüseyni ziyarat elәmәyә gedir.”

Gördüm bu gün fürsәt әlә düşübdür. Fayton hazır oldu. Haciyә xanım dedi:

“Sәkinә, gәl birlikdә gedәk, sәn dә qardaşına dua elә, bәlkә sәnin duan qәbul ola.”

Onlar faytona minib getdilәr. Mәhbubә dedi:

“Hәrçәnd ki, Hacı Mәsud demәz, amma ehtiyatlı olmaq üçün siz dә tapşırın.”

Dedim:

“Baş üstә.”

Mәhbubә yuxarı çıxıb, ud vә kanonu gәtirdi. İbrahim bәyin qarşısında dayanıb dedi:

“Mәnim ağam vә sevgilim! Özün bilirsәn ki, sәnin kәnizin o hәyasızlardan deyil ki, hüzurunda gülümsәmәyә cәsarәt elәsin. Qalsın ki, musiqi alәtini әlinә açıb çalsın, huzurunda sәsini ucaltsın. Nә elәyim, mübarәk vücudunun sәlamәtliyi vә sağalması üçün mәcburam. Mәnim sәrvәrim, doqquz ay idi ki, intizar çәkib mübarәk qәdәmlәrini gözlәyirdim. Sәnin fәraqında yemәk-içmәyi, yuxunu özümә haram elәdim. İndi hicranın zülmәt gecәsi vüsal sәhәrinә çatdıqda fәraqında olduğundan daha pis günümü qaraltdın. Sәn mәnim işıqlı gündüzümü qaranlıq gecәyә çevirdin....”

Mәhbubә bu sayaq danışıb, göz yaşlarını leysan buludundan axan yağış kimi axıdırdı. O, udu götürüb dәrdli könlünün dәrinliklәrindәn bir ah çәkdi, sonra oxumağa başladı:

Nә vәslinә mәndә taqәt, nә hicrinә mәndә tәvan,

Vәslin bәla, hicrin bәla, gәlsin mәnә sәnin qadan.

Bunu oxuyub, İbrahim bәyin başına dolandı, ayaqlarından bir qәdәr aşağıda oturdu. Fәqәt nә oturmaq, dodaqları tufana mәruz qalmış gül yarpağı kimi әsirdi, әllәri iradәsinә tabe deyildi, öz-özünә tәrpәnirdi, bütün әzası söyüd yarpağı kimi titrәyirdi. Sifәti sap-sarı olmuşdu. Eşq günәşinin hәrarәtindәn üzü qızıl gül kimi solmuşdu. Ağlaya-ağlaya taqәtsiz bir halda udu götürüb: "mәnim sevdiyim, mәnim ağam" -- deyә sәsini ucaltdı vә bu qәzәli oxumağa başladı:

Xilafi-rәyim ilә, ey fәlәk, mәdar etdin.

Mәni gül istәr ikәn mübtәlayi-xar etdin.

Müruri-ömrdә bir dönmәdin muradim ilә,

Dönә-dönә mәnә zülm etmәyi şüar etdin,

Әhanәtimdә nәdir, bilmәzәm, muradin kim,

Әzizi-alәm ikәn xaru xakisar etdin.

Ümidvar idim әvvәl ki, bir nişat görüm,

Binayi-möhnәtimi şimdi üstüvar etdin.

Cәfalar ilә qılıb çak pәrdeyi-sәbrim,

Nihan olan qәmimi xәlqә aşikar etdin.

Mәhbubә bu türki qәzәli yanıqlı oxuyurdu. Mәn özüm dә bilirәm ki, zövqsüz, qoca vә ayaqdan düşmüş bir adamam. Amma bununla belә onun yanıqlı, şurәgәtirәn sәsi bütün varlığıma tәsir bağışlamışdı. Çox çәtinliklә özümü әlә alıb, huşumu itirmәkdәn yaxamı qurtardım.

Lakin İbrahim bәy mәzlum-mәzlum baxırdı, nә tәrpәnir, nә dә hәrәkәt edirdi. Bu ona ağlar gözlә baxırdı, o bunu sakitlik vә heyranlıqla seyr edirdi. Mәn papağımı başımdan götürüb yerә vurdum, hönkür-hönkür ağladım.

Hacı Mәsud gәldi görsün nә xәbәrdir. Gördü Mәhbubә ud çalır. Çaşıb qaldı. Sonra Mәhbubә ud çala-çala bir tәsnif oxudu. Mәn bu tәsnifi eşidәn kimi elә mütәәssir oldum ki, ürәyim şiddәtlә çırpınmağa başladı:

Ayağından öpmәk qismәtim olsa,

Sәhldir hәm başdan keçmәk, hәm candan.

Vüsalın qәdrini nә bilsin ol kim,

Nә hicran çәkmişdir, nә dәrdi-hicran.

Mәnim mәslәkimdә diri odur ki,

Dost yolunda etmiş canını qurban.

Vay o adamların halına ki, bu әvalimi seyr etmiş, eşqin bәlasına mübtәla olmuşlar. Belә adamlar Mәhbubәnin vәziyyәtini gözlәri qarşısında canlandırsalar, onun eşq alәmini dәrk edib, bu yazıq, möhnәtlәrә düçar olmuş, bәlalar çәkmiş qızın dәrdinә şәrik olar, onun әhvalına göz yaşları axıdarlar.

Xülasә, çalıb ağlamaqla aşiqi-mәcnun bir qәdәr sakitlәşdi, dәrdli könlünü nalә vә fәryadla boşaltdı. Mәn durub getdim.

Poçtalyon üç-dörd mәktub gәtirdi. Onların birinin zәrfi üstündә İran markası var idi. Möhürünü nәzәrdәn keçirdim. "Hәsәn" yazılmışdı. Mәlum oldu ki, kirmanlı Mәşәdi Hәsәndәndir. Mәktubu açıb oxudum, mәzmunu belә idi:

"Tehrandan Misrә. İbrahim bәy cәnablarının hüzuruna müşәrrәf olacaq.

Qurbanın olum, cәnabınızın tәşrif aparmasından on bir ay keçir. Hәrçәnd ki, sizә vәdә vermişdim hәr ay Tehranın әhvalatını sizә yazıb göndәrәm. Lakin belә qayda var ki, müsafirin dalınca mәktub yazıb göndәrmәzlәr. Gәrәk әvvәlcә müsafir mәktub yazsın. İndiyәdәk o alicәnab tәrәfindәn heç bir mәktub almamışam. Mәnim nigarançılığım vә iztirabım artdı. İstida edirәm hәrdәn mübarәk vücudunuzun sәlamәtliyindәn yazasınız vә mәnim ixlas vә iradәtimi artırasınız.

Elә bir hadisә üz vermәmişdir ki, onu yazmaqla sizin başınızı ağrıdım. Fәqәt deyilmәli mәtlәb varsa o da bundan ibarәtdir ki, neçә gün qabaq Şuştәr, Hәmәdan vә s. yerlәrin әsari-әtiqәsinin kәşfi imtiyazını Fransa vәziri-muxtarı vasitәsilә Fransa şirkәtinә verdilәr. Hәrçәnd ki, İran millәti bu kimi hadisәlәrdәn xәbәrsizdir, lakin bu kimi işlәrin pis nәticәsini anlayanlar qәm-qüssә dәryasına batmışlar. Babalarımızın irs qoyub getdiklәri vә ana vәtәnin әsrlәr boyu bәtnindә saxlayıb iranlılar üçün qoruduğu o hesabsız xәzinәlәri, milyonlarla qiymәti olan şeylәri bir firәngi salavatına satdılar. Bu xәzinәnin müqabilindә Mirzә Әlәsgәr xan sәdr-әzәm on beş min tümәn alıb, onun imtiyazını verdi. Dövlәtә dә bir hissә verilmәsi vәd olunmuşdursa da, mәlumdur ki, dövlәt tәrәfindәn nәzarәt üçün tәyin olunmuş mәmurun ağzına bir barmaq sürtüb işlәri tamamlayacaqlar. Amma vәtәnin qeyrәtli şәxslәri üçün әsari-әtiqә axtarmaq mәqsәdilә İran torpağını qazmaq qanunlu mәmlәkәtlәrdә insan köksünü deşib ciyәrini çıxarmaq kimi qadağandır. Bu imtiyazın müqabilindә Rejinin tәnbәki imtiyazına min rәhmәt! Çünki o müamilәdә tütün sәrf edәn hәr bir qarı arvad fәryadını göylәrә qaldırdı. Amma bunu heç kәs öz haqqı hesab elәmir. Dövlәt dә öz cәhalәti üzündәn imtiyaz verdiyinә görә bir söz deyә bilmәzdi. Kaş o imtiyazı verib, bunu saxlaya idilәr. Bütün düşüncәli adamlar bu imtiyazı vermәklә İranın nә qәdәr sәrvәti vә dövlәti bada getdiyini dәrk edirlәr.

Nә isә, keçmişә tәәssüf elәmәk aqil adamların işi deyil. Tәmәnna edirәm, heç olmasa ayda bir mәktubla mәni sevindirәsiniz. Mәn dә mәktub yazmaqda müzayiqә etmәyәcәyәm. Cәnab Hacı Yusif әmiyә öz ixlasımı çatdırıram. İzzәtli günlәriniz daimi olsun. Hәqir Hәsәn Kirmani".

Haciyә xanımın yanına gedib әrz elәdim:

“İstambuldan üç fәqәrә mәktub gәlib, heç birisinә cavab yazmamışıq. Çox eyibdir. Bizә hәddindәn artıq hörmәt elәdilәr, indi nigarandırlar, gәrәk onlara cavab yazaq. Nә buyurursunuz? Bundan әlavә, Tehrandan da mәktub gәlib. Bilmirәm onun cavabında nә yazacağam.”

Buyurdu:

“İstambula yaz ki, İbrahim bәyin әhvalı gördüyünüz kimidir. Lakin Tehrana nә yazmalı olduğumuzu bilmirәm.”

Dedim:

“Tehrana da İbrahim bәyin dilindәn bir şey yazıb onun imzasını vә möhürünü qoyaram.”

Böyük xanımın yanından durub, öz otağıma getdim. Az sonra Sәkinә xanım gәlib dedi:

“Yusif әmi, gәl bura, sәninlә işim var.”

Onun otağına getdim, dedi:

“Yusif әmi, bir şey görmüşәm, iki aydır ki, heç kәsә demәmişәm, hәtta anama da. Öz ürәyimdә gizli saxlamışam ki, sizә söylәyim.”

Dedim:

“İnşaallah xeyirdir.”

Dedi:

“Günlәrin birindә Mәhbubәnin otağına getdim, onun canamazını götürüb açdım. Canamazın arasında xırdaca bir kisәdә türbәt, birindә mixәk, başqa tirmә kisәdә isә yumşaq bir şey var idi . Ondan gözәl әtir iyi gәlirdi. Elә bildim ki, pambığı әtrә batırıb, onun içinә qoymuşlar. Kisәnin bir bucağını bıçaqla açıb gördüm baş tüküdür. Tükdәn bir qәdәrini çıxarıb baxdım. Deyirәm, o gün qardaşımın başını qırxdılar, ola bilsin, Mәhbubә onun tükünü yığıb cadu elәyibdir. Mәn anama bir söz demәmişәm. Amma әgәr cadu elәmiş olsa Mәhbubә ilә bәrk dalaşacağam.”

Mәn soruşdum:

“Bәs kisәni neylәdin?”

Dedi:

“Tükündәn bir az götürüb tәzәdәn kisәnin ağzını tikdim, canamazın arasında әvvәlki yerinә qoydum. Özü heç nә bilmir.”

Dedim:

“Mәnim iki gözümün işığı, Mәhbubә cadugәr deyil. Bundan әlavә, o, sәnin qardaşına bu xәstә vәziyyәtdә nә elәyәcәk? Yәqin onu öz canamazına qoyubdur ki, namaz vaxtı yadına düşsün, onun şәfa tapması üçün dua elәsin.”

Bu sözlәr Sәkinәnin ağlına batdı, dediklәrimә inandı.

Sәkinә olduqca sadә, saf qәlbli bir qızdır. Eşq vә sevgi alәmindәn tamamilә xәbәrsizdir. Eşidib ki, başın tükü ilә cadu elәyirlәr, ona görә dә şübhәlәnib.

Dedim:

“Xanıma demә. Sәn dә öz qardaşının canına dua elә.”

Sözün qısası, Mәhbubәnin gördüyü işlәri qәlәmә alsaq mәlum olar ki, onun mәhәbbәt alәmi insan xәyalının sәrhәddindәn kәnardadır.

Axşam Mirzә Abbas vә dostlardan bir neçәsi görüşә gәldilәr. Bir az oyan-bu yandan söhbәt düşdü. Hacı Möhsün ağa dedi:

“Yusif әmi, siz gedәndәn sonra gündәliyi kim yazdı?”

“Heç kәs” -- dedim. -- “Mәn dә bundan sonra yazmayacağam.”

Tehran vә İstambuldan gәlәn mәktubları onlara göstәrdim. Hacı Möhsün ağa dedi:

“Xoş xәbәrdirsә, aparım İbrahim bәy üçün oxuyum.”

Dedim:

“Әgәr oxunmalı olsa idi, mәn sizdәn qabaq oxuyardım.”

Әlqәrәz, bu minvalla da bir neçә vaxt keçdi. İyirmi iki ay tamam bir ailә kiçikdәn böyüyә qәdәr pәrişanhal idi. Hamının günü qara idi. Mәhbubәnin halı hamıdan bәtәr idi. Bәdәni zәiflәmiş, әhvalı pozulmuş, әfkarı pәrişan olmuş, bütün dost-qonşudan әlaqәsini kәsmişdi. Hamı onu unutmuşdu, o da hamını unudub, sanki olub-olmamalarından xәbәrsiz idi. Canla-başla ruhsuz bir bәdәnә oxşayan xәstәni qayğı ilә әhatә etmişdi.

Qiyamәt günü әgәr mәndә olsa ixtiyar,

Deyәrәm cәnnәt sizin, mәnә kifayәtdi yar.

Mәhbubә bütün dostlarını atıb, bircә dost ilә kifayәtlәnmişdi....

Mәhbubә ağlaya-ağlaya pillәkanlardan aşağı düşüb, çoxdan bәri saxladığı bir qutu papirosu götürüb, tәlәsik gәtirdi. Birdәn pillәkanlarda әtәyi ayağına ilişdi. Kәllәmayallaq aşağı getdi. Papiros qutusu sındı, papiroslar tökülüb dağıldı. Yazıq xәcalәtindәn, utandığından qәribә bir vәziyyәtdә yıxılıb ağlayırdı. Yıxılmağından çox utanırdı, mәn dedim:

“Canım, sakit olun, özünüzü itirmәyin, özünüzü zirәklik elәyib elә göstәrin ki, guya heç әvvәldәn dә bu xәbәri bilmәyirdiniz.”

Papirosu alıb, İbrahim bәyә verdim. Hәkim dedi:

“Әvvәlcә çay gәtirin.”

Mәhbubә qaçıb çörәklә çay gәtirdi. Mәn dedim:

“Çörәyi götür.”

Dedi:

“Nәştab qarına papiros çәkmәyin zәrәri var.”

Dedim:

“Siz burada dayanmayın, gedin әndәruna, sәbirli olun, әl-ayağınızı itirmәyin.”

Çayı verdim İbrahim bәyә, istәdi qaşığı götürüb qarışdırsın, әli әsdi, gördüm taqәtdәn düşübdür. Yaxınlaşıb kömәk elәdim. Papirosu çәkәn kimi öskürmә tutdu....

İbrahim bәy dedi:

“Yusif әmi, qәzetlәr qanundan nә yazırlar? Qanun verib icraya qoymuşlar, ya yox?”

Dedim:

“Qurbanın olum, әlbәttә, mәlumdur ki, bu haqda çox danışıblar.”

İbrahim bәy hey o tәrәf-bu tәrәfә baxırdı. İstәyirdi bu xәbәrin doğru olub-olmadığını anlasın. Gecә yarıdan keçdi. Qonaqlar durub İbrahim bәylә vidalaşdılar. O hәr birisinә başını әymәklә cavab verdi.

Haciyә xanım gәlib oğlunu qucaqladı, öpüb iylәdi. Onu ağlamaq tutdu. İbrahim bәy dedi:

“Anacan, niyә ağlayırsan? Nә olub ki?”

Yazığın deyәsәn heç nәdәn xәbәri yox idi. Mәhbubә indi mәhcubә olmuşdu. İçәriyә gәlә bilmirdi. Qapının layından baxırdı. Mәlum olur ki, bu gecә öz otağında yatacaqdır.

Sәkinә xanım bütün bu әhvalatdan xәbәrsizdi. O, şamdan sonra yatmışdı. Mәn dә gedib öz mәnzilimdә istirahәt elәmәyә başladım. Haciyә xanım İbrahim bәyin otağında yatdı.

Sәhәr tezdәn gәlib gördüm ana-bala asta-asta söhbәt elәyirlәr. Çayla bürüştә çörәk gәtirdilәr. Biz dә yedik. İkindi çağı hәkim gәldi. Әhvalını soruşub, çox şükür elәdi. İki günün içindә elә bir huşunu, duyğusunu itirmiş adamın necә dәyişilib özünә gәlmәsinә artıq dәrәcәdә heyran qalmışdı. Hәkim Saleh әfәndi arxayınlıq verәn sözlәrlә dedi:

“Heç nәdәn pәhriz saxlamaq lazım deyil. Sevindirici sözlәr danışın, bir, bәlkә dә iki hәftә evdәn çıxmağa qoymayın.”

Bu minvalla iki-üç gün dә keçdi. Bir gün gördüm öz әllәrinә tәәccüblә baxıb o tәrәf-bu tәrәfә çevirir. Әllәri qәlәm kimi quruyub, dәrisi sümüyünә yapışmışdı. Әtdәn iz-әsәr görünmürdü. Dedi:

“Sәkinә, kiçik aynanı gәtir bura!”

Mәn işarә ilә Sәkinә xanıma andırdım ki, lazım deyil. Ortalığa söz saldım, aynanı unutdu.

İbrahim bәy papiros çәkdi, çay istәdi, sonra dedi:

“Anacan, mәn acam.”

Xanım dedi:

“Gözümün işığı, nә istәyirsәn?”

İbrahim bәy dedi:

“Yusif әmi, aşpazı çağır gәlsin.”

Hacı Mәsudu göndәrdim, aşpaz gәlib ağasının әlini öpdü, sonra dal-dala çәkilib dayandı. İbrahim bәy üzünü Qәnbәrә tutub dedi:

“Qәnbәr, sәdri düyüsü varındırmı?”

Dedi:

“Bәli.”

“Bir az çilov-kabab bişir!”

“Baş üstә,” -- dedi.

“Qәnbәr, badımcan tapılar?”

“Bәli, ağa.”

“Onda bir neçә cücә al, badımcan xuruşu da bişir.”

“Baş üstә, ağa.”

İbrahim bәy bir qәdәr düşünüb dedi:

“Qәnbәr, küftә dә bişir.”

Qәnbәr cavab verdi:

“Baş üstә.”

Dönüb getmәk istәdi. İbrahim bәy soruşdu:

“Tәzә balıq tapılarmı?”

“Bәli, tapmaq olar.”

“Onda bir neçә dәnә dә tәzә kafal balığı al.”

Qәnbәr baş әyib çıxdı. İbrahim bәy üzünü mәnә tutub dedi:

“Yusif әmi, Qәnbәri çağır.”

Qәnbәri, çağırdım, gәldi. İbrahim bәy dedi:

“Qәnbәr, qatıq aşını da yadından çıxarma.”

“Baş üstә,” -- deyә Qәnbәr cavab verdi.

“Neçә dәnә dә qovun alarsan.”

Mәn dedim:

“Evdә qovun var, hәm dә Qәnbәr yaxşı qovun seçә bilmәz. Özüm alaram.”

Qәnbәr istәdi getsin. İbrahim bәy dedi:

“Qәnbәr, ehtiyat üçün bir az çox tәdarük görәrsәn.”

“Baş üstә,” -- deyә Qәnbәr cavab verdi.

İbrahim bәy dedi:

“Dediklәrimin hamısını yerbәyer elә, ola bilsin qonaq gәlsin.”

Qәnbәr dedi:

“Baş üstә.”

Gördüm Haciyә xanım gülümsünür. Mәhbubә qapının dalında qah-qah çәkib gülürdü. Qәnbәr tәzim elәyib getdi. Bu qәflәti şәfa bütün dost-aşnanı sevindirdi. Әrәb, әcәm, dostlar vә tanışlar sevinclә gәlib gedirdilәr.

Günlәrin birindә hәkim gәlib xәstәni müayinә elәyәndәn sonra dedi:

“Hamama getsin, ondan sonra hara istәsә gedә bilәr. Azarı tamamilә bәrtәrәf olmuşdur.”

Sabahı günü kalyaskanı hazırlayıb, atlarını qoşdular. İbrahim bәy, Mirzә Abbas, Mehdi bәy, bir dә mәn oturub yola düşdük. Bizi görәnlәr ayağa qalxıb hörmәt edir, sağdan-soldan hey salam vә mәrhәba eşidilirdi. Bәy dә sağ vә sol әli ilә onlara cavab verirdi. Bir az gәzib, evә qayıtdıq.... Sәhәr lap tezdәn Mәhbubә mәnim yanıma gәlib dedi:

“Әmican, ağamın xәstәliyindә mәn nәzir demişәm ki, yaxşı olandan sonra bazara gedib min quruş, yәni hәr bir dilәnçiyә beş quruş paylaram, yüz çörәk itlәrә, pişiklәrә verәm, iki qoyun qurbanlıq kәsәm, bir ay da oruc tutam. Özümün pulum var, sizә verirәm, zәhmәt çәkin dediklәrimi yerinә yetirin. Başqa bir nәzir dә demişәm, lakin onu demәyә peşman olmuşam.”

“Nә nәzir demisәn ki, peşman olmusan?” -- dedim.

Dedi:

“Nәzir elәmişәm ağam sağalandan sonra bibinin hüzurunda qaval çalıb oynayam. Amma bilmirәm nә elәyim. Deyirәm görәsәn kәffarәsini vermәklә bu nәziri boynumdan götürә bilәrәmmi? Bibinin yanında oynamaqdan utanıram.”

Dedim:

“Mәnim gözümün işığı, heyvanlara çörәk ver, dilәnçilәrә pul payla, qurbanlıqları da kәsdir, orucu da bir ay qışda tutarsan, qaldı oynamaq. Qonşuların qızlarını qonaq çağırıb bir yerә toplarsan, qaval çalıb onlarla birlikdә oynarsan. Xanım aşağıdan sәn rәqs edәrkәn ayaqlarının sәsini eşidәr, nәzrin qәbul olar.”

Dedi:

“Әmican, qızları nәinki qonaq çağırmaram, hәtta bundan sonra onlarla gәl-get dә etmәrәm, heç birisi ilә danışmaram, hәtta salam-әleyk dә elәmәrәm. Bilmirsәn bu neçә vaxtda mәnim haqqımda nәlәr danışmadılar, üzәrimә nә kimi iftiralar atmadılar, nә kimi qeybәtlәr elәmәdilәr? Onlar mәni o qәdәr incidiblәr ki, tamamilә özlәrindәn soyudublar. Xüsusilә, o Rәfiqә ağzına gәlәni üzümә dedi.”

Dedim:

“Özün bilәrsәn, sәnin şәxsi fikir vә qәnaәtlәrinlә mәnim işim yoxdur.”

İbrahim bәyin yanına getdim, dedi:

“Qәzet gәtirdinmi?”

Dedim:

“Xeyr, hәlә gәtirmәyiblәr.”

Soruşdu:

“Yusif әmi, mәnim "Sәyahәtnamәm" necә oldu?”

Dedim:

“Evdә durur.”

Dedi:

“İstambulda yarımçıq qaldı axı.”

Dedim:

“O günәdәk әsas mәtlәblәri yazmışam.”

Çox razı qaldı. On gün evdәn bayıra çıxmadı. Hәkim xәstәni müayinә elәmәyә gәldi. Çox sevinclә dedi:

“İstәyirdim başqa hәkimlәri dә sizә baxmağa gәtirim. Yenә dә düşündüm şayәd razı olmayasınız.”

Mәn dedim:

“Qonağı kim qәbul elәmәz? Onların bir stәkan qәhvәdәn başqa zәhmәtlәri yox idi. Kim bir stәkan qәhvә içәn qonağı istәmәz?”

Hәkim getdi, cümә günü İbrahim bәyi müayinә etmiş bütün hәkimlәri toplayıb gәtirdi. Hamısı İbrahim bәyin halının yaxşılaşmasını görüb tәәccüb elәdilәr. Şeyx Yusif özünü onlara göstәrib bacarığına öyünürdü. Deyirdi: mәn Şeyxül rәis Әbu Әli Sinanın üslubu ilә mәrәzi tapıb müәyyәnlәşdirdim. Doktor Volf dedi:

“Siz gәrәk bir neçә vaxt Maryambad sularına gedib orada bir qәdәr istirahәt edәsiniz. Әgәr oraya getmәk istәmirsinizsә, Setanra vә ya İskәndәriyyәyә gedib orada bir müddәt qalın.”

İbrahim bәy әsәbiliklә dedi:

“İskәndәrin atasının goruna!...”

Bu sözlәri qeyz ilә dediyinә görә ingilis hәkiminin acığına gәldi. Hәkim Saleh ingilis hәkiminin könlünü әlә almaq üçün işarә ilә onu başa saldı ki, bu kişinin İskәndәriyyә adından xoşu gәlmir, onun yanında bu adın çәkilmәsini istәmir. Hәkimlәr söhbәtdәn sonra getdilәr.

İbrahim bәy on-onbeş gün әrzindә dost-aşnanın cavab görüşünә getmәk işini dә qurtardı. Yavaş-yavaş qәdimki ticarәt vә haqq-hesab işlәrinә başladı....

İbrahim bәylә bazara getdik. Ağa Cәlilin dükanının qabağından keçәrkәn bizi sәslәyib dedi:

“İbrahim bәy, buyurun!”

Rәsmi tәarüflәr vә xoş-beşdәn sonra gülә-gülә dedi:

“Maşallah, möcüzә elәdiniz. Çünki elә bu saat sizin burada olmağınızı arzulayırdıq. İstәyirdik söhbәtinizdәn feyziyab olaq. Sәhәrdәn indiyәdәk gülmәkdәn az qalır bağırsaqlarımız düyün düşsün.”

Bәy soruşdu:

“Nә kimi söhbәt idi ki, mәnim olmağımı arzulayırdınız?”

Ağa Cәlil dedi:

“Bir neçә әtiacı adamlardan da var idi, onlar tez әkilib getdilәr. Bu hörmәtli qonaq Mәkkәdәn gәlәnlәrdәndir. İstәyirdim başına gәlәn qәzavü qәdәri sizә dә danışsın, siz dә bu feyzdәn mәhrum qalmayasınız.”

Sonra üzünü tәzә sәfәrdәn gәlmiş qonağına tutub dedi:

“Mәn ölüm, bәy üçün dә әhvalatı nağıl elә.”

Qonaq boyun qaçırıb dedi:

“Canım, siz allah, mәnim yaxamdan әl çәkin!”

Ağa Cәlil tәkid elәdi:

“Sәn mәnim canım, bәy bu kimi әhvalatları eşitmәyә çox rәğbәt göstәrir, başına gәlәnlәri artırıb-әksiltmәdәn әvvәldәn axıradәk danış.”

Qonaq dedi:

“Qardaş, mәni buraxmayacaqsan?”

Ağa Cәlil dedi:

“Yox, sәn ölәsәn, gәrәk hamısını deyәsәn, bәy eşitsin.”

Qonaq başına gәlәnlәri belә söylәdi:

“Yәzddә nanәciblәrdәn bir neçә nәfәr vardır. Hәr gün bir yerә toplaşırlar. Onların bәzisinin mәnimlә dostluğu var idi. O qәdәr başımı apardılar ki, mәni dә cәmiyyәtlәrinә daxil elәdilәr. Hәr gün Cәmali-Mübarәkdәn bollu tәriflәr söylәyir, onun haqqında qәribә hadisәlәr vә әfsanәlәr danışırdılar. Nәhayәt, mәni dә, Cәmali-Mübarәki görmәmiş onun müridi, bәlkә dә vәfalı qulu elәdilәr.

Bir kiçik qardaşım var idi. Onların qurqusu ilә onu dükanda qoyub, ziyarәtә gedәn Hacılarla Mәkkәyә getmәk adı ilә Әkәyә doğru yola düşdüm. Vәsfә gәlmәz bir zövq-şövq ilә, hәdsiz ixlasla Odessa yolu ilә İstambula, İstambuldan Yafәyә, oradan da Әkәyә gәlib çatdım. Hәmşәhәrlәrimdәn dә bir neçә nәfәrini orada gördüm. Onlardan biri Yәzddә mәnim qonşum idi. Orada qalıb xırdavat dükanı açmışdı. Ona tanışlıq verdim. Әvvәlcә mәni tanımadı. Sonra özümün vә onun evinin ünvanını, adımı söylәdim. Mәni tanıdı....

Mәn hәr gün onun dükanına gedib yalvarır, xahiş-iltimasımı artırırdım. Nәhayәt, neçә gündәn sonra dedi:

“Get paltarlarını dәyiş, tәmiz, pakizә geyin, özünә әtir vur. Bu gün Cәmali-Mübarәkin ziyarәti şәrәfinә nail olacaqsan.”

Mәn dә hamama getdim, başa, saqqala maya qoydum, tәslim vә itaәt paltarı geydim. Ürәyim döyünür, bәdәnim titrәyirdi. Hәdsiz zövq-şövqlә getdik. Qapıçı bizi hörmәtlә qarşılayıb yuxarı apardı. Pәrdәdar pәrdәni qaldırdı. Dostum astananı öpdü. Mәn dә onun kimi elәdim. Әdәblә daxil olub sәcdә elәdik, zәlil bәndә kimi dayanıb durduq. Az sonra yavaş-yavaş irәli gedib diz çökdük. Ağanın dizini öpdük, dalı-dalı çәkilib, yenә dә qapının yanında әdәblә әllәrimizi döşümüzün üstünә qoyub dayandıq. Bizdәn әvvәl dә neçә nәfәrә buraya gәlmәk icazәsi verilmişdi. Onların da hamısı әllәrini döşü üstә qoyub gözlәrini yerә dikmiş, cansız bir heykәl kimi kәmali tәvazö vә әdәblә quruyub qalmışdılar.

Doğrusu, mәn dә vahimәmin şiddәtindәn başımı qaldırıb baxmağa cәsarәt elәmirdim. Bu minvalla bir saat keçdi. Әrәbcә bu sözlәri yoldaşıma dedi ki, mәnә farsca tәrcümә elәsin:

“Bizi ziyarәt elәmәk üçün yolda çәkdiyin zәhmәtlәr vә mәşәqqәtlәr dәrgahımızda qәbul olunmuş, bizi razı salmışdır. Bundan sonra astanamızın xüsusi adamları cәrgәsindә olacaqsınız.” -- Sonra әlavә elәdi: -- “Onun ziyarәtә gәlmәsi iki yüz adamın dәniz fırtınasında qәrq olmaqdan xilas olmasına sәbәb oldu. Әgәr o, gәmidә olmasa idi, gәmi sınacaq, bütün sәrnişinlәr dәnizin tәkinә batıb mәhv olacaq idilәr. Lakin o, bizә tәrәf gәlmәk әzmindә olduğuna görә gәmini intihasız dәnizin girdabından qurtardıq.”

Bu vaxt, gözaltı, danışan şәxsә tәrәf baxdım. Gördüm dәrviş qılıqlı, çaxır küpü kimi kök bir adamdır. Lakin onun sözlәri mәnim etiqadımı vә ixlasımı bir qәdәr dә artırdı. Çünki, doğrudan da, dәnizdә fırtına başlayıb qorxunc tәlatümә rast gәldiyimizә görә tamamilә hәyatımızdan naümid olmuşduq. Mәn gәmidә sidq ilә Cәmali-Mübarәkә pәnah aparıb arxalanmışdım. İndi onun bu sözlәrini möcüzә vә xariqüladә bir hadisә sanırdım. İnamım daha da artdı. İxtiyarsız olaraq gözlәrim yaşardı, ağladım. Sakit olandan sonra hüzurundan mürәxxәs olmaq icazәsi alıb, yenә dә sәcdә elәdik, dal-dalı çәkilib qapıdan çıxdıq. Adamları bizi başqa otağa aparıb çoxlu mәhәbbәt göstәrib, mehribanlıq etdilәr, qәhvә gәtirdilәr, içdik. Mәn tamamilә şübhәdәn xilas oldum. İnamım birә yüz artdı.

Neçә gündәn sonra yenә dә hәmşәhәrlimin yanına gedib ona yalvardım ki, mәni Cәmali-Mübarәkin yanına tez-tez aparsın. Çünki onu görmәk lәzzәti mәni elә sәrxoş elәmişdi ki, hәtta can vermәk әzabı belә onun dadını damağımdan apara bilmәzdi, hәmşәhәrlim dedi:

“Gәrәk qapıçıya, pәrdәdara özünәlayiq töhfә, hәdiyyә aparasan.”

Dedim:

“Mәnim gözüm üstә.”

Xülasә, hәr ikisinin haqqını verib, görüşә nail olduq. Әvvәlki kimi hörmәt mәrasimini yerinә yetirib qayıtdıq.

Bir ay bu minvalla hәr neçә gündәn bir hәmşәhәrlimlә birlikdә Cәmali-Mübarәkin görüşünә gedirdik. Yavaş-yavaş mәn özüm dә dәrgahın mәhrәm adamlarından oldum. Daha ora getmәk üçün yoldaşa ehtiyacım olmadı. Ziyarәt elәmәk şövqü başıma vuranda özüm tәk gedib qayıdırdım.

Günlәrin birindә yenә dә ziyarәt şövqü sәbr vә qәrarımı әlimdәn aldı. Gedib astanasını öpmәk istәdim. Nә qapıçı var idi, nә pәrdәdar. Cәsarәtlә otağa daxil oldum. Gördüm Cәmali-Mübarәk, çuvala girmiş ayı kimi, arxası üstә uzanıb, ayaqlarını da qaldırıb divara söykәyibdir. Yaxın adamlarından biri dә onun yanında oturub deyir:

“Heç belә bir eşşәk olmaz.”

Cәmali-Mübarәk dә qәhqәhә ilә gülürdü. Laübali bir vәziyyәtdә, lotu-potulardan da görünmәyәn bir әdәbsizliklә başları ixtilata vә söhbәtә qarışmışdı. Birdәn gözlәri mәnә sataşan kimi vird oxumağa, ho-ho elәmәyә başladılar. Dostu tez yerindәn qalxıb, qarşısında boynunu әydi, hirsli-hirsli mәnә tәrәf baxmağa başladı. Qorxumdan rәng-rufum qaçdı, bәdәnimә titrәtmә düşdü. Tez otaqdan çıxıb, hәmşәhәrlimin dükanına gәldim. Lakin gördüyüm "Öküzün başı" barәsindә bir işarә belә vurmadım. Bu hadisәdәn üç gün keçdi. Üçüncü gün hәmşәhәrlim gәlib dedi:

“Sәn mәnsiz hәzrәtin hüzuruna getmişdin?”

“Bәli,” -- dedim.

Dedi:

“Bәs sәn eşitmәmisәn ki: "peyğәmbәrin evinә ondan izn almamış daxil olmayın?" Bu nә әdәbsizlikdir, elәmisәn? Hәzrәt bilib ki, o gördüyün vәziyyәtdәn sәnin ürәyindә şәkk-şübhә әmәlә gәlibdir. İndi sәnә hәd vurmaq vacib olubdur. Ola bilsin sabah ya biri gün müridlәr gәlib sәnә hәd vursunlar. Lakin mәn sәninlә hәmşәhәrliyәm, sәn mәnim qonşum vә dostumsan. Demәli, mәnim boynumda sәnin üç böyük haqqın var. Mәn razı olmaram ki, mәnim gözümün qabağında sәnә hәd vursunlar. Mәslәhәt budur ki, mürtәdliyin birinci addımından tövbә elәyәsәn, hәm dә bu vilayәtdәn çıxıb gedәsәn. Әgәr sabaha kimi burada qalsan, şübhәsiz, sәni tutacaq vә hәd vuracaqlar. Yaxşısı budur ki, mәn sәnin üçün bir araba kirә elәyim, sәni Yafәyә aparsın. Neçә gün Beyrutda qalarsan, mәn sәnin şeylәrini oraya göndәrәrәm, әgәr nәqd pulun varsa burada qoy, çünki yolda әlindәn alarlar.”

Bu sözlәri elә ürәk yanğısı ilә, gözlәri yaşarmış bir vәziyyәtdә deyirdi ki, guya mәnim halıma yanır vә ağlamaq istәyir. Bir üzdәn dә gözlәrinin yaşını silirdi.

Mәn onun bütün sözlәrinә inandım. Neçә dәnә ağ mәcidi, bir dә otuz bir dәnә fransız lirәsi varım idi, hamısını ona verdim. Bir neçә ağ mәcidi ilә üç fransız lirәsini mәnә qaytardı. İyirmi sәkkiz fransız lirәsi, Odessada yeddi manata aldığım bir çamadan, vә bütün paltarlarım, arxalığım, üç dәst tәzә mahud pencәk-şalvarım, neçә dәst alt paltarım, köynәyim, tәzә mahud sәrdarım, әbam, qәlәmdanım vә çay dәstgahım onun yanında qaldı. Bir köhnә yorğanla әba, bir az qәnd-çay, çörәk götürüb kirayә götürdüyü bir atlı araba ilә Yafәyә tәrәf yola düşdüm. Bir lirә çıxarıb arabaçıya verdim. Kәsirini aldım. Arabaçıya tapşırmışdı ki, mәni Yafәyә çatdırsın, o da öz borcunu yerinә yetirdi. Oradan getdim Beyruta. Beyrutda şeylәri ünvanına göndәrәcәyi adamın yanına gedib dedim:

“Mәnim bir әmanәtim var, sizin ünvanınıza gәlәcәkdir.”

Dedi:

“Çox gözәl, nә vaxt gәlsә sizә xәbәr verәrәm.”

Bu söhbәtdәn iki hәftә keçdi. Şeylәrdәn heç bir xәbәr gәlmәdi. Bir mәktub yazdım. Cavab vermәdi. Yenә dә yazdım, cavabsız qaldı. Sifariş göndәrdim. Fayda vermәdi. Nәhayәt, tәngә gәlib, ağzıma gәlәn yaman-yoğuzu bir kağızda yazıb poçt ilә göndәrdim. Nәhayәt, poçt vasitәsilә aşağıdakı mәzmunda bir mәktub aldım:

"Sәn gedәndәn sonra mәni tutmaq istәdilәr. Dükanı bağladım, müqәddәs astanaya dәxil düşdüm. Üç gün-üç gecә yalvarıb yaxardım, aramsız ağlayıb sızladım. Nәhayәt, mәrhәmәt nәsimi başımın üzәrindә әsmәyә başladı. Tәqsirimdәn keçdi. Amma sәnin şeylәrini mürtәd olduğuna görә mәndәn alıb, canıma aman verdi. Şeylәrini möminlәrә vә müstәhәqlәrә payladılar. Mәn yazığa sizinlә dostluq elәdiyimә görә nә qәdәr xәsarәt dәydi. Mәni töhmәtlәndirdilәr. Bütün bu zәrәr vә rütbәmin aşağı düşmәsinә siz bais oldunuz. Bununla belә, sizdәn xәcalәt çәkirәm. Bütün tәqsir özünüzdәdir ki, izn almamış o hәzrәtin xәlvәtinә daxil olmusunuz. Bunlar sizin ayaquzunluğunuzun sәmәrәsidir".

Cavabında qәlәmә nә gәldi yazdım, heç bir şeydәn müzayiqә elәmәdim. Yaxşı ki, saatımla qәlәm yanımda idi. Bunları sataram, İstambula kimi kifayәt elәr. Orada bir tanışım var, ondan borc alıb Yәzdә qayıdacağam. Gedib orada deyәcәyәm ki, Mәkkәyә getmәdim. Әkәyә getdim. Bu dinsiz, mәzhәbsiz lotuların cәmiyyәtini elә rüsvay elәyim, bu yolunu azmış binamusların namusunu elә bada verim ki, özlәri әhsәn desinlәr, daha bundan sonra heç kәsi aldada bilmәsinlәr.

Özlәrini iyrәnc bir adla adlandıran bu rәzil tayfa ilә Ağa Cәlil hәmişә vuruşub mübahisә vә münaqişә etdiyinә görә zarafat vә mәsxәrә ilә onların könlündәkilәri özlәrinә qaytarır. Mәn dә bu hadisәni ona söylәdim ki, hәr yerdә yayılsın. İndi dә mәni tutub onun-bunun yanına aparıb deyir ki, başına gәlәnlәri danış.

Nә isә, bir qәdәr gәzdikdәn sonra evә qayıdıb nahar yedik, Hacı ... Tәbrizinin adamı bir mәktub gәtirdi. Yazmışdı ki, xoşsöhbәt qonağımız Mirzә Rza xan Mazәndәrani Marseldәn gәlibdir. Bundan qabaq da gәlmişdi. Onu Yusif әmi görüb, amma siz görmәmisiniz. Sizin zövqünüzә uyğun söhbәt elәyir. Gecә tәşrif gәtirin, şam yeyib, söhbәt elәyәk, hәm dә Mirzә Rza xanın sizin әfkarınıza uyğun, mәlahәtdәn xali olmayan sözlәrinә qulaq asaq.

Gecә qonaq getdik. Bizdәn başqa bir neçә nәfәr dә var idi. Hacı ... İbrahim bәyi qonaqlara tәqdim elәdi. Rәsmi tәarüflәrdәn sonra bu kimi mәclislәrә mәxsus söhbәtlәr başlandı. Mollanümaların kәlәkbazlığından, ölkәdәki hәrc-mәrclikdәn, hakimlәrin zülmündәn, rüşvәtxor axundların nalayiq hәrәkәtlәrindәn vә sairәdәn danışıldı. Mәlum adәtә görә söhbәt uzandı, söz bazarı rövnәqlәndi. Nәhayәt, Rza xan dedi:

“Mәnim әzizim, bütün bu saydığınız qәbahәtlәrin tәqsiri millәtin öz öhdәsindәdir; çünki millәt öz şәxsi hüququnu әlә gәtirmәk istәmir, dәvә kimi tikan yeyir, yük daşıyır, hәr bir zәhmәtә vә mәşәqqәtә dözür, hәr cür zülmә, tәcavüzә boyun әyir. Әlbәttә, belә olduqda hәr kәs olsa onların çiynindә oturacaq. Dünyanın bütün ölkәlәrindә keçmiş zamanlarda vәziyyәt belә idi. Elә bu әsrin özünü götürәk. Tarixi unutmamışsınızsa Fironların "Mәn ulu allaham" demәsini Bәni-İsraili qul kimi alıb satmalarını, onları әn ağır şәraitdә bәşәrin qüdrәtindәn kәnar işlәri görmәyә vadar etmәlәrini bilirsiniz....

Fransa inqilabının başlanğıcında mәşhur siyasi xadim, mütәfәkkir Mirabo Fransa millәtinә xitabәn deyir:

"Fransa ölkәsinin övladları! Bilin vә agah olun ki, yoxluq alәmindәn varlıq dairәsinә qәdәm qoyan hәr bir bәşәr övladı sağlam әqlin hökmünә görә gәrәk azadlıq nemәtindәn mükәmmәl şәkildә faydalansın. Azadlıq iki qismdir": biri ruhani azadlıq, o birisi cismani azadlıqdır.”

Bizim ruhani azadlığımızı Mәsih dininin başçıları tamamilә әlimizdәn almış, hamımızı ruhani işlәrdә özlәrinin zәlil bәndәsinә vә buyruqlarını sözsüz icra edәn qullarına çevirmişlәr. Buna bizim heç cür dәxalәt etmәk haqqımız yoxdur. Belә ki, bir mәsәlәni cәsarәt elәyib iki dәfә onlardan soruşa bilmәrik. Әgәr soruşsaq, o saat tәkfir çomağını kürәyimizin ortasına endirib, mürtәdlik damğasını alnımıza basacaqlar. Mәhz buna görә dә ruhani mәsәlәlәrdә din başçılarının müti qulu olmalı vә azadlıq nemәtindәn mәhrum qalmalıyıq.

Bizim cismani azadlığımızı hakimlәr, yәni müstәbid zalımlar әlimizdәn almışlar. Onlar bu beş günlük dünyәvi hәyatda bizi tamamilә öz әmr vә nәhylәrinә mәhkum salıb, nәfsi-әmmarәlәrinin istәdiyi kimi bizi insan qüdrәtindәn kәnar olan ağır yüklәri çiynimizdә daşımağa vadar etmişlәr. Bu sahәdә dә biz müstәbid zalımların zәlil bәndәsi vә tam hüquqsuz qulu olaraq hürriyyәt vә azadlıq nemәtindәn binәsib vә mәhrumuq.

Fransa övladları! Vәtәnin әziz oğulları! Ey mәnim ruzigarı pәrişan, sәfil qardaşlarım! Belә olduqda biz biçarәlәrin çarәsi nәdir? Bizim әlimizdәn kim tutacaq? Sizin qeyrәtiniz vә hümmәtinizә sığarmı ki, biz indiki bәdbәxtlikdә qalaq, allahın hökmündәn vә insaniyyәtin insafından uzaq olan bu odun içindә yanaq? İndi ki, fürsәt var, gәrәk dәrdimizә әlac elәyәk, qәflәt pәrdәsini gözümüzün qarşısından götürәk, özümüzü әbәdi sәadәtә çatdıraq. Bizim istәdiyimiz haqdır, bu azadlığa çıxmaq sizin qeyrәtli hәrәkәtinizә vә hümmәtinizә bağlıdır".

Belә nәql edirlәr ki, günlәrin birindә müәzzin minarәnin başına çıxıb azan verirmiş, bir arif dә minarәnin yanında dayanmışdı. Müәzzin allahu-әkbәr sәsini ucaldan kimi o, ayağını yerә döyüb dedi:

“Sәnin allahın mәnim ayağımın altındadır.”

Camaat toplaşıb onu küfr danışdığına görә haqq vә ya nahaq öldürdü. Bu xәbәr şәhәrin dünyagörmüş hakiminә çatdı. O tez atını minib minarәnin yanına gәldi vә soruşdu:

“Arif ayağını hara döyürdü?”

O yeri göstәrdilәr. Әmr elәdi, haman yeri qazdılar, ordan bir küp qızıl çıxdı.

Hakim dedi:

“O biçarәni nahaq yerә öldürdünüz. O, bunu demәk istәyirdi ki, sәn allahı pak niyyәtlә çağırmırsan, qızıl xatirinә çağırırsan, o da mәnim ayağımın altındadır.”

Bizim vәzirlәrin әhvalı eynilә bu hekayә kimidir. Onların hәr şeyi puldur, pul. Heç kәsdәn puldan başqa bir şey soruşmurlar, hәtta puldan savayı ayrı bir şey anlamırlar.

Mәclisdәkilәr güldülәr. Mәn Mirzә Abbasa işarә ilә andırdım ki, söhbәti dәyişdirsin.

Әlqәrәz, şam yeyildi. Qonaqlar gecәdәn dörd saat keçmiş getdilәr, biz dә hәrәmiz öz otağımıza çәkilib yatdıq.

Sәhәr Mәhbubә xanım gәlib dedi:

“Yusif әmi, buyurmusan ki, nә dәrdim olsa sizә deyim.”

Dedim:

“Bәli, genә dә deyirәm. Mәn sәnin atan yerindәyәm. Övladın nә dәrdi olsa dәrmanını gәrәk özgәdәn yox, atasından istәsin. Hәr nә istәyirsәn de.”

Dedi:

“Utanıram, amma bununla belә könlümü dәryaya vurub deyirәm ki, mәn vә bibi iki il tamam bәyin yastığından ayrılmayıb ağladıq. İndi sağalandan sonra üzünü görә bilmirik, hәr gün, hәr gecә ya qonaq gedirsiniz, ya da qonaq gәtirirsiniz.”

Dedim:

“Mәnim bu gözlәrim üstә, gözümün işığı, mәn dә bundan sonra sizin yanınızda qalaram. Daha nә sözün var?”

Dedi:

“Sizi demirәm, insaf elәyin, amma özünә demәyin ki, mәn demişәm.”

Doğrudan da, insaf alәmindә Mәhbubәnin haqqı var idi. İki illik zәhmәt, qayğı vә ağlamağın acısını bir saat bir yerdә oturub yemәk vә söhbәt elәmәk Mәhbubәnin ürәyindәn çıxarardı, onun zәhmәti vә ağlamağının mükafatı olardı. Düz bir ay İbrahim bәyi qonaq getmәyә, qonaq gәtirmәyә qoymadım....

Üç ay keçdi. Günlәrin birindә Haciyә xanım mәni çağırdı. Hüzuruna getdim. Buyurdu:

“Yusif ağa, indi sәn İbrahim vә Mәhbubәnin atası yerindәsәn. Özün bilirsәn ki, rәhmәtlik Hacı vәsiyyәt elәmişdi ki, İbrahim otuz yaşına qәdәm qoyanacan evlәnmәsin. Sәn özün bilirsәn ki, bu qıza nә qәdәr xәrc qoyub, onun nә qәdәr zәhmәtlәrini çәkmişdi. Onu İbrahim bәyә nişanlamışdı vә bu barәdә mәnә vәsiyyәt elәmişdi. İndi İbrahim otuz iki yaşına çatmışdır. Hәrçәnd ki, özü evlәnmәk fikrindә deyil, lakin özün yaxşı bilirsәn, bu qız yemәyi, yatmağı özünә haram elәyibdir. İbrahim bәyi görcәk söyüd yarpağı kimi әsir, rәng-rufu itir.

Dünәn yuxarı çıxmışdım, gördüm kanonu götürüb hәzin-hәzin çalır, oxuyur, ağlayır. Bir para fars, türk şerlәri dә oxuyurdu. Bu iki beyt yadımda qaldı:

Nalәdәndir ney kimi avazeyi-eşqim bülәnd,

Nalә tәrkin qılmazam ney tәk kәsilsәm bәnd-bәnd

Qıl mәdәd, ey bәxt, yoxsa kami-dil mümkün deyil

Böylә kim, ol dilrüba bidәrddir, mәn dәrdmәnd.

Ürәyim halına yandı. Qorxuram mәhәbbәti büruzә verә. Xahiş edirәm ya özün, ya da Mirzә Abbasa de ki, İbrahim bәyә desin, hәlәlik şirni içәk, toyu qalar bahara. Axı mәnim dә arzum var, oğul toyu görüm. Mәnim ömrüm dә qurtarıb, istәmirәm bu niskili qәbrә aparım. Bundan әlavә, qız da böyüyübdür. İbrahim dura-dura heç kәs cәsarәt elәmәz ki, ona elçi göndәrsin. Әvvәldәn hamıya demişәm ki, İbrahim evlәnmәyincә qızı heç kәsә vermәyәcәyәm.”

Dedim:

“Xanım, gözüm üstә, fürsәt әlә düşәn kimi mәtlәbi söylәyәrәm.”

Bu söhbәtdәn bir neçә gün keçdi. Hal-qәziyyәni Mirzә Abbasa dedim. Başını aşağı salıb bir qәdәr sakit dayandı. Uzun-uzadı düşünәndәn sonra dedi:

“Sәbr elә, tәklikdә mәtlәbi yerbәyer elәrәm....”

Bu gün Mirzә Abbas gәlib mәni bağçanın o tәrәfinә çәkәrәk dedi:

“Uzun-uzadı söhbәtdәn sonra İbrahim bәyi evlәnmәyә razı saldım. Amma deyir şirni içilsin, lakin toy gәlәn ilә qalsın. İstәyir böyük vә tәntәnәli bir toy tutulsun. Dedi ki, qohum-әqrәbamız var, gәrәk İrandan, İstambuldan vә sair yerlәrdәn üç-dörd ay qabaq camaatdan vәdә alaq.”

Tapşırıb Haciyә xanıma deyim ki, toy mәrasimi әvvәldәn axıradәk İran qaydası ilә olmalıdır. Heç birisindә әrәb, türk vә firәng mәrasimindәn tәqlid olunmamalıdır.

Haciyә xanımın yanına gedib bu xәbәri dedim. Çox sevindi. Buyurdu qonşu vә tanış qadınlardan bir neçә nәfәrin ayın on ikisinә vәdәsini aldılar. Mәnә isә dedi ki, bir taqә şal, bir dәnә hәlqә üzük, bir dәnә güzgü alım. Evdә bunların hamısı, hәtta hәrәsindәn bir neçә dәnә var idn. Lakin mәn dә bu fikirdә idim ki, gәrәk hamısı Mәhbubәnin adına alınsın. Dedim:

“Bәy tapşırıbdır ki, bütün mәrasim İran qaydası ilә olsun.”

Dedi:

“Elә dә olacaq. Fәqәt sizdәn tәvәqqeim budur ki, bunların ikisinin dә atası yoxdur, siz bunlara atalıq vәzifәsini boynunuza götürәsiniz. Çünki sizdәn başqa bir adamımız yoxdur. Mәn isә ikisinin dә anasıyam. Amma gәrәk әvvәlcә Mәhbubәdәn icazә alaq. Göndәrin Rәfiqәnin anası Zöhrә xanımı çağırsınlar. Qoy o Mәhbubәdәn icazә alsın.”

Әrz elәdim:

“İbrahim bәy xәstә yatarkәn mәn Mәhbubәnin sirdaşı olmuşam, özüm Mәhbubәyә deyәrәm vә icazә alaram.”

Gecә Mәhbubәnin mәnzilinә getdim vә dedim:

“Balaca xanım, sәn nәzir elәmişdin bibinin yanında oynayasan. Ayın on ikisindә qonağımız var, oynamağın vaxtıdır.”

Gülüb dedi:

“Nә qonaqlığıdır?”

Dedim:

“Xeyir iş var.”

Yavaş-yavaş kinayәdәn keçib açıq söylәdim.

“Cavab ver, razısanmı?”

Başını aşağı salıb sükut elәdi, dedim:

“Gәrәk cavab verәsәn, bu rәsmidir vә şәriәt tәlәb edir.”

Utana-utana dedi:

Sevgiyә canın verәn canın tapar,

Kim ki, candan keçsә cananın tapar.

Dedim:

“Şairә xanım, indi aşkar cavab vermәk vaxtıdır. Şәmşirin, zәncirin, ölümün yeri deyil. Bir şer de ki, onda mübarәklik ruhu olsun.”

Dedi:

“Şer mәnim deyil, Qaaninindir. İxtiyarsız olaraq dilimә gәldi.”

Dedim:

“Mübarәk olsun, razısanmı?”

Sakit dayandı. Mәlumdur, sakitlik razılıq әlamәtidir.

Mirzә Abbasın yanına gedib dedim:

“İbrahimә de, gәlsin gedәk şal, güzgü, üzük alaq ki, ayın on ikisinә hazır olsun.”

Adam göndәrdik gәldi. Gördük o da utanır. Deyәsәn xәcalәt çәkirdi. Dedim:

“Mәnim gözümün işığı, bu allahın hökmü, Mәhәmmәd peyğәmbәrin qanunudur. Allah hamıya qismәt elәsin. Daha bu mәsәlәdә utanmaq lazım deyil. Gәrәk tam şadlıq vә dilxoşluqla işә başlayaq.”

Heç bir söz demәdi. Yüz әlli lirә üçün bank çeki yazıb mәnә verdi vә dedi:

“Bankdan alın, nә lazımdır yerbәyer elәyin. Daha mәnim getmәyim vacib deyil.”

Nә ki lazım idi, aldım, aparıb Haciyә xanıma göstәrdim, bәyәndi. Qonaqlardan vәdә alındı, şirni vә başqa gәrәkli şeylәr dә alındı.

Ayın on ikisindә kalyaskanı qoşdular. İbrahim bәy Mirzә Abbasla minib gәzmәyә getdi. Әrәb vә әcәm qadınlarından ibarәt çoxlu qonaq gәlmişdi. Qadınların qaydası üzrә, Mәhbubәni bәzәdilәr, tellәrini darayıb çiyinlәrinә tökdülәr, doğrudan da qüdrәtin mәşşatәsi onu elә bәzәmiş, fırçası ilә elә qәlәm vurmuşdu ki, o könüllәr istәklisinin qarşısında әql heyran qalırdı.

"Gözәl üzә nә lazim mәşşata әli dәysin".

Mәn öz mәnzilimdә oturmuşdum. Birdәn Mәhbubәni çәkә-çәkә mәnim yanıma gәtirdilәr. Nişan üzüyü barmağında, gәlin şalı başında idi. Utandığından gәlә bilmirdi. Otağa girib baş әydi. Baxdım gördüm nә Mәhbubә! Әvvәldәn dә o, gözәl vә rәna idi, indi bәzәmişdilәr dә. İxtiyarsız olaraq dedim: "Fәtәbarәkallahu әhsәnül xaliqin". Qamәti sәrv tәk, üzü ay kimi. Utana-utana gәlib әlimi öpdü. Mәni ağlamaq tutdu, bәdahatәn bu şeri dedim:

Allah taala inşaallah sizi xoşbәxt vә şadkam

elәsin,

Ulduzlarınızı barışdırsın, hәr günü sizlәrә

bayram elәsin.

Sәkinә gülüb dedi:

“Ana, ana, Yusif әmi şair olub, ha-ha-ha!...”

Bütün xanımlar gülmәyә başladılar. Xeyli güldülәr, mәn Sәkinәyә dedim:

“Haydı, şeytan, mәni mәsxәrәyә qoydun?”

Yenә dә hamı güldü: ha-ha-ha, şair!

Mәn әlacsız qalıb qaçdım, onlar bir dә ucadan güldülәr.

Bu günümüz tam şadlıq vә sevinclә keçdi. Mәhbubә sevinirdi, qәribә bir alәmi var idi.

Doğrudan da qәribә xilqәt, qәribә qanundur! Adam dürüst fikirlәşәndә nә kimi mәrhәlәlәr vә mәqamlardan keçdiyini dәrk edir. Lakin heyif, yüz heyif ki, dünyanın işlәrindә sabitlik vә davam yoxdur. Zәmanәnin gülü tikansız, balı zәhәrsiz olmur. Şirin dә, acı da, kәdәr dә, sevinc dә bir-birilә yanaşı olur.

Bu gecә Hacı Möhsün ağagildә toplaşmışdıq. Bir qәdәr İbrahim bәylә zarafatlaşdıq.

Hacı Möhsün ağa dedi:

“"Hәblülmәtin"dә vәtәn haqqında bir şer dәrc olunubdur, qulaq asın oxuyum.”

Vәtәn haqqında Bәdiin şeri:

Gәlin verin әl-әlә, ittihad edin niyyәt

Ki, ittihad ilә çatmış murada hәr millәt.

Könül verin hamınız birliyә, müsәlmanlar.

Sәadәt ulduzunuz ittihadsız sozalar.

Bilin ki, ismәtiniz varınızla, ey dostlar,

Cahanda birlik ilә, ittihad ilә qorunar....

Olubdu elmdәn hәr yerdә bәndәlәr azad,

Cәhalәtә sәn әsir olmusan niyә, heyhat!

Zәmanә oldu digәrgün, dәyişdi cümlә cahan,

Olubdu elmü hünәr hәr tәrәfdә nurәfşan.

Bu köhnә irs ki, qalmış sәnә ata-babadan,

İnan ki, dәrdlәrinә eylәlmәz bu gün dәrman.

Zәmanә nizә vә şәmşir ruzgarı deyil,

Bu gün tüfәng ilә top, mavzerin zәmanıdı, bil.

Sәn indi xabdәsәn qәflәt içrәsәn, әfsus,

Qoyubdu dörd tәrәfә düşmәnin bü gün casus.

Biri ticarәt adilә varın-yoxun talayır,

Biri dәyanәt adilә başında od qalayır....

Xülasә, aç gözünü vaqifanә, aldanma,

Bu qövmi-bişәrәfin şum mәqsәdin anla.

Әlaci-vaqiәni etmәsәz әzәldәn әgәr,

Tәәssüf içrә bütün ömrünüz xitamә yetәr,

Bu fikrü zikr ilә bir az da ömr sürsәn әgәr,

Bu yerdә, şübhәsi yoxdur, nәhali-küfr bitәr.

Danışma bir dә, Bәdia, güvәnmә öz sәsinә,

Tәrәqqi eylәmişik biz dә, leyk tәrsәsinә!

Hacı Tәbrizi qәribә bir vәcd vә sevinclә dedi:

“Allah bu kimi şairlәri müvәffәq elәsin. Әgәr bizim bütün şairlәrimiz bu mәslәkdә olub, bir-birinin sәsinә sәs versәydilәr, vәtәnpәrvәrlik hisslәrini tәrәnnüm etsәydilәr, şübhәsiz, bizi cәhalәtin tәhlükәli girdabından çıxarar, sәrgәrdanlıqdan qurtarıb sәadәt yoluna qәdәm qoymağımıza kömәk edәrdilәr, ürәyimizin zәminindә mәrifәt toxumu sәpib becәrәrdilәr. Daha bugünkü kimi hәmvәtәnlәrimiz cәhalәt, nadanlıq zülmәtindә vәtәn növhәsi oxuyub ağlamazdılar....”

Hәqiqәtәn demәk lazımdır ki, bizim ruhumuz ölübdür:

"Hanı bir İsa nәfәsli kim, dirildә bizlәri?!"

İbrahim bәy bu sözlәrә heç bir cavab vermәk istәmәdiyi bir vәziyyәtdә dedi:

“Siz dә üç-dörd ildәn sonra bu kimi söhbәtlәri daha etmәzsiniz. Bizim nöqsanımız ondadır ki, gec ayılmışıq, gec gәlsәk dә hәlә qapı bağlanmamışdır. Tezliklә ümid çiçәklәri açar, sәadәt nәsimi başımızın üzәrindә әsәr.”

Hәlә döz dövlәtin fәcri açılsın,

İqbalın sübhündәn bir әsәrdir bu.

Mәnim Süveyşdә bir para işlәrim var idi. Gedib onlara sәrәncam verib gәldim. Mәn gәlәndәn bir gün sonra poçt gәldi. Yalnız Tehrandan bir mәktub var idi. Alıb İbrahim bәyә gәtirdim. Dedi:

“Bundan başqa mәktub yox idi?”

Dedim:

“Xeyr....”

Şamdan sonra qapı döyüldü. Hacı Mәsud gәlib dedi:

“Hacı Möhsün ağa Mehdi bәylә gәlibdir.”

İbrahim bәy dedi:

“Yuxarıya çıraq aparın, de buyursunlar.”

Durub yuxarı çıxdıq. Hacı Möhsün ağa dedi:

“Yusif әmi, "Hәblülmәtin" gәlibdir. Onda vәtәn haqqında bir şer dәrc edilibdir. Mehdi bәyә dedim gedәk İbrahim bәyin yanında oxuyaq, Yusif әmi söhbәtdәn әvvәl yazsın:

Dinlә neydәn nә hekayәt elәyir.”

Bәdiin vәtәn haqqında yazdığı qәsidә.

Söylә, şair, bir mәnә, söylә, nә vaxtadәk sәn,

İşvәli dilbәrlәri sözlә vәsf edәcәksәn.

Mahir şairәm deyә, sözlәri düzә-düzә,

Quru mәdhiyyәlәri deyәrsәn üzümüzә.

Qәrәz, tamah üzündәn ürfandan söz açırsan,

Mövhum yarın vәsfini, söylәyirsәn yalandan.

Deyirsәn: -- "Ey gözәllәr, dilbәrlәr ilahәsi.

Eşqinә möhtac olan aşiqlәrin qiblәsi,

Gözәllikdә mislin yox, işvәn artıq,

Qәmzәn çox.

Sifәtin aydır, inan, hәsrәtdәn günüm qara,

Boyun yoğrulub nazdan, dәrdindәn könlüm yara,

Yanıram od içindә, gözәl, ayrılığından.

Bilmirәm yanacağam burada nә vaxtacan.

Bu sözlәri satmaqçin aparsanız bazara,

İnanın ki, almazlar bircә dәstә kavara.

Heç özün dә bilmirsәn bu saqqız çeynәmәyi.

Hәr tәrәfә salıbsan mәnasız küy-kәlәyi.

Qeysin eşq macәrası, Leylinin şikayәti,

Mahmudun dastanı, Ayazın hekayәti,

Köhnәlmiş, vaxtı keçmiş quru bir әfsanәdir,

Gәl indi bu dövranın nәğmәlәrini dindir.

Bir dәfәlik әl götür köhnә әfsanәlәrdәn.

Şair, söz aç bizlәrә bu gün dәrdli vәtәndәn.

Әgәr vurğunluğa varındısa hәvәsin,

Köklә simli sazında vәtәnin tәranәsin.

Yoxdur vәtәndәn savay füsunkar, nazlı bir yar,

Könlünü ver vәtәnә, ona ehtiyacın var.

Ürәklәri odlayan gözәl vәtәn yavrusu

Rәqibin xәtәri ilә üz-üzәdir, doğrusu.

Vәtәnin sәadәtin, tәrәqqisini anla,

İnci sözlәri topla, şer söylә ilhamla.

Söylә, nә vaxta kimi qәflәtdә qalacaqsan,

Seçә bilmәyәcәksәn enişini yoxuşdan?

Elmdir maya verәn dünyada sәadәtә,

Elmsiz tәrәqqiyә insan da yol taparmı?

Qanadsız quş uçarmı?

Elmin arxasınca get nә qәdәr ki, ömrün var.

Elm sәni hәr zaman yüksәlişә aparar.

Bağla dodaqlarını ey Bәdi! Danışma çox,

Bu köhnә ölülәrdәn deyәsәn sәs-sәmir yox!

“Bәh, bәh, afәrin belә şerә vә şairә. Mәrhәba belә qızıl qәlәmli şairә! Hәqiqәtdә әsl şer, şairlik, doğru söz vә dәyanәt bundan ibarәtdir. Bәdiin qadası o alçaq yalançıların canına gәlsin. Bu müddәtdә bir nәfәr nәcib şair tapılmadı ki, bu üslubda şer yazsın. Heç hәyaları yoxdur, tәriflәdiyi adam camaatın qarşısında qara qul kimi dayandığı halda onu Misir Yusifi adlandırır, kor gözlәrini nәrgizi-şәhlaya oxşadır. Hәr gün arvadı heyvәrә oğlunun üzünә tüpürür, peysәrinә salır, qorxusundan çıraqsız ayaqyoluna gedә bilmir. Amma bizim bu yalançı yaltaqlar şücaәtdә onu Rüstәmdәn vә Sam Nәrimandan üstün tuturlar, әn alçaq bir adamı fәzilәtmәdar adlandırırlar. O tәriflәnәn namәrd oğlu da heç utanıb qızarmır. Halbuki özü dә bilir ki, ona verilәn tәriflәrin hamısı әsassız vә yalandır. Mәn bilmirәm, әgәr gül, tikan, Leyli vә Mәcnun, Fәrhad vә Şirin, Xosrov vә Pәrviz, ay vә günәş olmasa idi bu şüursuz şairlәr nә edәrdilәr, tәriflәdiklәri adamları nәyә bәnzәdәrdilәr.

Beş yüz ildәn artıqdır ki, bütün şairlәr eyni üslubda söz qoşmuş, zalımları, mәdәniyyәt vә insaniyyәt düşmәnlәrini tәriflәmişlәr, onları Әnuşirәvandan üstün tutmuşlar, hәtta Әnuşirәvanı onların dәrbarının nökәrlәrindәn biri hesab etmişlәr. Onların bir beytinin mәnasını başa düşmәk üçün gәrәk lüğәt kitabına baxasan. Özlәri dә lüğәt kitabına baxmasalar ikinci beytin qafiyәsindә mәәttәl qalacaqlar. Şer budur, şairin hünәri vә fәzilәti dә bundan ibarәtdir, bir kәlmә artıq-әskiyi yoxdur. Bәrәkallah!...”

Mәn dedim:

“Bәy әfәndim, Bәdi elә bil ki, sizin Qәzvindә Şәmsüşşüәra ilә olan söhbәtinizi nәzmә çәkibdir.”

Hacı Möhsün ağa dedi:

“Sәbr elәyin, başqa nömrәdә dә qәsidә vardır.”

Hamımız yaylıq çıxarıb gözümüzün yaşını sildik. Bәdiә afәrinlәr deyib, canına dua elәdik. İbrahim bәy dedi:

“İşә bax, gücә bax, belә gözәl nәsihәtlәrlә çıxış edәn bir qәzetin vәtәndә yayılmasını qadağan edirlәr. İstәyirlәr ki, hәmvәtәnlәrimiz onun şirin sözlәrini eşitmәsinlәr, vәtәn üçün haray çәkib ağlamasınlar, zalımın zülmündәn şikayәt elәmәsinlәr, onun әleyhinә üsyan qaldırmasınlar. Bu nә fәlakәtdir ki, biz düçar olmuşuq! Millәtin bütün tәbәqәlәrinә qәzet oxumaq lazımdır, qәzet hamıya lәzzәt verәr, maddi vә mәnәvi mәnfәәt gәtirәr. Yalnız murdar mәqsәdlәr güdәnlәr öz yaramaz әmәllәrinin qәbahәtini pәrdәlәmәk üçün hörmәtli millәti qәzet oxumaq nemәtindәn mәhrum etmişlәr. Halbuki Afrika çölündәki hәbәşlәr vә zәncilәr belә hal-hazırda qәzet vә maarif sahibi olmuşlar. Hamı pis әmәllәr vә yaramaz xәyanәtlәrdәn tezliklә xәbәrdar olur vә başa düşür ki, mәdәni, hәqiqi insan olmağı öyrәnmәk lazımdır.

Tәәssüf olsun ki, indi biz insanlıq vә mәdәniyyәt sifәtlәrindәn mәhrum olmuşuq, yer üzündә yaşayan millәtlәrin әhvalından xәbәrsiz qalmışıq. Mәdәniyyәt kәsb etmәyi dövlәtpәrvәrliyin ziddinә qәlәmә verir, dövlәti dә başdan çıxarırlar. Min cürә qәm, kәdәr, müsibәt vә matәmә düçar olduğumuz halda cınqırımızı belә çıxarmırıq.”

Xülasә, mәclis bu söhbәtlәrlә başa çatdı. Hәr birimiz öz evimizә getdik. Sabahı gecә Hacı Mәsud gәlib dedi:

“Haciyә xanım sәni çağırır.”

Gedib gördüm ana-bala әylәşiblәr. Salam verdim. Haciyә xanım dedi:

“Mirzә Yusif, biz İbrahimlә dava elәyirik, qәrar qoymuşuq ki, sәn nә desәn qәbul elәyәk.”

Dedim:

“Nә üstә dava elәyirsiniz?”

Dedi:

“Mәn deyirәm ki, yuxarı otaqları tәmir elәyәk, rәnglәyәk, kağızlarını dәyişәk. İbrahim razı olmur, deyir lazım deyil. Mәn istәyirәm hәr bir şey tәzә olsun. Mәnim dә arzum var. Sәn mәslәhәt bilirsәn, ya yox?”

davamı
XS
SM
MD
LG