Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 05:33

İsrail prezidenti Bakıda İran təhlükəsindən danışıb


İsrail Dövlətinin prezidenti İsxak Hersoq
İsrail Dövlətinin prezidenti İsxak Hersoq

“Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik.”

Bunu mayın 30-da Azərbaycanda səfərdə olan İsrail Dövlətinin prezidenti İsxak Hersoq deyib.

O və Azərbaycan prezidenti İlham Əliyev Bakıda görüşdükdən sonra mətbuata bəyanatlar veriblər.

Azərtac-ın xəbərinə görə, prezident İlham Əliyev deyib ki, iki ölkənin ticarət dövriyyəsi 1,7 milyard ABŞ dollarından çoxdur:

“Lakin, hesab edirəm ki, növbəti illərdə biz ticarət dövriyyəsini şaxələndirməyə çalışmalıyıq…”

İki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıqdan bəhs edən İlham Əliyev daha sonra bunları deyib:

“Təhdidlərdən danışarkən, həmçinin müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlığı məmnuniyyətlə qeyd etmək istəyirəm. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir…”

Xəbərə görə, İsxak Hersoq da təhdidlər mövzusuna toxunub və konkret ölkənin adını çəkib:

“Biz İranın təhlükə və təhdid yaratdığı qlobal, regional təhlükəsizlik strukturuna nəzər saldıq, bu məsələni dərindən müzakirə etdik. Əlbəttə ki, biz elm, kənd təsərrüfatı və cənab Prezident, giriş nitqində qeyd etdiyiniz bir çox sahələrdə əməkdaşlığı inkişaf etdirmək imkanlarımızı səbirsizliklə gözləyirik.”

Bu açıqlamalara, hələlik, rəsmi Tehrandan və ya İranın Azərbaycandakı səfirliyindən hər hansı münasibət bildirilməyib.

İsrail Prezidenti mayın 30-da Azərbaycana gəlib və səfər iki gün davam edəcək.

Son illər Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi ilə bağlı hər iki tərəfdən rəsmilərin açıqlamaları eşidilir.

Bu il yanvarın 27-də isə Azərbaycanın İrandakı səfirliyinə hücum olub.

Onda səfirliyin bir əməkdaşı həlak olmuş, iki əməkdaşın isə xəsarət aldığı açıqlanmışdı.

İran rəsmiləri bu hadisənin araşdırılacağını bəyan etmişdi.

İsrail və İran arasında münasibətləri gərgin olaraq qalır.

XS
SM
MD
LG