Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:51

Türkiyədə Ukrayna və Rusiya deputatları bayrağa görə dalaşdılar


Ukrayna nümayəndə heyəti Ankarada keçirilən iclasda
Ukrayna nümayəndə heyəti Ankarada keçirilən iclasda

Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Ankarada keçirilən iclasında Rusiya və Ukrayna nümayəndələri arasında Ukrayna bayrağına görə dava olub.

Bu barədə xəbəri Anadolu agentliyi və sosial media şəbəkələri yayıb.

Xəbər verilir ki, Rusiya Dövlət Dumasının deputatı Olqa Timofeyeva çıxış edərkən Ukrayna nümayəndələri onun arxasında Ukrayna bayrağını qaldırmağa cəhd göstəriblər.

Ukraynalılar bu zaman anti-Rusiya şüarları səsləndirirdilər.

Bu zaman Rusiya nümayəndələri ukraynalılara mane olmağa çalışıblar və mübahisə başlanıb.

İclasa sədrlik edən Türkiyə parlamentinin spikeri Mustafa Şentop mübahisəyə müdaxilə edib və tərəfləri sakitləşdirməyə çalışıb.

Daha sonra foyedə Ukrayna və Rusiya nümayəndələri arasında daha bir dava-dalaş baş verib.

Bu hadisənin videosunu Ukraynanın xalq deputatı Aleksandr Marikovski öz Facebook səhifəsində dərc edib.

Videodan görünür ki, Rusiya Dövlət Dumasının deputatlarından biri – Valeri Stavitski Ukrayna deputatının əlindən bayrağı qaparaq özü ilə aparmağa çalışır.

Marikovski bayrağı onun əlindən alıb və onun üzünə yumruq vurmaq istəyib. Dalaşanları Türkiyə parlamentinin təhlükəsizlik xidməti aralayıb.

Rusiya teleqram kanalları qeyd edirlər ki, Marikovski bayraqla Rusiya deputatı Timofeyeva jurnalistlərin suallarına cavab verərkən gəlib.

Ukrayna deputatı bildirib ki, bu hərəkəti iştirakçıların diqqətini Rusiyanın Ukraynaya qarşı tammiqyaslı təcavüzünə çəkmək üçün edib.

Rusiyanın Ankaradakı səfirliyi bildirib ki, insidentdən sonra Stavitskini xəstəxanaya aparıblar.

XS
SM
MD
LG