Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:51

COP29-a qədər sülh sazişi imzalana bilərmi?


İlham Əliyev və Nikol Paşinyan
İlham Əliyev və Nikol Paşinyan

Uzun müddətdir deyilir ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin əsas prinsipləri razılaşdırılıb, bəzi məsələlər qalıb.

Mayın 10-da Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatı görüşündən sonra da oxşar bəyanat səslənmişdi: "Nazirlər delimitasiya üzrə irəliləyişi və bununla bağlı əldə edilmiş razılaşmaları alqışlayıblar. Tərəflər hələ də fikir ayrılıqlarının mövcud olduğu açıq qalan məsələlər üzrə danışıqları davam etdirməyə razılaşıblar".

İki gün əvvəl, mayın 29-da Ermənistan baş naziri Nikol Paşinyan da "əsas prinsiplər razılaşdırılıb, detallar qalıb" deyib.

Amma razılaşdırılan və razılaşdırılmayan məsələlərin nədən ibarət olduğu ictimaiyyətə açıqlanmır.

Hikmət Babaoğlu
Hikmət Babaoğlu

"Birincisi xarici faktor, ikincisi isə..."

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu "Turan"a bildirib ki, hazırda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına mane olan faktorlar var. Onun fikrincə, bunlardan birincisi xarici faktor, ikincisi isə Ermənistanın daxilində kilsə ətrafında birləşən radikal qruplaşmalardır: "Paşinyan hazırda kilsə və radikallar faktorunu aradan qaldırmaq üçün kilsənin üzərinə sonuncu həmlə edərək daxili faktordan xilas olmağa çalışır. Paşinyan istəyir ki, dövlət qursun, kilsə isə həmişə Ermənistanda dövləti əvəz edən funksiyanı yerinə yetirdiyinə görə bunu əldən vermək istəmir. Düşünürəm ki, bu mübarizə Paşinyanın uğuru ilə nəticələnəcək".

Deputatın sözlərinə görə, bu maneə aradan qalxarsa, Ermənistan ilə Azərbaycan arasında sülh daha da yaxınlaşacaq: "Hazırda xarici qüvvələr "Zəngəzur dəhlizi" (Ermənistanın Sünik bölgəsindən keçəcəyi gözlənən yol) üzərində nəzarət uğrunda mübarizə aparırlar. Rusiya, ABŞ, İran və Fransa arasında rəqabət var, ona gərə də hər hansı addım atıla bilmir. Nəzərə alsaq ki, ABŞ-da seçkilər başlayacaq, Rusiya-Ukrayna müharibəsi yeni fazaya daxil olub, İranda isə baş verənlər göz qabağındadır. COP29-a qədər sülh müqaviləsini imzalamaqla Azərbaycan və Ermənistan Qafqaza nəzarət etmək istəyən imperialist mərkəzlərin nəzarətindən kənarda bunu gerçəkləşdirmiş olarlar".

Babaoğlu hesab edir ki, əgər bu ilin noyabrında Bakıda keçiriləcək COP29-a (BMT İqlim Konfransı) qədər Paşinyan "Zəngəzur dəhlizi"nin açılmasına qərar verərsə, qalan bütün proseslər artıq çərçivə sazişindən sonra nizamlana bilər: "Əsas prinsipial məsələ "Zəngəzur dəhlizi"nin açılması və bununla da azərbaycanlıların Naxçıvandan digər Azərbaycan ərazilərinə maneəsiz keçməsi ilə bağlı Ermənistanın öhdəliyini yerinə yetirməsidir".

Amma Ermənistan rəsmiləri dəfələrlə bəyan ediblər ki, bu yol rəsmi Yerevanın yurisdiksiyası əsasında açıla bilər. Azərbaycan rəsmiləri isə, hələlik, bununla razılaşmırlar.

Elxan Şahinoğlu
Elxan Şahinoğlu

"Paşinyanın yerinə radikal gələrsə..."

"Atlas" Araşdırma Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da AzadlıqRadiosuna bildirib ki, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına xeyli dərəcədə yaxınlaşıb: "Son aylarda sərhəddə heç bir insident qeyd olunmur. Eyni zamanda, dekabrda əsirlər dəyişdirilib, sərhədin bir hissəsi müəyyənləşdi. Sülh sazişinin mətnində də iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması ilə bağlı məqam yer alıb. Bunlar pozitiv məqamlardır".

Amma ekspert də hesab edir ki, sülh sazişinə mane olan məqamlar da var: "Ermənistan hakimiyyəti istəyir ki, sülh sazişində 1991-ci il Almatı bəyannaməsi yer alsın. Amma Azərbaycan tərəfi sərhədlərin müəyyənləşməsinin sırf Almatı bəyannaməsinə uyğun olmasını istəmir. Üstəgəl, dəhlizlər məsələsində tərəflər arasında fikir ayrılığı qalır. Buna baxmayaraq, tərəflər 90 faiz ortaq məxrəcə gəliblər".

Politoloqun qənaətincə, hər iki tərəf COP29-a qədər, yay aylarında sülh müqaviləsinin bağlanmasını istəyir. "Azərbaycan ona görə maraqlıdır ki, Paşinyana qarşı radikallar baş qaldırıb. Paşinyan bizim üçün faydalı işlə məşğul olur, sülh quruculuğunu gücləndirmək istəyir. Paşinyanın yerinə radikal gələrsə, o, danışıqları sıfırdan başlamaq istəyəcək, Azərbaycan isə buna getməyəcək. Bu da yeni müharibəyə yol aça bilər", - Şahinoğlu ehtimallarını bölüşür.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib.

Bakı ötən il sentyabrın 19-20-də isə Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" kimi dəyərləndirib. Daha sonra da Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

XS
SM
MD
LG