Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:46

Hollandiyada ətin halal kəsilməsi qadağan olunur


Avropa ölkələri arasında ilk dəfə olaraq Hollandiya heyvanların müsəlman və yəhudilərin qaydasıyla boğazından kəsilərək öldürülməsi qadağan edə bilər. Bu ay Hollandiya parlamentində yəhudilər və müsəlmanların dini ayinlərinə əsasən heyvan kəsməsini qadağan edən sənəd müzakirə olunacaq.

Belə bir qanun layihəsi Hollandiyanın radikal sağçı Azadlıq partiyasının təşəbbüsü ilə irəli sürülüb. Həm partiya üzvləri, həm də ölkədə heyvan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar hesab edir ki, dini ənənələr ucbatından heyvanlara çox əziyyət verilir.

Hollandiyada yaşayan yəhudi və müsəlman əhalisi isə bu layihəni din azadlığına təhqir kimi qəbul edir. Niderland CJO partiyasından Ruben Vis deyib ki, belə bir sənəd etiqad azadlığı sahəsində ciddi narahatlıq doğuracaq. Müsəlmanların Halal təşkilatının direktoru Abdulfəttah Ali-Salah isə hesab edir ki, hazırda holland cəmiyyəti öz müsəlman icmasının hüquqlarından daha çox heyvanların hüquqları ilə maraqlanır. O, deyib ki, qanun qəbul olunsa, Hollandiyada yaşayan milyonlarla müsəlman sadəcə ət yeməkdən imtina edə bilər.

Əksər Qərb ölkələrində olduğu kimi Hollandiyada da qəssablara heyvanların kəsərkən onların əziyyətini mümkün qədər azaltmaq, daha humanist metodlardan istifadə etmək, məsələn, heyvanı dərmanla yatırmaq, və ya elektriklə öldürüb sonra kəsmək tövsiyə edilir. Bu baxımdan, Hollandların əksəriyyəti bu qanun layihəsini dəstəkləsə də, bəzi mərkəzçi partiyalar hesab edir ki, əslində bu qanun problemin əsl mahiyyətindən – sallaqxanalardakı vəziyyətdən diqqəti yayındırmaq məqsədi güdür. Layihəyə qarşı çıxanlar arasında xristian demokratlar da var. Onlar Hollandiyanın dini azlıqlara qarşı tolerant imicinin korlana biləcəyindən narahatdırlar.

16 milyon əhalisi olan Hollandiyada hazırda 1 milyon müsəlman yaşayır. Yəhudilərin sayı isə 40-50 min arasındadır.

XS
SM
MD
LG