Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:55

Zelenski və Zalujnı cəbhədəki vəziyyətin 'mürəkkəb' olduğunu deyirlər


Ukrayna prezidenti Volodimir Zelenski və baş komandan Valeri Zalujnı
Ukrayna prezidenti Volodimir Zelenski və baş komandan Valeri Zalujnı

Ukrayna cəbhəsinin bəzi sahələrində vəziyyət "mürəkkəb, lakin idarə olunandır".

Bunu Ukrayna silahlı qüvvələrinin baş komandanı general Valeri Zalujnı ABŞ qərargah rəisləri birləşmiş komitəsinin rəhbəri Çarlz Braunla söhbəti zamanı deyib.

Zalujnı qeyd edib ki, məsələn Avdeyevka, Maryinka və Kupyansk şəhərləri yaxınlığındakı Rusiya qoşunları hücum əməliyyatı keçirməyə cəhdlər göstərir.

Bu da qeyd olunmalıdır ki, Zalujnının vəziyyəti qiymətləndirməsi prezident Volodimir Zelenskinin qənaəti ilə eynilik təşkil edir.

O da özünün ənənəvi gecə müraciətində cəbhədə vəziyyətin "mürəkkəb" olduğunu deyib və mövqelərini qoruyub saxlayan Ukrayna hərbçilərinə təşəkkür edib.

Rusiya ordusunun "müəyyən uğuru" var

ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu (ISW) təhlilçilərinin məlumatına görə Rusiya qoşunları xüsusilə də Avdeyevka istiqamətində fəaldır və orada müəyyən uğur qazana bilib.

Bunu habelə rusiyalı hərbi blogerlər yazırlar. Orada Rusiya qüvvələrinin Avdeyevkanın şimal tərəfindən tədricən irəlilədiyi və ağır döyüşlərin getdiyi xəbər verilir, amma buna baxmayaraq müdafiə xəttinin yarılmasından söhbət getmir.

Zalujnının Braunla söhbəti barədə məlumatda qeyd olunur ki, bu danışıqlar zamanı əsas diqqət Ukraynaya zəruri hava hücumundan müdafiə sistemlərinin verilməsi məsələsinə yönəlib.

Blinkenlə Yermak

ABŞ Dövlət Departamenti isə bildirir ki, Vaşinqtonda dövlət katibi Antoni Blinkenlə Ukrayna prezident administrasiyasının rəhbəri Andrey Yermak arasında görüş zamanı da məhz bu məsələ müzakirə edilib.

Dövlət Departamentinin məlumatında deyilir ki, tərəflər cəbhədəki vəziyyəti, qışa hazırlığı, o cümlədən əlavə hava hücumundan müdafiə sistemlərinin təchizatı və Ukraynanın kritik infrastrukturunun hava hücumlarından müdafiəsi məsələlərini müzakirə ediblər.

Yermak həmin görüşdə Ukraynaya verdiyi dəstəyə görə ABŞ-a bir daha təşəkkürünü bildirib.

Sallivandan Konqresə çağırış

Bu arada ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan Vaşinqtonda keçirdiyi brifinqdə Konqresi Ukraynaya yeni maliyyə ili üçün nəzərdə tutulmuş yardımı mümkün qədər tez təsdiqləməyə çağırıb.

Onun sözlərinə görə bu olmadan ABŞ administrasiyasının Ukraynaya yardım imkanları həftəbəhəftə azalır.

Ukrayna xarici işlər naziri Dmitri Kuleba da bu yaxınlarda Bloomberg agentliyinin dərc etdiyi məqalədə deyilənlərin obyektiv olduğunu etiraf etmişdi.

Məqalədə deyilirdi ki, Avropa İttifaqı Ukrayna üçün 1 milyon ədəd artilleriya sursatının təchizatını mart aynına qədər çatdırmayacaq.

Buna səbəb olaraq "müdafiə sənayesinin acınacaqlı vəziyyəti", bürokratiyanın çoxluğu və siyasi iradənin olmaması göstərilirdi.

Fikir ayrılığı olsa da...

Zelenski və Zalujnı arasında bu yaxınlarda hərbi münaqişənin perspektivlərinin qiymətləndirilməsi məsələsində fikir ayrılığı ortaya çıxmışdı.

Zalujnı cəbhədə yaranmış situasiyanı "pat vəziyyəti" adlandırmış, amma Zelenski bunun belə olmadığını demişdi.

Amma ümumilikdə həm ali baş komandanın, həm də baş komandanın sözlərindən belə çıxır ki, onlar Ukraynaya kifayət qədər hərbi texnika veriləcəyi təqdirdə uğurlu hücum əməliyyatına inanırlar.

Söhbət ilk növbədə hava hücumundan müdafiə sistemləri, radioelektron mübarizə vasitələri və döyüş təyyarələrindən gedir.

XS
SM
MD
LG