Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:49

Tacikistanda Moskva konsert zalına hücumda ittiham edənlərin qohumları saxlanır


Şübhəlilər məhkəmədə
Şübhəlilər məhkəmədə

Tacikistanın hakimiyyət orqanları Moskva regionundakı konsert zalına hücum edərək çox sayda insanı qətlə yetirməkdə şübhəli bilinən şəxslərin qohumlarını saxlayıb.

Bundan əvvəl Rusiya hakimiyyət orqanları 22 mart terror hücumu ilə bağlı səkkiz nəfərə qarşı ittiham irəli sürüb.

Moskva ətrafındakı Crocus City Hall konsert zalına hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti silahlı qruplaşması götürüb.

Martın 26-a olan məlumata görə bu hücum zamanı 139 nəfər həlak olub.

Bilavasitə hücumun həyata keçirilməsində Rusiyada miqrant əməkçi kimi çalışmış dörd etnik tacik ittiham olunur.

İşgəncə və zorakılıq izləri

Martın 24-də Moskvada keçirilən məhkəmədə şübhəlilərin üzündən qəddarlıqla döyüldükləri və hətta bəlkə də işgəncələrə məruz qaldıqları görünürdü.

Teleqram kanallarından birində yayınlanmış videolarda şübhəlilərdən birinin qulağının kəsilərək özünə yedirdilməsinə cəhd edildiyi görünürdü. Başqa bir videoda isə daha bir şübhəlinin cinsi orqanlarına elektrik naqilləri bağlanmışdı.

Tacikistanda paytaxt Düşənbə və başqa şəhərlərdə bu dörd şübhəlinin qohumlarının evlərinə reydlər keçirildiyi və onların sorğu-sual üçün Düşənbəyə aparıldıqları xəbər verilir.

Düşənbənin şərqində yerləşən Vəhdət şəhərində Moskvada ittiham olunan Səidəkrəm Rəcəbəlizadənin anası, qardaşı, iki əmisi və başqa qohumları saxlanaraq dindirilmə üçün Düşənbəyə gətiriliblər.

Qonşular deyirlər ki, onların yaşadıqları məhəllənin başçısını da dindirmə üçün saxlayıblar.

Başqa bir şübhəlinin – Muhammadsobir Faizovun da bəlli olmayan sayda qohumları saxlanıb.

Daha bir nəfərə ittiham verilib

Tacikistan hakimiyyəti saxlanmalar barədə heç bir bəyanat verməyib. Moskva hücumundan dərhal sonra Tacikistanın Xarici İşlər Nazirliyi məlumatı saxta adlandıran bəyanat vermişdi.

Bu arada Rusiya hakimiyyət orqanları hücumla bağlı səkkizinci şəxsə qarşı ittiham irəli sürüb.

Qırğızıstan doğumlu Rusiya vətəndaşı Alişer Kasimov ehtimalən hücum edənlər üçün mənzil kirayələməkdə ittiham olunur.

Rusiya prezidenti Vladimir Putin martın 25-də keçirdiyi müşavirədə hücumu Ukrayna ilə bağlamağa çalışsa da, bu versiyanın dəlil-sübutlarının olmadığını etiraf edib.

Hadisədə Ukrayna izinin olmasına dair iddiaları Kiyev və Vaşinqton da rədd ediblər.

ABŞ kəşfiyyatı martın əvvəllərində Rusiya tərəfinə hücum ehtimalı ilə bağlı xəbərdarlıq etmişdi.

XS
SM
MD
LG