Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:39

Prokuror Əvəz Zeynallıya 10 il həbs cəzası istədi


Ə.Zeynallı
Ə.Zeynallı

"Xural TV" internet televiziyasının həbsdə olan rəhbəri Əvəz Zeynallıya 10 il həbs cəzası istənilib. Yanvarın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində prokuror bu təkliflə çıxış edib.

Dövlət ittihamçısı Ə.Zeynallı ilə birlikdə mühakimə olunan "Səda TV" Youtube kanalının idarəedicisi Elnur Şükürovun isə 5 il müddətinə həbsini istəyib.

Prokuror təxminən 2 saat sürən çıxışında Ə.Zeynallı və E.Şükürova verilən ittihamların məhkəmədə şahid ifadələri və başqa sübutlarla təsdiqləndiyini deyib. Ancaq o, Ali Məhkəmənin Plenum qərarına əsaslanaraq rüşvət verməyə təhrik ilə bağlı ittihamı geri götürüb və təklif edib ki, hər iki təqsirləndirilən şəxs dələduzluqda təqsirli bilinsə də, onlara cəza təyin olunmasın. Prokuror bu təklifini belə əsaslandırıb ki, qanunvericilik zərərçəkmişlərlə barışıq əldə olunanda, əlavə olaraq, vurulmuş ziyanın 25 faizi məbləğində dövlət nəfinə ödənildikdə, şəxsin cəzadan azad olunmasına imkan verir.

Yekunda Ə.Zeynallıya Cinayət Məcəlləsinin 311 (rüşvət alma) və 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddələri ilə 10 il, E.Şükürova isə yalnız 312-1 maddəsi ilə 5 il cəza istənilib.

Yanvarın 26-da keçiriləcək növbəti məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri çıxış edəcək. Ardından özləri son sözlərini deyəcəklər və bundan sonra hökm oxunacaq.

Xatırlatma

Ə.Zeynallı 2022-ci il sentyabrın 9-da həbs edilib. Ona qarşı ilk ittiham "Baku Steel Company" MMC – poladəritmə zavodunun keçmiş rəhbəri, hazırda həbsdə olan Rasim Məmmədovun həyat yoldaşından 20 min manat alınması ilə bağlı idi. Sonradan yeni ittihamlar da irəli sürülüb. Ə.Zeynallı özünü təqsirli bilmir, susdurulması üçün siyasi sifarişlə həbs olunduğunu deyir.

E.Şükürov 2022-ci il sentyabrın 13-dən həbsdədir. O da təqsirsiz olduğunu və Ə.Zeynallının əleyhinə ifadə vermədiyinə görə cəzalandırıldığını söyləyir.

XS
SM
MD
LG