Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 04:43

ABŞ Ukraynaya nüvə zərbəsi təhlükəsindən narahatdır


ABŞ dövlət katibinin müavini Uendi Şerman
ABŞ dövlət katibinin müavini Uendi Şerman

ABŞ və NATO müttəfiqləri Rusiya prezidenti Vladimir Putinin Ukrayna müharibəsində “idarə olunan eskalasiya” çərçivəsində taktiki nüvə silahına əl atmaq təhlükəsi barədə ayıq-sayıq olmalıdırlar.

Reuters yazır ki, bunu ABŞ dövlət katibinin müavini Uendi Şerman (Wendy Sherman) NATO-nun silahlara nəzarətə həsr olunmuş illik konfransının açılışında deyib:

"Biz hamımız Vladimir Putinin idarə olunan eskalasiya çərçivəsində onun qeyri-strateji nüvə silahı hesab etdiyi taktiki nüvə silahından və ya hər hansı başqa eskalasiya nümayişindən istifadə edə biləcəyini izləyirik və bundan narahatıq”.

Xanım Şerman deyib ki, Putinin martın 25-də Belarus ərazisində taktiki nüvə silahı yerləşdirməyi planlaşdırdığına dair bəyanatı onun “idarə olunan təhdid cəhdi” hesab edilə bilər.

Taktiki nüvə silahı nədir

Taktiki nüvə silahları döyüş meydanında uğur qazanılması məqsədilə məhdud hərbi hədəflərə zərbə endirilməsinə hesablanıb.

Putinin özü Ukraynada nüvə silahından istifadə edə biləcəyinə dair iddiaları rədd edir. Lakin onun ordusunun Ukraynanın şərqindəki hücumları divara dirənib.

NATO üzvləri Polşa, Litva və Latviya ilə sərhədi olan Belarus Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsi üçün öz ərazisini platsdarm edib.

NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək planı onun illərdir davam edən və Ukrayna müharibəsindən sonra daha da qızışan “təhlükəli və məsuliyyətsiz nüvə ritorikasının” bir hissəsidir.

Stoltenberq bildirib alyans rusiyalıların hərəkətlərini diqqətlə izləyir.

Xanım Şerman bunu da bildirib ki, Birləşmiş Ştatlar NATO üzvü olan 30 ölkə ilə özünün kəşfiyyat məlumatlarını paylaşmaqda davam edəcək.

Ukraynaya Patriot raket sistemləri çatdırıldı

Bu arada Ukrayna aprelin 19-da bildirib ki, Patriot hava hücumundan müdafiə sisteminin ilk dəsti ölkəyə gətirilib.

Ukrayna müdafiə naziri Oleksiy Reznikov bu barədə özünün Twitter hesabından yazıb:

"Bugün bizim gözəl Ukrayna səmalarımız daha təhlükəsiz olub, çünki Patriot müdafiə sistemləri Ukraynaya gətirilib”.

Reznikov bunu da qeyd edir ki, Ukrayna hava hücumundan müdafiə qüvvələri Patriot sistemindən istifadə üzrə təlim keçiblər.

Nazir “sözlərinin üstündə durduqlarına görə” Birləşmiş Ştatlara, Almaniya və Niderlanda təşəkkürünü bildirib.

Patriot sisteminin Ukrayna üçün əhəmiyyəti

Reznikov “biz birlikdə qalib gələcəyik” yazsa da, Patriot sisteminin konkret hansı ölkədən gətirildiyini bildirməyib.

Lakin Almaniya hökumətinin rəsmi saytında aprelin 18-də Ukraynaya hərbi avadanlığın çatdırıldığına dair qeyd var.

Yer-göy tipli raketləri olan səyyar Patriot dünyanın ən mükəmməl hava hücumundan müdafiə sistemlərindən biridir.

Patriot təyyarələri, ballistik və qitələrarası raketləri vura bilir.

Prezident Volodimir Zelenski deyib ki, Patriot Ukraynanın havadan müdafiəsini əhəmiyyətli dərəcədə gücləndirəcək.

XS
SM
MD
LG