Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 14:54

'...Azərbaycanda onları işlə təmin edən olmayacaq'


Polis əməkdaşları "Çerkizov" bazarındakı miqrant işçiləri "Rusiya Miqrantları Federasiyası" Ümumrusiya İctimai Təşkilatının təşkil etdiyi çöl mətbəxində yemək yeməyə toplaşarkən həbs edir. Moskva, 2009
Polis əməkdaşları "Çerkizov" bazarındakı miqrant işçiləri "Rusiya Miqrantları Federasiyası" Ümumrusiya İctimai Təşkilatının təşkil etdiyi çöl mətbəxində yemək yeməyə toplaşarkən həbs edir. Moskva, 2009

Martın 22-də Moskva vilayətinin "Crocus City Hall" konsert kompleksində terror akti baş verib. Son məlumatlara görə, olayda həlak olanların sayı 137 nəfərdir. 180 civarında şəxsin isə yaralandığı bildirilir.

Bu olayla bağlı dörd Tacikistan vətəndaşının həbs edildiyi açıqlanıb.

Bütün bunların fonunda Rusiya Dövlət Dumasında miqrantların ölkəyə girişinin məhdudlaşdırılması təklif olunur. Rusiya media orqanlarında isə miqrant siyasətinə yenidən baxmaqla bağlı çağırışlar var.

Rusiyanın rəsmi qurumlarının məlumatına görə, hazırda bu ölkədə qonşu ölkələrdən olan 18 milyon əmək miqrantı rəsmi qeydiyyatdadır. Miqrasiya orqanlarının məlumatına əsasən, 2023-cü ildə Azərbaycandan Rusiyaya işləmək üçün 100 min nəfər gedib. Bu, əvvəlki illərlə müqayisədə təqribən 15 faiz azdır.

Bəzi müşahidəçilərin fikrincə, Rusiyada qanunsuz işləyən miqrantlar, o cümlədən də Azərbaycandan gələnlər ciddi problemlərlə qarşılaşa bilər. Onlar deyirlər ki, 1999-cu ildə Moskvada baş verən terrordan sonra məhz miqrantlarla bağlı müəyyən çətinliklər yaranmışdı.

"Qərar verdim ki, Azərbaycana qayıdım"

Moskva şəhərində 10 ildən çoxdur taksi sürücüsü işlədiyini bildirən Anar Quliyev deyir ki, Azərbaycana qayıtmağa qərar alıb. Onun vurğulamasına görə, son hadisələrdən sonra bəzi taksi sifariş edən şəxslər sürücünün kimliyinə, haradan olmasına baxırlar: "Ola bilsin ki, bu, müvəqqətidir, amma gəlir də azalıb, adama da pis təsir edir. Onsuz da son vaxtlar gəlir ikiqat azalmışdı, evə az pul göndərirdim. İndi daha pis olub. Qərar verdim ki, Azərbaycana qayıdım".

Elman Nəsirov
Elman Nəsirov

"Bizim Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq…"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov da "Turan"a deyib ki, Rusiyada bu ölkəyə gələn miqrantlarla bağlı sərt tədbirlərin görülməsi ilə bağlı təkliflər səslənməkdədir: "Rusiyaya gələn miqrantların rus dilini bilməsi kimi tələblər irəli sürülür, çünki bu terror aktında iştirak edənlərin bəziləri rus dilini bilmirlər. Belə olan təqdirdə "o, Rusiyada necə yaşayıb, necə fəaliyyət göstərib" kimi suallar ortaya çıxır".

Deputat qeyd edib ki, Rusiyada miqrantların deportasiyası da artıq müzakirə olunan məsələlərdən biridir: "İstisna deyil ki, miqrantlarla bağlı siyasətə yenidən baxış olsun".

Azərbaycandan olan miqrantlarla bağlı məsələyə gəldikdə, E.Nəsirov burada narahatedici məqamların olmasına inanmaq istəmədiyini vurğulayıb: "Çünki bizim Rusiya ilə münasibətlərimiz strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə qalxıb. Azərbaycanlı miqrantlar orada, əsasən, ticarət sahəsində çalışırlar və onlarla bağlı indiyə qədər hər hansı ciddi narahatedici məqamlar ortaya çıxmayıb".

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

"Qeyri-qanuni yollarla işləyib-yaşayan adamlara qarşı, ola bilsin ki,…"

Siyasi şərhçi Zərdüşt Əlizadə isə AzadlıqRadiosuna mövzu ilə bağlı açıqlamasında ehtimal edib ki, qanuni statusu olan miqrantlara münasibət qanun çərçivəsində olacaq: "Qanunla hesablaşmayan, qeyri-qanuni yollarla işləyib-yaşayan adamlara qarşı, ola bilsin ki, münasibət kəskin olsun və onların deportasiya məsələsi qoyulsun".

Ekspertin fikrincə, belə olarsa, bu, Azərbaycana qarşı yönəlməyəcək, sadəcə Rusiyanın dövlət təhlükəsizliyi məsələsinə xidmət edəcək: "Eyni zamanda bu, təkcə azərbaycanlılara yox, bütün qeyri-qanuni qalan miqrantlara şamil olunacaq".

Amma Z.Əlizadənin fikrincə, Azərbaycandan olan miqrantlar Rusiyadan deportasiya olunarsa, onları Azərbaycanda işlə təmin edən olmayacaq: "Azərbaycanda xeyli sayda işsiz var. Həmin insanlar birtəhər dolanırlar, taksi sürürlər, günlük işlərdə çalışırlar. Onların sayı 200-300 min artsa, heç nə dəyişməyəcək. O baxımından ki, onların qayğısına qalan olmayacaq".

XS
SM
MD
LG