Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:43

Paşinyan deyib ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub. Moskva izahat tələb edir


Nikol Paşinyan
Nikol Paşinyan

Rusiya bildirib ki, Ermənistandan ikitərəfli kanallar vasitəsilə baş nazir Nikol Paşinyanın ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) üzvlüyünün dondurulması barədə bəyanatının nə demək olduğuna dair müfəssəl izahat gözləyir.

Rusiyanın TASS dövlət xəbər agentliyi bildirir ki, bu bəyanatı Rusiya Xarici İşlər Nazirliyi verib.

Bəyanatda deyilir:

"Nikol Paşinyanın Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsində və təşkilatın özündə istirakını dondurmasına dair dediklərinin arxasındakı məna mövzusunda ikitərəfli kanallarla müfəssəl izahat gözləyirik”.

Rusiya XİN-in məlumatına görə Moskva ondan çıxış edir ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü olaraq qalır və bu üzvlüyün verdiyi bütün hüquq və öhdəliklərə malikdir:

"Bununla belə, təəssüflə bildiririk ki, Yerevanın bu təşkilatın tədbirlərində iştirak dinamikası azalıb və bu, dost erməni xalqının maraqlarına və ölkənin təhlükəsizlyinin təmin olunması vəzifələrinə cavab vermir. Ümid edirik ki, Yerevanda, mövcud narahatlıqların, ictimaiyyət qarşısında narazılıq ifadə edilməsi ilə deyil, sakit və etibarlı dialoqda müzakirə olunub aradan qaldırlmalı olduğunu başa düşəcəklər.”

Rusiya XİN-in bəyanatında deyilir ki, Moskva Ermənistan hakimiyyətinin guya KTMT-nin 2021 və 2022 illərdə regionda baş vermiş “məlum hadisələr” zamanı öz öhdəlikllərinə əməl etməməsinə dair iradlarını tamamilə qeyri-məqbul hesab edir:

"Xatırladaq ki, 2022-ci ilin sentyabrında erməni tərəfinin xahişi ilə KTMT katibliyinin və birləşmiş qərargahının qiymətləndirmə missiyası operativ qaydada təşkil olunaraq ölkənin (Ermənsitan-red) sərhədyanı rayonlarına göndərilmişdi. Bu missiyanın gəldiyi nəticəyə əsasən və Ermənistanda KTMT Kollektiv Təhlükəsizlik Şurasının rəyi ilə monitorinq missiyasının yerləşirilməsi qərara alınmışdı. Bu bizim günahımız və ya təşkilatın başqa üzvlərinin günahı deyil ki, həm də respublikaya hərbi-texniki yardım göstərilməsini nəzərdə tutan belə balanslı qərar ölkənin hakimiyyəti tərəfindən rədd edildi. Üstəlik bunun əvəzində Yerevan nümayişkəranə şəkildə Aİ-dən olan qondarma müşahidəçiləri dəvət etməyə üstünlük verdi. Hamıya məlum olan faktlar onların işinin sıfır effektə malık olduğunu göstərir”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bundan əvvəl TASS agentliyinə demişdi ki, Putin Paşinyanla onun bəyanatını hələ müzakirə etməyib.

Paşinyan nə demişdi?

Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, onun ölkəsi Rusiyanın başçılıq etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyünü dondurub.

Şərhçilər bildirirlər ki, bu, Ermənistanın Rusiyadan daha da uzaqlaşması istiqamətində atdığı çox ciddi addımdır.

Paşinyan fevralın 22-də Fransanın France 24 telekanalına müsahibəsində deyib ki, Rusiya hələ bir neçə ay bundan əvvəl açıq şəkildə Ermənistan vətəndaşlarını onun hökumətini devirməyə çağırır.

Baş nazir əlavə edib ki, Moskva ona qarşı böhtan təbliğatını heç vaxt dayandırmayıb.

Paşinyan hökuməti çoxdan bəridir ki, KTMT-ni Ermənistanın qarşısındakı öhdəliklərinə əməl etməməkdə günahlandırır.

Ermənistan rəsmiləri 2020-ci ildən bəri Qarabağda yerləşdirilmiş Rusiya sülhməramlılarını Azərbaycanın 19-20 sentyabr hücumunun qarşısını almamaqda ittiham edirlər.

Bu əməliyyatın ardınca Qarabağın demək olar bütün erməni əhalisi Ermənistana köç edib, Bakı isə bütün Qarabağda nəzarəti ələ alıb.

Gümrü bazası indilik gündəlikdə deyil

Moskva Yerevanın ittihamlarını rədd edib və bildirib ki, sülhməramlıların döyüş əməliyyatlarına müdaxilə üçün mandatı yoxdur.

Rusiya rəsmiləri deyirlər ki, Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması, Bakının bu əməliyyatı keçirməsinə yol açıb.

Buna baxmayaraq Paşinyan ötən noyabrda KTMT-nin Minskdə keçirilən sammitini boykot edib.

O deyib ki, Yerevanın KTMT-də bundan sonrakı üzvlüyü Ermənistanın marağından asılı olacaq.

Paşinyan Rusiyanın Gümrüdəki hərbi bazasının mümkün bağlanması barədə suala cavab verərkən deyib ki, bu məsələ bu mərhələdə gündəlikdə deyil.

“Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” hesab edir”

Azərbaycan Qarabağ üzərində nəzarətini bərpa etdikdən sonra da Ermənistan rəhbərliyi iki ölkə arasında mümkün eskalasiyadan ehtiyat edir.

Paşinyan bunu da deyib ki, Azərbaycan Ermənistanı “Qərbi Azərbaycan” hesab edir, habelə hücum edərək Ermənistan ərazilərinin işğalını planlaşdırır.

Rəsmi Bakı bu iddiaları rədd edir və bildirir ki, 19-20 sentyabr əməliyyatından sonra Azərbaycanın gücə əl atması üçün heç bir səbəb yoxdur.

Azərbaycan rəsmiləri Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istədiklərini bildirirlər.

Azərbaycan XİN-i Nikol Paşinyanın müsahibəsinə münasibət bildirib


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın baş naziri Nikol Paşinyanın “France 24” telekanalına verdiyi müsahibəyə münasibət bildirib.

Nazirliyin açıqlamasına görə, Nikol Paşinyanın fikirləri bölgədə qəsdən gərginlik yaradaraq, sülh prosesinə növbəti zərbə vurmaq məqsədi daşıyır:

“Guya Azərbaycanın Ermənistana qarşı hücuma hazırlaşması, Azərbaycanın beynəlxalq hüququn prinsiplərinə əməl etmədiyi kimi iddialar... beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır.”

XİN-in vurğulamasına görə, “Ermənistanın Konstitusiyasında, qüvvədə olan qanunvericilik aktlarında, rəsmi məktublarında, bəyanatlarında, beynəlxalq təşkilatlar və məhkəmələrdə yaydığı sənədlərdə Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar...” Ermənistan rəhbərliyinin sülh gündəliyinin irəli aparılmasında maraqlı olmadığını təsdiq edir.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi. Ancaq tərəflər sülh sazişi ( danışıqlar həm Avropa İttifaqının, həm də Rusiyanın ayrılıqda vasitəçilikləri ilə aparılır) imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb. Separatçı qurumun bir çox liderləri də saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG