Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 07:38

Oskanyan 'Madrid prinsipləri'ni Ermənistan diplomatiyasının uğurlarından sayır


Vardan Oskanyan (solda) və Nikol Paşinyan
Vardan Oskanyan (solda) və Nikol Paşinyan

Ermənistanın keçmiş xarici işlər naziri, vaxtilə Azərbaycanla “Madrid prinsipləri” barədə danışıqlar aparmış Vardan Oskanyan Baş nazir Nikol Paşinyanın bu prinsiplərlə Yerevanın Qarabağı faktiki olaraq Azərbaycanın tərkib hissəsi kimi tanıması haqda bəyanatına cavab verib.

Oskanyan “Madrid prinsipləri”nin deyilənlərin tamam əksini ehtiva etdiyini bildirib.

Paşinyan son bir həftədə iki dəfə bəyan edib ki, Qarabağ “Madrid prinsipləri” əsasında Azərbaycanın tərkib hissəsi kimi tanınıb, ancaq Ermənistan hakimiyyəti xalqa bu haqda heç nə deməyib.

“Paşinyandan soruşmaq lazımdır ki...”

Oskanyan isə “Madrid prinsipləri”ni Ermənistan diplomatiyasının vacib uğurlarından sayır, onların qüvvədən düşmədiyini, indiki hakimiyyətin də onları “parçalamağa” çalışdığını iddia edir.

“Əgər bu sənəd bu mənada nəsə diktə edirsə,... (ATƏT-in Minsk qrupu) həmsədrlər mahiyyət etibarilə Dağlıq Qarabağın Azərbaycanın tərkibində olmadığını, Dağlıq Qarabağ xalqının referendum yoluyla öz taleyini həll etməli olduğunu etiraf edirlər. Gerçəkdən də Nikol Paşinyanın mühakiməsini və məntiqini anlamıram. Ola bilsin, Nikol Paşinyandan soruşmaq lazımdır ki, hansı məntiqə söykənərək bu gün Azərbaycanla iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişi imzalamaq istəyir”, – Oskanyan deyib.

Paşinyan aprelin 18-də parlamentdə deyib ki, “Vardan Oskanyan Madrid prinsiplərini daha da qarışdırıb”.

“Əgər hər şey belə yaxşı idisə, niyə bu məsələni həll etmədiniz?” – Paşinyan keçmiş hakimiyyətə ritorik sual verib.

30 dəqiqəlik videomüraciətində Oskanyan sənədin hansı variantları təklif etməsindən, Paşinyandan öncəki iki liderin niyə uğur qazana bilməməsindən danışıb.

Onun sözlərinə görə, keçmiş prezidentlər Robert Koçaryanın buna vaxtı çatmayıb, Serj Sarkisyan da ikinci, qeyri-maksimalist varianta üstünlük verib: Azərbaycana 5 rayon qaytarılır, Qarabağın aralıq statusu tanınır.

“Ona üçüncü variantı seçməyi məsləhət görərdim”

1998-2008-ci illərdə xarici işlər naziri Oskanyan Azərbaycanın bu varianta razılaşmadığını bildirib. Onun iddiasına görə, Paşinyan bütün danışıqları gözardı dərək “sıfır nöqtəsi”ndən başladığını bəyan edib.

Keçmiş diplomat deyir ki, 208-ci ildə Paşinyanla görüşmək imkanı olsaydı, onda deyərdi ki, masanın üstündə belə bir sənəd var, onu görməzdən gəlməsin, sıfırdan başlamasın, bu, təhlükəlidir: “Ona üçüncü variantı seçməyi məsləhət görərdim: sənəd imzalanacağı halda Azərbaycana 5 rayonu qaytarmağa razılaşardı, Azərbaycanla Kəlbəcər və Laçının qeyri-sovet hissəsinin qaytarılması üzrə danışılar aparardı. Bu artıq onun diplomatik qabiliyyətinə bağlı olacaqdı, üç-beş il ərzində, ancaq buna qədər Azərbaycan göstərməliydi ki, qonşu Ermənistanla sülh şəraitində birgə yaşamağa qadirdir: sənəddəki bütün qalan qarantiyalar, xüsusilə Təhlükəsizlik şurası, sülhməramlılar, aralıq statusu, bütün bunlar qüvvəyə minməliydi”, – Oskanyan vurğulayıb.

Oskanyan əmindir ki, Paşinyan bu yolla getsəydi, üç keçmiş prezidentin hamısı onu dəstəkləyərdi.

Paşinyan Oskanyanın bəyanatına cavabına deyib ki, keçmiş hakimiyyətin ona deyəsi sözü vardısa, gəlib deyərdilər.

Madrid prinsipləri

ATƏT-in Minsk qrupunun irəli sürdüyü Madrid prinsiplərinə əsasən ilk mərhələdə Qarabağa daxil olmayan 5 rayon geri qaytarılmalı, regionda bütün kommunikasiyalar açılmalı, sülhməramlılar yerləşdirilməli, köçkünlər evlərinə qayıtmalılıydı. Sonrakı mərhələdə Laçın və Kəlbəcər rayonları tamamilə azad edilir, azərbaycanlı icma Qarabağa qayıdır, bundan sonra Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Qarabağın hüquqi statusu müəyyən edilir.

Paşinyan bugünlərdə deyib ki, Madrid prinsiplərinə qədər erməni tərəfin mövqeyi belə idi ki, Dağlıq Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb, SSRİ-nin çökməsi kontekstində onun başqa subyektləri kimi müstəqillik əldə edib. Amma 2007-ci ildə hakimiyyətin transferi zamanı Serj Sarkisyan baş nazir, Robert Koçaryan prezident olan vaxtlarda Madrid prinsipləri ortaya çıxıb:

"Bu prinsiplərdə ərazi bütövlüyü və öz müqəddəratını təyinetmə hüququ var idi. Qeyd olunurdu ki, Dağlıq Qarabağın statusu dəqiqləşdirilməlidir və dəqiqləşdirmə mexanizmi Azərbaycan tərəfi ilə razılaşdırılmalıdır. Beləliklə, erməni tərəfinin qərarı ilə Dağlıq Qarabağın statusu mexanizmi Azərbaycanla birlikdə həll olunmalı idi. Onda belə bir sual doğur: Əgər Dağlıq Qarabağ Azərbaycanın bir hissəsi sayılmırdısa, niyə status Azərbaycanla razılaşdırılmalı idi".

Paşinyanın sözlərinə görə, onun və komandasının ən böyük səhvi 2018-ci ildə hakimiyyətə gələndə bunun ictimailəşdirilməməsi olub.

Xatırlatma

Azərbaycan 2020-ci ildə, 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG