Keçid linkləri

2024, 29 Noyabr, Cümə, Bakı vaxtı 20:38

Vaqif Xaçatryan 15 il həbs cəzası aldı


Vaqif Xaçatryan
Vaqif Xaçatryan

1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətl və deportasiyasında suçlanan Vaqif Xaçatryana 15 il həbs cəzası kəsilib. Bakı Hərbi Məhkəməsinin hakimlərindən ibarət məhkəmə kollegiyası onun haqqında belə hökm çıxarıb.

Hökm noyabrın 7-də Bakının Yasamal rayon Məhkəməsində elan olunub.

Hökmdən öncə məhkəmədə Xaçatryanın vəkili Radmila Abdulova çıxış edib. O, müvəkkilinə bəraət verilməsini istəyərək deyib ki, hüquqlarını qoruduğu şəxs Meşəli kəndinə silahlı hücuma qatılmayıb və hadisələr vaxtı Badara kəndində - öz evində olub.

Ardından məhkəmədə son sözünü deyən Xaçatryan da təqsirsiz olduğunu söyləyərək bəraət istəyib. Onun sözlərinə görə, 2013-cü ildən Azərbaycanın onu beynəlxalq axtarışa verməsindən də xəbəri olmayıb: "O cinayətdə nə qədər adam iştirak edib, ancaq mən məhkəmə qarşısında dayanmışam. Bura gəlib ifadə verənlər dayanır, ancaq "Vaqif" deyirdilər. Deyə bilmirdilər ki, məni o hadisələrdə kəndin harasında görüblər. Mən orada, ümumiyyətlə, olmamışam. Mən Allaha inanan adamam. Allah o cinayətləri törədənlərin cəzasını versin".

Təqsirləndirilən şəxs son sözündə əlavə edib ki, ürəyində ciddi problemlər var, əməliyyat olunmalıdır.

Xaçatryanın son sözünün ardından hakimlər qərar vermək üçün müşavirəyə gediblər. Təxminən ikisaatlıq müşavirədən sonra hökm açıqlanıb.

Prokuror Xaçatryana 15 il həbs cəzası istədi

1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətl və deportasiyasında suçlanan Vaqif Xaçatryana prokuror 15 il həbs cəzası verilməsini istəyib. Noyabrın 7-də onun məhkəməsində bu təkliflə çıxış edən prokuror 15 ilin ilk 5 ilinin həbsxana, qalan müddətinsə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsini uyğun görüb.

Xaçatryanın mühakiməsi Yasamal rayon Məhkəməsində keçirilsə də, işə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayevlə bu məhkəmənin daha iki hakimi baxır.

Prosesdə iki prokurordan biri olan Müqəddəs Sultanov çıxışında deyib ki, Xaçatryana verilən ittihamlar məhkəmədə sübuta yetirilib. Dövlət ittihamçısının sözlərinə görə, 1991-ci il dekabrın 23-də səhər saatlarında Meşəli kəndinə silahlı hücumda, oradakı dinc sakinlərin qətlə yetirilməsində, evlərindən qovulmasında və s. olaylarda onun iştirakını məhkəmədə dindirilən zərərçəkənlər və şahidlər təsdiqləyiblər.

Hazırda Azərbaycanın Cinayət Məcəlləsində Xaçatryana ittiham verilən 103-cü (soyqırımı) və başqa maddələrdə 20 ilədək və ya ömürlük həbs nəzərdə tutulub. Prokuror Xaçatryana 15 il cəza istəməsinin səbəbini izah edərkən deyib ki, Azərbaycan qanunlarına görə, 65 yaşdan yuxarı şəxslərə ömürlük həbs cəzası verilə bilməz. Xaçatryansa 65 yaşı keçib.

Bundan başqa, Xaçatryan 1991-ci ildə baş vermiş hadisələrə görə mühakimə olunur. O vaxt qüvvədə olan qanunda belə cinayətlərə görə 15 ilədək həbs cəzası nəzərdə tutulmuşdu.

Xaçatryan özünü təqsirli bilmir, 1991-ci il dekabrın 23-də Meşəli kəndinə silahlı hücum zamanı Badara kəndində evində - ailəsinin yanında olduğunu deyir.

"Hamı gəlib burada "Vaqif, Vaqif" deyir. Başqa heç nə deyən yoxdur. Biri gəlib deyir ki, "kəndin başında gördüm", o biri deyir ki, "ayağında gördüm". Mən fəhlə adam olmuşam. Meşəlidə baş verənlərdən də sonradan xəbər tutmuşam. İndi mən tutulmuşam deyə, hər şeyi mənim üstümə atırlar", - Xaçatryanın məhkəmədə dilə gətirdiyi sözlərdir.

Xatırlatma

68 yaşlı Vaqif Xaçatryan iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb. O, müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana getmək istədiyini bildirmişdi. Həmin vaxt Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandıraraq Qarabağ sakininin saxlanmasını "adam oğurluğu" adlandırmışdı.

Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın hələ 2013-cü ilin noyabrından Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələri ilə beynəlxalq axtarışda olduğunu açıqlamışdı.

Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358-ninsə yaşadığı yerdən didərgin salındığı bildirilir.

XS
SM
MD
LG