Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 00:54

100 manat ödəyənə 8 manatlıq qəbz verilir?


İdxalla məşğul olan sahibkarlar gömrük brokerlərində korrupsiyanın hələ də mövcudluğundan gileylidirlər. Sahibkarlar deyirlər ki, bu ilin əvvəlindən Azərbaycanda korrupsiyaya qarşı başlayan mübarizə gömrük broker qurumlarına hələ də öz təsirini göstərməyib.

Şüşə idxalı ilə məşğul olan sahibkar Ədalət Abbasovun dediyinə görə, Yük Gömrük Bəyannaməsini (YGB) yazan gömrük brokerləri 8 manat 6 qəpiyə olan bəyannamənin hər səhifəsinə görə əvvəllər olduğu kimi yenə də 100 manat pul alırlar.

Sahibkarın deməsinə görə, gömrük bəyannaməsi alanda rüsumdan artıq pul vermədikləri üçün hər dəfə brokerlərlə aralarında mübahisə yaranır. Bu səbəbdən onlar istəyirlər ki, broker xidməti göstərən qurumlardan biri ilə müqavilə imzalasınlar ki, bu problem aradan qalxsın.

“Biz indiyə qədər bütün bəyannamələri Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində (Təsərrüfat Hesablı Xarici İqtisadi Birlik) yazdırmışıq. Hər dəfə də bizdən 8 manat 6 qəpik əvəzinə 100 manat alıblar, son
iki dəfə mal gətirəndə rüsum nə qədərdirsə, onu vermişik. 100 manat verməkdən imtina etmişik. Amma indiyə qədər 100 manat alıb 8 manat 6 qəpiklik çek verilib”.

“BROKER QURUMU BİZİMLƏ MÜQAVİLƏ İMZALAMAQ İSTƏMIR”

Ədalət Abbasov deyir ki, «Azərterminalkompleks» Birliyi ilə müqavilə imzalamaqla həm də istəyirlər ki, göstərilən xidmətə görə ödədikləri rüsum tam məbləğdə müqavilədə qeyd olunsun.

“Mən deyirəm ki, mənə xidmət göstərirsiz, həmin xidmətin qiymətini mənə deyin. Onlar mənə deyirlər həmin xidmətə görə 100 manat ödə, amma ödədiyim 100 manatın qəbzini mənə 8 manat 6 qəpiklik çek verirlər”.

Sahibkar bunu vergidən yayınma ilə ciddi qanun pozuntusu sayır və hesab edir ki, bu hərəkətə görə broker xidməti göstərən qurumun lisenziyası ləğv edilə bilər:

Ədalət Abbasovun deməsinə görə, ötən ildən “Azərterminalkompleks” Birliyinə etdikləri müraciətlərin heç birinə müsbət cavab verilməyib. Sahibkar deyir nə onlarla müqavilə imzalanır, nə də onlara Yük Gömrük Bəyannaməsi verilir:

“Müraciət etmişik ki, bəyannamə blanklarından bizə də verilsin, bizə də bu xidməti göstərsinlər. Onlar bizə blankın satıla bilməyəcəyini deyirlər. Bizə bir dəfə cavab veriblər ki, həmin blanklar xüsusi icazəsi olan qurumlara verilir”

Sahibkar xüsusi icazənin alınmasının da müşkül bir iş olduğunu bildirir:

“Şərtlərdən biri odur ki, mən qurum olaraq xüsusi bilik attestasiyasına malik iki şəxs təqdim etməliyəm. Həmin şəxslər də gömrük orqanında kurs keçməlidirlər. Bu kurs da üç ildən bir keçirilir, amma bu nə vaxt olur, necə olur onu yalnız özləri bilir, mən heç vaxt bununla bağlı elanlara rast gəlməmişəm”.

BU İŞƏ DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN ÖZÜ BAXIR


«Azərterminalkompleks» Birliyinin ümumi şöbəsindən AzadlıqRadiosuna deyiblər ki, hansısa sahibkar onlarla müqavilə imzalamaq istəyirsə, o birinci növbədə Dövlət Gömrük Komitəsinin sədrinə rəsmi müraciət etməlidir. Yalnız bundan sonra onlar hansısa sahibkarla müqavilə imzalaya bilərlər. Özünü şöbənin əməkdaşı kimi təqdim edən şəxs bunları dedi:

“Bu işə Dövlət Gömrük Komitəsinin özü baxır, biz burda kimik ki? Sahibkarlar birinci Komitənin sədri Aydın Əliyevə müraciət etməlidir. Ordan göstəriş veriləndən sonra biz qəbul edirik. Biz özbaşına burda bir şey edə bilmərik, heç bir müqavilə də bağlaya bilmərik”.

“ƏVVƏL BELƏ OLMAYIB”

AXC hakimiyyəti dövründə Dövlət Gömrük Komitəsinin sədri olmuş İbrahim Vəliyev isə deyir onun sədr olduğu dövrdə bu kimi problemlər olmayıb. Sabiq komitə sədrinə görə, həmin vaxt idxalla məşğul olan hüquqi şəxslərin işini asanlaşdırmaq üçün müəyyən güzəştlər olub.

“Yəni hüquqi şəxslər peşəkarlar olduğundan onların işini asanlaşdırmaq üçün addımlar atılmışdı. İdxalla məşğul olan hüquqi şəxslər Yük Gömrük Bəyannaməsini özləri doldururdular”.

GÖMRÜK BROKERİ HAQQINDA ƏSASNAMƏ İSƏ...

“Gömrük brokeri haqqında Əsasnamə” nin 4-cü maddəsinin 2-ci bəndində göstərilir ki, əsasnamədə nəzərdə tutulan digər hallar istisna olmaqla gömrük brokeri ona müraciət edən hər hansı şəxslə broker xidməti üzrə qarşılıqlı münasibətlər barədə müqavilə bağlamağa borcludur.

Sahibkarların AzadlıqRadiosuna dediyinə görə, Azərbaycanda gömrük brokerləri əsasnamədə göstərilməyən addımlar atırlar. Onlar deyirlər ki, gömrüklə onlar arasında vasitəçilik etməli olan bu qurumlar daha çox sahibkarlara bəyannamə satmaqla məşğuldurlar.

Qeyd: Gömrük brokeri -ölkənin qanunvericiliyinə əsasən yaradılmış və gömrük orqanları (gömrük komitəsi, departament, baş gömrük idarəsi) tərəfindən gömrük rəsmiləşdirmə əməliyyatlarını, gömrük işI sahəsində digər vasitəçilik funksiyalarını öz hesabına və ya müqavilə üzrə təmsilçi şəxsin tapşırığı əsasında həyata keçirən lisenziya almış hüquqi şəxslərdir.
XS
SM
MD
LG