Keçid linkləri

2024, 30 Noyabr, şənbə, Bakı vaxtı 09:40

Putin Çin müdafiə naziri ilə görüşüb


Çin müdafiə naziri Li Şanfunun Kremldə Putinlə görüşündə onun rusiyalı həmkarı Sergey Şoyqu da iştirak edib
Çin müdafiə naziri Li Şanfunun Kremldə Putinlə görüşündə onun rusiyalı həmkarı Sergey Şoyqu da iştirak edib

Rusiya prezidenti Vladimir Putin aprelin 16-da Moskvada Çinin müdafiə naziri Li Şanfu ilə görüşüb.

Bu barədə məlumatı Kreml və Rusiyanın dövlət xəbər agentlikləri yayıb.

Bu, vəzifəsinə təyin ediləndən bəri Çin müdafiə nazirinin ilk xarici səfəridir.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, səfər aprelin 16-dan 18-dək davam edəcək.

Li Şanfunun Putinlə görüşəcəyinə dair əvvəlcədən heç bir məlumat verilməmişdi.

Xəbər verilir ki, Çin müdafiə nazirinin Kremldə Putinlə görüşündə onun rusiyalı həmkarı Sergey Şoyqu da iştirak edib.

Bu görüşdə etdiyi giriş nitqində Putin Çin və Rusiya arasında hərbi sahədə əməkdaşlığı “uğurlu və çoxplanlı” adlandırıb.

O əlavə edib ki, iki ölkənin müdafiə nazirlikləri müntəzəm olaraq informasiya mübadiləsi edir və birgə təlimlər keçirir.

Li Şanfu Çin Xalq Respublikasının sədri Si Tsinpinin “Rusiya və Çin arasında hərbi-siyasi bağların Soyuq müharibə dövründəki ittifaqlardan üstün olmasına, lakin başqa ölkələrə qarşı yönəlməməsinə” dair tezisini təkrar edib.

ABŞ-ın sanksiya siyahısında

Bu görüş zamanı nələrin müzakirə olunduğuna dair heç bir təfsilatlı məlumat verilməyib.

Bundan bir neçə həftə əvvəl Çin lideri Moskvaya səfər edərək Vladimir Putinlə görüşmüşdü.

Xəbər verilirdi ki, Si və Putin bir çox başqa məsələlərlə yanaşı həm də Ukrayna müharibəsini müzakirə ediblər.

Putin bu görüşün nəticələri barədə danışarkən demişdi ki, Moskva Çinin Ukraynada sülhə dair məlum planının bor çox müddəalarını qəbul edir.

Li Şanfu Çin Müdafiə Nazirliyində idarələrdən birinə rəhbərlik etdiyi vaxtlarda ABŞ-ın sanksiya siyahısına salınmışdı.

Buna əsas kimi Çin ordusunun Moskva ilə hərbi əməkdaşlığı göstərilirdi.

ABŞ-ın "qırmızı xətti"

Bir çox Qərb ölkələri, o cümlədən ABŞ Sinin Moskvaya səfərindən narahat idi.

Vaşinqton ehtiyat edirdi ki, Pekin Moskvaya Ukrayna müharibəsində silah-sursat təchizatı ilə bağlı razılığa gələ bilər.

Lakin NATO nümayəndələri bildirirlər ki, hazırda və ya yaxın gələcəkdə Pekinin Moskvaya hərbi yardım göstərə biləcəyinin əlamətləri müşahidə olunmur.

Çin rəsmiləri Rusiya ilə strateji əməkdaşlıq barədə bəyanatlar versələr də, Pekin Moskvaya Ukrayna ilə müharibədə birbaşa dəstək vermir.

Çinin Ukraynaya dair təklif etdiyi sülh planında münaqişənin dayandırılması, Rusiya üzərindən sanksiyaların qaldırılması təklif olunur, lakin ölkələrin suverenliyi və ərazi bötüvlüyü prinsipinə sadiqlik ifadə olunur.

Rusiya Qərb çiplərini Çin çipləri ilə əvəz edir

Bu arada Reuters yazır ki, Ukrayna qüvvələri Rusiya silahlarında getdikcə daha çox Çin komponentlərinə rast gəlindiyini bildirir.

Bu barədə məlumatı Ukrayna prezidenti administrasiyasının sanksiyalar siyasəti üzrə müşaviri Vladislav Vlasyuk verib.

Onun sözlərinə görə hazırda Ukraynadakı döyüş meydanında istifadə olunan Rusiya silahlarında Qərb istehsalı komponentlər azalır, amma Çin istehsalı olan məhsullar artır.

Çin bundan əvvəl Rusiyaya hər hansı hərbi avadanlıq göndərməsinə dair ittihamları rədd edib.

Lakin Ukrayna ekspertləri Reuters agentliyinə bildiriblər ki, məsələn bundan əvvəl Rusiyanın Orlan dronlarında İsveçrənin naviqasiya sistemlərindən istifadə olunurdusa, indi bunları Çin komponentləri əvəzləməyə başlayıb.

Ekspertlər deyirlər ki, Rusiya hazırda tanklarındakı atəşə nəzarət sistemlərini Çin komponentləri ilə təchiz edir, halbuki əvvəllər bu komponentlər Fransa istehsalı idi.

Reuters qeyd edir ki, bu məlumatları müstəqil qaydada təsdiq edə bilmir.

Çin Xarici İşlər Nazirliyi bu kimi iddiaları təkzib edir.

Rusiyada orta asiyalıları müharibəyə cəlb etmək üçün vətəndaşlıq vəd edirlər
Gözlə

No media source currently available

0:00 0:01:57 0:00

Həm məişət texnikasında, həm də raketlərdə...

Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken də demişdi ki, Çin hələlik Rusiyanın letal silahlarla təchizatı üzrə “qırmızı xətləri” keçməyib.

ABŞ rəsmiləri vəziyyəti ciddi müşahidə edirlər. Onlar bildirirlər ki, söhbət ilk növbədə ikili təyinatlı elektronika məhsullarından, yəni məsələn həm elektron mikrodalğalı mətbəx sobalarında, həm də raketlərdə istifadə oluna biləcək çiplərdən gedir.

Bir neçə gün bundan əvvəl ABŞ bir sıra Çin şirkətini, o cümlədən peyk fotoşəkillərinin təkrar satışı ilə məşğul olan Çin firmasını sanksiya siyahısına daxil edib.

ABŞ dövlət departamenti bu şirkəti Rusiyanın Vaqner özəl hərbi şirkəti və onun sahibi Yevgeni Priqojinlə bağlı olan qurumları Ukrayna qüvvələrinin dislokasiya yerlərinin təsvirləri ilə təchiz etməkdə günahlandırır.

Ukrayna öz növbəsində Moskvanı Rusiya və İran dronları üçün naviqasiya və radar sistemləri ilə təchiz edən Çin şirkəti Comnav Technology üzərinə sanksiyalar qoyub.

Şirkət Ukraynanın bu ittihamlarını rədd edir.

Vlasyuk qeyd edib ki, üçüncü ölkələr Rusiyaya Qərb sanksiyalarından yayınmaqda fəal kömək edirlər.

XS
SM
MD
LG