Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 06:29

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota verib


Oleq Matveyçev
Oleq Matveyçev

Azərbaycanın Rusiyadakı səfirliyinin bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası verdiyi bildirilir.

AZƏRTAC-ın xəbərinə görə, buna səbəb Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçevin “RUSARMİNFO” agentliyinin efirində səsləndirdiyi bəyanat olub.

Səfirliyin notasında hakim “Yedinaya Rossiya” partiyasından olan deputatın Azərbaycan və Türkiyə ilə bağlı dilə gətirdiyi bir sıra fikirlər “qəbuledilməz” adlandırılır.

Habelə bildirilib ki, Rusiya hakim partiyası nümayəndəsinin bu cür bəyanatları Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün səylər göstərən Rusiyanın vasitəçiliyinə kölgə salır.

Notaya Rusiya XİN-in münasibəti, hələlik, bəlli deyil.

Matveyçev nə deyib?

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin sədr müavini Oleq Matveyçev Rusarminfo agentliyinə müsahibəsində iddia etmişdi ki, Türkiyə və Azərbaycan 2020-ci ildə Moskva, Bakı və Yerevan arasında əldə olunmuş üçtərəfli bəyanatdan narazıdırlar və buna görə də münaqişənin yenidən alovlandırılmasına çalışırlar:

“Türkiyə də Azərbaycan kimi bu münaqişənin davam etməsinə tərəfdardır və onlar bu məqsədlə təxribatlar törədirlər. Onları əldə olunmuş razılaşmalar qane etmir, onları münaqişənin dayanması qane etmir. Onlar düşünürdülər ki, hər şeyi əldə edə bilərlər, amma Rusiya ilə hesablaşmalı oldular”.

Metveyçev iddia edib ki, bu səbəbdən də Əliyev və Erdoğanı öz ölkələrində tənqid edirlər.

Onun sözlərinə görə “İran bir regional oyunçu kimi heç nə edə bilmir, amerikalılar və başqaları isə Rusiyanın diqqətini Ukrayna münaqişəsindən yayındırmaq məqsədilə Cənubi Qafqazda gərginlik ocağını saxlamağa çalışırlar”.

O bildirib ki, hazırda Rusiya bütün dünyada bu münaqişənin dayanmasında maraqlı olan yeganə ölkədir, “Türkiyə və Azərbaycan isə müxtəlif insidentlər törətməyə, razılaşmaları icra etməməyə çalışırlar ki, Ermənistan və ya Rusiya bu razılaşmadan çıxsınlar və müharibə statusu bərpa olunsun”.

Xatırlatma

Son illər Azərbaycanla Ermənistan müəyyən fasilələrlə həm Rusiya, həm də Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə sülh danışıqları aparır. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

Ötən il fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb.

Bu sənəddə siyasi, iqtisadi və digər bir çox sahələrdə əməkdaşlığın gücləndirilməsindən bəhs edilirdi.

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG